• şənbə, 25 Oktyabr, 22:44
  • Baku Bakı 19°C

Bu şəhərdə insanlar hey gülümsəyirlər… - REPORTAJ

25.10.25 03:33 176
Bu şəhərdə insanlar hey gülümsəyirlər… - REPORTAJ

Naxçıvanın turizm potensialı tarixçilərin, arxeoloqların, səyyahların tədqiqat mövzusu olsa da, hələ sona qədər kəşf olunmayıb. Kiçik Qafqaz dağlarının ətəyində yerləşməsi bölgənin ekoturizminin daha cəlbedici olmasına, təbiət turizminin inkişafına yol açıb. 

Naxçıvanın təkrarsız təbiətə, füsunkar mənzərələrə, unikal ekoturizm potensialına malik olmasını təkcə TV ekranlarından, təbiət filmlərindən izləməmişəm, yalnız dərsliklərdən oxumamışam, bu barədə həvəslə danışan dost-tanışdan, həmkarlarımdan da çox eşitmişəm. Haqqında əsrlərdən bəri dolaşan əfsanə və rəvayətlər təbii ki, bu bölgəyə ilk dəfə səfər edən insanlar kimi mənim üçün də hədsiz maraqlı idi. 

Dövlət Turizm Agentliyinin Naxçıvanın ekoturizm potensialını tanıtmaq məqsədi ilə təşkil etdiyi mediatur bu sirli diyara səyahət üçün əsl fürsət yaratdı.

Sevilən məmləkət

Naxçıvana ayaq basan qonağı şəhərin geniş və təmiz küçələri qarşılayır. İrəlilədikcə müasir binalar yaşı əsrlərlə ölçülən tarixi tikililərə qarışır. Bələdçimiz “Bu təmizliyi və səliqəni insanlar özləri yaradır. Onlar yerə zibil atmırlar, öz şəhərlərini sevir və qoruyurlar”, - deyə bildirir.

Hotelin həyətində rastlaşdığımız türk qonaqların “biz bu məmləkəti sevdik. İnsanları hey gülümsəyir…” sözləri isə bu coğrafiyanın insanlarını dəqiq xarakterizə edir. Bu il dünyanın 68 ölkəsindən Naxçıvana gələn turistlər də bu bölgəni təsadüfən seçməyiblər. Hazırda insanlar bölgəyə ekoturizm, mədəni-tarixi turizm, hayking, trekking, kamping turlarına çıxmaq üçün səyahət edirlər. 

Naxçıvanın sakit gecələri

Səhər başlayacaq turu gözləməyib şəhərin küçələrini axşam seyrinə çıxırıq. Məşhur rəssam Bəhruz Kəngərlinin əsərində də təsvir olunan 18-ci əsr “Came” məscidi (Cümə məscidi) memarlıq abidəsinin şəbəkəli pəncərə və qapılarını, içərisindəki qədimliyi heyranlıqla seyr edib, “Möminə Xatun” türbəsinə doğru yollanırıq. 12-ci əsrdə Memar Əcəminin istedadının qüdrəti ilə yaranan abidənin möhtəşəmliyinə yarımqaranlıqda tamaşa edib, Gənclər Evinə, əfsanəvi “Qızlar bulağı”na, daha sonra “Saat Meydanı”na doğru hərəkət edirik. Bizi Naxçıvanın küçələrində seyrək maşınların şütüdüyü, adamların tək-tük gözə dəydiyi, işıqları sayrışan sakit gecəsi müşayiət edir…

Naxçıvanın adı dillər əzbəri olan turizm potensialı 

Naxçıvanın adı dillər əzbəri olan turizm potensialı tarixçilərin, arxeoloqların, səyyahların tədqiqat mövzusu olsa da, hələ sona qədər kəşf olunmayıb. Kiçik Qafqaz dağlarının ətəyində yerləşməsi bölgənin ekoturizminin daha cəlbedici olmasına, təbiət turizminin inkişafına yol açıb.

“Bu bölgədə kəşf olunmayan bir sıra yerlər var ki, səyahətçilər üçün cəlbedici ola bilər”, - deyə bələdçimiz bildirir: “Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi, Ordubad ərazisində yerləşən və UNESCO-nun ilkin siyahısına əlavə olunan “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” ekoturizmin təbliğatına dəstək verən məkanlardandır.

Naxçıvanda ekoturizm və vəhşi təbiətə insanların diqqət və qayğısı o qədər çox olub ki, heyvanlar insanlardan qorxmurlar. Heyvanların ovlanmasının yasaqlanması bölgədə digər turizm növlərinin inkişafına da təkan verir”. 

