Əlavə gəliri necə xərcləyək?
Ekspertlər
deyirlər ki, artan neft gəlirlərinin idarəedilməsində ehtiyatlı davranmaq
lazımdır. Artan gəlirlər, əsasən, insan
kapitalının inkişafına, sahibkarların maliyyəyə əlçatanlığının təmin olunmasına
yönəldilməlidir.
Azərbaycan
kütləvi şəkildə peşəkar və keyfiyyətli təhsil almış kadrlara ehtiyac duyur. Neft
vəsaitlərinin əhəmiyyətli hissəsini bu istiqamətdə sərf etmək olar. Çünki bunun
yaradacağı əlavə dəyər gələcəkdə onun indiki xərclərindən qat-qat üstün olacaq.
Ölkəmizdə
2022-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti50 ABŞ dolları
nəzərdə tutulub. Hazırda isə brent markalı neftin qiymətində 90 dollardan
yuxarı rəqəmləri görürük.
Dünya
Bankının hesablamalarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir
barelinin orta qiyməti 69 ABŞ dolları təşkil etmişdisə, 2022-ci ildə sözügedən
göstəricinin 74 dollar olacağı proqnozlaşdırılır. Ümumiyyətlə, beynəlxalq
agentliklər də neftin qiymətləri ilə bağlı proqnozlarında bu il rəqəmlərin daha
yüksək olacağını bildirirlər.
Mərkəzi Bankın sədri Elman Rüstəmov da son açıqlamasında
bildirmişdi ki, neftin qiymətinin büdcədə nəzərdə tutulandan əhəmiyyətli
dərəcədə yüksək olması ölkəmiz üçün əlavə valyuta ehtiyatı yaradacaq.
İlin
əvvəlidir, qiymətlər yüksəkdir. Belə davam etsə, ölkəyə daxil olan əlavə
valyutanı necə xərcləməliyik?
Neftin
pulu yox, vergisi…
İqtisadçı Rəşad Həsənovdeyir ki, neftin qiymətinin bahalaşması birbaşa olaraq dövlət büdcəsində əlavə
böyük gəlirlərin yaranmasına gətirib çıxarmayacaq: "Neft vəsaitlərinin xərclənməsi
ilə bağlı Azərbaycanda mövcud olan mexanizmə görə dünya bazarlarında cari il ərzində
satılan neftin qiymətinin hansı səviyyədə olmasının dövlət büdcəsinin gəlirlərinə
təsiri çox zəifdir. Çünki neftin satışından əldə olunan vəsait yox, o vəsaitin
vergisi büdcəyə yönəlir. Bu da təxminən dövlət büdcəsinin 8 faizini təşkil
edir”.
R.Həsənovun sözlərinə görə, Dövlət Neft
Fondundan(ARDNF) büdcəyə transfer rəqəmi hazırda
çox şişdiyi üçün bu istiqamətdə artımlara gedilməsi də gözlənilmir: "Neft gəlirləri
hovuza - Dövlət Neft Fonduna toplanır. Hökumət fiskal planlama zamanı fonddan
büdcəyə transfert nəzərdə tutur. 2022-ci ildə də nəzərdə tutulmuş transfert təxminən
13 milyard dollardır. Hökumətin də orta və uzunmüddətli strategiyası neft gəlirlərinin
büdcəyə təsirinin nisbətən neytrallaşdırılması istiqamətində olduğuna görə
düşünmürəm ki, gələcək illərdə bu istiqamətdə köçürmələr artırılsın”.
Maliyyənin xərclənəcəyi vacib istiqamət
İqtisadçı bildirdi ki, neftin qiymətinin necə
olması növbəti dövr üçün hökumətin xərcləmələrinə müəyyən təsirlər göstərə
bilir: "2015-ci il təcrübəsi göstərdi ki, neft gəlirləri azalanda hökumət fiskal
(büdcə-vergi) daralmaya, kəsintilərə gedir, büdcəni azaldır. Əgər neft qiymətləri
bahalaşırsa, o zaman ekspansiyaya (genişlənmə) gedir”.
