Epidemiya kino mövzusu kimi
Bu məqamlara
diqqətlə baxan tamaşaçı artıq əllərini sabunla yumaq, spirtləmək, bütün görüşləri
ləğv etmək, sosial məsafə saxlamaq fikrinə düşəcək
COVID-19
pandemiyası və ümumiyyətlə, müxtəlif dövrlərdə yayılan cürbəcür viruslar, elan
olunmuş pandemiyalar ədəbiyyata olduğu kimi kino industriyasına da təsir edib.
Bu təsir həm inkişaf, həm də mövzu baxımından hiss olunur. Bu gün pandemiyaya film mövzusu aspektindən
baxacağıq.
Vahiməli,
qorxulu olsalar da...
İndiyə qədər
epidemiya, xəstəliklər və viruslarla bağlı dünyada onlarla film çəkilib. Onlar,
əksərən, olduqca vahiməli, qorxulu olsalar da, böyük gəlir gətirən və sevilən
filmlər sırasındadırlar. Maraqlısı budur ki, insanlar pandemiya dövründə, xüsusən,
xəstəlikləri əks etdirən filmlər izləməyə daha çox üstünlük verirlər. Bəs bunun
səbəbi nədir? Vyana Universitetinin professoru, germanist Eva Hornun fikrincə,
bədii uydurma istənilən ağlasığmaz vəziyyəti vizuallaşdıra bilir. "Gələcək faciə
kimi” kitabında Eva Horn yazır: "Faciələr haqqında olan roman və filmlər oxucu
və tamaşaçılara real təhlükədən uzaq olmaqla fikrən uduzmağa fürsət yaradır.”
"Andromeda ştammı”
1971-ci
ildə çəkilmiş "Andromeda ştammı” bu cür filmlərin ilk nümunələrindəndir. Film
yazıçı Maykl Kriktonun elmi-fantastik romanı əsasında çəkilib. Robert Uaysın
rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt
Ridin oynadığı film böyük rəğbət qazanmışdı.
"Yoluxma”
Steven
Soderberqin Skott Z. Burnsün ssenarisi əsasında çəkdiyi "Yoluxma” filmi indiki
pandemiya ilə daha çox səsləşir. Baş qəhrəmanın öskürməsi, istər-istəməz
koronovirusun simptomlarını xatırladır. Honkonqdan geri dönən qəhrəman Çikaqo
aeroportunda vaxt öldürür. Bu xanım artıq virusa yoluxmuş olur və toxunduğu hər
yerə virus yayır. Bu məqamlara diqqətlə baxan tamaşaçı artıq əllərini sabunla
yumaq, spirtləmək, bütün görüşləri ləğv etmək, sosial məsafə saxlamaq fikrinə
düşəcək. O ki qaldı filmin qəhrəmanına,
o, bir neçə günün içində ölür. Şok içində olan ərində, ardınca da digər
insanlarda simptomlar görünməyə başlayır. Epidemiya dünyanın müxtəlif yerlərində
sürətlə yayılır.
"Qiyamət günü”
Nil
Marşalın 2008-ci ildə çəkdiyi "Qiyamət
günü” filmi də bu seriya filmlərdəndir. Film 2008-ci ildə Şotlandiyada yayılmış
"Biçinçi” adlanan ölümcül virusdan bəhs edir. Onun simptomları yüksək
temperatur, qaytarma, halsızlıq, möhkəm ağrılardır. Bütün ölkə bu virusa görə
izolyasiya olunur, əhali taleyin ümidinə buraxılır. Sona qədər tamaşaçını tam gərginlik
içində saxlayan film, olduqca maraqla qarşılanmışdı.
"Epidemiya”
Rejissor
Volfhanq Petersenin Riçard Prestonun "Qaynar zona” kitabı əsasında 1995-ci ildə
çəkdiyi "Epidemiya” filmi də adından bəlli olduğu kimi sürətlə yayılan xəstəliklərdəndir.
Məxfi hərbi laboratoriyada yaradılan
ölümcül virus onilliklər sonra onları yaradanlara qayıdır. Filmin əsas
süjeti epidemiyanın qarşısını almaqdan ötrü şəhərin məhv edilməsinə həsr
olunub.
"Qarşıdurma”
Epidemiya
ilə bağlı əsərlərin içində Amerika yazıçısı Stiven Kinqin 1978-ci ildə qələmə
aldığı "Qarşıdurma” əsəri əsasında rejissor
Mik Herrisin 1994-cü ildə çəkdiyi mini-serial - "Qarşıdurma” da fərqlidir.
ABŞ-ın məxfi laboratoriyasından təsadüf nəticəsində çox təhlükəli virus kənara
çıxır. Bu, böyük bir faciəyə səbəb olur. Belə ki, bioloji silah kimi hazırlanan,
ölüm saçan qrip ştammı sürətlə yayılır. Bunun əsas səbəbi ümumi xaos, həmçinin
ordu və polislərin xüsusi amansızlığı və qəddarlığı olur. Və beləliklə, qarşıdurma
başlayır.
"Yağış”
2018-ci
ildə çəkilən "Yağış” serialını da qeyd
etmək istərdim. Yağış vasitəsilə yayılan qorxunc virus Yer kürəsini məhv edir.
Uzun illər sonra bunkerdən sağ-salamat çıxan bacı-qardaş sivilizasiyanın
qalıqlarını axtarmaq üçün yola çıxırlar. Təsadüfən sağ qalmış çox az sayda insanlarla
da rastlaşırlar. Lakin onların hamısını ancaq ölüm gözləyir. Xüsusən də, əsas şərti
pozsalar, ölümdən qurtulmaq mümkün deyil. Əsas şərt isə yağışın altına düşməməkdir.
Və başqaları...
Bu mövzuda
"12 meymun”, "Qızdırma”, "28 gün sonra”, "Divar”, "Virus”, "Mən əfsanəyəm”,
"Dünyaların savaşı Z”, "Gəzən ölülər”, "Ölülər ölmür” və s. kimi
filmləri də misal çəkmək olar. Eva Horn hesab edir ki, belə filmlərə tələbatın
daha böyük olması insanlarda bu cür xəstəliklərlə bağlı bilgilərinin az
olmasıdır. Ekran qarşısında divanda rahatca əyləşən kəs, onun fikrincə, sadəcə
kənar bir müşahidəçidir. O, faciənin qarşısına almaq üçün nə isə etmək məcburiyyətində
deyil. Və hətta "happy end”ə də ümidli ola bilir.
Sağlam olaq
Məncə, bu
cür filmlərə sakit baxmaq mümkün deyil. İnsan, əksinə, daha da vahimələnir,
ölümlə üz-üzə gəlməkdən qorxuya düşür. Digər tərəfdənsə, bu qorxu sanki insanda
bir məsuliyyət, xof yaradır. Sosial məsafə saxlamağa, müəyyən ehtiyat tədbirləri
görməyə, dövlətin bizi qorumaq üçün verdiyi tövsiyə və göstərişlərə əməl etməyə
sövq edir. Təki sağlam olaq.
Xanım AYDIN