AZE | RUS | ENG |

Daşnaklar Paşinyana qarşı

Daşnaklar Paşinyana qarşı
Baş nazirin ən yaxın tərəfdarı olan ədliyyə naziri də istefa verdi

Nikol Paşinyanın yarıtmaz idarəçilik sisteminin ölkəni xaosa sürüklədiyi barədə ehtimallar özünü doğrultmaqdadır. Mütəmadi etirazlar, mitinqlər də bunu sübut edir. İndi də qalmaqalı istefalar ölkəni bürüyüb. Bu dəfə Ermənistanın ədliyyə naziri Artaek Zeynalyan istefa verib. Erməni xəbər agentliklərinin yaydığı xəbərə görə, bu barədə o. "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. Nazir bu addımı hüquq sahəsində mövcud problemlərin həllinə yardım üçün atdığını bildirib. A.Zeynalyan istefa ərizəsində qoyduğu nöqtələrlə bəzi müəmmalara da işarə edib: "Ümid edirəm ki, hər şey yaxşı olacaq ..., bununla belə, əgər olmayacaqsa, çox yaxşı olacaq”. Bundan əvvəl Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan tutduğu vəzifədən istefa verib.
İstefalarla yanaşı, başqa bir gərginlik də qızışır. Belə ki, separatçı qurumla Paşinyanın münasibətləri pik həddə çatıb. Yayılan xəbərlərə görə, Qarabağ separatçılarının lideri Bako Saakyan Paşinyanı yalançılıqda günahlandırıb. Daha əvvəl N.Paşinyan bildirmişdi ki, o, müvafiq sənədlər paketini onlara təqdim etməyincə, Qarabağ rəsmiləri danışıqlar prosesindən xəbərdar olmayıblar. "Bir müddət əvvəl Ermənistanın baş naziri bizə danışıqlar prosesi ilə bağlı bəzi sənədlər təqdim edib. Biz də öz növbəmizdə baş nazirə danışıqlar prosesinə aid olan sənədləri təqdim etdik”, - deyə Saakyan bildirib. B.Saakyan qeyd edib ki, Ermənistanın hakimiyyət orqanları əvvəllər də Qarabağ separatçılarının rəhbərliyini - həm Azərbaycanla danışıqlardan əvvəl, həm də sonra müzakirələr prosesindəki bütün məsələlər və yeniliklər barədə məlumatlandırıblar. B.Saakyan Paşinyanın Qarabağdakı "sui-qəsdçi güclər” haqda dediklərinə də reaksiya verib. O bildirib ki, "Qarabağ və Ermənistanın birliyini” pozmağa yönəlmiş hər hansı addımı-istər Qarabağ, istər Ermənistan, istərsə də diaspor tərəfindən olsun, - qəbuledilməz hesab edir.
Ölkədə qızışan başqa bir qalmaqal Paşinyan tərəfdarlarına hücumla bağlıdır. Baş nazir hücum edənlərin cəzalandırılacağını bildirib. O, jurnalistlərə açıqlamasında ölkədə zorakılığı təbliğ edənlərin cinayət məsuliyyətinə cəlb olunacaqlarını deyib. "Saxta milli dəyərlərə görə 20 il ölkəni talan edən qüvvələr tərəfindən bir nəfərin döyülməsi yolverilməzdir”, - deyə N.Paşinyan qeyd edib. O, hüquq-mühafizə orqanlarına tapşırıb ki, zorakılıq təbliğ edənlərə "məxməri deyil, dəmir əks-zərbə endirsinlər”. Onun sözlərinə görə, bu qüvvələrin içində keçmiş korrupsiyalaşmış sistemə bağlı olanlar da var. Paşinyan qara geyimli adamlar barədə operativ məlumatlar əldə edildiyini də deyib. "Qara geyimli bu şəxsləri tapıb onların məsələsini həll etmək, onlara rəngli "kəpənək” taxıb normal, sivil, qanuni həyata qaytarmaq lazımdır”, – o deyib. Baş nazir "Azadlıq” meydanını xuliqan hərəkətlər zonasına çevirmək cəhdlərindən də danışıb, bunu ayrı-ayrı qanun pozuntuları deyil, koordinasiyalı fəaliyyət adlandırıb. Paşinyanın fikrincə, məqsəd ölkədə anarxiyanın hökm sürməsi, hakimiyyətin zəifləməsi görüntüsü yaratmaqdır. Hökumətin iclasından öncə baş nazir bu mövzuda polis rəisi Valeri Osipyanla müzakirə aparıb: "Ermənistanda zorakılığı