• çərşənbə axşamı, 23 aprel, 19:20
  • Baku Bakı 20°C

Dirisinə də, ölüsünə də sahib çıxmayan Ermənistan

30.10.20 17:51 3555
Dirisinə də, ölüsünə də sahib çıxmayan Ermənistan
Ekspertlərin fikrincə, Paşinyan narazılığın artacağından qorxaraq cəsədləri almaqdan imtina edir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyə qədər ötən vaxt ərzində Ordumuz erməni işğalçılarına qarşı rəşadətlə mübarizə aparır. İmperialist qüvvələrin hamiliyini, hərtərəfli dəstəyini öz üzərində hiss edən Ermənistan əsgərlərimizin iradəsi qarşısında sarsılıb. Birinci Qarabağ müharibəsində 30 minə yaxın vətəndaşımız şəhid olub, 50 minə yaxın azərbaycanlı hərbçi müxtəlif dərəcəli yaralar alıb. Güc balansının Azərbaycanın əleyhinə olması səbəbindən torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, Ordumuz ümumən müharibəni deyil, bir döyüşü uduzub. Sonrakı dövrlərdə bu işğalın aradan qaldırılması, torpaqlarımızın azad edilməsi üçün bir neçə uğurlu hərbi əməliyyat olub. Bunlardan birincisi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabrında başlayan və 1994-cü ilin 6 yanvar tarixinə qədər davam edən Horadiz əməliyyatıdır. Bu hərbi əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə, 8 nəfərAzərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Strateji avtomobil yoluna nəzarət
Növbəti belə uğurlu hərbi əməliyyatlar sırasında 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri də yer alıb. Aprel hadisələri Dağlıq Qarabağda1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bu yana ən şiddətli döyüşlər sayılıb. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan (keçmiş adı Madagiz) kəndi istiqamətində yollar düşməndən azad olunub. Günnüt əməliyyatı isə 2018-cı il mayın 20-dən 27-nə qədərNaxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında baş verən döyüşlərdir. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları azad olunub, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11 min hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi strateji avtomobil yoluna nəzarət etməyə imkan verib.
Ermənistanın məhv olma təhlükəsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində sonuncu hərbi əməliyyat 2020-ci il sentyabrın 27-dən başlanan və hal-hazırda da davam edən döyüşlərdir. Cəmi bir ay beş gün ərzində Ordumuz ümumilikdə 200-ə yaxın yaşayış məntəqəsini, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut qəsəbəsini işğaldan azad edib, həmçinin Murovdağ zirvəsini və bir sıra strateji yüksəklikləri ələ keçirib. Dağlıq Qarabağ münaqişəsi tarixində həyata keçirilən bütün bu uğurlu hərbi əməliyyatların fonunda diqqət çəkən vacib məqam problemin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin öz neytrallığını saxlamamağı, Ermənistan çətin vəziyyətə düşən kimi dərhal onun harayına çatması, atəşkəslərlə hərbi əməliyyatların – torpaqların müharibə yolu ilə azad edilməsinin qarşısını almalarıdır. 1994, 2016, 2018-ci illərdə olduğu kimi, indiki hərbi əməliyyatların gedişində də Rusiya, Fransa və ABŞ atəşkəs çağırışları ilə çıxış ediblər. Ermənistanı məhv olma təhlükəsindən qurtarmaq üçün ilk belə təşəbbüs Rusiya tərəfindən irəli sürülüb və cari il oktyabrın 10-da Moskvada münaqişə tərəfləri müvəqqəti humanitar atəşkəs haqqında razılıq əldə ediblər. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa və Rusiya prezidentlərinin 1 oktyabr, həmsədrlərin 5 oktyabr və 10 oktyabr tarixli bəyanatlarına uyğun olaraq, oktyabrın 18-də növbəti humanitar atəşkəs qəbul edilib.
