Böyük dövlətlər Hindistandan həmin dərmanı istəyirlər
Dünyada
koronavirus təhlükəsi azalmır. Virus bəzi dövlətlərdə geniş yayılır, digərlərində
isə tədricən miqyası azalır. Ancaq hətta ikinci ölkələrdə belə virusun yenidən
geri qayıdacağı ehtimalını nəzərdən qaçırmırlar. Ona görə də Ümumdünya Səhiyyə
Təşkilatı karantindən imtinanın hələ erkən olduğunu bəyan edirlər.
Koronavurisla
mübarizədə bir neçə ssenari var.
Birinci ssenari budur ki, virusun
yayılma gücü bir neçə aydan sonra azalacaq və ya xəstəlik tamamən yox olacaq.
Bu arqumenti səsləndirənlər bunu yay aylarında virusun təsirinin azalacağıyla
izah edirlər. Ancaq problem ondadır ki, hazırda koronavirus isti Afrika ölkələrində
də yayılır. Ona görə də isti aylara olan ümid özünü doğrultmaya da bilər.
İkinci ssenari isə odur ki,
koronavirusla mübarziə ilin sonuna qədər davam edə bilər. Bu müddətdə
koronavirusa qarşı peyvənd və dərmanın hazırlanması çalışmaları davam edəcək.
Müxtəlif rəylərə görə peyvəndin və xəstəliyi yox edə biləcək dərmanın hazırlanması
ən yaxşı halda 12 və ya 15 ay uzana bilər.
Dərmanla bağlı
müxtəlif ölkələrdən müxtəlif xəbərlər gəlir. "Koronavirusun dərmanı tapıldı”
kimi sensasiya mahiyyətli xəbərlər geniş yayılıb. Ancaq hətta adı çəkilən dərmanı
ixtiraçısı kimi qələbə verilən mütəxəssislər açıqlama verərək ixtira etdikləri
dərmanın insan üzərində tətbiqinə ehtiyac duyduqlarını və bunun zaman alacağını
bildirirlər. Ona görə də istəilən halda peyvəndin və dərmanın ixtirası zaman
alacaq.
Buna baxmayaraq, bəzi
dövlətlər hazırda əllərində olan dərmanlardan istifadə etməyə çalışırlar.
Koronavirusdan hazırda ən çox əziyyət çəkən ölkə Amerika Birləşmiş Ştatlarıdır.
Bu ölkənin dərmana daha çox ehtiyacı var. ABŞ prezidenti Donald Tramp tələsir, işislzik
artıb, iqtisadiyyat iflic olub. Donald Tramp martın 21-də verdiyi açıqlamada koronavirusa
qarşı istifadə oluna biləcək dərmanların siyahısını açıqladı. Ağ Ev sahibi həmin
dərmanlardan - hidroksixloroxin və azitromisindən sınaq kimi istifadə etməyi məsləhət
bildi.
Tramp rəsmi "tvitter” hesabında bunu yazmışdı: "Tibb tarixinin ən böyük oyununun gedişatını
dəyişdirmək üçün real imkanlar var. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası
böyük uğura imza atıb. Ümid edirəm onlar tezliklə istifadəyə veriləcək.
İnsanlar ölürlər, cəld hərəkət eləmək lazımdır. Tanrı hər kəsi qorusun”.
Ancaq bir sıra tibbi ekspertlər Trampın açıqlamasının
əsassız olduğunu qeyd etdilər. Milli Allergiya və İnfeksion Xəstəliklər
İnstitunun icraçı direktoru Entoni Fausi Trampın qeyd etdiyi dərmanlar haqqında
müsbər rəy vermədi.
Hidroksixloroxin malyariya xəstəliyinə qarşı
istifadə olunan dərmandır. Azitromisin
isə antibiotik kimi istifadə olunur. Dünyada hidroksixloroxin dərmanı təchizatının
70 faizini Hindistan təmin edir. Ümumiyyətlə dünya dərman bazarında Çin və
Hindistan aparıcı mövqedədirlər. Ancaq koronavirusun yayılmasıyla bağlı Çinlə əməkdaşlığa
maraq azalıb. Digər tərəfdən koronavirusun aşkarlanması məqsədilə Çinin bəzi
ölkələrə göndərdiyi testlərdə virus aşkarlanıb.
Vaşinqton Hindistana müraciət edib. Hindistanın əczaçılıq
şirkətləri ABŞ-a hidroksixloroxin dərmanı göndərəcəklər. Hindistanın Əczaçılar
Alyansının baş katibi Sudarşan Cain dərman şirkətlərinin və apteklərin
anbarlarında ölkəyə kifayət edəcək qədər hidroksixloroxin dərmanının olduğunu,
bu dərmanın Birləşmiş Ştatlara ixracına başlana biləcəyini açıqlayıb.
Digər ölkələr də koronavirusla mübarizədə hidroksixloroxin
dərmanının imkanlarını nəzərdən keçirirlər. Məsələn Rusiyanın Səhiyyə Nazirliyi
də koronavirusun yaratdığı xəstəliyin müalicəsində tövsiyə etdiyi dərmanlar
arasında hidroksixloroxini qeyd edib. Bu o deməkdir ki, bu və digər dərmanların
idxalı məqsədilə Hindistana müraciət edəcək dövlətlərin sayı artacaq.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi