• şənbə, 21 Dekabr, 21:04
  • Baku Bakı 9°C

“Musiqi mənim üçün nəfəsdir...” - MÜSAHİBƏ

21.09.24 01:06 3474
“Musiqi mənim üçün nəfəsdir...” - MÜSAHİBƏ

Nigar Seidova: “10 ilə yaxın İT sahəsində işləmişəm. Amma qazancımı musiqi təhsilimə, mahnı bəstələməyə, klip çəkilişinə xərcləyirdim. Həm konsertlərim olurdu, həm də İT mütəxəssisi kimi çalışırdım. Bakıda iki həyatım var idi. Günorta ofis işi, axşamları və həftəsonumu ancaq musiqiyə həsr edirdim”.

Musiqi onun üçün hər şeydir. Uşaqlığından başqa peşəyə yiyələnmək ağlının ucundan belə keçməyib. Hətta “20 illik ömrümün ya hamısını musiqisiz, ya da yalnız beş ilini musiqi ilə yaşaya bilərsən desələr, ikincini seçərdim” deyir. Elə bu sevgisi onu dünyaşöhrətli musiqiçilərlə eyni səhnədə görüşdürüb.

Müsahibimiz musiqiçi, İtaliyada IV Beynəlxalq "Özünü dünyaya göstər" ("Fatti vedere in tutto il mondo") incəsənət festivalının qalibi, Azərbaycanda öz musiqi tərzi ilə seçilən, rok janrında oxuyan Nigar Seidovadır. Nigar həm də musiqilərin söz yazarıdır.
O, Rusiyada anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. Bununla yanaşı, Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbini vokal üzrə bitirib. Özəl şirkətlərdə 10 ilə yaxın İnformasiya Texnologiyaları (İT) mütəxəssisi kimi çalışıb.

Fabio Lamborghini, Viktor Peleniagre, LP...

Nigar İtaliyada dünyaşöhrətli Viktor Peleniagrenin bəstəkar gecəsində sənətkarın iştirakı ilə onun mahnılarını ifa edib. Həmsöhbətimiz San Marinoda Fabio Lamborghininin fəxri qonaq olduğu konsertdə öz ifaları ilə qonaqları feyzyab edib. Bundan əlavə, Villa Verroccio və Riminidə səhnə alıb. Onun konsertlərinin qonaqları İtaliyanın dövlət xadimləri, məşhur ifaçıları, dünyaşöhrətli bəstəkarlar olub.
Nigarın uğurları bununla da bitmir. O, Azərbaycanda rok festivalında, Azərbaycan vokalistləri festivalında iştirak edib. “Yalan”, “Yad”, “Səni itirərkən”, “Apar, külək” mahnılarının ifa edib. Ona ən çox uğur gətirən mahnısı “Yalan” olub. Bu mahnı Azərbaycanda kifayət qədər məşhurlaşıb.

Ömrümün böyük hissəsini xaricdə rok konsertlərinə gedərək keçirib. Hətta fanatı olduğu, dünyaşöhrətli rock musiqiçisi və söz yazarı LP (Laura Pergolizzi) ilə eyni səhnəni bölüşüb. 

“Üç yaşımdan ingilis dilində oxuyuram”

- Nigar xanım, vokalistsiniz. Bəs İqtisad Universitetində təhsil almaq zərurəti haradan yarandı?

- Evin tək övladıyam. Valideynlərim əvvəlcə musiqiyə olan sevgimin keçici həvəs olduğunu düşünürdülər. Onlar səhnəyə çıxmağa, musiqi ilə peşəkar şəkildə məşğul olmağıma icazə vermirdilər. Ailəm məni universitet tələbəsi kimi görmək istəyirdi. Onların arzusunu reallaşdırmaq üçün İqtisad Universitetinə qəbul oldum. Amma musiqisiz özümü xoşbəxt saymırdım. Yenə də öz bildiyimi etdim, musiqi sahəsində özümü inkişaf etdirdim. Düzdür, 10 ilə yaxın İT sahəsində işləmişəm. Amma qazancımı musiqi təhsilimə, mahnı bəstələməyə, klip çəkilişinə xərcləyirdim. Həm konsertlərim olurdu, həm də İT mütəxəssisi kimi çalışırdım. Bakıda iki həyatım var idi. Günorta ofis işi, axşamları və həftəsonumu ancaq musiqiyə həsr edirdim.

- Musiqi ilə ilk tanışlığınızı xatırlayırsınızmı? Sizcə, bu sevgi, istedad haradan gəlir?

