Əgər Lahıcı görməmisinizsə…- REPORTAJ
Qəsəbə tam fərqli memarlığı, təbii landşaftı, ab-havası
ilə yerli və xarici turistləri səyahətə sövq edir
Lahıc qəsəbəsinə yol sıldırımlı qayalar, yaşıla
bürünmüş dağlarla əhatələnən dolanbac yollardan keçir. Təbiətin yurdumuza bəxş
etdiyi sonsuz gözəllikləri seyr edə-edə dağlar qoynundakı bu qədim məkana nə
zaman çatdığının fərqinə varmırsan.
Nə bir ildən çox davam edən pandemiyanın xofu, nə də
sərt karantinin qadağaları Lahıc camaatının üzündən təbəssümü, dillərindən
qonaqlara dedikləri "xoş gəlmisiniz” sözlərini silə bilib. Yenə də Lahıcın qədim
küçələrində yerli turistlərin səsi və gülüşü bir-birinə qarışıb. Qədimliyi görmək,
yerli məhsullardan dadmaq, qəsəbənin əsrlərdən bəri dəyişməyən adət-ənənəsi ilə
tanış olmaq üçün insanlar axın-axın Lahıca səfər edir. Turistlər ən qədim "Çay
evi”ndə yerli şirniyyatlarla dağ bitkilərindən çay içir, restoranlarda Lahıc
dolmasının, lobyasının və digər təamlarının dadına baxmaqdan zövq alır, sənətkarlarla
ünsiyyət qurur, tarixi küçələri gəzirlər. Lahıc tarixindən bəri çox az dəyişib.
Qəsəbədə tarixi izləri qoruyan insanlar yaşayır. Bu məkanda qədimliyin aurası hər
küçədə, hər döngədə hiss olunur. Yerli sakinlərin "Əgər Lahıcı görməmisinizsə,
demək İsmayıllıya getməmisiniz” fikirləri də təsadüfən yaranmayıb. Və bu, həqiqətdir!
Dövlət Turizm
Agentliyinin (DTA) "Lahıc” Dövlət Tarix- Mədəniyyət Qoruğuna jurnalistlər və səyahət
bloqerləri üçün təşkil etdiyi mediatur karantin yumşalmalarından sonra turizmin
bərpasında əhəmiyyətli irəliləyişin olduğunu, xüsusilə daxili turizmdə,
regionlarda canlanmanın baş verdiyini bir daha təsdiqlədi.
Qədim memarlıq
abidəsi
Dövlət tərəfindən qorunan qədim şəhər
və memarlıq sənəti abidəsidir Lahıc. 1980-ci ildən muzey-qoruğa çevrilib. Hazırda
qəsəbədə memarlıq qoruğu rejimi fəaliyyət göstərir. Ərazidə kərpicdən və digər
müasir materiallardan tikinti aparmaq, 8 metrdən hündür tikili tikmək qadağan
edilib. Məhz buna görə də, Lahıc öz qədim görkəmini saxlayır. Qoruğun bütün ərazisi,
küçə və meydanları, daş döşəmələri, kürəbənd (kanalizasiya) sistemi, əhalinin
adət-ənənələri, sənətkarlıq sahələrinin mühafizəsi qoruq əməkdaşlarının diqqət mərkəzindədir.
Qoruq ərazisində mövcud 103 tarix-mədəniyyət abidəsindən 1-i dünya əhəmiyyətli
abidə kimi qeydiyyata alınıb. Qəsəbədəki abidələr arasında su dəyirmanı, körpü,
3 hamam, 5 məscid və 8 daş sütun var. Lahıcın bütün küçələrinə daş döşənib.
İkimərtəbəli evlər də çay daşlarından tikilib. Zəlzələyə davamlılıq üçün hər
60-70 santimetrdən bir hörgü arasına taxta dirəklər yerləşdirilib, qədim taxta
qapılara dəmir "zınqırov” qoyulub. Gələn turistlər
Lahıcda görməli yerlər siyahısında yer alan "Bədöyün məscidi” (1791-ci il),
"Zəvəro məscidi” (1805-ci il) və XIX əsrə aid Yuxarı Ərəgit məscidinə, "Hacı
Molla Hüseyn hamamı”, "Hacı Cahanbaxş hamamı”na tamaşa edir, "Hacı Nurməmməd
hamamı”, "Hacı Qəhrəman hamamı” və "Aslani hamamı”nın qorunan qalıqlarını seyr
edir, qədim küçələrlə irəliləyirlər.
Tam fərqli memarlığı, təbii landşaftı, ab-havası gələn yerli və xarici turistləri yenidən
Lahıca səyahətə sövq edir.
Sənətkarlıq küçəsi
Qəsəbənin mərkəzi küçəsi "Böyük küçə” və ya "Bazar
küçəsi” kimi tanınır. Yerli sakinlər küçəni "Sənətkarlar məhəlləsi”
adlandırırlar. Lahıcın demək olar ki, bütün mis mağazaları – emalatxanaları bu
küçədə yerləşir. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə
tamaşa etmək film izləmək qədər maraq doğurur.Dar küçələrlə irəlilədikcə
Lahıc sakinlərinin evlərinin ağzında satdıqları yerli məhsullarla rastlaşırsan.
2-3 mərtəbəli evlərin 1-2-ci mərtəbəsi
emalatxana, 3-cü mərtəbəsi yaşayış üçün nəzərdə tutulub.
