• cümə, 19 Aprel, 14:56
  • Baku Bakı 25°C

Dünyaya çıxmaq istəyiriksə, hər zaman hazırlıqlı olmalıyıq - Fotolar

05.10.19 10:30 3179
Dünyaya çıxmaq istəyiriksə, hər zaman hazırlıqlı olmalıyıq - Fotolar
Sentyabrın 25-dəTürk Dünyasının Mədəniyyət Paytaxtı Oş şəhərində keçirilən VII "Art-Ordo” Türkdilli Ölkələrin Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edib. Festivalda teatrın istedadlı aktrisasının ifasında "Mən öləndə ağlama” adlı monotamaşa nümayiş olunub. Pyesin müəllifi Pərvin Nurəliyeva,quruluşçu rejissoru Ayla Osmanova, işıq və səs rejissoru Zaur Rəşidov olan tamaşa Oş şəhər Bələdiyyəsinin xüsusi diplomlarına, festivalın əsas mükafatlarından birinə -"Ən uğurlu yaradıcılıq axtarışları”nominasiyasında birinci yerə və pul mükafatına layiq görülüb.
Səfər sonrası istedadlı aktrisa Səbinə Məmmədova təəssüratlarını bizimlə bölüşdü:
- Festivalın qaydalarına görə, son bir ildə hazırlanan, yeni tamaşalar VII "Art-Ordo” Teatr Festivalında nümayiş oluna bilərdi. Gənc Tamaşaçılar Teatrının rəhbərliyi bizə etimad göstərdi və gənclərdən ibarət olan yaradıcı heyətimizlə festivalda iştirak etdik. Teatr festivalında Azərbaycandan Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev və ADMİU-nin professoru İsrafil İsrafilov da iştirak edirdilər. Bir məqamı da qeyd edim ki, festival günlərində TÜRKSOY-un Teatr rəhbərləri şurasının iclası da Oş şəhərində keçirilirdi. Festivalda iştirak etdiyimiz günlər ərzində iştirakçı dövlətlərin tamaşalarını seyr etmək imkanımız oldu. Tamaşaları seyr etmək bizim üçün maraqlı idi. Müxtəlif türkdilli xalqların teatrlarına, nümayiş etdirdikləri əsərlərə tamaşa etdikcə, öz teatrımız haqqında müəyyən fikirlər formalaşdırırdıq. Məsələn, Qırğızıstanın 5 teatrı dəvət olunmuşdu. Nümayiş olunan tamaşaları izlədikcə bir daha əmin oldum ki, Azərbaycan teatrı böyük bir intibah dövrü yaşayıb. Bu gün biz sözün əsil mənasında, dünya ilə inteqrasiya edə bilən, teatr prosesində müəyyən yol qət etmiş vəziyyətdəyik.Festivalda nümayiş etdirdiyimiz tamaşanı izləyənlər öz təəccüblərini gizlədə bilmirdilər. Orda izlədiyimiz tamaşalar heç də bizim tamaşamızdan yüksək səviyyədə deyildi. Orada qeyd etdilər ki, 3 xanımın ortaya çıxardığı bir iş kişilərin ağlına gəlməzdi. Tamaşada psixoloji məqamlar, alt qatlar, eyni zamanda Qarabağ mövzusuna toxunduq. Tamaşanın qəhrəmanı qeyd edir ki, "anamın qardaşı Qarabağ döyüşlərində həlak olmuşdu”.
- "Mən öləndə ağlama” tamaşası kiçik səhnə üçün nəzərdə tutulduğu halda, onu böyük səhnədə oynamaq sizə çətinlik yaratmadı?
- Həqiqətən də ilk dəfə idi ki, mən o tamaşanı böyük səhnədə oynayırdım. Orada hər kəs maksimum 5 nəfərlə tamaşa oynadığı halda, mən monotamaşa ilə səhnəyə çıxdım. Biz bu tamaşanı Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində oynamışdıq. İlk dəfə idi ki, 400 nəfərlik zalda nümayiş etdirirdik. Həmin səhnəyə uyğun olaraq mizanları dəyişdik, hər şeyi 20 dəqiqənin içərisində həll etdik. Tamaşanın nəticəsi də gözəl oldu. Türkdilli dövlətlərin teatr cameəsinin nümayəndələri, teatrşünaslar gözəl fikirlər səsləndirdilər. Nəinki teatrşünaslar, tamaşadan sonra bizə yaxınlaşıb münasibətini bildirən, ünvanımıza xoş sözlər söyləyən tamaşaçılar da oldu.
- Bu festival sizə nə qazandırdı?
- Bu festival mənə özümə inanmağı, potensialıma daha çox bələd olmağı öyrətdi. Və bir şeyi anladım ki, öz üzərimdə daha çox çalışmalıyam. Öz üzərimdə elə işləməliyəm ki, heç kim məndə səhv tapmasın. Mən elə bir plastikaya malik olmalıyam ki, heç bir problemlə üzləşməyim. Aktyor rezin kimi olmalıdır. Əgər biz dünyaya çıxmaq istəyiriksə, hər zaman hazırlıqlı olmalıyıq.

