Dərslər sentyabrın 15-i başlayacaq?

Təhsil çox önəmlidir, amma...
Hazırda
ölkədə xüsusi karantin rejimi davam edir. Epidemioloji vəziyyət hələ ki, qənaətbəxş
deyil. Bu da yeni tədris ilinin sentyabr ayında
başlanması məsələsini sual altında qoyur.Məlumdur ki, mart ayından etibarən məktəbdən ayrı
düşən şagirdlərimiz distant təhsillə tədris ilini başa vurublar. Təbii, onlayn
təhsil ənənəvi təhsil qədər effektiv deyil. Bu səbəbdən, əksər
valideynləri düşündürən əsas məsələ dərslərin sentyabrda başlayıb-başlamaycağıdır. Biz də bu mövzu ətrafında
təhsil ekspertləri ilə söhbətləşdik.
Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi
İlqar Orucov bizimlə
söhbətində bildirdi ki, dərslərin sentyabrın 15-də başlanmasını hazırda yalnız
arzu edə bilərik: "Sentyabrın 15-də dərslərin başlanması, məktəblərin açılması
nəinki valideynlər, bütövlükdə hamını maraqlandıran məsələlərdən biridir.
Covid-19 pandemiyası ilə bağlı bizi hansı nəticələrin gözlədiyini demək, hələ
ki, mümkünsüzdür. İndiki vəziyyətdə sentyabrın 15-də dərslərin
başlamasını biz yalnız arzu edə bilərik. Bununla bağlı proqnoz vermək çətindir.
Sözügedən tarixə qədər, pandemiya ilə bağlı stabilləşmə olacaqsa, ümumi vəziyyət
yaxşıya doğru dəyişəcəksə, əlbəttə ki, dərslərin başlanması istisna deyil.
Lakin görünən budur ki, koronavirusun vaksini hələ ki, tapılmayıb və bu təhlükə
sovuşmayıb. Birmənalı olaraq, ehtiyatlı davranmalıyıq. Ölkə başçısı da qeyd
edir ki, Azərbaycan əhalisinin sağlamlığı bizim üçün prioritet məsələdir. Təhsil
də daxil olmaqla,
bütün digər sahələr, insan sağlamlığından sonrakı yerlərdə durur. Biz də Təhsil
Nazirliyi yanında İctimai
Şura
olaraq, məsələni gündəmdə saxlayır, mütəmadi olaraq müzakirələr aparır, vəziyyəti
analiz edirik. Bəzən də tez-tez müəyyən qərarların qəbul olunmasına nail ola
bilirik. Tətbiq olunan heç bir yeni metod ənənəvi dərsləri əvəz edə bilmir və əvəz
edə biləcək digər metodlar
da yoxdur.
Amma bütün bunlara baxmayaraq, biz boş durmamalıyıq. Həm tele-dərslər, həm də
online platformalar üzərindən təhsil alanların və təhsil verənlərin
kommunikasiyasının təşkil olunması yalnız ona hesablanıb ki, bizim uşaqlarımız
boş dayanmasın. Bütün mümkün nüanslardan istifadə edərək, təhsilin məzmununu
alanlara çatdırılmalıdır”.
Ekspert vurğuladı ki, vəziyyət stabilləşdikdən sonra
dərslərin başlanmasına start verilə bilər: "Azərbaycanda təhsillə bağlı
koronavirus dövründə qəbul olunan bütün qərarlar beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir. Ölkə başçımız "Microsoft" şirkətinin
vitse-prezidenti Filip Roq ilə görüşündə xüsusilə qeyd etdi ki, biz ən çətin dönəmlərə hazır
olmalı, vəziyyəti bütövlükdə nəzarətdə saxlamalıyıq. Bu, eyni zamanda təhsillə bağlı qəbul
olunan qərarlarda da öz əksini tapır. Biz düşünürük ki, sentyabr ayında dərslər
başlamasa, yenə online, distant yolla təhsili çatdırmağa çalışacağıq. Çünki
başqa yolumuz yoxdur. Təhsil çox önəmlidir, amma sağlamlıq ondan da önəmlidir.
Ümid edirik ki, vəziyyət yaxşı olduqdan sonra dərslərin başlanmasına start
verilər bilər. Almaniyada, bir çox Avropa ölkələrində, qardaş ölkədə dərslərin
başlaması ilə bağlı artıq qərar qəbul olunub. Bizim üçün nə qədər çətin olsa
da, vəziyyət stabilləşməsə,
dərslərin başlamasıdan söhbət gedə bilməz. Biz koronavirusla bağlı qəbul edilən
qərarlara düzgün riayət etsək, bu çətinlikdən daha tez çıxa bilərik”.
Təhsil eksperti Kamran Əsədovdeyir ki, sentyabrda ənənəvi tədris prosesi başlasa belə, dərslər hər gün
keçirilməməlidir: "İlk növbədə qeyd edim ki, pandemiya dünyada təhsil sistemlərinə
də təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya
adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. Əksər
hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət
sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi.
Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət
davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin
təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar. Artıq yeni tədris ilinin
başlamasına 2 ay qalıb. Bir sıra ölkələr
isə yeni tədris ilinin başlaması barədə proqnozlar veriblər. İnanıram ki, Azərbaycanda
da sentyabr ayında yeni tədris ili başlayacaq. Düşünürəm ki, dərslər həftə ərzində
hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə həftənin
1-3-5-ci, digərləri isə
2-4-6-cı
günlər gəlməlidir. Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət
yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə
dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant
– online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır”.
Ekspert hesab edir ki, dərslər sentyabrın 1-dən
başlamalıdır: "Amma dərs müddətləri də dəyişməlidir. Belə ki, ibtidai siniflər
üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqəyə müəyyən edilməlidir.
Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir. Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat
olsun. Belə ki, məktəb 3 növbə fəaliyyət göstərməlidir.
I növbə saat 08-00-dan 10-00-dək ibtidai siniflər üçün, II növbədə saat 10-30-dan 13-30-dək V-VIII
siniflər, III
növbədə
saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər”.
Həmsöhbətimizin sözlərinə görə, məktəblərdə
tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya
edilməlidir: "Bütün hallarda isə sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək
lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən
çox olmasına imkan vermək olmaz. Bütün bunlarla yanaşı isə zəruri tibbi-sanitar
normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir. Baş
nazirin məktəblərdə şagird sıxlığı ilə bağlı qərarından və təhsil nazirliyi tərəfindən
yeni tədris ilində istifadə olunacaq dərsliklərin çapına başlanmasından sonra
sentyabr ayında dərslərin başlayacağına inanıram”.
Aygün ƏZİZ