Lahıcın qədimlik qoxuyan ab-havası gələn turistləri təkcə əsrlərə
söykənən mədəniyyət, adət-ənənə ilə tanış etmir, həmçinin qəsəbənin tarixini
vərəqləyir. Qoruğun tarixini əsasən Lahıc Muzeyindəki eksponatların tarixi ilə
ölçürlər. Muzeydə e.ə 2 və 3-cü əsrə aid eksponatlar var. AMEA-nın Tarix
İnstitutunun alimlərinin rəylərinə görə, bu eksponatlar sübut edir ki, burada qədimdən
yaşayış olub.
Lahıc Muzeyində müxtəlif dövrlərə aid məişət əşyaları,
saxsı məmulatlar, papaqçılıq, xalçaçılıq, misgərlik, sərraclıq, qalayçılıq, həkkaklıq,
silahsazlıq və s. sənətlərin qədim nümunələri ilə tanış olmaq mümkündür. Muzeyə gələn qonaqlara 1000-dən çox eksponat təqdim
edilir.
Lahıc Qoruğunun
direktoru Kamal
Əliyev muzeyə ölkənin hər yerindən qonaqların, o cümlədən əcnəbi turistlərin
gəldiyini bildirdi: "Xüsusən pandemiyadan qabaq qoruq ərazisinə çoxlu əcnəbi
turistlər səyahət edirdi. Muzeyin rəy dəftərində Yaponiya, İndoneziya və s. ölkələrdən gələn
turistlərin fikirləri yer alıb. Muzey Lahıcın tarixi ilə tanış olmaq üçün unikal
məkandır”.
Qoruğun bərpa
konsepsiyası
Son 3 ildə qəsəbənin simasında əsaslı dəyişiklik baş verib, Dövlət Turizm Agentliyinin dəstəyi ilə təmir-bərpa
işləri həyata keçirilib. Qəsəbədə DTA tərəfindən qorunan qədim tikililər var.
"Hazırda Lahıc Qoruğunun bərpa konsepsiyası hazırlanır”- deyə DTA-nın layihə və memarlıq üzrə koordinatoru Nizami Qasımov bildirir: "Təmir-bərpa
işləri tədricən həyata keçirilir. Yaşayış məkanında iş görmək bir qədər çətindir.
Qəsəbədəki bütün evlər pasportlaşdırılacaq, köhnə tikililərin və qəzalı evlərin
siyahısı hazırlanacaq. Qoruq mədəni irsin təqdim
edilməsi, təbliğat məqsədli çəkilişlərin aparılması, əraziyə gələn turistlərə
xidmət göstərilməsi və s. məsələlərə də nəzarəti həyata keçirir. Artıq "Lahıc”
Dövlət Tarix-Mədəniyyət qoruğuna giriş və çıxış mühafizə polisi tərəfindən nəzarətə
götürülüb. Qoruq ərazisində qədim kanalizasiya və kürəbənd sistemi olduğuna
görə, yerli sakinlər istisna olmaqla, digər avtomobillərin əraziyə girişinə
məhdudiyyət qoyulub. "Parkinq” xidməti də qurulacaq”.
Misgərliyin
mərkəzi
Hazırda Lahıcda 2 min əhali yaşayır. Əhalinin əsas dolanışığı
turizmdən çıxır. Gələn qonaqlar yerli sənətkarların və sakinlərin məhsullarını
böyük həvəslə alırlar. Sakinlər evlərini kirayə verməklə dolanırlar.
Qışı soyuq, yayı isti olur
Lahıcın. İqlimi kənd təsərrüfatının inkişafı üçün əlverişli deyil. Odur ki,
qəsəbədə ta qədimdən sənətkarlıq inkişaf edib. 40-a yaxın sənətkarlıq növü
qəsəbənin adını ölkəmizdən kənarlarda da tanıdıb.
Lahıc oyma
dizayn ilə bəzədilmiş mis məmulatların hazırlanmasına, soyuq silahların
istehsalına görə məşhurdur. Qəsəbə ta qədimdən başlayaraq misgərliyin əsas
mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə
naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini,
dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya,
Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb. 2005-ci ildə "Lahıc misgərlik
sənəti”YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu
baxımdan qəsəbədə belə bir deyim də məşhurdur: "Hara getsən, çəkic səsi gəlsə,
bil ki, lahıclıdır. Buna görə Lahıc universitetdir”.
Lahıc sənətkarlarının əl
işləri ilə öyünməklə bərabər gileyləri də var. Bəzən hazırladıqları məhsulları
satmaqda çətinlik çəkirlər: "Alıcılar daha çox əcnəbilərdir. Ancaq onlar
aldıqları malı sərhəddən keçirmək üçün sertifikat almaqda problemlə üzləşirlər.
Sertifikat bir həftəyə verilir. Ona görə min bir zəhmətlə hazırladığımız
məhsulların satışına maneə yaranır. Yaxşı ki, yerli turistlər məhsullarımızı
alırlar. Bu da dolanışığımıza kömək edir”.
Lahıca gəlin...
Lahıcın sənətkarlıq
emalatxanalarından ağır çəkicin səsi ilin bütün fəsillərində musiqi kimi ətrafa
yayılır, dağ otlarının, ədvaların ətri biri-birinə qarışır. Bu əsrarəngizliyi,
füsunkarlığı duymaq, sanki nağıllardakı, tarixi filmlərdəki ab-hava ilə üz-üzə
qalmaq, insanlarının "xoş gəlmisiniz” söyləyən gülümsər simalarını görmək, əli
əsalı qocalarının "yaxşı yol” xeyir-dualarını eşitmək üçün Lahıcı gözlə görmək
lazımdır...
Təranə Məhərrəmova
Lahıc–Bakı
Fotolar müəllifindir