Endokrinologiya ilə bağlı cərrahi problemlər müzakirə olundu
09.06.17 21:13
1503
Bu gün Azərbaycan
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU və Medipol
Universitetinin birgə təşkil etdiyi "Endokrinologiyada cərrahiyyə ilə ortaq
görüşlər” mövzusuna həsr olunmuş simpozium keçirildi.
Simpoziumda
açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru,
professor Surxay Hadıyev bu cür tədbirlərin qarşılıqlı əməkdaşlığın
möhkəmlənməsi və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini
bilirdi: "Həmişə olduğu kimi qardaş dövlətin nümayəndələri öz zəngin bilik və
bacarıqlarını bizim gənc universitet əməkdaşlarımızla bölüşmək üçün təşrif
buyurublar. Medipol Xəstəxanalar Universiteti ilə Azərbaycan Tibb Universiteti
və eyni zamanda Tədris Cərrahiyyə Klinikası ilə əməkdaşlıq memorandumu
imzalayıblar. Məhz bu memorandum çərçivəsində əməkdaşlığın aktiv şəkildə davam
etdirilməsi təqdirəlayiq bir haldır”.
Konfransın çox
aktual və maraqlı mövzuya həsr olunduğunu deyən S.Hadıyev qeyd edib ki, endokrinologiya
üzrə Medipol Universitetindən və bizim klinikadan bu sahədə olduqca tanınan mütəxəssislərin
çıxışı olacaq.
Medipol Xəstəxanasının
tanıtımına dair videoçarx izlənildikdən sonra simpozium panel sessiyalarla
işini davam etdirdi. Tireoid paneli Dos.Dr.Abbas Abbasov və Prof.Dr.Yaşar
Özdenkayanın sədrliyi ilə keçirildi. Paneldə ATU-nun Tədris Cərrahiyyə
Klinikasının cərrah endokrinoloqu, t.ü.f.d. Azər Hümmətov "Qalxanabənzər vəzi əməliyyatlarında sinir
monitorinqinin əhəmiyyəti”, Baku Medical Plaza xəstəxanasının endokrinologiya
şöbəsinin müdiri Hidayət Məmmədzadə "Qalxanabənzər vəzi xəstəliklərinə ümumi
endokrinoloji baxış”, professor Yaşar Özdenkaya "Qalxanabənzər vəzi xəstəliklərində
robotik cərrahiyyə” mövzularında mühazirələrlə çıxış etdilər.
Simpoziumun
ikinci hissəsi Cinsiyyət vəziləri və böyrəküstü vəzdəki problemlərə həsr edilmişdi.
Bu paneldə Dr. Murat Api "Qadın sonsuzluğunun ümumi dəyərləndirilməsi və müasir
metodlarla müalicəsi” (qadınlarda tüklənmə , menstrual tsikl pozğunluqları, polikistik
yumurtalıq sindromu və s.), Prof.Dr.Yaşar Özdenkaya " Böyrəküstü vəzi törəmələrinin
cərrahi müalicəsi ” mövzusunda çıxış etdilər.
Simpozium
səslənən məruzələr ətrafında müzakirələrlə davam etdi.