Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası
Beynəlxalq
ictimaiyyət ermənilərin yeni terror aktlarının qarşısını almalıdır
Azərbaycan Ordusuna dəstək, şəhidlərimizin ruhuna
hörmət əlaməti olaraq, həmçinin Dağlıq Qarabağ probleminin ədalətli həlli, ərazi
bütövlüyümüzün təmin olunması tələbi ilə xaricdə yaşayan azərbaycanlılar son
günlər ərzində dünyanın 25 ölkəsində 60-a yaxın dinc aksiya keçiriblər.
Aksiyaların yarıdan çoxu Avropanın müxtəlif ölkələrində baş tutub. ABŞ-ın 8
ştatında da 11 aksiya gerçəkləşib. Bunlardan əlavə olaraq, Kanada (Toronto),
İsrail (Kiryat Byalik - Krayotı şəhər kəsişməsi), Rusiya (Moskva, Şimali
Asetiyada), Moldova (Kişinyov), Ukrayna (Kiyev), Qazaxıstan (Aktau), Türkiyədə
(Ankata, İstanbul, İzmir, Antalya) də aksiyalar gerçəkləşib. Ermənilərin Azərbaycan
səfirliklərinin qarşısında təşkil etdikləri aksiyalara etiraz əlaməti olaraq isə
8 aksiya keçirilib. Bunlar Polşa, Niderland, Belçika, ABŞ - Vaşinqton,
Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada təşkil olunub. Aksiyalarla bərabər mətbuat
konfransı və maarifləndirmə tədbirləri aparılıb. İsveç, İspaniya, Litva, Türkiyə,
Gürcüstanda bu tədbirlər həyata keçirilib. Latviya, İsveç və ABŞ-da vətənlərimiz
maşın yürüşləri də təşkil edib.
Sərbəst toplaşmaq və
öz fikirlərini ifadə etmək hüququ
Bütün bu aksiyalar, yürüşlər dinc xarakter
daşımasına rəğmən, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki
diplomatik nümayəndəliklərinə, həmçinin aksiya keçirən dinc azərbaycanlılara
qarşı radikal ermənilər tərəfindən təxribatlar törədilir. Azərbaycanın Fransa,
Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik
nümayəndəliklərinə qarşı yol verilən hərəkətlər deyilənlərə əyani misaldır.
Xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına
etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı da radikal erməni
qüvvələri tərəfindən son dərəcə aqressiv əməllər törədilir. Bu hərəkətlər özündə
vandalizm və terror elementlərini ehtiva edir, cinayət məsuliyyəti doğurur.
Bununla əlaqədar sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, çoxsaylı
aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər
yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur. Bu
baxımdan xaricdə yaşayan azərbaycanlıların erməniləri döyməsi halları bir sıra
ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı, həmyerlilərimizə
ciddi fiziki güc tətbiq olunması, səfirliklərimizə qarşı vandallıq aktlarının
törədilməsi ilə bağlıdır, bütün bu vəhşiliklərə cavab reaksiyasıdır.
Azərbaycanlılara və
türklərə qarşı yeni təxribatlar planlaşdırılır
Xatırladaq ki, ermənilərin bu tipli təxribatları,
eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə ASALA və digər
erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22
ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər.
1991-ci ildə Ermənistan müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət
siyasəti vasitəsinə çevirib, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın
müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. 1994-cü il
martın 19-da və iyulun 3-də Bakı Metropolitenində baş vermiş terror aktları
buna misaldır. Karen Baqdasaryan və Seyran Sarkisyan tərəfindən təşkil olunan
bu terror aktlarında 27 nəfər həlak olub və 91 nəfər yaralanıb. Son bir həftə ərzində
xaricdə yaşayan azərbaycanlılara qarşı erməni təxribatlarının baş verməsi, dinc
aksiya iştirakçılarının döyülərək al qana qərq edilməsi, üstəlik ermənilərin
sosial media üzərindən cinayətkar çağırışları, Ermənistan dövlətinin, bu ölkənin
xaricdəki təmsilçilərinin terrorçu mahiyyətini növbəti dəfə üzə çıxarır. Bu gün
yayılan daha bir məlumata görə, ABŞ-da və dünyanın müxtəlif ölkələrində ermənilər
Türkiyə və Azərbaycanlı insanlara qarşı yeni terror fəaliyyətinə başlayıb. Ermənilərə
aid "instagram" səhifəsində azərbaycanlıların və türklərin yaşadığı
ünvanları göstərənlərə 500 dollar mükafat təklif edilib. Digər sosial şəbəkələrdə
də ermənilər bu tipli çağırışlar edərək azərbaycanlılara və türklərə qarşı yeni
təxribatlar planlaşdırırlar.
