AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dneprdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Dneprdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Mədəniyyət
01 İyun 2021, 12:00 464
Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
 
AZƏRTAC xəbər verir ki, mərkəz Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşkilatçılığı ilə Dnepr Texniki Milli Universitetində yaradılıb. Rəsmi açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Dnepropetrovsk vilayətinin deputatları, Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak, müəllim və tələbə heyəti, diaspor rəhbərləri, soydaşlarımız və yerli KİV-lər iştirak edib.
 
Səfir Elmira Axundova və rektor Genadi Pivnyak rəsmi açılışın rəmzi sayılan qırmızı lenti kəsdikdən sonra Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir Elmira Axundova bildirib ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini öyrətmək, onun təbliği baxımından bu cür mərkəzlərin fəaliyyətə başlanması olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, dünyada, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, diaspor fəalları Azərbaycanda olan həqiqətlərin, həmçinin onun mədəniyyətini, tarixini sistemli şəkildə təbliğ edirlər. Dneprdə açılan Azərbaycan Mədəniyyət Mərkəzi buna bariz nümunədir.
 
Səfir vurğulayıb ki, mərkəzin fəaliyyəti Azərbaycan və Ukraynanın siyasi və mədəni əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Mərkəzin açılmasında göstərdiyi dəstəyə görə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin sədri Nəcəf Əhmədov və universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfir qeyd edib ki, mərkəzin fəaliyyəti Azərbaycan haqqında reallıqların təbliği üçün gözəl platformadır.
Sonra səfir mərkəzə Şuşa xalçası və Bakı neftinə aid şəkil kompozisiyasını hədiyyə edib.
 
Rektor Genadi Pivnyak çıxışında qeyd edib ki, universitetin Azərbaycan diaspor üzvləri ilə fəal əməkdaşlığı mövcuddur və bu əməkdaşlığın nəticəsidir ki, ali təhsil ocağında Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafının göstəricisidir. Mərkəzdə Ukrayna və xarici tələbələrə Azərbaycan dili tədris olunacaq. Rektorun sözlərinə görə, mərkəz Azərbaycan və Ukrayna arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəldilib.
 
Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, BUAK-ın sədri Rövşən Tağıyev və digər çıxışçılar mərkəzin əhəmiyyətindən danışaraq göstərdiyi dəstəyə görə səfir Elmira Axundovaya təşəkkürünü bildiriblər. Qeyd ediblər ki, Azərbaycan və Ukraynanın yaradıcı və mədəni-maarifləndirici təşkilatları ilə əlaqələrin yaranmasına və inkişafına, Azərbaycan dilinin öyrənilməsinə yardım etmək, iki ölkə arasında qarşılıqlı əlverişli işgüzar münasibətlərin genişlənməsi üçün şərait yaratmaq Mərkəzin məqsədlərindəndir.
 
Sonda tədbir bədii hissə ilə davam edib.