təbliğ edən istənilən şəxsə sərt əks-zərbə endirilməlidir. Gələn dəfə ağızlarını açmazdan öncə onlar 10 dəfə düşünməli olacaqlar, əgər bundan sonra da oxşar hərəkətə yol versələr, 10 dəfə artıq əks-zərbə alacaqlar və əks-zərbə məxməri deyil, dəmir olacaq”. Bu məsələ ilə bağlı baş prokuror Artur Davtyana da təlimat verilib. O, prokurorluğun iki il öncə layihə hazırladığını deyib. Layihədə cinayət törətməyə çağırışları kriminallaşdırmaq nəzərdə tutulurdu. Ancaq parlament yalnız terrorçuluğa çağırışları kriminallaşdırdı. Baş prokuror da "Azadlıq” meydanında maşınların qanunsuz hərəkətindən də danışıb. O, ilkin istintaq orqanlarından baş verənlərə lokal hadisə kimi baxmamağı xahiş edib.
Onu da qeyd edək ki, ictimai fəal Vardan Arutyunyan "Facebook” səhifəsində sabiq prezident Robert Koçaryanın tərəfdarları və daşnakçılar tərəfindən ikinci dəfə hücuma məruz qalması ilə bağlı məlumatı və məruz qaldığı fiziki təzyiqin izlərini əks etdirən fotosunu paylaşıb. Daşnaksütyun Partiyasının təmsilçisi Qeqam Manukyan V.Arutyunyanın döyülməsi faktını təsdiqləyib: "Arutyunyan mənim partiyadaşımı təhqir etdiyi üçün döyülüb”.
Öz növbəsində Erməni Milli Konqresi sədrinin müavini Levon Zurabyan baş nazirin zorakılığa qarşı mübarizə aparacağı barədə bəyanatının onu qane etmədiyini deyib. O bildirib ki, hakimiyyət daha sərt addımlar atmalıdır. "Hüquq-mühafizə orqanlarının konkret addımları gərkədir”, - deyə L.Zurabyan bildirib. Bəziləri bu qənaətdədir ki, Paşinyanın sərt mübarizə bəyanatı hansısa bir partiyaya, konkret olaraq "Daşnaksütyun”a qarşı yönəlib. Və yaxınlarda bunun müşahidə etmək mümkün olacaq. Lakin bu gərginlik və sərt mübarizə Paşinyanın sonunu da gətirib çıxara bilər. Məsələ ondadır ki, daşnaklar ölkədə güc sahibidirlər. Hərtərəfli təmin olunublar. Həbsdən çıxan Robert Koçaryan və Serj Sarkisyan da onlarla işbirliyinə gedir. Onlara Rusiyanın da müəyyən dairələrinin dəstək verdiyi iddia olunur.
"Ermənistanda olan "beşinci kolon”a Rusiya rəhbərlik edir”. Bunu isə "Azatyunyun” radiosuna müsahibəsində "Sasna Srer” Partiyasının rəhbəri Jirayr Səfilyan deyib. O, "beşinci kolon”un Qarabağda yerləşdiyini bildirib: "Biz son aylar ərzində Kremldən fərqli komissarların, emissarların yerlərdə lazımi fəaliyyətin yoxlanılması məqsədiylə gəldiyinə şahid oluruq. Onların missiyaları uğursuzluğa düçar olub. Qarabağın abxaziyalaşdırılması ilə bağlı bütün cəhdlər uğursuzluqla nəticələndi”. Müsahibəsində N.Paşinyanı tərifləyən Səfilyan məhz onun sayəsində Kremlin Karen Karapetyanı hakimiyyətə gətirmək planının fiaskoya məruz qaldığını deyib. O, Kremlin Ermənistanda hakimiyyətin xalq nümayəndəsinə keçməsindən qorxduğunu bildirib: "Beşinci kolon” çalışır ki, hakimiyyət uğursuzluğa düçar olsun. Onlar Nikol Paşinyandan qorxmurlar. Onlar dəyişikliyin xalqın öz iradəsini ifadə etməsi nəticəsində meydana gəlməsindən və bu rəhbərin uğur qazanacağı təqdirdə, inqilabın Rusiyaya çatmasından qorxurlar. Onların qarşısındakı hədəf bunu neytrallaşdırmaqdır. "Beşinci kolon”un qısamüddətli hədəfi Ermənistan və Qarabağda idarəolunan xaos yaratmaqdır”. O qeyd edib ki, Yerevan mümkün qədər Qarabağa müdaxilə etməli və burada Sarkisyan rejiminin qalıqlarını təmizləməlidir.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892