Hücumları məhz ermənilərin
etdiyi təsdiqini tapıb
Los-Anceles polisi isə iyulun 23-də məlumat yayaraq,
iki gün əvvəl Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən
hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət
yetirdiyini bildirib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun bu barədə
yaydığı məlumatda qeyd olunur ki, hadisə baş verəndən sonra erməni daşnakları və
ümumiyyətlə erməni təbliğatı bütün sosial media platformalarında özlərini
qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini
deyərək, öz cinayətlərini ört-basdır etməyə çalışıblar. Baş Konsulluq ilk gündən
hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz
qaldığının aydın bəyan edilməsində təkid edib. Baş Konsulluğun səyləri nəticəsində
bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini
tapıb. Bundan əlavə, Los-Anceles polisi bu vəhşilikləri törədən erməni cinayətkarlarına
qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində
törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.
İkili standartlar və
selektiv yanaşma
Bütün bu reallıqlar nəzərə alınaraq, son günlər Azərbaycanın
xaricdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı
törədilən təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin
ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı, bu cinayətləri törədənlərin
hərəkətlərinə hüquqi qiymət verilməlidir. Çünki, 61-ci il Diplomatik Əlaqələr
haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı
müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı,
onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının
alınması qəbul edən ölkənin məsuliyyətindədir. Baş verənlər fonunda, adətən belə
vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe
nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının
susqunluğu da diqqət çəkir, təəssüf doğurur. Onların seyrçi mövqeyi anlaşılan
deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm
sürdüyünü aydın göstərir.
Cəzasızlıq mühiti təhlükəli
presedentlər yarada bilər
Millət vəkili Könül
Nurullayevamövzu ilə
bağlı bildirib ki, erməni təxribatçı qüvvələrinin Azərbaycanın xaricdəki
diplomatik nümayəndəliklərinə və soydaşlarımıza yönəlik aqressiyası işğal siyasətinə
və erməni terroruna qarşı beynəlxalq səviyyədə mübarizəni şərtləndirir. Onun
sözlərinə görə, bu, əslində iyulun 12-dən etibarən erməni silahlı birləşmələrinin
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın
davamıdır. Deputat deyib ki, hərbi toqquşmalar zamanı Azərbaycan Silahlı Qüvvələri
tərəfindən adekvat cavab tədbirləri ilə sarsıdıcı zərbələr alan Ermənistan öz
terrorçu mahiyyətinə sadiq qalaraq, dərhal aqressiyasını mülki əhaliyə yönəldib:"Dinc
sakinlər arasında məhz erməni hərbçilərinin açdığı atəş nəticəsində dünyasını dəyişən
də oldu. Ardınca diplomatik nümayəndəliklərimizə qarşı, həmçinin Azərbaycan
diasporunun təşkil etdiyi dinc aksiyalarda pozucu, təxribatçı hücumlar həyata
keçirildi. Maraqlıdır ki, bu hücumlar və təxribatçı hərəkətlər insan haqları və
demokratiyanın mərkəzi sayılan dövlətlərin ərazisində - Belçika, Fransa,
Almaniya, ABŞ və digər ölkələrdə baş verir. Bununla əslində dünya bir daha Ermənistanın
vandal və işğalçı simasını görür. Belə olan halda yenidən erməni terrorunun
qaranlıq və qanlı tarixini xatırlamaq zərurəti yaranır. Uzun illərdir Ermənistanda
terror dövlət siyasəti, terrorçular milli qəhrəmandır və bu, bütövlükdə region
üçün ciddi təhlükəyə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər
Nazirliyi də erməni təxribatçı qrupların gərginliyi artırmağa çalışacaqlarını,
terror təşkilatlarını bu zorakılıqlara yönəldəcəklərini istisna etmir. Bu səbəbdən
rəsmi Bakı qabaqlayıcı tədbirlər görərək, təlimatlar da verib. Burada ən vacib
məqam diplomatlarımızın və soydaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır.
Beynəlxalq konvensiyalara görə əslində sırf təhlükəsizlik məsələsi ilə bağlı məsuliyyət
hadisənin baş verdiyi ölkələrin üzərinə düşür. Yəni, ermənilərin vandal və
terrorçu hərəkətləri mütləq şəkildə insidentin baş verdiyi Qərb dövlətləri tərəfindən
kəskin şəkildə pislənməli, soydaşlarımıza qarşı zorakılıq faktları həmin ölkələrin
hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq, konkret tədbirlər
görülməlidir. Yalnız bu halda erməni təxribatlarının qismən də olsa qarşısını
almaq mümkündür. Əks halda, yəni cəzasızlıq mühiti erməni radikal qrupların
daha da fəallaşması ilə çox təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər”.
İnformasiya müharibəsini
uduza bilərik
Millət vəkili Müşfiq
Cəfərov da qəzetimizə
açıqlamasında bildirib ki, ermənilər hər zaman təxribata əl atıblar və tarix
boyu uydurduqları yalanlarla dünya mediasının gözünü boyamağa çalışıblar:
"Onlar bu sahədə bacarıqlıdırlar. Saxtakarlıqla dünya dövlətlərinin diqqətini çəkmək
artıq bu millətin xislətinə hopub. Ermənilərin son günlər xaricdə yaşayan və
dinc aksiya keçirən azərbaycanlılara qarşı törətdiyi təxribatların da böyük məqsədləri
var. Düzdür, son prosseslər haqlı olaraq vətəndaşlarımızda qəzəbə səbəb olub. Gənclərimiz
emosiyalara qapılaraq addım atırlar. Amma bu, bizi ölkə olaraq çətin vəziyyətə
sala bilər. Bütün vətəndaşlarımız səbrli, təmkinli olmalıdır. Bəzi hallarda gənclərimiz
hislərinə qapılaraq situasiyanı təhlil etmədən hərəkət edirlər. Mən sosial şəbəkələrdə
yayılan videoları görüb düşünürəm ki, millətimiz erməniləri məqsədlərinə istəmədən
nail olmalarına kömək olurlar. Belə davam etdiyi halda biz informasiya müharibəsini
uduza bilərik. Onlar bizdə baş verən hər hadisəni öz xeyirlərinə təhrif edərək
dünya mediasında işıqlandırırlar. Sosial şəbəkələrdə paylaşılan həmin
videolarda neçə gəncimiz məsuliyyət altına düşür. O şəxslər başqa bir ölkənin
qanunlarını tapdamaqda ittiham oluna bilərlər. Bunun məsuliyyəti böyükdür.
Ağılla, siyasətlə informasiya müharibəsi strategiyası qurulmalıdır. Çalışdıqca
xarici mətbuatda onların vəhşiliklərini yayımlanmasını təşkil etməliyik.
Sumqayıt hadisələrini xatırlayaq. Hər bir gəncimiz ki, bunları bilir. Ermənilər
necə təxribata əl ataraq Azərbaycanı qaralamışdılar. Kiçik bir araşdırma etsək
görərik ki, ermənilərin imkanlı şəxslərinin əksəriyyəti buna çalışır. Onlar istəyir
ki, dünya mediasından yararlanaraq aparıcı ölkələrinin tanınmış KİV nümayəndəlikləri
ilə əməkdaşlıq etsinlər. Bunu fakt kimi qiymətləndirib üzərində düşünmək
lazımdır”.
Düşmənin bizdən gözlədiyini
etməməliyik
M.Cəfərov vurğulayıb ki, Los-Anceles, Brüssel və
digər şəhərlərdə keçirilən aksiyalar zamanı həmvətənlərimizə qarşı olan fiziki
təzyiqi çalışdıqca dünya mediasında işıqlandırmaq lazımdır: "Güc tətbiqi bizə
heç nə qazandırmayacaq, əksinə haqlı ikən haqsız vəziyyətə düşə bilərik. Qeyd
edim ki, hələ dünya ictimaiyyəti Sumqayıt hadisələrinin əsl təxribat olduğunu
anlamayıb, Azərbaycanı təqsirləndirir. Los-Anceles və Brüsseldə olan hadisələri
hələ dünyanın heç bir aparıcı KİV-ində geniş şəkildə olduğu kimi
işıqlandırılmayıb. Lakin artıq azərbaycanlının bir şilləsini dünyanın aparıcı
media orqanlarında görə bilərik. Bizim jurnalistlərimizə bu barədə böyük bir iş
düşür ki, onlar bu hadisələrin yayılmasını, işıqlanmasını təmin etməlidirlər.
Bundan başqa, bu gün sosial şəbəkələrdə xaricdə yaşayan həmyerlilərimizə qisas
çağırışları edilir ki, bu, düzgün addım deyil. Bu, hiyləgər ermənilərin tələsinə
düşməkdir. Bu, onlar haqlıdır deməkdir. Artıq dünya siyasətində üstünlük əldə
etdiyimiz həlledici anda düzgün qərarlar qəbul edib, lazımi davranışlar sərgiləmək
vaxtıdır. Səbrlə, təmkinlə addımlar atmalıyıq. Hazırda dünya ağılla siyasi
manevrlər tələb edir, güc tətbiqi istəmir. Ermənilərin illərlə dünya üçün
istifadə etdikləri cəfakeş, əzabkeş maskası yırtılır. İndi dünya ictimaiyyəti
onların əsl simalarını görür və qiymətləndirəcək. Düşmən bizi tələyə çəkir, istədikləri
addımı atmağımızı gözləyirlər, ona da hazırdırlar. Düşmənin bizdən gözlədiyini
etməməliyik. Soyuq beyinlə, təmkinlə düşünüb, gücümüzü və ağlımızı toplayıb qərar
verməliyik. Dünya ictimaiyyətinin mövqeyini özümüzün xeyrinə istifadə etməliyik”.
Rufik İSMAYILOV