• cümə, 19 Iyun, 04:59
  • Baku Bakı 25°C

Ermitaj – 250

11.12.14 11:19 4414
Ermitaj – 250
Sankt-Peterburq şəhəri təkcə peterburqlular üçün deyil, həmçinin Rusiyanın şimal paytaxtında yaşamayan ruslar üçün də qürur məkanıdır. Düzdür, bu soyuq şəhər Kiyev və Moskva kimi hər kəsə mehribanlıqla gülümsəmir, ancaq Peterburqun özünəməxsusluğu hamını bu şəhərə yenidən dönməyə məcbur edir. Hələ tarixindən “aristokrat” adlanan şəhərə hədsiz gözəllik verən arxitektor inciləri çox vaxt ansambl da adlandırırlar. Bu incilər isə, yollar boyu düzülüb.
Peterburqa gələnlər ilk növbədə Ermitaj muzeyini görməyə tələsirlər. İstər-istəməz hamının qəlbində yaranan “Bu muzeydə hansı qeyri-adilik var?”, “Dünya muzeylərindən nə ilə fərqlənir?” suallarına isə yalnız muzeyi gəzəndən sonra cavab tapa bilərsən. Bu gün Ermitaj dünyanın ən məşhur muzeylərindən və dünyanın 7 incisindən biri sayılır. Sankt-Peterburqun ürəyində, Nevanın sahilində yerləşən 5 nəhəng binadan ibarət arxitektor ansamblın içərisində 18-19-cu əsrdə tikilən və təkrarsız layihəsi ilə fərqlənən rus çarlarının iqamətgahı – Qış sarayı mühüm yer tutur. Borokko üslubunda tikilən möhtəşəm saray 1754-1762-ci illərdə memar F.B.Rastrelinin layihəsi əsasında yaranıb.
Ermitaj təkcə saray meydanının qədim binaları kompleksindən ibarət deyil. Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı - bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib. Ruslar üçün bu muzey, burada qorunan eksponatlar həm də ona görə əzizdir ki, tarixin müxtəlif dövrlərini əks etdirən inciləri canları bahasına qoruyublar, müharibələrin od-alovundan çıxarıblar. Böyük Vətən müharibəsi illərində şəhər sakinləri eksponatları bombardmandan xilas etmək üçün zirzəmilərə daşıyıblar – tarixlərini qoruyublar.
Ucsuz-bucaqsız növbə...
Sankt-Peterburqun dillərdə əzbər olan şaxtalı qışında Ermitaja giriş üçün növbədə durmaq isə insana yaddan çıxmayacaq xatirə yaşadır. Belə soyuq qış günündə Ermitajı ziyarətə gələndə sarayın qarşısındakı növbənin ucu-bucağı yox idi. Hər ayın sonuncu Cümə axşamında muzeydə pulsuz giriş günləri var. Mənim muzeyə gəlişim də həmin günə təsadüf etdiyindən uzun-uzadı növbədə gözləməli oldum. Təqaüdçülər, tələbələr, məktəblilər, miqrantlar buzlu daş döşəmənin üzərində saatlarla növbədə duraraq muzeyə girişi həsrətlə gözləyirdilər. Qış meydanının bütün küçələrindəki kassalarda isə Rusiya və Belarus vətəndaşları üçün muzeyə giriş bileti 300 rubl, xarici ölkə vətəndaşları üçün 400 rubldur. Təqaüdçülər, veteranlar, əlillər üçün isə muzeyə giriş həmişə azaddır.
Binanın qarşısındakı elektron lövhədə 2014-cü ildə Ermitajın 250 illik yubileyinin qeyd olunacağı bildirilir. Muzey rəhbərliyi yubileyə iki il əvvəldən hazırlıq görür. Bu münasibətlə növbədə duranlara broşürlər paylanır.
Ermitajda çalışanlar bunu özləri üçün böyük şərəf hiss edirlər. Onlar bu xidməti mədəni elitaya aidlik kimi də dəyərləndirirlər. “Bu divarlar arasından gedəndə, parketlər üzərindən irəliləyəndə tarixlə üz-üzə qalırsan. Burada elə bir mühit yaranıb ki, insanlar özlərini evlərindəki kimi hiss edirlər. Bu doğma hiss onları yenidən bu muzeyə gəlməyə sövq edir” - deyə onlar fərəhlərini bölüşürlər.
