• çərşənbə axşamı, 19 mart, 14:05
  • Baku Bakı 8°C

Erməni diasporu Paşinyandan üz döndərir

22.11.19 17:07 1009
Erməni diasporu Paşinyandan üz döndərir
Politoloqların fikrincə, baş nazir diasporla yerli əhali arasında "qızıl orta"nı tapa bilmir
Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra baş nazir Nikol Paşinyan vətəndaşlarına ölkədə vəziyyətin müsbətə doğru dəyişəcəyi ilə bağlı vədlər verdi. O bunu təbii ki, Ermənistan iqtisadiyyatının gücünə arxalanaraq deyil, dünyadakı erməni diasporuna istinadən edirdi. Bunun qarşılığında isə diaspordan gələn sifarişləri yerinə yetirirdi. Amma bir müddət sonra Paşinyan Rusiyanın təzyiqi altında geri çəkilməyə məcbur oldu. Bu isə ABŞ, Fransa və dünyanın digər ölkələrindəki erməni diasporunun qəzəbinə səbəb oldu. Paşinyan Avropa və ABŞ "turları”nda maliyyə əldə etmək üçün dəfələrlə cəhdlər etsə də, istəyinə nail ola bilmədi. Sonuncu, İtaliya səfəri zamanı isə diaspor nümayəndələri tərəfindən "istefa” şüarı ilə qarşılaşmalı oldu. Maraqlıdır ki, görəsən Paşinyan erməni diasporunun dəstəyini və rəğbətini qazana biləcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, Paşinyanın hakimiyyətə gəlməsində dünyadakı erməni diasporunun böyük rolu olub: "Hər halda, Ermənistanda hakimiyyət dəyişikliyi ərəfəsində diaspor nümayəndələri tərəfindən dünyanın müxtəlif mətbuat orqanlarında Sarkisyanı ifşa və Paşinyana dəstək ifadə edən məqalələr çap olundu. Paşinyanın dünyanın müxtəlif güc mərkəzləri ilə əlaqələndirilməsində, onun haqqında müsbət rəyin verilməsində diaspor mühüm rol oynadı. Lakin görünür, baş nazir olduqdan sonra hakimiyyət reallıqlarından çıxış edərək proseslərə fərqli yanaşan, bəzən zidd mövqe ortaya qoyan Paşinyanın fəaliyyəti diasporu qane etmədi və onlar baş nazirə qarşı hərəkətə keçdilər. İkinci variant isə ondan ibarətdir ki, Paşinyanın kasad siyasi təcrübəsi diasporun tələbləri və şərtləri ilə uyğunlaşmır və onlar etimadı doğrulda bilməyən naşı şəxsi Ermənistan dövlətinin başında görmək istəmirlər. Yerevanda dəfələrlə etiraz aksiyaları keçirildi. Erməni Apostol kilsəsi ilə Paşinyan, eləcə də diaspor arasında narazılıq artdı. Bu və digər islahatlar, əslində ixtisarlar nəticəsində minlərlə erməni işsiz statusuna məhkum edildi”.
N.Məmmədova qeyd etdi ki, N.Paşinyanın Qərbə xoş gəlmək üçün demokratik görünmək, cinsi azlıqlara xüsusi hüquqlar vermək siyasətinin nəticəsi olaraq Ermənistanda ilk dəfə olaraq cinsi azlıqların nümayəndələri polisə hücum çəkdi: "Özünü qafqazlı hesab edən ermənilər və onların polisi üçün bu, əsl təhqir idi. 2018-ci il mayın 8-də baş nazir seçilən Paşinyan iki gün sonra dərhal ölkənin güc strukturlarında təmizləmələrə başladı. Ermənistan polisinin rəhbəri və Milli Təhlükəsizlik Xidmətinin başçısı istefaya göndərildi. Avqust ayında cinsi azlıqların polisə hücumu və iki nəfəri döyməsi də Paşinyanın polisi alçaltmaq siyasətinə rəvac verən hadisə kimi qəbul edildi. II Qaragenin bütün ermənilərin katolikosu titulundan məhrum edilməsini tələb edən "Yeni Ermənistan-yeni patriarx” hərəkatının fəalları Eçmiədzindəki dəftərxanaya hücum etdilər. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra vaxtilə adı tez-tez ən çirkli işlərdə hallananlara qarşı hücumlar da artdı. Yerevanda katolikos əleyhinə mitinqlər keçirildi.
Problem ondadır ki, Qərbdə məskunlaşmış, Ermənistanın üzünü bəlkə də ömründə görməmiş diaspor nümayəndələri bu ölkədəki ermənilərin necə yaşamasına, kim tərəfindən idarə olunmasına dair qərarlar qəbul edir, sonra onları icra etmək üçün Paşinyan kimi bir siyasətçini hakimiyyətə gətirirlər. Üstəlik, boş büdcə və aqressiv başla, işğalçı təfəkkürü ilə planlar həyata keçirməyə çalışırlar və nəticədə, hər zaman olduğu kimi planlar iflasa uğrayır. Çünki iddialarla arzular üst-üstə düşmür.
Hər halda, Ermənistan müstəqillik əldə etdikdən bəri ölkənin nəzərəçarpan heç bir nailiyyəti olmayıb və burada Rusiya ilə yanaşı, diasporun da məsuliyyəti var. Diasporun yanlış siyasəti Ermənistanı tənəzzülə, əhalini səfalətə sürükləyib. Xarici mətbuat tez-tez buradan reportajlar hazırlayır. Nəinki ucqar rayonlarda, Yerevanda belə minlərlə səfil durumda olan bədbəxt ermənilər haqda məlumatlar yer alır. Bir sözlə, Paşinyan Rusiya və Qərb, diaspor ilə yerli erməni əhalisi, üstəlik də Qarabağ erməniləri arasında "qızıl üçbucağı" tapa bilmədi. Diaspor üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirə bilməyən Paşinyana bu cür etirazlarla xəbərdarlıq edir və yəqin ki, vəziyyət belə davam edərsə, özləri onun yerinə başqa bir namizədin gətirilməsini təşkil edib, Rusiya qabaqlamağa çalışacaqlar”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, bu gün xaricdəki müəyyən zəngin ermənilər Paşinyanı yox, Ermənistanı dəstəkləyir: "Elə əslində vaxtı ilə Dağlıq Qarabağ məsələsinin qaldırılmasının səbəbkarları da onlardır. Münaqişənin qızışdırılmasında ABŞ, Fransa və digər ölkələrdəki erməni diasporunun böyük rolu oldu. Lakin sıravi ermənilər Paşinyandan narazıdır. Ona görə ki, o, təsadüfən baş nazir postuna gətirilmiş adamdır. Eyni zamanda, Paşinyan mitinqlərdə verdiyi vədləri yerinə yetirmir və Ermənistanı düşdüyü yoxsul vəziyyətdən çıxa bilmir. Yəni, hazırda bu ölkədə sosial-iqtisadi problemlər, işsizlik baş alıb gedir. Eyni zamanda, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Paşinyan isə sərsəm və fantastik vədlər verir, ifadələr işlədir. Əlbəttə ki, bu da erməniləri qıcıqlandırmaya bilməz”.
F.Sadıxov vurğuladı ki, artıq ermənilər Paşinyanın təcrübəsiz bir şəxs olmasına əmindirlər: "Bu da onu göstərir ki, Paşinyandan narazı olan ermənilərin sayı artır. Paşinyan hakimiyyətdə qalmaq istəyirsə, artıq bu haqda düşünməlidir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər