• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

Dağınıq sklerozun müalicəsində ilk növbədə kəskin epizodların qarşısı alınır

30.05.23 17:30 1135
Dağınıq sklerozun müalicəsində ilk növbədə kəskin epizodların qarşısı alınır

Dağınıq skleroz (DS) mərkəzi sinir sisteminin, yəni baş və onurğa beynin demielinizasiyası ilə gedən autoimmun xəstəliyidir. Demielinizasiya isə sinirləri izalə edən və qoruyan mielin təbəqəsinin dağılması deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu həkim-nevroloq, tibb elmləri üzrə fəlsəfə doktoru Şöhrət Talıbov deyib. Onun sözlərinə görə, demielinizasiya ocaqları baş və onurğa beyində multifokal, dağınıq, yəni çoxocaqlı şəkildə olur: “Xəstəliyin əsas simptomlarına iki görmə, görmənin optik nevrit nəticəsində zəifləməsi, yaxud itməsi, hissi pozuntular - üzdə, əllərdə, ayaqlarda keyləşmə, uyuşma və ya sancma, hərəki problemlər - spastik hemiparez, yaxud paraparezlər, beyinciyin zədələnməsindən üzə çıxan bədənin müvazinətinin və yerişin pozulması, intension tremor, nistaqm olan statiko-dinamik ataksiya, çanaq orqanlarının funksiyasının pozulması və digərləri daxildir.

Dağınıq sklerozun müalicəsi ilk növbədə kəskin epizodların medikamentoz üsulla qarşısı alınır. Kəskin epizodu olan və ya hərəkətlərin məhdudlaşması artan xəstəyə yüksək dozada kortikosteroidlərlə müalicə aparılır”.

Ş.Talıbov bildirib ki, indiyə qədər dünyada dağınıq sklerozun sübutlu profilaktika tədbirləri işlənib hazırlanmayıb: “Amma siqaret və alkoqoldan uzaq olmaq, normal, keyfiyyətli yuxu, mülayim dərəcəli fiziki aktivlik vacib faktorlardır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli Sərəncamı ilə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair” Dövlət Proqramı təsdiq edilib və bu proqram icra olunur”.

banner

Oxşar Xəbərlər