“Dünyanın beşiyi” başında oxunan şeirlər...
2089
09 aprel 2022 | 11:30
Beş gün ərzində çoxsaylı
tədbirlərdə iştirak edərək şeir və sənət ab-havasından bir an da olsun
çıxmadıq. Sənətin isə bir missiyası da qapı açmaq, yol göstərməkdir. Bu dəfə də
elə oldu. Yenə yol göründü, yaşayarıq, görərik...
Günahsız
günahkar...
Allah günahımdan keçsin: bu
səfərə gələrkən anamı həm aldatmışam, həm də yox. Ona deməmişdim ki, İraqa
gedirəm, çünki belə söyləsəydim, Novruz günlərində yediyi-içdiyi ürəyinə
yatmayacaq, yerinə od ələnəcəkdi. Ona görə də demişdim ki, Babil şəhərinə
festivala gedirəm. Sağ olmuş da səsimdəki aramdan, toxtaq simamdan elə zənnə
qapılıb ki, Babil dünyanın sükuta dalmış sakit guşələrindəndir... Əlbəttə,
şükür İraqın bu gününə, çünki indi əvvəlki illərə nisbətdə çox sakitlikdir.
Qonaqpərvərliyə
görə təşəkkür
Məni bu beynəlxalq tədbirə
ərəb ədəbiyyatının görkəmli nümayəndəsi Əli Əl-Şalah dəvət etmişdi. O, ərəb
dünyasında yaxşı tanınan ədəbi imzalardandır. 1965-ci ildə Babildə dünyaya gəlib. Bağdad Universitetinin
Ədəbiyyat fakültəsində Ərəb dili ixtisası üzrə təhsil alıb. Ərəb-İsveçrə
Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq "Əl Mutennebi" Şeir
Festivalının direktorudur. "Babilli Əli", "İmzalar" adlı
kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Tanınmış şair həm də
festivalın təşkilatçılığını yüksək məsuliyyətlə həyata keçirir, əlindən gələni
əsirgəmirdi. Ümumiyyətlə, dəvətə, yüksək qonaqpərvərliyə görə festivalın
təşkilatçılarına və rəhbərliyinə təşəkkürümü bildirirəm.
Festivalın
"kimliyi”
Babil Mədəniyyət və
İncəsənət Festivalı dünyanın ən böyük sənət toplantılarından biri hesab olunur.
Müxtəlif ölkələrdən gələn yüzdən artıq ədəbiyyat, mədəniyyət və incəsənət
xadimlərini qonaqlayan festival bu il doqquzuncu dəfə baş tutdu. Festivalın
şüarı "Hamımız babilliyik”dir. Bu şüarın mənası odur ki, hamımız dünyanın
yaradıldığı yerə aidik, sadəcə illərlə özümüzü bir ölkəyə, bir şəhərə, bir
şəcərəyə, bir ailəyə aid edə-edə bütöv dünyanı unutmuşuq. Festivalın ədəbiyyatla bağlı hissəsi 18
martda başlamışdı, amma ümumən ayrı-ayrı qolları daha əvvəl fəaliyyətə start
vermişdi. Dəvət edilən qonaqlar uyğun tədbirlərdə iştirak edib geri
qayıdırdılar. Ona görə festivalın bir sıra iştirakçıları ilə yaxından tanış
olmaq imkanım olmadı.
Festival
içərisində festival
Biz – festival
iştirakçıları – hər gün Bağdaddan Babilə 2 saat yol gedirdik. Kitab
sərgi-yarmarkası keçirilən sarayda həm də ədəbiyyat tədbirləri baş tuturdu. Ərəb
mədəniyyətinin dünyaya inteqrasiyası məsələsi də festivalın başlıca
məqsədlərindən biri idi. Festivalın içərisindəki rəsm sərgisi də çox
düşündürücü idi. Dünya Poeziya festivalı, Narrativ Poeziya Festivalı festival
içərisində festival sayıla bilərdi.
