Donor olmağa hazırsınız?

Amerikanın
Pensilvaniya ştatında yaşayan Ceni
Stepyen bu ilin yayında evlilik təklifi alır. Amma toydan əvvəl onun qoluna
girərək xeyir-dua alması üçün kilsəyə aparan atası olmur. Atasını 2006-cı ildə
faciəli şəkildə itirən Ceni arzusunu reallaşdırmaqdan vaz keçmir. Başqa bir
ştatda yaşayan, heç vaxt üzünü görmədiyi Artur Toması axtarıb tapır və məktub
yazaraq onu ata kimi kilsəyə aparmasını xahiş edir. Çünki 70-dən çox yaşı olan
Artur Tomas onun atasının ürəyini daşıyırdı.
Amerikanın CBS
kanalının reportajında Ceninin atasının ürəyini daşıyan Arturla toyundan bir az
əvvəl görüşünü sakit izləmək mümkün deyil. Ceni göz yaşları içərisində bir əlini
Artur Tomasın nəbzinə, digər əlini isə ürəyinə qoyur: "Gəldiyinizə görə çox sağ
olun. Mən Tanrıya təşəkkür edirəm ki, bu gün atam həm ruhən, həm də orqanının
bir hissəsi ilə buradadır. İnanılmaz duyğular yaşayıram”.

Təəssüflər olsun
ki, belə bir misalı Azərbaycandan deyil, Amerikadan çəkirəm. Çünki bizdə nadir
hallarda kimsə rəhmətə gedərkən orqanlarının ehtiyacı olan insana köçürülərək,
onun yaşamasına yazılı surətdə razılıq verir. Ya da kimsə beyin ölümü keçirəndə,
qohum-əqrəbasının orqanlarının köçürülməsinə razı olduğunu eşitməmişik.
Dünyanın inkişaf
etmiş ölkələrində insanlar öldükdən sonra orqanlarının bağışlanılmasını normal
qəbul edir və əksəriyyət əvvəlcədən buna razılıq verir. Azərbaycan cəmiyyətinin
orqan nəqlinə normal yanaşması üçün nə etmək lazımdır? Ekspertlərimizə bu
sualla müraciət etdik.
Azərbaycanda ölüm halları azala bilər…
"Bu gün Azərbaycanda
ürək transplantasiyasının həyata keçirilməsi tamamilə mümkündür”. Bunu "Trend”ə
açıqlamasında Milli Məclisin Səhiyyə
komitəsinin üzvü, millət vəkili ürək-damar cərrahı Rəşad Mahmudov deyib.
R.Mahmudov bildirib ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsinə
qanunvericilik imkan verir və eyni zamanda, ürək transplantasiyasının bir neçə
mərkəzdə aparılmasına heç bir texniki əngəl yoxdur: "Ancaq cəmiyyətimiz sosial
olaraq ürək transplantasiyasına hazır olmalıdır. Ailədən və ya yaxınlardan biri
həyatını itirdiyi zaman onun üzərində ekspertizanın aparılmasına qətiyyətlə
qarşı çıxırıq. Ürək transplantasiyasına əngəllərdən biri xəstəxanaların beyin
ölümü kriteriyasını tanıyaraq bunu uyğun komissiyalar vasitəsilə xəstə
yaxınlarına bildirməmələri ilə bağlıdır. Bir çox hallarda xəstə yaxınına beyin
ölümü olduqda məlumat verməyə çəkinirlər. Beyin ölümü olduqdan sonra insandan
insana köçürüləcək orqanların başında ürək gəlir. Ürəkdən başqa digər
orqanların da həyatını itirmiş insanlardan köçürülməsi təqdirə layiqdir”.

Deputat həmçinin
qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri
ölümə səbəb olma baxımından birinci sıradadır: "Bu xəstəlik Azərbaycan üçün
də hər zaman aktual olub. Rəsmi statistikaya əsasən, ölüm hallarının böyük hissəsi
məhz bu xəstəlik səbəbindən baş verir".
R.Mahmudov
bildirib ki, əgər həyatını itirmiş insanlardan ürək və digər orqanların
transplantasiyasını həyata keçirmək mümkün olarsa, təbii ki, Azərbaycanda ölüm
halları azalar.
Amerikada sürücülük vəsiqəsinin üzərində donor
olduğun qeyd edilir
Sosial psixoloq Əhəd Kazım bizimlə söhbətində əvvəlcə xarici təcrübəni bölüşdü:
"Mən illər öncə Amerikada yaşayanda sürücülük vəsiqəsi üçün sənəd verəndə
doldurmaq üçün anket forması verdilər. Orada belə bir sual var idi: "Siz donor
olmaq istəyirsniz, ya yox”. Mən o vaxt
orta statistik azərbaycanlı kimi "yox” cavabını dedim. Qeyd edim ki, Amerikada
donor olmaq istəyənin sürücülük vəsiqəsinə ürək şəkili qoyulur və üzərindən
böyük hərflərlə "donor” sözü yazılır. Bu, o deməkdir ki, həmin adam avtomobil qəzası
keçirsə, yaxud digər hallarda həyatını itirsə, avtomatik olaraq donor sayılır”.

4 il öncə Türkiyədə
bir neçə xəstəxanada olduğunu deyən müsahibimizin sözlərinə görə, orada
qarşılaşdıqları onu təəccübləndirib: "Əməliyyat üçün getmişdim. Çox təəccübləndim
ki, orada donor olmaq adi bir hal kimi qəbul olunur. Nəinki rəhmətə gedənin
orqanlarından istifadə etmək normal sayılır, hətta sağlam adamlar rahatlıqla
böyrəklərinin birinin, yaxud digər orqanının nəqlinə normal yanaşır. Bunun da səbəbi
var. Çünki donorluq əhalisinin əksəriyyəti müsəlman olan Türkiyədə çox gözəl təbliğ
olunur, xəstəxanalarda roliklər göstərilir”.
Ə.Kazımın
fikrincə, Azərbaycan cəmiyyətinin donorluğa razılaşması üçün maarifləndirmə
kampaniyaları aparılmalıdır: "Bir də islam dininin bu məsləyə necə baxması
maraqlıdır. Düşünürəm ki, dindarlarımız donorluğu təbliğ etsə, cəmiyyətimizdə,
insanların düşüncəsində yaxşı yöndə dəyişiklik ola bilər. QHT-lər, KİV-lər,
hansısa dövlət qurumları birləşib kampaniyalar apara bilər”.
Ə.Kazım hesab
edir ki, donorluq xeyirxah bir işdir: "İstərdim ki, rəhmətə gedən insanların
qohumları eqoist olmasınlar. Beyin ölümü gerçəkləşən qohumlarının ürəyi, yaxud
digər orqanı kiməsə həyat verə, yaşamasına səbəb ola bilər. Bu da o deməkdir
ki, həmin insan əslində rəhmətə getmir, başqa insanda yaşayır”.
Donor orqan mafiyası tərəfindən öldürülməyəcəyinə
inanmalıdır
Laboratoriya PR Agentliyinin rəhbəri Afət Yaqubova məsələyə müsəlman yanaşmasısının olduğunu dedi:
"Bizdə oğlu öldürülən ana ölümün səbəbini, kim tərəfindən edildiyini öyrənmək
üçün meyitin yarılmasına imkan vermir. Dəfn edilərkən meyitin orqanlarının
salamat olmasını istəyir. Ana üçün oğlu öləndən sonra fərqi yoxdur, onu kim,
hansı səbəbdən öldürüb. Əsas odur ki, oğlunun orqanlarına əl dəyilməsin. Bu
baxımdan hesab edirəm ki, insanların dini baxımdan maarifləndirilməsinə ehtiyac
var. İnsanlara orqanlarımızı bağışlamaqla başqalarına ömür bağışlamağın heç də
ziyanlı olmadığını aşılamaq lazımdır”.

Müsahibimiz
orqan nəqlinin dünyada ən gəlirli qeyri-qanuni gəlir sahəsi olduğunu
xatırlatdı: "Bu baxımdan mən Afət Yaqubova olaraq əmin olmalıyam ki, donor
olmağımla bağlı hansısa sənədə imza atsam, iki gün sonra orqan mafiyası tərəfindən
öldürülməyəcəyəm”.
Məsələnin başqa
bir tərəfinə də toxunan A.Yaqubova insanların könüllü surətdə orqan bağışladığı
halda, onların öldükdən sonra orqanlarının pulla satılmayacağına inanmalarını təmin
etmək lazımır: "Mərkəzi Qan Bankının fəaliyyətinə nəzər salaq. Hər il minlərlə
adam Mərkəzi Qan Bankına könüllü olaraq qan verilir. Qan Bankına könüllü surətdə
hər il qan verən oğlan tanıyıram ki, anası ölüm ayağında olanda sözügedən
bankdan qanı pulla aldı. Qan Bankı cəmiyyətə hesabat vermir ki, könüllülərin
verdiyi qan hara gedir, necə olur ki, hər dəfə kiməsə qan lazım olanda pul
müqabilində əldə edir. Öləndən sonra donor olmağa razılıq verən vətəndaşlarımıza
kim təminat verə bilər ki, pulsuz bağışladığım orqanı kimsə satıb milyonlar
qazanmayacaq”.
A.Yaqubova hesab
edir ki, nə qanunvericiliyimiz, nə də cəmiyyətimiz insanların öləndən sonra
donor olmasına hazır deyil: "Düşünürəm ki, dünyada milyonlarla pul qazandıran
orqan nəqlinə hazır deyilik”.
İslam nə deyir?
Millət vəkili Elman Nəsirov donor olmağa hazırdır. Deyir ki, insanın dünyadan getdiyi halda, başqa birisinin onun sayəsində
yaşadığını bilmək gözəl hissdir, həm də Allah yanında savabdır: "Sağ insanın həyatını
xilas etmək naminə onun orqanlarının istifadəsi bir çox ölkələrdə geniş
yayılıb. Amma Azərbaycanda sosioloji sorğu keçirsək, görərik ki, bizdə əhalinin
mütləq əksəriyyəti öldükdən sonra öz orqanlarının, yaxınının orqanının başqa
bir bədənə nəql edilməsinin əleyhinədir. Bu, yəqin ənənə ilə bağlıdır. Burada
dinin də öz rolu var. Müsəlman aləmində belə məsələlərə bir qədər fərqli baxış
var. Mən düşünürəm ki, hər şey insanlıq, insanın xilası naminə olmalıdır,
insanın yaşaması üçün bütün mümkün üsullardan istifadə edilməlidir”.

E.Nəsirov deyir
ki, informasiya əsrində donorluğu təbliğ etməli, bu ideyanı cəmiyyətə
aşılamalıyıq: "Amma təbliğat, təşviqat aparılsa belə, illərdən bəri davam edən ənənəmizin
tezliklə dəyişəcəyinə, insanların tezliklə bunu normal qəbul edəcəyinə inanmaq düzgün deyil. Buna illər lazımdır. Bu
istiqamətdə güclü təbliğat işi aparılmalıdır”.

Dini yazılar müəllifi Kənan Rövşənoğlu bildirdi ki,
Quran və hədislərdə
orqan nəqli barədə heç bir məlumat yoxdur: "Amma müasir islam alimləri orqan nəqlini
dəstəkləyir. Hətta bir insanın xilasına səbəb olduğu üçün bu iş savab əməl
sayılır”.
Lalə MUSAQIZI