Humanitar atəşkəsə "sadiqliyini” təzahürü
Ən nəhayət, oktyabrın 24-də Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeonun Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşündən sonra oktyabrın 25-dən başlamaq şərti ilə daha bir humanitar atəşkəs razılığı əldə olunub. Lakin hər üç atəşkəs razılığı Ermənistan silahlı qüvvələri tərəfindən pozulub. Döyüşlərdə Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən, atəşkəs haqqında razılığın əldə olunmasını özünə fürsət bilib, darmadağın olunmuş silahlı birləşmələrini toparlayıb, xarici ölkələrdən qaçaq yollarla yeni silahlar əldə edib və Azərbaycanın Gəncə, Tərtər, Bərdə şəhərlərini, həmçinin digər yaşayış məntəqələrimizi raket atəşinə tutub, içərisində azyaşlılar da olmaqla, ümumilikdə 90-dan çox mülki şəxsi qətlə yetirib, 300-ə yaxın vətəndaşımızı yaralayıb, kütləvi dağıntılara səbəb olub. Bununla Ermənistan işğalçı siyasətini, terrorçu mahiyyətini, humanitar atəşkəsə "sadiqliyini” növbəti dəfə nümayiş etdirib.
Meyitlərin qarşılıqlı mübadiləsi
Onu da xatırlatmaq yerinə düşər ki, humanitar atəşkəs razılıqlarından dərhal sonra Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hər iki tərəfə aid həlak olmuş hərbçi meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də, ölkəmizdə saxlanılan erməni hərbçilərin, mülki şəxslərin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğunu bəyan edib. Eyni zamanda, Azərbaycan tərəfinin, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi yaşlı erməni qadınların da birtərəfli qaydada azad edilməsinə hazır olduğu diqqətə çatdırılıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi də (BQXK) məlumatlandırılıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevin, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundovun mətbuata açıqlamalarından belə məlum olur ki, indiyədək Ermənistan, əsirlərin, saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib. Beləliklə də, işğalçılığını davam etdirən Ermənistan, bu ölkənin avantürist baş naziri Nikol Paşinyan öz vətəndaşlarının nə dirisinə, nə də ölüsünə sahib çıxmayıb. Yalnız oktyabrın 29-da Azərbaycan Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib. Ermənistan tərəfi bundan artığını qəbul etməyib. Eyni zamanda döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan da Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib. Lakin Ermənistan tərəfi erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan son anda imtina edərək növbəti dəfə qeyri-insani davranış nümayiş etdirib.
Erməni baş nazir yenə öz ampluasındadır
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, tərəflər arasında 3 dəfə əldə edilən humanitar atəşkəs razılaşmasının bir məqsədi də əsir və girovların, meyitlərin qarşılıqlı qaytarılması olub. Deputatın fikrincə, Ermənistan humanitar atəşkəs razılaşması əldə ediləndən bir neçə dəqiqə sonra Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla bu razılaşmaların üzərindən xətt çəkib: "Bununla Paşinyan hökuməti həm razılaşmanın üstündən xətt çəkdi, həm də döyüş meydanında qalan erməni hərbçilərinin meyitlərini götürməkdən imtina etdi. Bütün baş verənlərə rəğmən, erməni baş nazir yenə öz ampluasındadır. Ermənistan nəinki ölmüş erməni hərbçilərinin meyitlərini qəbul etmək istəmir, eyni zamanda köməksiz vəziyyətdə atıb qaçdıqları yaşlı vətəndaşına da sahib çıxmır. Sual yaranır ki, Ermənistan nə üçün belə edir? Axı erməni vətəndaşların, əsir və girovların, meyitlərin qaytarılması Ermənistanın da mənafeyinə uyğun ola bilərdi. Onlar, yəni Paşinyan hökuməti bunu özlərinin apardığı səmərəli işin nəticəsi kimi cəmiyyətə təqdim edə bilərdi. Amma etmədilər. Fikrimcə, bunun yeganə səbəbi onunla əlaqədardır ki, döyüşlərdə məhv edilən erməni döyüşçülərin sayı həddindən artıq çoxdur. Ermənistan rəsmi şəkildə itkilərinin sayının minə yaxın olduğunu açıqlayıb. Ancaq reallıqda bundan qat-qat çoxdur. Əgər həmin cəsədlər Ermənistana qaytarılarsa, erməni cəmiyyəti əsl reallığı görəcək. Erməni hərbçilərinə məxsus məzarların çoxluğu, bununla bağlı erməni cəmiyyətində yaranan söz-söhbət hakimiyyət əleyhinə böyük narazılıqlara yol açacaq. Əgər erməni hərbi qulluqçularının meyitlərinin hamısı Ermənistana aparılsa, ölkədə siyasi partlayış baş verə bilər. Bu isə Nikol Paşinyan hakimiyyətinin sonu deməkdir”.
Paşinyan hakimiyyətinin ən şərəfsiz dövrləri
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qəzetimizə açıqlamasında deyib ki, humanitar atəşkəsin pozulma səbəblərindən biri Ermənistanın öz əsgərlərinin meyitlərini qəbul etmək istəməməyidir. Hüquq müdafiəçisinin sözlərinə görə, faktiki olaraq müharibəni uduzan işğalçı dövlət Dağlıq Qarabağda gedən döyüşlər zamanı itkilərini minimum rəqəmlərlə göstərir, xalqını aldadır: "Çünki çoxsaylı meyitlər Ermənistana gedən kimi, orada ictimai-siyasi vəziyyət dəyişəcək. Onsuz da Ermənistanda artıq istefa tələbləri var, müxalifət partiyaları kəskin bəyanatlar verirlər. Ordunun hakimiyyəti götürməsi ilə bağlı təkliflər var. Paşinyan öz xalqını sanki ət maşınına göndərir və bilir ki, gec-tez bu proseslərin sonu gələcək. Paşinyan ölənlərin sayını gizlətməklə, yalan danışmaqla daha çox hakimiyyətdə qalmağa çalışır. Buna görə də o, öz hərbçilərinin meyitlərini, hətta işğal altında saxladıqları yaşayış məntəqələrindən geri çəkilərkən köməksiz vəziyyətdə qoyub qaçdıqları iki qoca ermənini – Hadrut qəsəbə sakinləri, 85 yaşlı Babayan Yevgeniya Pavlovnanı və 84 yaşlı Melkumyan Mişa Merlandoviçi də geri qaytarmaq istəmir. Bu, Ermənistanın beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik əlaməti olmaqla yanaşı, bu ölkənin öz vətəndaşlarına qeyri-humanist mövqe sərgiləməsinin də göstəricisidir. Hazırda Paşinyan hakimiyyətinin ən şərəfsiz dövrlərindən birinə təsadüf edilir. Onsuz da o, hakimiyyətə gələndən qonşularına qarşı siyasətdə, beynəlxalq hüquqda yaramaz mövqe nümayiş etdirirdi, indi isə ən iyrənc vəziyyətə çatıb. Paşinyan öz vətəndaşlarının nə ölüsünə, nə də dirisinə sahib çıxır. Bu, Paşinyan hakimiyyətinin sonunun yaxınlaşdığını işarə edən amillərdən biridir”.
Vətəndaşın taleyi onları maraqlandırmır
AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova da hesab edir ki, Azərbaycan həlak olanların meyitlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəsin olmasına razılıq versə də, Ermənistan hər dəfə onları kobudcasına pozur. Alimin qənaətincə, Ermənistan əsirlərinin, meyitlərinin qaytarılmasının marağında deyil və əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olan vətəndaşlarının meyitləri onları maraqlandırmır: "İndiyədək Ermənistan, əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib. Yalnız məcburiyyət qarşısında qaldıqdan sonra cəmi 30 meyit və bir yaşlı sakinini təhvil alıb. Digər meyitləri hələlik qəbul etməyib. Ermənistanın atəşkəs etməkdə məqsədi odur ki, vaxt əldə etsin, silah, güc toplasın. Azərbaycana təzyiq edən dövlətlərin məqsədi təcavüzkar, terrorçu Ermənistanı məğlubiyyətdən xilas etməkdir. Ermənistan atəşkəsi pozduğu üçün məsuliyyət daşıdığı kimi, Azərbaycana təzyiq edərək atəşkəs rejiminə razı salan dövlətlər də işğalçı dövləti dəstəklədikləri üçün məsuliyyət daşıyırlar”.
"Bizim itkilərimiz minimaldır”
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 28-də Rusiyanın "İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın döyüş meydanında minlərlə itki verdiyini açıqlayıb. O, bunun qarşılığında Azərbaycanın minimal itkilər verdiyini dilə gətirib: "Fərziyyələrə görə Ermənistanın hansı itkiləri ola biləcəyini deyə bilərəm, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində (ekipaj) 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını (ekipaj 3+7) məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın "Osa”, "TOR”, "KRUQ”, "KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı, biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur. Bizim itkilərə gəlincə, onları sonra açıqlayacağıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunlarla bərabər, bizim itkilərimiz minimaldır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər