“Dəli yığıncağı” niyə dəbə mindi?
Sənətşünas indiki tamaşalarda cəmiyyətə ötürülməli
mesajların olmadığını vurğulayır, tənqidçi isə müasir dramaturgiyanın zəif
olduğunu əsas gətirir
Klassika bütün dövrlərdə aktualdır. Məsələn, teatrlarımızda
yerli və xarici klassiklərin əsərlərinə həmişə rast gələ bilirik. Paytaxt və
bölgə teatrlarımızın səhnəsində dəfələrlə səhnələşdirilmiş hansısa klassik
əsərə yenidən müraciət olunduğunu az görməmişik. Ancaq "2-3 əsr bundan qabaq
yaşanan hadisə bu gün nə qədər aktual ola bilər?” - deyə düşünməyə də bilmirik.
Bəs, teatrlarımızın repertuarında müasir əsərləri nə qədər tez-tez izləyə
bilirik? Sonra isə hamıya tanış olan suallar yada düşür: "Teatrlara niyə maraq
yoxdur?”, "teatrlarımız niyə müasirlikdən uzaqdır?”
Bu gün əsərləri səhnədə yer almağa layiq olan
dramaturqlarımız kifayət qədərdir. Ancaq onların hansı birinin əsərinin səhnə
həlli ilə rastlaşırıq? Əsərləri aşağı səviyyəli olan dramaturqlarımız da var
ki, onların yazdıqlarının teatrlarda səhnəyə qoyulması düzgün hesab edilmir.
Çünki o əsərlər heç də aktual deyil.
Mövzumuza uyğun bir fakta diqqətinizi cəlb etmək
istəyirəm: Mövsüm açılar-açılmaz, oktyabrın 10-dan 20-dək "YARAT"
Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı keçirildi.
Festival Kamran Şahmərdanın rejissoru olduğu "Dəli yığıncağı” tamaşası ilə
başladı. Daha sonra istedadlı rejissor, əməkdar incəsənət xadimi Bəhram
Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında eyni əsər səhnələşdirildi.
Hazırda isə C.Məmmədquluzadənin "Dəli yığıncağı” əsəri Gənc Tamaşaçılar
Teatrında xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanır.Bu yerdə
tamaşaçılarda haqlı sual yaranır: başqa əsər yoxdurmu? Əcəba, teatrlarımızın
eyni əsərə təkrar-təkrar müraciət etməsinə səbəb nədir? Bəlkə klassik əsərlərdə
də qıtlıq yaşayırıq? Yoxsa bu, rejissorlar arasında olan intriqaların nəticəsidir?
Sənətşünas Ənvər
Börüsoy deyir ki, teatrlarımızda yalnız direktor və baş
rejissorlar hər şeyi həll edir və məhz buna görə də teatrlarda inkişaf baş
vermir: "Ötən il Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə
teatrlarımıza onun əsərlərinə müraciət etmək tapşırıldı. Gəlin görək, hansı
teatrımız Mirzə Cəlilin əsərinin dili ilə yeni fikir ortaya qoydu? Mirzə Cəlilin
yubileyi oldu, ancaq onun yaradıcılığına həsr olunmuş normal festival keçirildimi?
Teatr tənqidçiləri, sənət adamları bura səfərbər olundumu? Teatrlarımız Mirzə
Cəlilin yaradıcılığı ilə bağlı hansı mesajları ötürdülər? Olmadı, çünki rejissorlarımız
yeni fikir söyləməkdən çəkinirlər. Fərq eləmir, klassik və digər janrlara
müraciət olunsun, əsas, qoyulan səhnə əsərinin mövzusu və motivi ilə bağlı tamaşaçıya
ötürülən mesajlardır. Bir ölkə mədəniyyəti o zaman inkişaf edir ki, teatr
prosesi yeni anlayış, düşüncələr, yeni baxışlar, estetik görüşlər gətirir. Cənab
prezident İlham Əliyev iki dəfə teatr haqqında qanun və sərəncam imzaladı.
Bunlar teatrlar üçün strateji əhəmiyyətli qanunlardır. Mədəniyyət Nazirliyi və
teatr direktorları həmin qanunlara lazımınca əməl etmirlər. Bütün sahələrdə
islahatlar getsə də, teatrlarımızda bu, baş vermir. Teatr o zaman inkişaf edir
ki, rejissor sərbəst olsun. Bir rejissor bütün tamaşaların müəllifinə
çevrilməməlidir. Bu, yazılmamış qanundur. Mövsüm ərzində bir teatrda 4-5 tamaşa
səhnələşdirilirsə, bunun hamısının müəllifi baş rejissor və direktor
olmamalıdır. Diqqət etsəniz görərsiniz ki, hər teatrın baş rejissoru və
direktoru elə həmin teatrda əsas tamaşaların qurucusudur. Teatr direktorları
imkan vermir ki, gənc dramaturqlar, yeni aktyorlar yetişsin. Misal üçün, Akademik
Milli Dram Teatrında 24-25 yaşlı bir aktyor tapa bilməzsən. Digər teatrlarda da
eyni proses baş verir”.
Sənətşünas hazırlanan tamaşaların heç bir mesaj
ötürmədiyini və yeniliyi nümayiş etdirmədiyini qeyd edir: "Çünki bu tamaşalardan
ortaya qoyulacaq anlayışlar çıxmır. "Dəli yığıncağı”na gəldikdə isə, hər iki
rejissorun müəllifliyi ilə hazırlanan bu tamaşaların heç birində yeni fikir yoxdur.