- Mənəvi olaraq Azərbaycanda kimlərdən dəstək gözləyirdiniz və o dəstəyi gördünüzmü?
- Açığını desəm, çox az adam sidq-ürəklə bizi dəstəkləyirdi. Bunu hiss etməyə nə var ki? Ancaq onu da qeyd edim ki, heç zaman heç kimdən dəstək gözləməmişəm. Ötən il Rusiyada XII Beynəlxalq Yay Teatr Məktəbinə gedəndə, hər kəs elə bilirdi ki, mən orada epizodik rol oynayacam. Mən ora gedib dram qrupuna düşəndə və orda əsas qəhrəmanı oynayanda, bildim ki, heç kimin dəstəyinə ehtiyacım yoxdur. Əgər istəyirəmsə, edə bilərəm. Hər şey insanın özündən asılıdır. Dəstəyə gəlincə isə, festivalda iştirak edəndə, teatrımızın direktoru Nahidə İsmayılzadə öz "Facebook” səhifəsində paylaşım etdi, bizə uğurlar arzuladı. Bu mənim üçün böyük dəstək idi.

- Sizdə müşahidə vərdişlərinin yaxşı inkişaf etdiyinin şahidi olmuşuq. Aktrisa üçün müşahidəçi olmaq nə qədər önəmlidir?
- Canlandırdığım hər obrazı müşahidələrimdən keçirirəm. Əgər ruhi xəstə obrazını canlandırıramsa, ruhi əsəb dispanserinə gedirəm. Misal üçün, "Mən öləndə ağlama” tamaşasını hazırlamamışdan öncə pyesin müəllifi Pərvin Nurəliyeva,quruluşçu rejissoruAyla Osmanova və mən Maştağada yerləşən ruhi əsəb dispanserinə getdik. Orda yaşadıqlarımızın depressiyasından hələ də çıxa bilmirik. Tamaşada canlandırdığım qəhrəmanla eyni problemi yaşayan bir qızla söhbət etdik və mən o qızdan istifadə etdim. Belə ki, o danışdıqca, bütün hərəkətlərini, jestlərini götürməyə başladım. Pərvinlə Ayla donmuş vəziyyətdə idi və mən prosesi izləyirdim. Bu xanım magistr təhsili alıb, çox istedadlıdır, Mendeleyevin cədvəlini əzbər bilən fizikdir. 1986-cı ildə bir sevgi yaşayıb, sevgisi qınağa səbəb olub, münasibətləri alınmadıqda, qız psixoloji gərginlik keçirib. Qız bizimlə söhbətində dedi ki, mən günah işlətmişəm, əlini yuxarı qaldırıb göyü göstərək söylədi ki, "o mənimlə danışır, deyir ki, sən səhv etmisən, düz etməmisən”. O danışdıqca, mən də onun bütün jestlərini özümə köçürürdüm. Daha sonra onu digər otağa apardılar. Biz bir psixoloqla görüşdük. O, bizi şizofreniya və digər psixoloji xəstəliklərlə bağlı məlumatlandırdı. Mənim oynadığım obraz isə bir aydan sonra şizofreniya xəstəliyi tutub, ömürlük xəstəxanada qalıb öləcək bir insan idi. Bu tamaşa mənə dəhşətli psixoloji təsir göstərdi. Sırf bu rola görə bütün çevrəmdəki insanlarla əlaqəmi kəsmişdim.Bəli, mənim müşahidə qabiliyyətim çox güclüdür. "Ağ ölüm” tamaşasında narkoman qız obrazını canlandırmaq üçün Bakıda geridə qalmış bir bara getdim. Kimsə məni orada görsəydi, adıma söz çıxarardı (gülürük). Ancaq mən ora müşahidə üçün getmişdim. Bu tamaşa məni böyüdüb. Ən məşhur əsərlərdə tanınmış simaları oynamışam. Ancaq bu tamaşa mənə daha çox təsir edib. Bu tamaşadan sonra mən bir az fərqli oldum. Heç nə vecimə deyil.
- Keçən görüşümüzdəki qız sanki siz deyilsiniz...
- «O gecə» serialındakı obrazım mənə bir daha sübut etdi ki, Səbinə komplekssizdir və onu olduğu kimi qəbul etmək lazımdır. Kim məni olduğum kimi qəbul etmirsə, o insandan uzaqlaşıram.

- Sizi qəbul etməyənlər var?
- O qədər... Bilirəm ki, insanlara əziyyət verirəm və ona görə də insanlarla çox az münasibət saxlamağa çalışıram. Ona görə də çevrəmdə çox az insan var. Mən nə üçün dəyişməliyəm? Hərdən düşünürəm ki, texnikasız aktrisayam, bir gün ürəyim partlayacaq, öləcəm, ya da canlandırdığım obraz alınmayacaq. Misal üçün, sonuncu dəfə oynadığım «Leyli və Məcnun» tamaşasından əvvəl tamaşaya başlamışıq və tamaşa alınmır. Tamaşanın da əsası baş roldur. Mən bilirəm ki, bu tamaşanı aparıram. Mən tamaşaçıları niyə aldadım? Birdən məni səhnəyə itələdilər və barmağım qırıldı. Baxdım ki, barmağım əyilib, əlimə baxıram, ağlamağım gəlir... Və başladım hönkür-hönkür ağlayaraq oynamağa. Bu tamaşa o qədər gözəl alındı ki... Fikirləşdim, Allah başıma elə bir iş gətirir ki, həqiqətən nəsə olsun, tamaşa təbii alınsın.
- Sanki bu dəfə sizi bir az üsyankar gördük.
- Nə vaxtsa hamımız öləcəyik. Heç kim əbədi deyil. Kimsə Hökumə Qurbanova kimi ad qoyacaq, kimsə qoymayacaq. Mən nəyə görə kiminsə qabağında əyilməliyəm? İstədiyim kimi yaşamaq istəyirəm. Mənim üçün milli-mənəvi dəyərlərimiz hər zaman önəmlidir. "Azərbaycanda qısa geyinməyim, xaricdə geyinim” kimi bir düşüncə sahibi deyiləm. Əksinə, vətəndən kənara çıxanda daha uzun geyinməyə çalışıram. Bu mənim həyatımdır. Mən heç kimin həyatına qarışmıram. Mənim planetimə girməyin. Planetimə girib ulduzlarımı darmadağın edəcəksənsə, gəlmə, sadəcə uzaqdan seyr et. Bilirəm ki, mənə nifrət sevgidən daha çoxdur.
- Niyə?
- Çünki kiminsə inkişafına göz yuma bilmirlər. Heç bir "kruq”a girmirəm, heç kimi yalandan tərifləmirəm, heç kimlə oturub-durmuram, arxamda da heç kim yoxdu. Bir Allahım, bir də anam var. Anamın halal zəhməti ilə böyümüşəm, bununla fəxr edirəm. Bu günə qədər heç kimin qapısında boynubükük olmamışıq. Anam mənim üçün hər şeydir.
- Nə üçün rejissorlar hər zaman sizə təhqir olunmuş, zorlanmış, döyülmüş, həyatı məhv olmuş faciə qəhrəmanlarını həvalə edirlər?
- Bilmirəm. Yəqin ki, bu məndə daha yaxşı alınır. Mənim hər zaman müşahidəm güclü olub. Hazırda "Atılmışlar” serialında obraz canlandırıram. Gündəlik serial çəkirik. Serialın rejissoru Elvindir. Komandası çox istedadlıdır. O, çox səbirli və təmkinli, kifayət qədər də savadlıdır. Mənim üçün gənclərlə işləmək daha rahatdır. İşimə daha da böyük uğuru gənclər gətirə bilərsə, onlarla birlikdə inkişafa doğru getmək istəyirəm
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər