“Əcəl deyir ki, bu, mənəm” - “Möhürlənmiş talelər” muzeyindən REPORTAJ
Bu muzeydə o qədər ölümlərlə,
yarımçıq talelərlə göz-gözə gəldim ki, sanki əcəlin nəfəsini duydum. Biz ölümü
unutsaq da, həyata qarşı "mənəm-mənəm” desək də, bir gün hər hansı formada əcəl
yaxamızdan tutur və bizə meydan oxuyaraq deyir...
Ötən ay Serbiyada
Dünya Yazarlarının 58-ci Belqrad Görüşü günlərində iştirak edərkən Sremska
Mitrovica şəhərində qaldığım "Srem” otelinin zirzəmisinin məhbəs muzeyi
olduğunu öyrəndim. Bu muzey "Möhürlənmiş talelər” adlanır.
Tarix əlinə hopan
qan ləkəsini...
Muzeydə müxtəlif
otaqlar var. Onlardan biri də məhkəmə və edam otağıdır. Bu otaqda nə qədər
insan son günlərini yaşayıb, bu məkanın divarlarına neçə-neçə Adəm övladının
ah-naləsi hopub. Muzeydə 1925-1932-ci illərdə toplanan əşyalar sərgilənir.
Əslində, burada bir zamanlar macar işğalları dövrünə aid nümunələr də az
olmayıb. Lakin İkinci Dünya müharibəsi zamanı onların çoxu itib-batıb. Sanki
tarix əlinə hopan qan ləkəsini silib atmağa çalışıb...
Digər otaq isə məhbusların
saxlandığı yerdir. Görünən odur ki, dustaqların əksəri ömrünün sonlarını ağır şəraitdə
keçiriblər. Burada məhbusların hazırladıqları dini motivli əşyalar sərgilənir.
Əlləri hər yerdən üzülən, həyat nemətlərinə tamarzı qalan məhbuslar özlərini tənha,
naəlac hiss edəndə bəzən kağızdan, daşdan dini motivli əşyalar hazırlayaraq həm
mənəvi boşluqlarını doldurar, həm də vaxt öldürərmişlər.
1000 nəfərin yeməyi
14258 nəfər arasında bölünürmüş
Birinci Dünya
Müharibəsi illərində bu həbsxananın müdiri Milan Kostiç olub. Onun gündəliyində
həbsxanada baş verənlər, məhbuslar, onların ölüm tarixi ilə bağlı dəqiq məlumatlar
var. İllərlə Kostiçin ailəsi tərəfindən qorunan həmin gündəlik sonradan bu
muzeyə verilib. Həmin gündəlikdən məlum olur ki, o dövrdə serb xalqı həm məhbəsdə,
həm də azad həyatda ağlagəlməz müsibətlərə tuş olub.
O zaman bu həbsxanada
ən böyük çətinlik yer darlığı ilə bağlı imiş. Bu məhbəs 1000 məhbus üçün nəzərdə
tutulubmuş. Həmin dövrdə Bosniya və Herseqovinanın dörd yanından göndərilən həm
kişi, həm qadın, həm də uşaq məhbuslar burada saxlanılırmış. Hətta məhbus
sayının 14258 nəfərə yüksəldiyi günlər də olub. Amma say artımına baxmayaraq,
yemək norması çoxalmayıb. 1000 nəfərin yeməyi 14258 nəfər arasında bölünürmüş.
Görünür, məhbusların çoxuna yeməkdən yox, ancaq onun qoxusundan "pay” düşürmüş.
8000 insan güllələnib
Burada hər gün
onlarla insan aclıqdan, xəstəlikdən dünyasını dəyişirmiş. Xüsusilə də,
infeksion xəstəliklər tüğyan edirmiş. Bu şəraitdə gigiyenik qaydaların gözlənilməsindən
isə heç söhbət getmirmiş. Bu məhbəsdə İkinci Dünya müharibəsinin də izlərinə
rast gəlmək olur. Burada əsirlərin toplanma mərkəzi var.
Qeyd edim ki, burada
8000 insan kütləvi şəkildə güllələnib. İndi həmin yerdə mərhumların Xatirə daşı
ucaldılıb. Güllələnəcək adamlar üçün quyular kişi əsirlər tərəfindən
qazılırmış. Daha sonra qadınlar, uşaqlar, yaşlılar həmin quyulara atılırmış.
Güllələndikdən sonra onların üzərinə "asid” deyilən bir maddə tökülür və od
vurulurmuş. Meyitlərin bu cür yanmasına şahidlik edən digər məhbuslar isə ağır
psixoloji travmalara məruz qalırlarmış.
Arxivlərin
açılmasına hələ də icazə verilmir
Bəzi məhbusları isə
öldürmür, sadəcə uzun müddət ağır işgəncələr altında həbsdə saxlayırmışlar.
Onlara camaatın gözü önündə işgəncə verirlərmiş. Bu cür məhbuslar isə adətən ya
nüfuzlu şəxslər, ya tanınmış din xadimləri, ya da intellektual kəsimin nümayəndələri
olurmuşlar. Onları, bəzən diri-diri soyurdular, yaxud da saatlarla müxtəlif işgəncələr
verərək dözümlərini yoxlayırdılar. Ümumiyyətlə, əsirlərin taleyi haqqında qərarlar
əvvəlcədən hazırlanırmış. Beləcə, irəlicədən bilinirmiş ki, onlardan neçəsi
güllələnəcək, neçəsinə işgəncə veriləcək, neçəsi isə edam olunacaq. Maraqlıdır ki, məhbuslarla bağlı arxivlərin
açılmasına hələ də icazə verilmir. Ona görə də, məhbuslara verilən işgəncələrlə
bağlı daha çox şahid ifadələrinə əsasən məlumatlar toplanılıb.
30 dəqiqəlik
"humanist” edam
Həbsxanada bəziləri
asılaraq edam olunurmuş. Edam zamanı cəlladın yanında köməkçisi olurmuş ki, o,
ipi məhbusların boynuna keçirib kətili itələyirmiş. Məhbus canını tapşırana qədər
bu işgəncə bir neçə dəfə davam edirmiş. Beləcə, məhbusların çoxu boğularaq yox,
onurğa, boyun sümükləri qopduğuna görə ölürmüş. Proses 30 dəqiqə və daha çox çəksəymiş, bu işgəncə
başa çatmış hesab edilir və məhkum layiq olduğu cəzanı almış hesab olunurmuş.
Əgər 30 dəqiqə ərzində məhkum ölürdüsə, bu, "humanist” edam sayılırmış.
Əsirlər isə ya
damğalanır, ya da falaqqada çubuqlanır, bəzən isə onlardan atış məşqləri üçün hədəf
taxtası kimi istifadə edirmişlər...Bəzən
məhbusları qəliblərin içinə salıb sıxır, əl-qollarını iplərlə bağlayaraq
dartıb qopararaq öldürürmüşlər. Yırtıcı quşlar onların ətini yeyib qurtarana
kimi cəsədlər meydanlarda qalırmış. Bu muzeydə o qədər ölümlərlə, yarımçıq
talelərlə göz-gözə gəldim ki, sanki əcəlin nəfəsini duydum. Ona görə də,
yazımın adını Ömər Xəyyamın məşhur rübaisindəki bir misradan seçdim. Biz ölümü
unutsaq da, həyata qarşı "mənəm-mənəm” desək də, bir gün hər hansı formada əcəl
yaxamızdan tutur və bizə meydan oxuyaraq deyir: "Bu, mənəm”.
Fərid Hüseyn