Mən gedirəm ziyarətə

Naxçıvanda çoxsaylı dini məkanlar var ki, oraya dünyanın hər yerindən zəvvarlar gəlir. Nəimi türbəsi, Zaviyə-mədrəsəsi, pirlər, türbələr, məscidlər insanları minillik inanclarına qovuşdurur. Yaşı 2500-ə söykənən “Əshabi-Kəhf” haqqında əfsanələr isə bitib-tükənmir. Bu ziyarətgaha dünyanın hər yerindən ziyarətçilər gəlir. Səfərimiz zamanı Türkiyədən gələn ziyarətçi qrupu, Kanadadan olan ana-oğulun ziyarətgaha marağı bizi də heyrətləndirdi. Ziyarətgaha qalxan yol təmir olunub, insanların rahatlığı üçün şərait yaradılıb. Zəvvarlar dağa qalxaraq dualar edir, niyyətlərinin həyata keçməsini diləyirlər.
Şübhəsiz ki, turistlərin bölgənin dini turizm məkanlarına daha çox cəlb olunması üçün təbliğat işlərini genişləndirmək lazımdır. Özbəkistanın Səmərqənd, Buxara şəhərlərində, elə qardaş Türkiyədə olan ziyarətgahlar kimi buraya da turistlərin axınını təmin etməyin yolları araşdırılmalıdır. 

Hazırda Naxçıvana ən çox Türkiyədən turistlər gəlir. Qardaş ölkə ilə sərhədin açıq olması gediş-gəlişin asanlaşmasına təkan verir. Ölkə üzrə isə Naxçıvan daxili turizmi ən çox inkişaf edən bölgədir: “Naxçıvan tarixi və dini bölgə olaraq ən çox səyahət olunan bölgədir. Gün ərzində şəhərə enən 18-20 təyyarənin 7-8-i sırf turistik məqsədlə gəlir. May ayından başlayaraq hotellərdə, restoranlarda yer tapmaq çətinləşir”.

Bələdçi bildirir ki, Naxçıvanda fəaliyyət göstərən beş hotel “4-5 ulduz” təsnifatlı olsa da, standartlara tam cavab vermir: “Kriteriyalara nəzər saldıqda hotellər “4-5 ulduz” olsalar da, o standartlara uyğun deyillər. Müştərilərin iradlarını eşidincə biz bunları hotel rəhbərlərinin diqqətinə çatdırırıq. Zənnimcə, turist axını çoxaldıqca rəqabət ortaya çıxacaq və müəyyən müsbət dəyişiklikər yaranacaq”.

Torf və otlardan ibarət üzən ada

Naxçıvana gələsən Batabatı görməyəsən? Şahbuz rayonu ərazisindəki bu şirinsulu göl uçqun və sürüşmədən yaranıb. Göl öz əzəməti ilə heyran edir. Düzdür, indi payızın küləyi və soyuğundan ətrafı bozdur: “Buralara yazda gələsən, ətraf yamyaşıl olur. İnsanlar buralarda piknik edir. Hərçənd ətrafda insanların istirahəti üçün hansısa infrastruktur gözə dəymir. Amma gölün gözəlliyi üzərində torf və otlardan ibarət üzən adanın mövcudluğu Batabatın adını dünyada məşhurlaşdırıb. Gölün turistik məkan kimi daha çox tanıdılması üçün isə ətrafında görüləsi işlərə ehtiyac var.

Eləcə də Ağbulaq İstirahət Mərkəzində infrastrukturun mövcudluğuna baxmayaraq, turistlər gözə dəymir. Bu məkanda turistlərin istirahət və əyləncəsi üçün xidmət keyfiyyəti artırılmalıdır.

Duzdağ – şəfa yeri

Naxçıvan həm də mineral bulaqların məskəni, sağlamlıq turizminin ünvanı kimi məşhurdur. Duzdağ Müalicə Mərkəzi isə nəfəs yolu xəstəliklərindən əziyyət çəkən insanların möcüzəvi şəfa yeridir. “Əvvəllər bu mərkəzə Özbəkistan, Qazaxıstan, Almaniyadan insanlar gəlirdi. Bəzi kriteriyaların aşağı düşməsi son vaxtlar gələn turistlərin sayını xeyli azaldıb”, - deyə mərkəzə səfərimiz zamanı deyildi.

Ümumilikdə Naxçıvandan xoş hisslərlə ayrılırıq. AZAL-ın təyyarəsinin üç saat gecikməsi də daha çox məkanı seyr etməyimizə şərait yaratdı. Bələdçinin sözlərinə isə haqq qazandırıram: “Naxçıvanın turizmi unikaldır. Amma bu turizmin tanıdılmasına həqiqətən çox ehtiyac var…”

Təranə Məhərrəmova
Bakı-Naxçıvan-Bakı

banner

Oxşar Xəbərlər