• cümə, 26 Aprel, 12:38
  • Baku Bakı 23°C

Ermənistan Minsklə yanaşı, Moskvanı da hədəfə aldı

21.11.18 18:12 478
Ermənistan Minsklə yanaşı, Moskvanı da hədəfə aldı
Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında (KTMT) baş katib postu uğrunda Ermənistanla Belarus (Qazaxıstanı da bura daxil etmək olar-müəl) arasında gedən qarşıdurma səngimir. Paşinyan Astana sammitində yaşadıqlarından sonra nəzarəti altında olan media, politoloq və ekspertlərə təşkilatla bağlı tənqidi fikirləri tirajlamağı əmr edib. Əsas prioritet də təşkilatın Ermənistan üçün perspektivsiz bir qurum olduğu və ölkənin təhlükəsizliyində hər hansı bir rolunun olmaması götürülür. Yeri gəlmişkən, maraqlı olan Rusiya mediasının məsələyə münasibətidir. Məsələn, "Moskovski komsomolets” yazır ki, baş verənlərin mahiyyəti aydındır – təşkilatda siyasi çəkiyə malik dövlətlər "özündən razı” erməni lideri yerində oturtmağa çalışırlar.
Maraqlıdır ki, Paşinyana yaxınlığı ilə seçilən erməni "1in.am” saytı hədəf kimi tək Belarusu deyil, Rusiyanı da seçir. Sayt əvvəlcə Paşinyanın ötən gün mətbuat konfransında səsləndirdiyi fikirləri dərc edib. Baş nazir bildirib ki, əgər dekabrın 6-da Sankt-Peterburqda yeni erməni baş katib seçilməzsə, onda onlar konsensusun əldə olunmasına çalışacaqlar. Belarus rəsmilərinin səsləndirdikləri bəyanatlara toxunan Paşinyan bildirib ki, erməni tərəfi Lukaşenkonun sözlərinə baş nazir səviyyəsində cavab verib. Buna görə də Belarus XİN-nin mətbuat katibinə cavab vermək niyyətində deyil. "Mənim həmsöhbətim prezidentdir”, - deyə Paşinyan sərt şəkildə bildirib. Müəllif yazır ki, KTMT-də əsas rol Rusiyaya ayrılıb və dekabrın 6-da hər şey Putinin mövqeyindən asılı olacaq. Onun qənaətincə, Putinin Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış edəcəyini gözləmək olmaz. Əlavə edib ki, Rusiyanın avtoritar liderindən "məxməri inqilab”dan sonra Avrasiya strukturlarında Ermənistanın iştirakını legitimləşdirməyə çalışmasını gözləməyinə dəyməz. "Digər tərəfdən, Ermənistan Sankt-Peterburq sammitində Minskin namizədinin keçməsinə veto qoyacaq və biz hesab edirik ki, Moskva Yerevanın bu qərarına etiraz edəcək. Əgər erməni nümayəndə baş katib seçilməzsə, bundan əvvəlki hakimiyyət nümayəndələri bundan yararlanmağa çalışacaqlar”, - deyə müəllif yazır. Öz növbəsində ermənilərin "168 jam” qəzetinə müsahibəsində politoloq Modest Kolerov KTMT daxilində yaşananları daxili böhran hesab etməyin əleyhinə olduğunu bildirib. Onun qənaətincə, problem KTMT-də deyil, Ermənistandadır: "Ermənistan təşkilatda öz şərtlərini irəli sürməyə çalışır ki, bu da ona qismət olmayacaq. Mən böhranı Ermənistanın idarəetmə sistemində görürəm, bu, KTMT-nin problemi deyil”.
Politoloq Armen Qriqoryan isə hesab edir ki, "əgər Ermənistan KTMT-də baş katib postuna öz namizədini seçə bilməsə, Belarusun da namizədinin keçməsinə imkan verməməlidir. KTMT normal hərbi-siyasi blok yox, diktatorların klubudur”. Əlavə edib ki, bu qurumun ümumi maraqları mövcud deyil, təşkilat maraqları toqquşan, bir-birinə əks gedən dövlətlərdən ibarətdir.
Keçmiş deputat Ruben Akopyan isə hesab edir ki, KTMT-də Ermənistana diplomatik hörmətsizlik nümayiş etdirilməsi səbəbindən problemlərlə yaşanır. Onun sözlərinə görə, Lukaşenko və Paşinyanın bir-birinin ünvanlarına söylədikləri fikirlər artıq diplomatik protokol çərçivəsindən kənara çıxır. Belarus prezidenti və XİN-nin KTMT ilə bağlı açıqlamalarını "1in.am” saytına müsahibəsində şərh edən Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan bildirib ki, Lukaşenko birinci, ikinci və onuncu dəfə deyil ki, ölkəsinin dövlət maraqlarını məhz bu cür təqdim edir: "Bu, onun stilinə uyğundur”
Respublika Partiyasından olan deputat Armen Aşotyan Ermənistanın KTMT macəralarını kino adlandırıb: "Kinonun necə başladığını yaddan çıxarmaq lazım deyil. "Ermənistanın KTMT-də macəraları” serialının necə başladığını yada salaq. Bu, Xaçaturova qarşı qaldırılan cinayət işindən başladı. Ölkənin daxili siyasi maraqlarından irəli gələn bu addım Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına qarşı hörmətsizlik kimi qarşılandı. Xaçaturov barəsində atılan addımın cəzasını indi bütün millət çəkir”, - deyə deputat bəyan edib. A.Aşotyanın sözlərinə görə, indi vəziyyət belədir ki, Paşinyan geri çəkilir. "Onun ötən günkü açıqlaması belə bir təəssürat yaradır ki, dekabrın 6-da keçiriləcək sammit ərəfəsi geri çəkilir. İndi bəyan edir ki, baş katiblik məsələsi ikinci dərəcəlidir. Niyə bu bəyanatı səsləndirdi? Biz hər zaman nəticə uğrunda mübarizə aparmışıq və buna nail olmuşuq. Bu şəxs isə şou düzəldir və nəticə də əldə edə bilmir”, - deyə Respublika Partiyasından olan deputat vurğulayıb. Dekabrın 6-da baş katibin seçilə bilməyəcəyinə gəldikdə, deputat "görərik” deməklə kifayətlənib. Sadəcə əlavə edib ki, "əgər hansısa ölkə veto qoymaq hüququndan istifadə etsə, onda diplomatik səylərin uğursuzluğu onun adına yazılmış olacaq. Veto- sonuncu rıçaqdır. Ermənistan sonuncu dəfə veto qoymaq hüququndan ATƏT-in Lissabon samitində istifadə edib. O vaxtkı prezident Levon Ter-Petrosyanın əli ilə”. Onun proqnozlarına görə, Ermənistan-Belarus qarşıdurmasından udan Rusiya olacaq. Yəni, Rusiya bu posta öz adamını qoyacaq. Partiyanın başqa bir nümayəndəsi Qaqik Minasyan isə hesab edir ki, Ermənistan üçün KTMT baş katibi postundan məhrum olmaq ölkənin nüfuzuna xələl gətirə bilər: "Əgər Xaçaturovun əməlində cinayət var idisə belə, bütün prosedurlar Ermənistanın imicinə zərər vurmadan etmək lazım idi. Nəyin bahasına olursa-olsun bu postun Ermənistanın olmasına nail olmaq gərəkdir”.
Azər
banner

Oxşar Xəbərlər