Dünya rəssamları arasında yer alan azərbaycanlı - Fotolar
"Azərbaycan
brendi” layihəsi çərçivəsində dünya şöhrətli
rəssamlar arasında yer alan azərbaycanlıdan-Sakit Məmmədovdan danışacağıq. Sakit Məmmədov o azərbaycanlıdır
ki, Avropada onun adına marka, orden təsis edilib. Hətta bu günlərdə Türkiyədə
istehsal olunan "Dədə Qorqud” pulunun üzərində onun çəkdiyi Dədə Qorqud şəkli
çap edilib. Azərbaycanın Xalq rəssamı, YUNESKO və Azərbaycan Rəssamlar
İttifaqının üzvü, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü və fəxri
professoru, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü , Vatikan Geraldika Akademiyasının
Qrafı olan Sakit Məmmədovun adı 2018-ci ildə Rusiyanın
"Böyük Şəxsiyyətlər” ensiklopediyasına salınıb. Həmvətənimiz Türkiyənin "Qızıl
Ulduz” ordeni, Serbiya Kral Akademiyasının mükafatı "Gran pri” və "Qızıl Mələk”
medalı, Beynəlxalq Malta ordeninin Zabit xaçı və Kovaler ordeni, Leonardo Da
Vinçi və Spitsberq medalı, "Müqəddəs Giorgiy” qızıl medalı, "Qızıl Tac” ordeni,
Avropanın "Şərəf” ordeni, "Böyük Cəngavər qızıl ulduzu”, "Beynəlxalq
Cəngavərlər İttifaqının Senator Ulduzu”, Dünya Rəssamlıq Akademiyasının təsis
etdiyi "İlin Rəssamı” və "Planetin Rəssamı” mükafatları, Rusiyanın nüfuzlu
"Minilliyin adamı” mükafatı və s. orden və medallarla təltif olunub. Sakit
Məmmədov "Opalizm” üslubun banisi sayılır. Onun əsərlərindən ibarət yeddi
kataloq, kitabı çap olunub. Sakit Məmmədovun əsərləri tanınmış muzeylərdə və
şəxsi kolleksiyalarda qorunub, saxlanılır. ABŞ, Almaniya, İtaliya, Fransa,
Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və bir
sıra ölkələrin qalereyalarında sərgiləri keçirilib. Onun tələbələri də özü ilə
bərabər Avropada bir sıra sərgilərə qatılıb.
- Rəssamın
əsas işi rənglərlədir. Olubmu ki rənglərin sehrinə düşəsiz?
- Əlbəttə. Elə
rənglərin sehrinə düşmüşəm ki, çıxa bilmirəm. O gün mən bu sehrdən çıxaram ki,
həmin gün mən özümü dünyadan köçmüş kimi hiss edərəm. O sehrin içinə hər kəsi
ki, düşsə, həmin zaman dünya tamamilə düzələr. O zaman biz dünyanı ağ qara
deyil, rəngarəng görərik. Həmçinin yuxularımızı rəngarəng görərik.
- Nəzəri
olaraq deyilir ki, bütü rənglər ağ rəngdən yaradılıb. Rəssamlıqda bu fikir
qəbul edilirmi?
- Əslində, bütün rənglər
qara rəngdən törəyib. Çünki kainat ilk olaraq qaranlıq olub. İşıq yaranandan
sonra insan bilib ki, ağ var. Biz ağa qaraya nisbətən ağ deyirik. Bəlkə ağdan
da çox ağ var. Uşaq belə, ana bətnindən zülmətdən işığa çıxıb. Mənim bütün gördüyünüz
rəngarəng əsərlərim qardan və ağdan yaranır. Niyə? Ləkələrdən... Birinci ağ
kətanı götürürəm və sonra kömürlə bütün ləklərini qeyd edirəm. Sonradan o qara
qırmızıya, göyə və s. çevrilir. Ümumi beynimdə mən bilirəm o ləklər hansı forma
alacaq. Dünya iki şeydən ibarətdir. Rəssamlıqda hər şey ləkələrdən ibarətdir,
musiqidə isə ritmlərdən. Yaxşı rəssam, pis rəssam ləkəni bilib bilməməsində
müəyyən olunur.
- Rəsm
əsrlərinin mayası, bünövrəsi nədən ibarətdir?
- Bizdə bünövrə aşağıda
deyil, yuxarıdan olmalıdır. Məsələn, şairdən bünövrə yuxarıdan gəlir.
Rəssamlıqda da elədir. Mən iki dəfə Sovet İttifaqı Qəhrəmanı kosmonavt
Volonovla görüşdüm. Onun portretini çəkirdim. Ondan soruşdum ki, siz Ayda nə
gördüz? O mənə gördüklərini tam danışmadı. Mən ona dedim ki, sizdən də qabaq
biz ora uçub qayıdırıq. Həmçinin bildirdim ki, biz də kosmonavtıq. Amma fərqimiz
odur ki, siz ildə bir iki dəfə uçursuz, amma biz hər gün kosmosa mənən
uçuruq...
