• cümə axşamı, 28 mart, 20:07
  • Baku Bakı 13°C

Daşınmaz əmlak dövriyyəsini sivil formaya salacaq addım

19.10.19 09:00 4680
Daşınmaz əmlak dövriyyəsini sivil formaya salacaq addım
Torpaq istifadəçiliyində onlayn nəzarətlə bağlı planşetlərin tətbiqinə başlanılıb. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) innovativ yanaşma tətbiq etməklə, ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət müasir texnologiyalar əsasında, planşetlər vasitəsilə həyata keçiriləcək. Torpaqla bağlı nəzarət mexanizmini təkmilləşdirəcək planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də Əmlak Xidmətləri Məkanında tədbir keçirilib. Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun müavini Eldəniz Qafarov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq komitə fəaliyyəti üzrə institusional yeniliklərin, innovativ xidmətlərin, müasir yanaşmaların tətbiqini genişləndirir. ƏMDK digər sahələrlə yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı torpaq inzibatçılığında yeni yanaşmalar, intensiv metodlar, mütərəqqi texnoloji yeniliklər tətbiq edir. Yeniliklərdən biri də təqdimatı keçirilən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin məlumatları əlavə olunmuş planşetlərdir. Planşetdən istifadə etməklə torpaq sahələrinə daha sistemli şəkildə nəzarət olunur, işin keyfiyyəti artır, idarəetmə mexanizmi təkmilləşir. Qeyd olunub ki, bu, torpaqların keyfiyyətində baş verən dəyişikliklərin operativ olaraq müəyyənləşməsinə şərait yaradacaq. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, torpaq inzibatçılığında planşetlərin istifadəsi görülən işin avtomatlaşmasına, bu sahədə tətbiq ediləcək innovativ yanaşmaların genişlənməsinə şərait yaradacaq. Planşetlərin tətbiqinin bu sahədə olan problemlərin həllinə nə kimi töhfə verə biləcəyini öyrənməyə çalışdıq.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirdi ki, bu informasiya daşıyıcısının istifadəsi torpaq qanunvericiliyinin pozulması hallarının qarşının alınmasına, bu sahədə görülən işin operativ olaraq yerinə yetirilməsinə, şəffaflığın artırılmasına imkan verəcək: "Torpaq bizim sərvətimizdir. Torpaqdan düzgün istifadə edilməsə, nəzarət edilməsə, mühafizə olunmasa, öz dəyərini itirər. Ona görə də, ölkəmizdə torpaqların yaxşı idarə edilməsi üçün müvafiq alətlərə ehtiyac var. Təqdim edilən xidmətin mahiyyəti ondan ibarətdir ki, müfəttişlər planşetlərlə təchiz olunacaqlar və orada torpaqlar haqqında zəruri olan bütün məlumatlar yerləşdiriləcək. Artıq istənilən müfəttiş torpaq sahəsinin bələdiyyəyə, dövlətə, yoxsa hansısa şəxsə məxsus olduğunu, həmçinin torpağın kateqoriyası, təyinatı müəyyənləşdirə biləcək. Eyni zamanda hər hansısa pozuntu baş verərsə, bunun qarşısı alınacaq. Məsələn, qeyd olunan torpaqdan təyinatı üzrə istifadə edilmədiyi aşkarlanarsa, dərhal müdaxilə ediləcək. Çünki bu, inzibati qayda pozuntusudur. Yeniliyin tətbiqi bütün torpaqlar elektronlaşdıqdan sonra baş tutacaq. Bu prosesdə əsas nüans ölkənin bütün ərazisinin internetlə təmin olunmasıdır”.
Ə. Nuriyev vurğuladı ki, bu, həm də torpaq inzibatçılığı işini asanlaşdıracaqdır: "Torpaqlar üzərində nəzarəti həyata keçirməli olan qurum, növbəti mərhələdə nəzarəti daha yaxşı həyata keçirə və idarə edə biləcək. Yəni proses elektronlaşaraq son dərəcə asanlaşır. Eyni zamanda Azərbaycanda daşınmaz əmlak dövriyyəsini daha da sivil formaya salacaq. Hər on gündən bir torpaqlar haqqında məlumat yenilənəcək. Ona görə, bu addım torpaq mülkiyyətçilərinə də böyük fayda verəcək. Bu sahədə yaşanan ən böyük problemlərdən biri də torpaqların sərhədlərinin müəyyənləşdirilməsidir. Elektronlaşma bu mübahisələrin də aradan qalxmasına səbəb olacaq. Həmçinin vətəndaşların vaxtının və pulunun boşa getməsinin qarşısını alacaq. Yəni vətəndaşın torpağı ilə bağlı məsələdə hansısa quruma getməsinə ehtiyac qalmayacaq. Yeni xidmətin tətbiqi, torpaqlardan səmərəli istifadəni də təmin edəcək. Bundan başqa, ən əsas məsələ odur ki, qanunsuz sövdələşmələrə son qoyulacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, elektornlaşma çox gözəl addımdır, amma həddindən artıq gecikib: "2000-ci illərin əvvəllərində bələdiyyələr torpaq satışı ilə məşğul olmağa başladılar. Həmin torpaqlarda isə fərdi yaşayış evləri tikilib. Günümüzdə vətəndaşların əksəriyyəti həmin torpaqlara sənəd ala bilmir. Bu da əmlak sahəsində bir sıra problemlərə səbəb olur. Tətbiq ediləcək yeni xidmət bu kimi problemlərin aradan qalxmasına kömək edəcək. Belə ki, müfəttiş əlində planşetlə torpağa yaxınlaşanda onun hansı quruma aid olduğunu, torpağın təyinatı ilə bağlı ətraflı məlumat əldə edəcək. Bu, vətəndaş üçün də əhəmiyyətli olacaq. Yəni kimsə torpaq almaq istəyəndə, ona lazım olan məlumatı asanlıqla əldə edəcək. Əslində, bu, çox gözəl addımdır, amma həddindən artıq gecikib. Çünki hazırda Bakı-Abşeron ərazisində boş torpaq sahəsi qalmayıb. Yəni boş görünən torpaqların 90% -nin sahibi var. Bu sistem bölgələrdə daha yaxşı işləyəcək. Orada torpaqlarla bağlı qanunsuz addımların qarşısı ciddi şəkildə alınacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər