Ən qədim Yeni il - ARAŞDIRMA
Astroloqlar Novruzun gəlişi ilə bağlı müxtəlif
proqnozlar versələr də, əsas qayə budur ki, ötən il heç nəyə sərf etmədiyimiz
enerjimizi bu il ümid, sevinc və əyləncə
əvəz edəcək. İqtisadiyyatda da cücərtilər görəcəyik. 2022-ci ildə başlayan bu
tendensiya 2025-ci ilə qədər artacaq.
Elimizə bahar gəlir. Təbiət canlanır, günlər
uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti
bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür.
İnsanlar əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim
zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi qəbul edir və təmtəraqla
qarşılayırdılar.
"Təbiət astroloji olaraq da dəyişir”
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun icraçı direktoru Elxan Məmmədov da təsdiqləyir ki, bizim üçün yeni ilin gəlişi məhz
Novruzla bağlıdır: "Hər bir xalqın özünəməxsus təqvimləri olub. Biz Novruzu
Yeni ilin gəlişi kimi qeyd edirik. Çoxları bunu fars mənşəli söz kimi qəbul
edir. Amma farsların qəbul etmədiyi bir həqiqət var ki, farslarda isim əvvəldə
gəlir. Əgər bayramın adı fars dilində olsaydı, Ruzinov olmalı idi. Bunu atəşpərəstliklə də bağlayırlar, amma yanlışdır, qətiyyən əlaqəsi
yoxdur. Çünki atəşpərəstlikdə od müqəddəsdir. Biz isə ağırlığımızı oda tökürük.
Novruz türk dünyasının bayramıdır. Türk dünyasında yeni ilin ilk günüdür. 21
martda təbiət astroloji olaraq da dəyişir, qoç bürcünə daxil oluruq. Qoçun özü
də Novruzun simvollarındandır”.
Türkün ulu bayramı
Folklorşünas vurğulayır ki, Novruz türkün ulu
bayramıdır: "Azərbaycan xalqının qədim ilkin qaynaqlarını özündə əks etdirən
Novruz bayramı əkinçilik həyatının başlanğıcı, ölüb-dirilmə tanrısını özündə təcəssüm
etdirən türkün ulu bayramıdır. Novruz bayramı insanlar arasında bərabərlik,
dostluq, sülh bayramı olmaqla yanaşı, milli və bəşəri dəyərlərimizi özündə əks
etdirən, xalqı firavan həyata, sülhə, dostluğa çağıran zəngin, əvəzsiz yaz
bayramıdır”.
Novruz ili
bizə nə vəd edir?
Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən
qurtulmasının ilk gününü bayram edir. Martın 21-də astronomik yaz bərabərliyi
günü qeyd olunur. Dünyada 300 milyondan çox insan üçün bu gün yeni ilin
başlanğıcıdır. Bəs bu il bizə nə vəd edir?
İnsanların səbir kasasının dolduğu il?
Astroloq Səbuhi Rəhimli "Kaspi”yə açıqlamasında bildirdi ki, günəşin qoç bürcünə daxil
olduğu məqam yazın gəlişini göstərir. Gecə ilə gündüz bərabərləşir: "Günəş qoç
bürcünə girəndən sonra ilk dan yeri söküləndə artıq yazın başlandığı gün
sayılır. Bu il yeni il martın 19-da Bakı vaxtilə saat 19:33-də gəlir. Yəni ertəsi
gün artıq Yeni ilin ilk günüdür”.
Astroloq vurğulayır ki, bəbir ili də pələnglə eyni
xarakterə malikdir: "İnsanları riyakarlığa, yanlışlığa, şər ruhun törətdiyi məqamlara
qarşı mübarizə aparmağa sövq edir. Yalana qarşı dürüstlüyü, əxlaqsızlığa qarşı
etirazı təlqin edir. Ona görə də dünyada iğtişaşlar, insanların etirazı olacaq.
Bəbir ili insanların səbir kasasının dolduğu ildir”.
Güc və liderlik...
Türk astroloq Lara Ceren bu təqvimin "kəndçi təqvimi” adlandırıldığını
deyir. Yəni onlar üçün yeni il ağacların çiçəkləndiyi, təbiətin oyandığı ildir.
Bu təqvimin 5 min illik ömrü var. Astroloq deyir ki, bəbir ili gücü və
liderliyi xarakterizə edir: "Bu ilin güclüyə müsbət enerjisi var. Həmçinin,
2022-ci il odu simvolizə edir. Təxminən 3-4 ildir görmədiyimiz od ünsürü, nəhayət
gəldi. Keçən il heç nəyə sərf etmədiyimiz enerjimizi bu il ümid, sevinc və əyləncə əvəz edəcək. İqtisadiyyatda
da cücərtilər görəcəyik. 2022-ci ildə başlayan bu tendensiya 2025-ci ilə qədər
güclü şəkildə artacaq”.
Bəs pandemiya?
Astroloqun proqnozuna görə, pandemiya mütləq bitəcək:
"2022-ci ilin ilk 6 ayında virusun ölümcül təhlükələrindən qurtulmağa
başlayacağıq. COVID soyuqdəymə və qrip kimi sadə bir dərmanla müalicə olunacaq
xəstəliyə çevriləcək. Lakin od elementi ürəklə əlaqəli həssaslığı olan
insanları narahat edə bilər. Təbii ki, bu, hamıda belə deyil. Amma xəstəlik qapımızı
döyməmiş, belə problem varsa, müayinə olunmalıyıq. Bəbir sabit və liderdir.
Başladığı işi başa çatdırmaq və yaşadığı mühitdə daha da güclənmək istəyir. Bu
səbəbdən pəhriz saxlayıb idmana başlamaq istəyən, lakin o enerjini tapa bilməyənlər
istədiklərinə nail olacaqlar”.
Aygün ƏZİZ