Terrorizmdən sonra ərəb
mədəni kimliyi kimi mövzular müzakirə edilən əsas məsələlərdən idi. Həmin gün tədbirlərdə
mən də iştirak etdim, eyni zamanda poeziya gecəsinə qatılaraq Azərbaycan və
ingilis dilində şeirlərimi oxudum. Həmin əsərlər ərəb dilində tədbir
iştirakçılarına təqdim olundu.
O gecə Babil qülləsində heç
zaman unutmayacağım gözəl bir konsert proqramında iştirak elədim. Minlərlə
insanın toplaşdığı bu mədəniyyət ocağında insan izdihamı yaşanırdı və müxtəlif
ölkələrdən gələn çoxsaylı müğənnilər yaddaqalan ifaları ilə könül oxşayırdılar.
Ucuz
ingilisdilli nəşrlər
Babil Kitab sərgisində
iştirak edib yeni nəşrlərlə tanış olduq, təqdim olunan kitabların əksəri ərəb,
yerdə qalanı isə fars və ingilis dilində idi. Onu da qeyd edim ki, ingilisdilli
nəşrləri İraqdan çox ucuz qiymətə ala bilərsiniz. Kitab sərgisinin içərisində
ayrıca xətt sərgisi, rəsm əsərlərinin sərgisi də keçirilir. Mən özümə ilk dəfə
bəyaz mürəkkəblər və nəstəlik və kufi xətlərində yazmağa kağız qələmlər aldım.
Bura ekzotik əşyaların satışı baxımından da əvəzsizdir. Sonra adrenalin oyun
şousu keçirildi, daha sonra iordaniyalı rəssam Əsma Mustfa ilə görüş baş tutdu.
"Qərbdə ərəb mədəniyyəti” adlı seminar da keçirildi. Eyni zamanda Mərakeş
yazıçısı Əbdül Qadir Əl-şavi və şair İdris Ələşu oxuculara təqdim edildi, iraqlı
rejissor Muhannad Hayatın çəkdiyi "Hayfa küçəsi” filmi nümayiş etdirildi.
Həmin gün həm də poeziya
tədbiri keçirildi. Mən də "Övladsız yarpaq”, "Yuxu kimi” şeirlərimi ana
dilimizdə və ingilis dilində oxudum, daha sonra şeirlərin ərəbcə olan
variantları səsləndirildi. Bir sıra müəlliflərlə yanaşı mənə də festivalın
mükafatı təqdim olundu.
21 mart
Martın 21-də dünya şöhrətli
şair Adonis ilə görüş keçirildi. Adonis dünya mədəniyyətlərində, sivilizasiyalararası
körpülərdən bəhs etdi. O, dünyanı vahid bir orqan kimi qavrayır, bəşəri vahid
bir orqanizm kimi duymağı tövsiyə edir.
Həmin gün keçirilən şeir
yarışında Əbdül Zəhra Zəki, Məhəmməd Məzlum, Nassif Əl Sasseri, Məhəmməd Türki,
Reem Qais Kəbə, İmad Cabbar, Mərakeşdən Fadva Əl-Ziyani, Misirdən Radva Farqlı, Omandan Həsən Əl-Maəşruti,
Səudiyyə Ərəbistanından Əbdül Vəhab Əl-Areed, İordaniyadan Jamana Əl-Tarouna və
başqa şairlər şeirlərini oxudular.
Yenə yol
göründü...
Beləcə, beş gün ərzində
çoxsaylı tədbirlərdə iştirak edərək şeir və sənət ab-havasından bir an da olsun
çıxmadıq. Sənətin isə bir missiyası da qapı açmaq, yol göstərməkdi. Bu dəfə də
elə oldu. Festival günlərində bir sıra Avropa, Amerika, ərəb şairləri ilə
ünsiyyətlərimiz yarandı, yaradıcılıq münasibətlərinin dərinləşməsi üçün konkret
layihələr ətrafında söhbətləşdik, tərcümə proyektlərin icrası kimi qərarlara
gəlindi. Yenə yol göründü, yaşayarıq, görərik...
Fərid Hüseyn