Məsələn, niyə Mirzə Cəlil əsərin adını "Dəli yığıncağı” qoyub, bu gün "Dəli
yığıncağı” ilə cəmiyyət necə uzlaşır? Əgər əsər səhnəyə qoyulursa, onun bir
mesajı olmalıdır. Sadəcə, bu gün teatrlarımız məsələyə "Mirzə Cəlilin
yubileyidir, hər teatr tamaşa hazırlamalıdır, biz də hazırladıq” kimi
yanaşırlar. Bu səbəblərdən də nə aktyor, nə də rejissor sənəti inkişaf edir. Təəssüflər
olsun ki, adını teatrşünas qoymuş, elmi titulları ilə özünü zənginləşdirən heç
kim də çıxıb bu barədə danışmır. Dəyirmi masalar keçirilməli, müzakirələr
olmalıdır. Teatrların bədii şuraları bir söz deyə bilmirlər. Çünki ortada
direktor söhbəti var. Nə vaxt ki "direktor teatrları” fəaliyyətinə son qoyular
o zaman da teatrlarımız inkişaf edər”.
Tənqidçi Nərgiz
Cabbarlı deyir ki, istənilən halda klassika elə
klassikadır: "Klassikaya müraciət hər zaman aktualdır. İkincisi, fikir
verirsinizsə, bu əsərə müraciət edən rejissorların heç biri təsadüfi rejissor
deyil. İstedadlı, öz sözünü deyən, deməyi bacaran sənətkarlardır. Deməli, seçim
göydəndüşmə ola bilməz. Və əsasən, digər maraqlar yoxdursa – yəni əsər
müəllifinin reputasiyası, nüfuzu, teatra tamaşaçı qazandıracaq populyarlığı,
yaxud rejissorun özünün hansısa əsəri səhnələşdirmək arzusu və s. – rejissor o
əsərə müraciət edir ki, onun vasitəsilə cəmiyyətlə, müasir dövrlə, müasir
insanın psixoloji-mənəvi durumu ilə, problemləri və s. ilə bağlı mətnaltı da
olsa, tamaşaçıya hasısa mesajları ötürməyə çalışır. Tamaşa təkcə hansısa əsərin
estetik planda təqdimatı, yaxud rejissorun özünün reallaşdırmağa çalışdığı
müəyyən estetik qayəsi, ideyaları deyil. Ona ancaq sənət nümunəsi kimi yanaşmaq
doğru olmaz. Klassika ona görə klassikadır ki, hər zaman müasirdir və müasir
cəmiyyətin ruhu, ovqatı ilə səsləşir, onu ifadə edir, güzgütək göstərir. Və
rejissor hər zaman o klassik əsərə üz tutur ki, o, rejissora özünü
reallaşdırmağa imkan verməkdən başqa, həm də hansısa qənaətlərini,
düşüncələrini ifadə etməyə şərait yaratsın. Bu mənada, mənə elə gəlir ki, "Dəli
yığıncağı”na üz tutulması təsadüf sayıla bilməz. Bir də... ümumiyyətlə,
"dəlilik”, "dəlixana”, "keflilik”, insanın haqsızlıq, mənəvi və sosial
ədalətsizlik və s. qarşısında yaşadığı ruhi sarsıntıya qurban olması - bütün
bunlar aktual məsələlərdir. Əsəri yadınıza salın. Cəmiyyətə mötəbər şəxsiyyət
kimi təqdim olunanlar, əxlaq düşkünləri, yalançı dindarlar, bütün insani
münasibətlərin sosial-psixoloji təhlili, insanları – dəliləri müalicə etmək
üçün xaricdən gətirilən həkim... Sizə heç nəyi xatırlatmır məgər?”.
N.Cabbarlı qeyd edir ki, həm də bu səbəbdən son
zamanlar bu mövzu teatrlar üçün də aktuallıq kəsb edir: "Məsələn, Pantomima
Teatrında elə bu günlərdə baxdığımız "6+1 nömrəli palata”nı xatırladım... Yəni,
ümumi qənaət belədir ki, əsər bir çox problemlərlə bağlı mesaj ötürülməsinə
şərait yaradır. Bir də onu da yaddan çıxarmayaq ki, müasir dramaturgiyanın zəif
olduğu bir şəraitdə rejissorun xarici müəlliflərə və öz klassiklərimizə üz
tutmaqdan başqa hansı yolu qalır ki? Yəni, yuxarıda göstərdiyim səbəblə yanaşı,
bu mənada da onları çox gözəl başa düşürəm”.
Yazar Ramilə
Qurbanlı isə teatrlarımızın klassikaya müraciət etməsini
müsbət hal kimi qiymətləndirir: "Əvvəl uzun müddət rejissorlar "Dəli
yığıncağı"nı səhnələşdirməyə cəsarət etmirdi. Bu baxımdan, tilsimi Gəncə
Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova qırdı, sözügedən əsər Gəncə
teatrında hazırlandı. Bu tamaşa çox yaxşı hazırlanmışdı, maraqlı yanaşma idi.
Ondan sonra rejissorlara sanki bir cəsarət gəldi. Yəqin sənət dəbi də belə
olur. İndi digər rejissorların da bu əsərə müraciət etdiyini qeyd edirsiniz, hazırlasınlar,
uğurlu olsun təki”.
Xəyalə Rəis