• şənbə, 27 Aprel, 08:31
  • Baku Bakı 12°C

Ermənistan sərhəddə təxribatlar törətməklə Azərbaycanı cavab addımları atmağa vadar edir

19.07.21 17:30 518
Ermənistan sərhəddə təxribatlar törətməklə Azərbaycanı cavab addımları atmağa vadar edir
Son günlər Azərbaycan-Ermənistan sərhədində xoşagəlməz hadisələr baş verir. Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayaraq işğalçılıq siyasəti yürüdüb və indi də bu siyasəti davam etdirir. Qarşı tərəf sərhəddə ajiotaj yaratmaqla dünya dövlətlərinin diqqətini buraya cəlb etmək istəyir.
Kaspi.az xəbər verir ki, bunu Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.
Politoloq bildirib ki, Ermənistan ötən 30 ilə yaxın müddətdə artıq keçmişdə qalmış Qarabağ münaqişəsindən öz çirkin məqsədləri üçün istifadə edib. Məqsəd isə dünya ölkələrinin, hətta Şərqlə Qərb, xristian və müsəlman dünyaları arasında gərginliyin yaradılması idi. Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasət və müdrik diplomatiya nəticəsində bunun qarşısı alındı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı diplomatik və siyasi baxımdan təcrid etməyi bacardı. Şanlı Azərbaycan Ordusu düşmənə döyüş meydanında diz çökdürdü. İllərlə kağız üzərində qalan BMT qətnamələri məhz ölkəmiz tərəfindən yerinə yetirildi, ərazi bütövlüyümüz təmin olundu.
Ermənistan rəhbərliyini ən çox narahat və məyus edən məsələnin 30 ilə yaxın müddətdə nə qədər çalışsa da, heç bir ölkənin yüksək vəzifəli rəsmi nümayəndəsini Qarabağa gətirə bilməməsi olduğunu deyən X.Bəşirov vurğulayıb: "Təbii ki, bunun səbəbi Azərbaycanın beynəlxalq nüfuzu və dünya ölkələrinin Ermənistanın işğal altında saxladığı ərazilərin Azərbaycana aid olduğunu qəbul etmələri idi. Ancaq biz ərazilərimizi işğaldan azad etdikdən bir neçə ay sonra regionun və dünyanın aparıcı dövlətlərindən olan, NATO-da böyük nüfuza malik Türkiyənin dövlət başçısını Rəcəb Tayyib Ərdoğanı Şuşaya dəvət etdik. 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Ermənistanın çirkin məqsəd güdən səylərinə baxmayaraq, dünya ölkələri bu məsələyə normal münasibət göstərdi”.
Politoloq diqqətə çatdırıb ki, Ermənistan müharibənin başa çatdığı və münaqişənin tarixə qovuşduğu bir vaxtda çirkin niyyətindən və işğalçılıq siyasətindən yenə də əl çəkmir. Ermənistan Azərbaycanın delimitasiya və demarkasiya məsələlərini həyata keçirdiyi zaman prosesə mane olmağa çalışır. Bu ölkə, həmçinin vəziyyəti gərginləşdirməklə və sərhəddə təxribatlar törətməklə Azərbaycanı cavab addımları atmağa vadar edir. Cənubi Qafqaz artıq əvvəlki region deyil. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə regionda yeni reallıqlar yaradıb. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların ortaya qoyduğu iddialara diqqət yetirsək görərik ki, bütün dünya sülhün, təhlükəsizliyin tərəfdarıdır. Belə olan halda, Azərbaycan düşməni işğal edilmiş torpaqlardan öz gücü hesabına çıxarmaqla sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu göstərdi.
"Ermənistana havadarlıq edən qüvvələr, xüsusilə Fransa və ABŞ kimi dövlətlər, əslində, Azərbaycanın ortaya qoyduğu reallıqlarla barışmaq və dəstək vermək əvəzinə, regionda vəziyyətin yenidən gərginləşməsinə maraq göstərirlər. Ermənistanı idarə edən şəxslər, xüsusilə seçkilərdən sonrakı hakimiyyət anlamalıdır ki, onlar üçün sülh müqaviləsinin imzalanmasından başqa çıxış yolu yoxdur. Ermənistan hakimiyyəti isə sülh müqaviləsi bağlamaq əvəzinə, Naxçıvanı və Şuşanı atəşə tutur, təxribatçı hərəkətlərə yol verir. Belə olan təqdirdə, Azərbaycan təhlükəsizliyi nöqteyi-nəzərindən antiterror əməliyyatı keçirməyə məcburdur və bu barədə qarşı tərəfə dəfələrlə bildirilib. Genişmiqyaslı antiterror əməliyyatı keçirilərsə, bu, Ermənistan dövlətinin apardığı siyasətin ifşası ilə nəticələnəcək”, - deyə X.Bəşirov vurğulayıb.
Politoloq vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsindən çıxış edərək 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa etdi. Ölkəmiz yenə də beynəlxalq hüquqa əsaslanaraq, öz hüquqlarını tam təmin edəcək və tutduğu haqq yolunda inamla irəliləyəcək.
banner

Oxşar Xəbərlər