• cümə, 13 Iyun, 23:03
  • Baku Bakı 25°C

Elşad Mirbəşir: Qərbin antiqərb dəyərli yetirməsi - Paşinyan

18.06.20 17:58 815
Elşad Mirbəşir: Qərbin antiqərb dəyərli yetirməsi - Paşinyan
"Beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinin mahiyyətini dərk etməli və buna uyğun davranmalıdır”

Serj Sarkisyanı əvəz edən Nikol Paşinyan hakimiyyətinin "Qarabağ klanı”na qarşı atdığı ardıcıl addımlar, onların təsir imkanlarının azaldılması ölkə siyasətində gərginliyə səbəb olmuşdu. Hətta Paşinyanın bu addımı ölkədəki bəzi müxalif qurumlar tərəfindən dəstəklənmişdi. Yeni hakimiyyətə dəstək olan həmin müxalif partiyalardan biri isə "Çiçəklənən Ermənistan” partiyası olmuşdu. Lakin bu gün Ermənistanda fərqli mənzərəni müşahidə etməkdəyik. Çünki Paşinyanı dünənə qədər dəstəkləyən müxalif partiyalar, o cümlədən "Çiçəklənən Ermənistan” ona qarşı çevrilib.
Paşinyanı istefaya səsləyən "Çiçəklənən Ermənistan” partiyasının sədri, parlamentindəki "Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Çarukyanın deputat toxunulmazlığı ləğv edilib və o, istintaqa cəlb olunub. Bundan sonra isə Çarukyanın tərəfdarları etiraz aksiyaları təşkil ediblər. Bir neçə dəfə təkrarlan aksiyalarda yüzlərlə insan Ermənistan polisi tərəfindən saxlanılıb. Hətta aksiyaların dağıdılmasında insanlara, o cümlədən jurnalistlərə zor tətbiq edilib. Amma maraqlı məqam ondan ibarətdir ki, məhz Çarukyanla bağlı son hadisələr fonunda "azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi müşahidə edilir. Ermənistandakı hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ pozulub, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin "önəm verdiyi” bütün dəyərlər ayaq altına atılıb. Amma Qərb susur... ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın və digər Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
Əslində bəzi beynəlxalq təşkilatların Ermənistanla bağlı susqunluq nümayiş etdirməsi ilk dəfə deyil. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryanın həbsxanada başladığı aclığın ardınca vəfat etməsi, ölkənin tanınmış siyasi və ictimai xadimlərinin repressiv vasitələrdən istifadə edilərək zərərsizləşdirməsi heç kimə sirr deyil. Özünə rəqib olacaq istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs edən və bunun fonunda Qərbin sükutu qarşılaşan Paşinyanın əl-qolu daha da açılıb. Təsadüfi deyil ki, son hadisələrdən sonra Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı artır. Şübhəsiz ki, Paşinyan Qərbdəki hansısa dairələrə güvəndiyi üçün bu addımları atır. Heç kimə sirr deyil ki, küçədən baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanı amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) dəstəkləyir. Dediklərimizə bariz nümunə - Ermənistanda anti-sorosçuların həbsidir.
Qərbin ikili standartları ilə bağlı daha bir xatırlatma, Ermənistanda keçirilmiş seçkilərə reaksiyalardır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirilir. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilir. Lakin az sonra Ermənistanda inqilab baş verir və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirir. Nədənsə Qərb bu faktı da gözardı edir. Görünən odur ki, Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluqlarla bağlı bir dəfə də olsun hansısa ittiham səsləndirmirlər. Qərbin, beynəlxalq təşkilatların susqunluğunun arxasında hansı məqamlar dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, hakimiyyətə gəldiyi vaxtlardan Paşinyanın Ermənistanda müsbət dəyişikliyə nail ola bilməyəcəyi bəlli idi: "Paşinyan hakimiyyətə təsadüfi gəlmiş adamdır və onun hakimiyyətə gəlməsini təmin edən əsas amil kütlənin Sarkisyandan kəskin narazı olması idi. Görünən reallıq həm də ondan ibarət idi ki, əslində, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da Ermənistandakı dövlət çevrilişində müəyyən səviyyədə rolu var. Çünki Sarkisyan kimi diktatorun, terrorçunun sakit şəkildə hakimiyyətdən imtina etməsi çox şübhəli görünürdü. Bu baxımdan, bütövlükdə Paşinyanın hakimiyyətə gətirilməsi Sərkisyanın da iştirakçısı olduğu bir layihə idi. Bu layihə Qərb dairələri tərəfindən reallaşdırılmağa başlandı. Paşinyanın hakimiyyətə gətirilməsinin motivləri əsasən geosiyasi xarakterlidir və ona dəstək verən xarici qüvvələr onun qarşısında əsas vəzifə kimi Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağı qoymuşdu. O, hakimiyyətə gəlməzdən öncə də Qərb dairələrinə çox canfəşanlıqla işləyirdi. Paşinyan Ermənistanın KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı kəskin çıxışlar edib. Onun bu "keyfiyyət”ləri də nəzərə alınaraq, hakimiyyətə gətiriləcək subyekt kimi müəyyənləşdirildi”.