- Musiqi zövqümü anam formalaşdırıb. Onun musiqi duyumu çox yaxşıdır, musiqi təhsili də var. Üç yaşımdan ingilis dilində mahnı oxumağa başlamışam. İlk ifam isə “i will always love you” mahnısı olub. Anam o mahnını tez-tez dinləyirdi. Sözlərini anlamırdım, amma imitasiya edirdim. Məncə ana bətnindən musiqini sevmişəm. Sonra özümü tanıyandan musiqiçi olmaq istəmişəm. Mənə elə gəlir ki, Allah məni buna görə yaradıb. Madonna, Maykl Cekson, Sadenin mahnıları ilə böyümüşəm. Xarici musiqiyə sevgi oradan yarandı. Rok musiqisi ilə yeddinci sinifdən sonra maraqlandım. Hazırda “Indie rock”, “country music”, “alternative rock” ən sevdiyim janrdır.

“İtaliyanın altı şəhərində konsertlər verdim”

- Tələbə olarkən İtaliyada 260 iştirakçının qatıldığı festivalda birincilik əldə etmisiniz. Bu festival karyeranıza necə təsir etdi?

- Əvvəlcə, 2018-ci ilin mart ayında Bakıda “Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsi keçirildi. Orada qalib olduqdan sonra, İtaliyanın Rimini şəhərində “Özünü dünyaya göstər” (“Fatti vedere in tutto il mondo”) IV Beynəlxalq İncəsənət Festivalı baş tutdu. İtaliya, Azərbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrdən 260-dan çox iştirakçı qatılmışdı. Müəllimim Solmaz Qasımova məni çox dəstəkləyirdi. Münsiflər heyətində şair, bir çox rus ifaçılarının mahnılarının sözlərinin müəllifi Viktor Pelenyaqra, Rusiyanın xalq artisti Renat İbrahimov, Litva Musiqi və Teatr Akademiyasının professoru Arturas Ankskauskas, skripkaçı, professor Petras Kunka yer almışdı.

Tədbirin fəxri qonağı Fabio Lamborghini idi. Burada qalib olmaq və Fabio Lamborghini kimi birindən mükafat almaq mənim üçün çox böyük uğur idi. Daha sonra İtaliyanın altı şəhərinə turlarımız oldu, iki həftə konsert verdik. Həmin festivaldan sonra fəaliyyətimi tək Azərbaycanda deyil, sərhəddən kənarda da inkişaf etdirə bildim. Daha sonra rock festivalında iştirak etdim və orada da nailiyyət əldə etdim. 

- Ailəniz bu birinciliyi necə qarşıladı?

- Mən hətta musiqi məktəbinə getdikdə belə, ailəm buna ciddi yanaşmırdı. O qalibiyyətdən sonra anam anladı ki, bu kapriz, yaxud ərköyünlük deyil. Mən musiqi ilə yaşayıram və buna görə əlimdən nə gəlirsə edir, hər çətinliyə dözürəm. Həyatımda çox şeyi musiqiyə qurban vermişəm. Amma musiqi yolunda çəkdiyim bütün çətinliklərə zövqlə, şikayətlənmədən sinə gərirəm. Hamı yalnız o yolun bəhrəsini görür, eynən birincilik kimi. Amma o yolu necə keçdiyimi bilmirlər. Anam bu birincilikdən sonra məni dəstəkləməyə başladı, arxam, dayağım oldu. İndi iki anam var. Birincisi məni dünyaya gətirən, ikincisi isə mənə musiqini verərək ikinci dəfə həyata gətirən müəllimim Solmaz Qasımovadır. Hər ikisi mənim üçün əllərindən gələni edirlər. Oxuduğum hər saniyəni, uğurlarımı onlara borcluyam. Onların sayəsində mən arzumu reallaşdırdım.

- Nigar xanım, musiqi sizin üçün nədir, bu sevginizi necə ifadə edərsiniz?

- Musiqi mənim üçün nəfəs, sudur. Ac qalaram, amma oxumadan qala bilmərəm. Harada yaşamışamsa, qonşularım konserti dinləyib (gülür - A.Ə.). Mən özümü ancaq səhnədə xoşbəxt hiss edirəm. İşimin fanatıyam. 20 il ömrüm varsa, desələr ki, ancaq beş ilini musiqi ilə yaşayacaqsan, 15 ili mənə lazım deyil. 15 il musiqisiz yaşamaqdansa, beş il musiqi ilə yaşamağı seçərəm. Başqa peşə təsəvvür etmirəm. 

{{photo-token-1026229

Gələcək planlarınız nədir?

Ən böyük məqsədim ingilis dilində rock janrında albom buraxmaqdır. Bu gün fanatı olduğum müğənnilərlə səhnəmi bölüşməyə davam etmək istəyirəm. Bir sözlə, arzularım böyükdür. Bunun üçün əlimdən nə gəlirsə, edəcəyəm.

Aygün Əziz

banner

Oxşar Xəbərlər