- Hər
yaradıcı insan çalışır ki, özündən sonra məktəb qoyub getsin. Bilirik ki, bir
çox yetirmələriniz var. Rəsmi olaraq hər hansı məktəb, akademiya yaratmaq
fikriniz varmı?
- Xeyir. Amma həmin istedadları
bir araya toplayacaq Rəssamlıq Evi açmağı düşünürəm. Əslində, Allah o uşaqlara
istedad verməsə, mənim məktəbim nəyə lazım? Hər şey birinci onlardan asılıdır.
Elə uşaq gəlir ki, görürəm onun gözlərində istedad parıldayır. Ona görə mən
istedadlı uşaqları götürürəm. Yəni mənim orda heç bir rolum yoxdur. Rəssamlıq
öyrədilmir, öyrənilir. O uşaq məndən, ondan bundan bir az bir az öyrənməlidir.
Hər kəsin kainata bir cür baxışı var. Mən necə kimsəni məcbur edə bilərəm ki,
siz bunu belə görün. Ona görə mən belə başa düşürəm ki, insan özü öyrənir. Rəssamlıq
bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da olacaq.
- Sizin
bütün əsrlərinizdə müsbət enerji, xoş əhval var. Belə başa düşülür ki, ancaq
əhvalınız olanda rəsm çəkirsiz?
- Mən dərdi içimdə çəkirəm.
Amma kətana çəkmirəm. Çünki onsuz da insanların problemi var. İnsanlara
sevgidən doğan əsərlər bəxş etmək lazımdır.
- Siz
kosmik ünsiyyətə inanırsızmı? Yəni sizdə elə bir an olurmu ki, özünüzdə
bilmədən mənən hansısa yüksəkliyə qalxasız?
- Kainatin yaradılışını
dərindən dərk etməyə çalışan insanlar
namaz qılarkən mənəvi olaraq fəzaya yüksələ bilirlər. Rəssamlıq da elədir ki,
bir anlıq özün də bilmədən kosmik fəzaya gedirsən. Istəyəndə isə gedə
bilmirsən. Bəzən ola bilər səsli küylü yerdə ola bilirsən, amma bir anlığa özün
də bilmədən bu vəziyyətə düşürsən. Məsələn, mən çəkilib kənardan Yer kürəsinə
baxa bilirəm. Bunu təsəvvürünə gətirirsən və yaşayırsan. İnsan beyninin çox az
hissəsini işlədir. Ancaq Nizami, Nəsimi və digər dahilər tərki dünya ola bilib.
O dövrdə onlar o cür qəzəlləri elə belə yaza bilməzdilər. O olmasa yarada
bilməzlər. Dünyada bundan gözəl bir şey yoxdur. Bunun tərifi, düsturu yoxdur. O
necə olur bilmirəm...Mən hər zaman şəkli çəkməyə
"Bismillah”la, yəni Allahın adını
deməklə başlayıram. Əsl rəssamlıq odur ki, sənin şəkil çəkmək içindən
gəlməlidir. Təsəvvür edin, emalatxanaya gəlirsən. Ağ kətan və bir də özün olursan...
Sonra elə bilirəm ki, heç zaman dadmadığım qidanı qəbul edəcəm. Təsəvvür edin
ki, susundan yanan adama su verirsən. Bu zaman işdən inanılmaz şəkildə zövq
alırsan. İsan professional olanda, onun ruhu ortaya çıxır. Ruh da şəxsiyyəti üzə
çıxarır. Əgər insan şəxsiyyət olmursa, demək o, faydasız ömür yaşayır.
- Hər bir rəssamın bir idealı olur. Siz necə, idealınız olan əsəri çəkmisinsizmi?
- Mən gözəl
xanımları və ağıllı kişilərin əsərlərini yaradıram. Lakin əsərlərimdə gözəl
xanımlar üstünlük təşkil edir.
- Siz Papanın da portretini
çəkmisiniz. Necə oldu ki, onun portretini çəkmək sizə təklif olundu?
- Papanın portretini çəkmək üçün bir fransız, bir belçikalı rəssam və
məni çağırmışlar. Belə oldu ki, Papanın şəklini çəkmək mənə həvalə olundu.
Əsərdə Papanın masasının üzərində dörd müqəddəs kitabı, döşəmədə isə Qarabağ
xalçasını təsvir etdim. Mən çalışdım ki, bu əsər bizim dövlətimiz adından
Vatikanda təqdim olunsun. Və elə də oldu, Prezident İlham Əliyev İtaliyaya
səfər edərkən Vatikanda məhz bu əsəri təqdim etdi. Hazırda əsər Vatikan
muzeyindədir.
- Bildiyimiz
kimi, 2016-cı ildə İngiltərə Kraliçasının 90
illik yubileyində olmusunuz və ona "Cıdır düzü” adlı əsərinizi hədiyyə etmisiniz.
Maraqlıdır ki, Kraliçanın sizin əsərə münasibəti necə oldu?