Millət vəkili qeyd etdi ki, hakimiyyətə gəldiyi ilk vaxtlardan idarəetmədə avtoritarizm prinsiplərinə söykənən Paşinyan ondan sonra da özünü qatı diktator kimi göstərməyə başlayıb: "Paşinyanın dəst-xəttini dəstəkləməyən istənilən şəxs düşmən elan olunur. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanı daha da ruhlandırır. Hakimiyyətdə olduğu müddətdə kütləni korrupsiyaya qarşı mübarizə aparması görüntüsü ilə aldadan Paşinyanın artıq bu limiti də tükənib. Bütün korrupsionerlərə qarşı "mübarizə” başa çatmış sayıla bilər. Paşinyan bu ad altında özünün siyasi rəqibləri ilə haqq-hesab çürütdü. Kütlə də bunu görür. Vaxtilə Paşinyanın elektoratı olmuş kəsim də onun bu günə kimi imitasiya ilə məşğul olduğunun fərqinə varır və sürətlə ondan üz döndərməyə başlayır. Bu da Paşinyanın siyasi hakimiyyətinin sonunun yaxın olduğunu göstərir. Hər dövrdə çevik hərəkətlər etməyi bacaran Çarukyan yenə də bu çevikliyini nümayiş etdirir. Bir vaxtlar Paşinyanı dəstəkləyən Çarukyan, onun hakimiyyətinin sonunun yaxınlaşmaqda olduğunu hiss etməsə, heç bir halda onu açıq şəkildə istefaya çağırmazdı. Ermənistanda dərin hakimiyyət böhranı mərhələsi başlamaqdadır. Növbəti mərhələdə də ayaqda qalmaq üçün Çarukyan, obrazlı desək, Paşinyanın gəmisini tərk etmək qərarına gəlib. Belə olan halda, Paşinyan yenə də diktator sifətini göstərir və antikonstitusion addımlar atmaqdan çəkinmir. Paşinyanın sifarişi ilə Çarukyanın deputat toxunulmazlığı statusu götürüldü və onun həbsi imkanları genişləndi. Bununla Paşinyanın demokrat maskası tamamilə yırtıldı. Digər tərəfdən, Ermənistan cəmiyyəti də elə diktator üsulları ilə idarə edilməyə öyrənmiş cəmiyyətdir. Çünki terrorçu hakimiyyətin təsiri altında qalan cəmiyyətdə həm terrorizmə, həm də anti-demokratik prinsiplərə meyillilik hər zaman güclü olur”.
Siyasi elmlər doktoru vurğuladı ki, ən acınacaqlısı bütün bunların fonunda beynəlxalq ictimaiyyətin Ermənistanda baş verənlərə, sadəcə tamaşaçı qismində baxmasıdır: "Özü də bu, ilk hadisə deyil ki, Qərb özünü görməzliyə vurub. 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkilərini müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. Qərb təşkilatlarının dəstəyi ilə hakimiyyətə gələn Paşinyan seçkilərin nəticəsini ləğv etdi və növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı qərar verdi. Burada Qərb dairələrinin özlərinin özlərini inkar etməsi faktı müşahidə olundu. Paşinyan özünü demokrat kimi təqdim edirdisə, necə oldu ki, həmin dövrdə baş nazirlik postuna özündən başqalarının namizədliyini qəbul etmədi? Yəni, rəqabətsiz mühitdə Ermənistanın baş naziri seçildi. Bundan sonra da siyasi rəqiblərinə qarşı repressiyalara başladı və əsas diqqətini özünün hakimiyyətinin möhkəmləndirilməsinə yönəltdi. Hətta Paşinyan dünya pandemiyadan əziyyət çəkdiyi bir dövrdə ÜST-ün tövsiyələrini kobud şəkildə pozaraq qondarma rejimdə "seçki” keçirdi. Saxta seçkilərin saxta nəticələrinin kütləvi şəkildə qeyd olunması bir daha göstərdi ki, Paşinyan öz siyasi ambisiyalarına çatmaq üçün bütün vasitələrə əl atmağa, dəyərləri tapdalamağa və bəşəri cinayətlər törətməyə hazırdır. Ermənistanın hazırkı "demokratik” rejiminin mahiyyəti bundan ibarətdir”.
E.Mirbəşirin sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistanda olan vəziyyəti düzgün qiymətləndirməli, oradakı hakimiyyətin mahiyyətini dərk etməli və bunu etiraf etməlidir: "Hazırda Ermənistanda ciddi xaos davam etməkdə və Paşinyana qarşı ciddi koalisiya yaranmaqdadır. Bu koalisiyanın özü də demokratik dəyərlərdən uzaqdır. Beynəlxalq təşkilatlar işğalçı Ermənistanın rəhbərləri ilə ünsiyyət qurarkən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində də artıq fərqli addımların atılması reallığından çıxış etməlidir. Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməmək ənənələrinə son qoymalıdır. Münaqişənin tənzimləməsi istiqamətində vasitəçilik funksiyasını yerinə yetirən beynəlxalq təşkilatlar artıq işğalçı, terrorçu hakimiyyətlə onun dilində danışmalı, təzyiq rıçaqlarına əl atmalıdır. Bununla, münaqişə ədalətli - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər