• cümə, 26 Aprel, 17:34
  • Baku Bakı 23°C

Deputat: "Prezident beynəlxalq təşkilatlara məsuliyyətlərini xatırlatdı"

26.08.21 15:30 227
Deputat: "Prezident beynəlxalq təşkilatlara məsuliyyətlərini xatırlatdı"
Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirlərdən də aydın oldu ki, rəsmi Bakı haqlı olaraq hesab edir ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Məsələ burasındadır ki, Azərbaycan 30 illik işğal dövründə dünyanın ən nüfuzlu təşkilatının Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrası ilə bağlı məsələni ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırdı. Təəssüf ki, bu qətnamələr icra olunmadı.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, paralel olaraq, BMT TŞ-nin 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi işğalın davam etməsinə səbəb oldu. Paradoks isə budur ki, vasitəçi ölkələr bu müddət ərzində daimi üzvü olduqları təşkilatın qəbul etdiyi qərarların icrasına maraq göstərmədilər. Halbuki dövlət başçımızın da söylədiyi kimi, məhz həmsədr ölkələr bu qətnamələrin icrasına nail olmaq üçün lazımi mandata malikdirlər. Yəni, belə vəziyyətdə həmsədrlərdən yalnız təşəbbüskar və ədalətli olmaq tələb olunurdu.
"Bu mənada rəsmi Bakı haqlı olaraq müharibəyə görə məsuliyyəti yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşdüyünü bəyan edir. Prosesləri təhlil etdikdə aydın olur ki, işğalçıya qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, MQ həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Məsələ burasındadır ki, Azərbaycan bu illər ərzində işğala məruz qalan tərəf olsa da, məsələnin sülh yolu ilə həllinə çalışıb. Danışıqlar masasında özünü adekvat aparmayan, sülh danışıqlarını pozan isə Ermənistan olub. Beynəlxalq təşkilatların işğalçının bu pozucu fəaliyyətini susqunluqla izləməsi isə vəziyyətin daha gərgin fazaya keçməsinə səbəb oldu. Nəticə isə aydındır- Azərbaycan qətnamələri özü icra etdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik”, - deyə K.Nurullayeva vurğulayıb.
Deputat qeyd edib ki, postmünaqişə dövründə də BMT başda olmaqla nüfuzlu təşkilatlardan məsuliyyətli olmaq tələb olunur. Xüsusilə UNESCO-nun ədalətli mövqe sərgiləməsinə ehtiyac var. Çünki işğal dövründə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq, onu düzgün dəyərləndirmək vacibdir. Azərbaycan adıçəkilən təşkilatı bölgəyə dəvət etsə də, UNESKO bundan imtina edib. Müharibə bitəndən sonra isə, əksinə, bölgəyə gəlmək istədiyini bildirir. Bu, açıq şəkildə ikili standart nümunəsidir. Azərbaycan hökuməti buna da razıdır.
Çünki rəsmi Bakı gələcəyə baxmağın tərəfdarıdır. BMT rəsmisi ilə görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi, hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir. Bu ali təşkilat isə işğal dövründə olduğu kimi, postmünaqişə dövründə də laqeyd münasibətdən əl çəkməli, sülh prosesinə töhfə verməlidir. Yəni, Azərbaycan Prezidenti BMT başda olmaqla beynəlxalq təşkilatlara postmünaqişə dövründəki məsuliyyətlərini bir daha xatırlatdı.
banner

Oxşar Xəbərlər