• cümə axşamı, 25 aprel, 04:29
  • Baku Bakı 19°C

“Büdcədə neftin qiymətinə dəyişiklik edilməsi vacib idi”

06.08.20 19:26 2858
“Büdcədə neftin qiymətinə dəyişiklik edilməsi vacib idi”
Ekspertlər deyir ki, qiymətin 35 dollardan hesablanması bazardakı bütün spekulyativ addımları tənzimləməyə imkan verəcək

Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti35 ABŞ dollarına bərabər götürüləcək. Bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, hazırda büdcədə neftin qiyməti 55 ABŞ dollarıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov deyib ki, dövlət büdcəsindən neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından götürülməsi qərarının özünü doğruldacağı güman olunur: "Bir neçə ay bundan öncə neft qiymətləri 12-13 dollara düşmüşdü. Etiraf etmək lazımdır ki, Azərbaycan nefti də ucuzlaşmışdı. Neftin qiyməti ilə bağlı məsələ daim müvafiq qurumlar arasında müzakirə olunur”.
Bəs görəsən neftin qiyməti ilin sonlarına yaxın necə dəyişəcək? Büdcəyə edilən dəyişikliyi məqbul hesab etmək olarmı?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, hal-hazırda neftin qiyməti ilə bağlı uzunmüddətli proqnoz vermək çox çətindir: "Çünki qiymətlər bir neçə faktordan asılı olaraq dəyişir. İlk olaraq qiymətlər OPEC ölkələrinin götürdüyü öhdəliklərə əməl etməsiylə bağlı dəyişir. Eyni zamanda pandemiyanın doğurduğu nəticələr də qiymətlərə təsir edən əsas faktorlardandır. OPEC və müttəfiq ölkələrin öhdəliklərlə bağlı iyul göstəriciləri qaneedicidir. Hesab edirəm ki, avqust ayında da Vyana sazişinin şərtlərinə iştirakçı dövlətlər tərəfindən əməl ediləcək. Amma pandemiyanın doğurduğu nəticələrdən biri kimi, neftə və neft məhsullarına olan tələbatın həcmi tətbiq olunan qadağalar yumşaldılacağı təqdirdə arta bilər. Hələlik növbəti mərhələdə sərnişin daşımalarının, hava nəqliyyatının əvvəlki səviyyəyə çatıb-çatmayacağını, neftə olan tələbatın artıb-artmayacağını bilmirik. Amma ilin sonuna kimi qiymətlərdə sabitliyin yaranacağını proqnoz etmək olar. İndi OPEC ölkələrinin əsas vəzifəsi bazardakı dalğalanmanın qarşısını almaqdır. Çünki neft qiymətlərindəki dalğalanmalar həm istehsalçı, həm istehlakçı dövlətlərin, eyni zamanda neft emalı zavodlarının maraqlarına ziddir. Qarşıdakı aylarda Vyana sazişinin şərtlərinə əməl edilməlidir ki, bazardakı tələbatdan artıq neft həcmlərini yığışdırmaq mümkün olsun. İndiki qiymət artımları ucuz qiymət dövründə rezervə alınmış neft həcmlərinin satışına xidmət edir. Məlumdur ki, aprel-mart ayında bazarda qiymətlərdə kəskin enmələr oldu. Neft tədarük edən şirkətlər, treyder strukturları indi aktivlərində olan neft həcmlərini satışa çıxarır. Bu da birbaşa ehtiyatların azaldılmasına xidmət edən addımdır. Əgər bu məsələlər öz həllini taparsa, ilin sonuna kimi qiymətlər sabitləşə, gələn il isə müəyyən artımlar müşahidə oluna bilər. Çünki dünyadakı 750-ə yaxın neft emalı zavodunun gündəlik xammalla yüklənməsi 75-80 faiz arasında dəyişir. Bu indiki dövrdə normal göstəricidir. İlin sonuna kimi bu göstəricinin artacağı ehtimalı var. Düzdür, pandemiyadan əvvəl bu göstərici 93-94 faiz idi. İndi neftin qiymətində gündəlik qiymət artımlarının qarşısını almaq lazımdır. Düzdür, Vyana sazişində ixrac həcmlərinə hansısa kvotanın qoyulmasına dair şərt yoxdur. Amma bazarın tənzimlənməsində ixrac həcmləri hasilat həcmlərindən daha önəmli rol oynayır”.
Ekspert bildirdi ki, büdcədə neftin qiymətinin 35 dollardan götürülməsi qərarı vacibdir: "Bu rəqəm bazardakı bütün spekulyativ addımları tənzimləyən bir qiymətdir. Neftin qiymətinin 45 dollar ətrafında dəyişməsi müvəqqəti xarakter daşıyır. Neftə olan tələbatın yüksək olmaması və rezervlərdə böyük neft həcmlərinin olması bunu deməyə şərait yaradır. Qarşıdakı aylarda ABŞ-ın neft hasilatının hansı həcmdə olacağını deyə bilmirik. Artıq Braziliyanın, Kanadanın, Norveçin neft istehsalında ciddi artımlar var. Ona görə də indiki qiymət bazar şərtlərinə uyğun deyil. Bu mənada büdcədə neftin qiymətinə dəyişikliyin edilməsi vacib məsələ idi. Qiymətlərin 35 dollardan hesablanması məqbul hesab oluna bilər. Amma bu, büdcə daxilolmalarının həcminə təsir göstərəcək”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, qiymətlərin aşağı düşməsi neft gəlirlərinin aşağı düşməsinə birbaşa təsir edir. Pandemiya dövründə isə bu azalmalar qaçılmazdır: "Ona görə də büdcəyə müəyyən dəyişikliklər edilir. Amma reallıqda vəziyyətin necə dəyişəcəyini demək bir qədər çətindir. Çünki neftin orta qiymətinin necə olacağını proqnoz etmək çox çətindir. Məsələ burasındadır ki, ilin birinci yarısının göstəricisinə əsasən, Neft Fondunun mənfəətinin orta qiyməti 38 dollar olub. Buna görə də hökumət bütün mənfi ssenarilərdən özünü sığortalamaq istəyir. Neft elə bir xammaldır ki, onun qiyməti hər an dəyişə bilir. Bəzən qiymətlər proqnozlaşdırıla bilməyən səviyyədə artıb-azalır. Bizim neft gəlirlərimiz də bu orta qiymətə əsasən dəyişəcək. Ona görə də büdcədə neftin qiymətinin 35 dollardan hesablanması qərarı başadüşüləndir. Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Enerji Agentliyinin korrektə edilmiş proqnozlarına görə, 2020-ci il üçün neftin orta qiyməti 39-40,5 dollar arasında dəyişəcək. Ona görə də qiymətin 35 dollardan hesablanması qərarı mühümdür”.

Şəbnəm
banner

Oxşar Xəbərlər