Muzeyə ziyarətə gələnlər ilk növbədə bu möhtəşəm tikilinin tarixçəsi ilə maraqlanırlar. Ən müasir muzey səviyyəsində qonaqlarını qarşılayan Qış sarayının hər bir eksponatı isə bu tarixçəni hər kəsə məhəbbətlə danışır...
Mənası fransızca «Tənha yer» və ya «Tənhalıq» anlamına gələn Ermitajın yaranma tarixi 1764-cü ildən başlayır. Bu gün muzeyin adı ekspozisiyasının zənginliyinə, ziyarətçilərinin sayına görə Luvr, Metropoliten və Britaniya muzeyləri ilə bir sırada çəkilir. Ermitajın salonları öz ölçüsünə görə Moskva Kremlindən, London və Vyana saraylarından kiçik olsa da bu üç saraydan monumentaldır. 250 il müddətində muzeydə dünyanın ən nəhəng kolleksiyası toplanıb. Daş dövründən başlayaraq bizim yüzilliyə qədər 3 milyon incəsənət əsəri və dünya mədəniyyətinin abidələri muzeyin 350 otağında yerləşib.
Bu eksponatlar sayca Luvr kolleksiyasından 10 dəfə çoxdur. Bələdçilər bildirirlər ki, əgər hər bir eksponata bir dəqiqə vaxt sərf olunsa Ermitajın bütün ekspozisiyasına baxmaq üçün 5 il yarım vaxt lazımdır. Təkcə keçən il muzeyi 5 milyon insan ziyarət edib. Bu, Luvr muzeyinin ziyarətçilərinə çatmasa da, 2012-ci ildə muzey ziyarətçilərin sayına görə bütün dünya muzeylərini qabaqlayıb.
Pyotrdan Şərqədək...
Ermitaj muzeyinin yarandığı il Sankt-Peterburqa Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıb yığmışdı. Ancaq o ərəfədə ağır müharibələr Prussiyanın kral xəzinəsini elə boşaltmışdı ki, II Fridrix kolleksiyanı almaqdan imtina edir.
Kolleksiyanı rus çariçası II Yekatrina alır. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında II Yekaterina xüsusi rol oynayıb. O bu məsələdə çox əliaçıq idi və eksponatlar üçün istənilən qiyməti ödəyirdi. 1772-ci ildə Kronştadt limanına Fransadan 17 yeşikdən ibarət yük daxil olur. Bu məşhur filosof Deni Didronun II Yekaterina üçün qraf Jozef Antuan və baron De Tyerin məşhur kolleksiyalarından aldığı rəsm əsərləri idi. Bunların içində Rembrandtın “Danaya”, “Müqəddəs ailə”, Rafaelin "Saqqalsız İosiflə Madonna", Van Deykin rəsmləri və digər nümunələr vardı.
Hazırda Rembrandtın 30-dək əsəri Ermitajda ayrıca zalda nümayiş olunur. Muzeydə fransız filosofu Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası da saxlanılır. II Yekaterina zamanında alınan kitablar öz əvvəlki görkəmini saxlayıblar, sanki onlara heç kim toxunmayıb. Ermitajda I Pyotra həsr olunmuş xüsusi zal fəaliyyət göstərir. Burada I Pyotrun şəxsi əşyaları, portretləri, qızıl suyu ilə yazılmış qanunları, onlara bərkidilmiş tac və ikibaşlı qartal nümayiş olunur. Zalda italyan rəssamı Amikoni tərəfindən çəkilmiş portret xüsusi diqqət çəkir. Şəkildə I Pyotr dəniz və gəmilərin fonunda, qədim Romanın müharibə və müdriklik ilahəsi Minervanın müşayiətilə təsvir olunub.
Ermitajda Rusiyada ən böyük vaza hesab olunan Kolıvan vazası saxlanılır. 19 ton ağırlığı olan bu vaza Kolıvan cilalama fabrikində 14 ilə hazırlanıb. Onu uzaq Altay vilayətindən Peterburqa çatdırmaq üçün 160 atdan istifadə olunub. Vaza qiymətli daş hesab olunan yaşmadan hazırlanıb, ölçüləri isə 5x3,25 metrdir.
Muzeyin otaqlarını gəzdikcə bu qeyri-adi incilərin ziyarətçisinə çevrilirsən.
Ermitajın Şərq incəsənəti şöbəsində İran, türk, çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir. Muzeyin zallarında ən qədim dövrlərdən tutmuş XX əsrin əvvəlinədək Azərbaycan ustaları tərəfindən düzəldilən zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri var. Burada nümayiş etdirilən e.ə. II minilliyə aid abidələrimiz içərisində öz orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış bürünc öküz başı fiquru xüsusi ilə diqqəti cəlb edir. Muzeydə tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir. Vaxtı ilə Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3 min illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması ilə maraq doğurur. Hazırda Dövlət Ermitajında tunc dövrünə aid edilən bəzi qızıl zərgərlik sənəti nümunələri də elə buradan tapılıb. Metaldan düzəldilən plastik sənət nümunələrimiz içərisində 1206-cı ilə aid edilən Şirvan lüləyi Ermitajın ən maraqlı eksponatlarından sayılır.
Ermitajda orta əsrlərə aid olan metal sənəti nümunələri də var. Buradakı quş fiqurlarını Qafqaz Albaniyasının tarixi və incəsənəti ilə məşğul olan görkəmli akademik K.Trever Mingəçevirdən tapılmış bu tipli saxsı məmulatların davamı kimi qələmə verir. Qeyd olunan fiqurlardan biri alimlərin diqqətini özünə cəlb edir. VII əsrə aid edilən bu fiqur hələ XIX əsrin axırlarında Naxçıvandan tapılıb. 35,6 sm hündürlükdə olan bu fiqur, alimlərin fikrincə, Qafqaz Albaniyasının hökmdarı Cavanşiri (638-670) təsvir edir. Ermitajda metaldan düzəldilmiş plastik sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Belə sənət nümunələri sırasına ilk növbədə VI - VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır. Eksponatlar içərisində ilk orta əsrlərə aid edilən üç məcməyimiz vardır. Bunların ikisi süjet xarakterli təsvirlərlə bəzədilmiş, üçüncü isə sırf ornamental bəzəklidir. Metaldan düzəldilmiş məişət əşyaları sırasına XIII - XIV əsrlərə aid edilən müxtəlif forma və bəzəkli bürünc qazanları da aid etmək olar. Ermitajda saxlanılan toxuculuq sənətimizin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI əsrdən tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqələrində toxunmuş xalçalarımız saxlanılır. Qubanın Pirəbədil, Şamaxının Mərəzə kəndlərində toxunmuş xalçalarımız rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti çox cəlb edir. Şamaxı xalçasının üzərində onun 1881-1885-ci illərdə toxunduğunu bildirən yazı var. Bundan əlavə, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi mühafizə olunur.
Muzeyin bələdçiləri qeyd edirlər ki, eksponatlar vasitəsilə Rusiya tarixinin bütün dövrlərinə ekskurs etmək mümkündür. Bu tarixi qismən də olsa öyrənmək üçün muzeydə hər cür şərait yaradılıb.
Ermitaj bu yaxınlarda Avropanın ən yaxşı muzeyi elan olunub. Muzey reytinq cədvəlində Parisin “Orse” muzeyi və Florensiyanın İncəsənət muzeyi ilə bir sırada yer alıb. “Dünyanın bütün gözəllikləri bu muzeydədir. Bu insanı bütün dövrlərə və Yer planetini səyahətə çağırır”- deyə ekspertlər bildiriblər.
Ermitaj isə bu qürur hissə və dünyanın hər yerindən gələn qonaqları ilə bu gün 250 illik yubileyini qeyd edir. Bu möhtəşəm yubileyin iştirakçısı olmaq isə hər kəsin arzusudur.
Təranə Məhərrəmova
Sankt-Peterburq

banner

Oxşar Xəbərlər