- Protokoola görə 10 dəqiqə nəzərdə tutulan görüş 30 dəqiqə çəkdi. Kraliça
bu əsərə təxminən 5 dəqiqə tamaşa etdi. Sonra o mənə dedi ki, bu Polo oyunudur.
Mən isə cavab verdim: " xeyir bu Polo deyil, Çövkən oyundur və XII əsrdə
Qarabağda yaranıb”. Görüşdə Xarı bülbüldən, Qarabağ atlarından, Qarabağ
xalçasından və s. danışdım.Ümumiyyətlə, əsər Kraliçanın çox xoşuna gəldi və hisslərini belə
ifadə rtdi: "Bu gün mənim üçün çox gözəl bir gün oldu, mən çox sevindim”. Sonra
göstəriş verdi ki, əsər Vinzer Sarayından asılsın.
- Bizim əsas məqsədimiz odur
ki, gənclərimiz sizin kimi insanların mesajlarını alsınlar. Sizcə, bu gün
Azərbaycan gənci necə olmalıdır?
- Əvvəla, Allah dünyanı, insanı ədalətli yaradıb və Allah üçün millət
yoxdur. Allah üçün insan var. Ona görə də Allah istedadı bəşəriyyətə verir. Necə
Allah öz peyğəmbərini göndərdi ki, onun kəlamının insanlara çatdırsın. Ona görə
də Allah rəng duyumunu rəssamının əli ilə çatdırır. İkincisi, Leonado da Vinçi,
Rembrandt van Reyn və s. kimi məşhur rəssamlar Yer kürəsinə xidmət ediblər. Ona
görə də onlar öz yaşadıqları yerdən çox-çox böyükdürlər. Biz də onlardan
bəhrələnmişik. Belə ki, mənim mesajım tək azərbaycanlılara deyil, bütün dünya
insanlarınadır. Məsələlərə ümumbəşəri yanaşmaq lazımdır. Bu dövlət qram-qram
qurulub. Məqsəd odur ki, Azərbaycanımızı, doğulduğumuz yeri sevək və tanıdaq.
Mən Azərbaycanı ona görə sevirəm ki, mənə ruh burada verilib. Qəribədir ki,
bütün mənalı yuxularımı məhz doğulduğum evdə
görürəm. Demək ki, ruh orda verilib. Ruhun da yuxu ilə bağlılığı
var. Ona görə də Vətəni ən azından sənə
verilən ruha görə sevməlisən. Allah iki şeyi insana verir: müqəddəs ruh və istedad.
Hamının istedadı var, sadəcə ondan istifadə etmək lazımdır.Mən elə başa düşürəm ki, mesaj
o ola bilər ki, dünyamız qorumalıyıq. Çünki tək Azərbaycan qorusaq, dünya
dağılsa xəbərimizi olmayacaq. Dünya dağısa biz də onun içində dağılacağıq. Ona
görə də bəşəriyyətə mesaj budur: dünyanı qoruyaq ki, bizə ruh verilən məkanı da
qoruya bilək.
- Bəzən tanınmış insanlara
xaricdə Azərbaycanın təbliğatını necə aparması ilə bağlı sual veririk. Amma
sizdə fərqlidir, yəni sizin adınız, şöhrətiniz elə brenddir, təbliğatdır...
- Portuqaliyada 650 rəssamın iştirakı ilə sərgi keçirilirdi. Bu
rəssamlardan üçün qalib seçildi, onlardan da bir mən oldum. Orada bizim
ölkəmizin adının çəkilməsi mənim üçün böyük fəxrdir.Dünya rəssamları qardaşdır. Bir rəssam kimi mənim üçün sərhəd yoxdur.
Yeri gəlmişkən, iki nəfər portuqaliyalı fotoqraf "Sərhədsiz dünya” adlı film
çəkirdilər. Onlar bütün dünyanı gəzirdilər. Azərbaycanda olanda biz onlara
yüksək səviyyədə qonaqpərvərlik göstərdik. Azərbaycanın gəzməli, görməli
yerlərinə onları apardım. Portuqaliyada filim təqdimatında Azərbaycan haqqında
məlumat verildi və görüntülər veriləndə hamı şoka düşdü. Hətta Tahir Salahovun
gözləri yaşardı.Mənə yüz dəfə artıq maaş da versələr mən gedib başqa ölkədə
yaşamaram. Deyirlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxdır. Ölməyə yox,
ümumiyyətlə, yaşmağa vətən yaxşıdır. Vətən yaşamaq üçündür. Allah insana
ölümsüzlüyü sənəti, istedadı ilə verir. O insanlar ölümsüz olurlar. Ona görə də
Nizamimiz, Füzulimiz, Nəsimimiz ölümsüzdürlər və daim yaşayırlar. Nə qədər
dünya var, Azərbaycan var, onlar da yaşayacaqlar.Azərbaycanın adını bizlər uca etməliyik. Azərbaycan adı damarımızdan
axan qan kimi bizim ürəyimizdə olsun. Ən böyük xəstəliyimiz elə Azərbaycan
olsun.
Fuad