Ermənistan yenə də oyundankənar vəziyyətdə - ŞƏRH

Fars körfəzi
ilə Qara dəniz arasında formalaşdırılan yeni nəqliyyat dəhlizi İran, Azərbaycan,
Gürcüstan üzərindən reallaşdırılacaq. Əvvəllər isə bu layihənin İran, Ermənistan
və Gürcüstan üzərindən həyata keçirilməsi planlaşdırılırdı.
Azərbaycanın
təşəbbüsü ilə Cənubi Qafqaz bölgəsində həyata keçirilən layihələr hər zaman
diqqət mərkəzində olub. Ölkəmiz şərqlə qərbi birləşdirən kommunikasiyaların kəsişməsindəki
mövqeyindən uğurla istifadə edir. Uzun müddətdir müzakirə edilən Şimal-Cənub nəqliyyat
dəhlizi belə layihələrdəndir. Artıq Azərbaycanın adı bu layihədə əksini tapıb.
Belə ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində
yazıb ki, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və
Avropa yeni dəhlizi aktivləşəcək. Onun sözlərinə görə, bu dəhliz Pakistan,
İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan,
İran, Fars körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verilməsindən sonra
aktivləşəcək.
Xatırladaq
ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars körfəzi – Qara dəniz
marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində İranın Şərqi Azərbaycan
vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma
başlanacaq. Əvvəllər isə bu layihənin İran, Ermənistan və
Gürcüstan üzərindən reallaşdırılması planlaşdırılırdı. Lakin indi Ermənistan
prosesdən kənarda saxlanılmaqla layihə İran, Azərbaycan, Gürcüstan üzərindən
reallaşdırılır. Beləliklə, Ermənistan yenə də oyundankənar vəziyyətə salınır.

"Regionun
potensialı kifayət qədər böyükdür”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlıbildirdi ki, regionun beynəlxalq yükdaşımalar baxımından potensialı kifayət qədər
böyükdür: "Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizində
iştirak edən dövlətlərdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində
fərqli istiqamətdə əməkdaşlıqlar var. Eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu xəttini
də qeyd etmək olar. O cümlədən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi istiqamətində
də əməkdaşlıq müşahidə olunur. Üç ölkəni birləşdirən yeni nəqliyyat dəhlizinin istiqamətinin
formalaşması da ondan xəbər verir ki, region mövcud beynəlxalq yükdaşımaları
üzrə potensiallardan daha fəal şəkildə istifadə etmək niyyətindədir”.
"Gürcüstan,
İran və Azərbaycanın əməkdaşlığı…”
Deputatın
sözlərinə görə, Fars körfəzi ilə Qara dəniz arasında yeni nəqliyyat əlaqələrinin
formalaşması region üzərindən daşınan beynəlxalq yüklərin həcminə birbaşa təsir
göstərəcək: "Onu vurğulayım ki, Gürcüstan hələlik 3+3 sülh platformasında
iştirakını təsdiq etməyib. Rəsmi məlumatlarda da Gürcüstan belə əməkdaşlıqda
maraqlı olmadığını bildirir. Amma bununla belə, Gürcüstan regionda digər
formatda əməkdaşlığa maraqlı olan ölkədir. Azərbaycanla Gürcüstan arasında belə
əməkdaşlıq formatı uzun müddətdir var. Sözsüz ki, Gürcüstan, İran və Azərbaycanın
nəqliyyat sahəsində əməkdaşlığı altılıq platformasına alternativ kimi qiymətləndirilməməlidir.
Bu, sadəcə, regionda həyata keçirilən və əvvəlki dövrlərdə də müşahidə edilən əməkdaşlıq
nümunələrindən biridir”.
V.Bayramlı
vurğuladı ki, layihənin hələlik xüsusi platforma çərçivəsində reallaşdırılıb-reallaşdırılmayacağı
bəlli deyil: "Çünki burada üç dövlət əməkdaşlıq edir. Ümumiyyətlə, Gürcüstanın
mövqeyi ondan ibarətdir ki, region ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik,
ancaq hələlik təklif edilən "altılıq” platformasına müsbət yanaşmırıq. Ona görə
də bu istiqamətdə müzakirələr üçtərəfli şəkildə aparılır. Öncədən məlumat
verilmişdi və bununla bağlı müzakirələr gedirdi”.

Zəngəzur dəhlizi
açılandan sonra...
Demokratik
İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Şimal-Cənub
dəhlizində heç bir dəyişiklik göstərilmir: "Dəhliz İran-Azərbaycan-Gürcüstan
vasitəsilə istifadəyə veriləcək. Ermənistan Zəngəzur dəhlizi açılmadığına görə
Şimal-Cənub nəqliyyat dəhlizində iştirak edə bilmir. Bütün kommunikasiyalar, o
cümlədən Zəngəzur dəhlizi açılandan sonra nəqliyyat dəhlizinə daxil olan digər ölkələr
də bu layihədən yararlanacaq”.
İranın Ermənistana
məhəbbəti azalıb
Əvvəllər
Azərbaycan əvəzinə Ermənistanın bu layihədə yer alması, lakin sonradan durumun
dəyişməsi məsələsinə münasibət bildirən A.Mollazadə vurğuladı ki, əvvəllər İranın
niyyəti belə olub: "Lakin ola bilsin, indi İranın Ermənistana məhəbbəti azalıb.
Bütövlükdə onu qeyd etmək lazımdır ki, Azərbaycan məhz 44 günlük Vətən müharibəsindən
sonra bölgədə əməkdaşlıq, sülh və sabitlik mühiti yaratmaq istəyir. Ona görə də
Azərbaycan üçün hər şeydən əvvəl sülhün, sabitliyin, o cümlədən təhlükəsizliyin
olması ən vacib məqamlardandır. Çünki sabitlik və təhlükəsizlik olmadan bölgədə
yeni layihələrin həyata keçirilməsi mümkün olmayacaq. Azərbaycan hazırda da bu
istiqamətdə fəaliyyətini davam etdirir”.
Bəxtiyar Məmmədli
