• şənbə, 27 Aprel, 05:38
  • Baku Bakı 14°C

Dövlətin həyata keçirdiyi böyük işlərə kölgə salınması qəbuledilməzdir

23.04.21 19:15 649
Dövlətin həyata keçirdiyi böyük işlərə kölgə salınması qəbuledilməzdir
Pandemiya başlayandan indiyədək dövlətimiz tərəfindən COVID-19-a qarşı səmərəli mübarizə məqsədilə mümkün imkanlardan maksimum istifadə edilib. Yoluxmanın qarşını almaq üçün sərhədlər bağlanılıb, karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar yaradılıb. Ölkəyə müasir tibbi avadanlıqlar və dərmanlar gətirilib. Azərbaycanda koronavirusun yayılmasının ilk günlərində Prezident İlham Əliyev bu məsələdə bütün qərarların qəbul edilməsində əsas məqsədin Azərbaycan vətəndaşının sağlamlığını qorumaq olduğunu vurğulayıb. Hazırda isə əhalinin vaksinasiyası həyata keçirilir və Azərbaycan bu prosesə dünyada birincilər sırasında başlayan ölkələrdəndir. Amma çox təəssüf ki, bəzi vəzifəli şəxslər öz maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salır.
Bu fikirləri tanınmış hüquqşünas, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd NuriyevAZƏRTAC-a müsahibəsində söyləyib.
Hüquq müdafiəçisi bildirib ki, bu məsələdə də dövlət qətiyyətini göstərir və günahkarlar məsuliyyətə cəlb olunur. Aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən "Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi bunun bariz nümunəsidir.
Dövlətin bütün resurslarının pandemiyanın təsirlərinin azaldılmasına yönəldildiyini qeyd edən Əliməmməd Nuriyev vurğulayıb ki, dövlət bu istiqamətdə çox böyük vəsait xərcləyib. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm işlər görülüb. Bu mübarizədə ön cəbhədə olan tibb işçilərinin gərgin və fədakar əməyini dövlətimiz daim yüksək qiymətləndirir. Prezidentin göstərişi ilə 10-dan çox modul tipli xəstəxana istifadəyə verilib. Virusla mübarizənin ön cəbhəsində dayanan səhiyyə işçiləri koronavirus xəstələrinin müalicəsi üçün əllərindən gələni edirlər. Amma təəssüf ki, bəzən bir sıra mənfi halların da şahidi oluruq. Xəstəliyə yoluxanların sayı artdıqca onların tibb müəssisələrində yerləşdirilməsində müəyyən çətinliklər yaranır. Bundan istifadə edən bir neçə səhiyyə müəssisəsinin rəhbərləri qeyri-qanuni hallara yol verərək virusa yoluxanları xəstəxanaya yerləşdirmək üçün onlardan pul tələb ediblər. Əhalinin sağlamlığını təhdid altına alan vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə qarşı prokurorluq orqanları tərəfindən təxirəsalınmaz hüquqi tədbirlər görülməsi təqdirəlayiqdir.
"Azərbaycan vətəndaşlarının bu bəladan xilas olunması naminə dövlətimiz müxtəlif ölkələrdən həkimlər, mütəxəssislər dəvət etdi. Hətta Vətən müharibəsi dövründə də ölkəmizdə bütün resurslar insanların sağlamlığına yönəldi. Prezident İlham Əliyevin ölkə vətəndaşlarını vaksinlə təmin etmək məqsədilə qətiyyətli mövqe nümayiş etdirdiyi bir vaxtda, bəzi tibb müəssisələrinin rəhbərlərinin şəxsi maraqlarını güdərək dövlətin gördüyü tədbirlərə kölgə salması ən ağır cəzaların tətbiq olunmasını zəruri edirdi. Bu baxımdan bəzi şəxslərin cinayətkar şəbəkə yaradaraq korrupsiya əməllərinə yol verməsi qəbuledilməzdir”, - deyə müsahibəmiz əlavə edib.
Ekspert qeyd edib ki, bu mürəkkəb pandemiya şəraitində dövlətin resurslarından qanunsuz istifadə edən hər kəs cəzasını almalıdır. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin gördüyü bu tədbirlər nəticəsində vətəndaşlarımız bir daha şahidi oldular ki, dövlətimiz belə qanunsuzluqlara yol verənlərə güzəşt etməyəcək. Bu həm də korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə dövlətimizin siyasi iradəsini və qətiyyətini nümayiş etdirir. Bu mübarizə kompleks şəkildə proaktiv tədbirlər həyata keçirilməklə, eyni zamanda, korrupsiyaya şərait yaradan səbəblərin aradan qaldırılması yolu ilə aparılmalıdır. Bu istiqamətdə xeyli addımlar atılıb, institusional dəyişikliklər həyata keçirilib. Amma hər kəs bilməlidir ki, cinayət cəzasız qalmır. Korrupsiyaya qurşananlar öz əməllərinə görə qanun qarşısında cavab verəcəklər. Necə ki, biz mütəmadi olaraq bunun şahidi oluruq. Buna görə də tibb müəssisələrinin rəhbər şəxsləri xidməti vəzifələrinin icrası zamanı sui-istifadəyə yol verməməli, dövlətin pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi böyük işlərə kölgə salmamalıdır.
banner

Oxşar Xəbərlər