Neft Fondunun əlavə gəliri necə xərcləməli olmasına
gəlincə, R.Həsənov deyir ki, ölkənin kifayət qədər qayğıları var. Konkret diqqət
olunmalı istiqamətlərdən danışan iqtisadçı ilk olaraq ölkədə insan kapitalının
inkişafı məqsədilə genişmiqyaslı proqramlar həyata keçirilməsinin vacib
olduğunu bildirdi: "Peşəkar kadrların formalaşması, xaricdə təhsilin maliyyələşdirilməsi
ilə bağlı iri vəsaitlər ayrılmalıdır. Çünki dünyada zəngin ölkələr yalnız təbii
sərvətləri ilə zəngin ola bilmir. Bu gün beyinlərlə zəngin olma dövrüdür. Nəzərə
alsaq ki, rəqəmsal iqtisadiyyatdan, sürətli dijitallaşmadan söhbət gedir.
İnnovasiyanın iqtisadiyyatda əhəmiyyəti sürətlə artır. Belə dövrdə Azərbaycan
kütləvi şəkildə peşəkar və keyfiyyətli təhsil almış kadrlara ehtiyac duyur. Bu
istiqamətə neft vəsaitlərinin əhəmiyyətli hissəsini sərf etmək olar. Çünki
bunun yaradacağı əlavə dəyər gələcəkdə onun indiki xərclərindən qat-qat üstün
olacaq”.
Sahibkarlar üçün maliyyəyə əlçatanlıq
R.Həsənov deyir ki, sahibkarların maliyyəyə əlçatanlığının
təmin olunması istiqamətində də resurs sərf edilməsi zəruridir: "Azərbaycanda
bu gün iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlərdən biri hesab olunsa
da, bu istiqamətdə mühüm problemlərdən biri sahibkarlar üçün maliyyə əlçatanlığı
məsələsidir. Neft Fondunun vəsaitlərinin hansısa formada daha ucuz faizlərlə
kredit mexanizmləri yaratmaqla iqtisadiyyatın inkişafa yönləndirilməsi
mümkündür. Düzdür, müəyyən yanaşmalara görə vəsaitlərin bazara daxil olması özü
ilə bərabər dəyərsizləşmə və inflyasiya gətirir, amma bu da müəyyən hədd çərçivəsində
tənzimlənə bilən bir problemdir”.
İqtisadçı hesab edir ki, Neft Fondu birbaşa olaraq
innovasiyanın və startapların dəstəklənməsi ilə bağlı xüsusi proqramlar
hazırlaya, icra edə bilər: "Fondun vəsaitlərinin xərclənməsi ilə bağlı xüsusi
qaydalar var və bu şərtlər orada nəzərdə tutulmayıb. Neft Fondunun vəsaitlərinin
idarə edilməsi ilə bağlı qaydalarının da dəyişdirilməsinin zamanı artıq çatıb. Bu
qaydalar daha da təkmilləşdirilməli və yeni çağırışlara uyğunlaşdırılmalıdır.
Çünki bugünkü təcrübə onu göstərir ki, iqtisadiyyatın inkişafının əsasında
dayanan əsas faktorlardan biri də məhz yeniliyə açıq olma, startapların dəstəklənməsi
və onların potensial imkanlarının üzə çıxarılması istiqamətində hökumətlərin
qoyduğu mövqedir”.
Neftin tükənən olduğunu unutmamalı
İqtisadçı sonda qeyd etdi ki, neftin tükənən sərvət
olduğunu unutmamalı, gəlirlərdən qeyri-neft sahələrinin inkişafı üçün səmərəli
şəkildə istifadə etməliyik: "Neftin qiymətinin bahalaşması o demək deyil ki,
neftin gəlirlərini 2007-2008-ci illər səviyyəsində artıra biləcək. Çünki bu gün
Azərbaycan neft hasilatının azalması riski ilə üz-üzədir. Artıq hasilat 50
milyon tondan 35 milyon tona qədər azalıb. Proses davam edir. Eyni zamanda
neftin əldə edilməsi xərcli prosesdir. Çünki indi dərinlikdəki neftin çıxarılması
işləri gedir və bu da maya dəyərinin artması deməkdir. Yəni istənilən halda,
neft nə qədər bahalaşsa da, bu gün hökumətin əvvəlki illərdə olduğu qədər daha
rahat siyasət həyata keçirmək lüksü yoxdur. Amma yenə də "təsirləri olmayacaq”
demək doğru deyil. İstənilən halda, təsirləri olacaq. Ümid edirəm ki, daha
rasional mövqe ortaya qoyulacaq və iqtisadiyyatın qeyri-neft sahəsinin inkişafı
ilə bağlı səmərəli mexanizmlər tətbiq ediləcək”.
Aygün Asimqızı