“Bu islahatlar vəkillik institutuna da müsbət təsir göstərəcək”
Azərbaycanda müxtəlif sahələrdə islahatların aparılması, ölkə
rəhbərliyinin birbaşa siyasi iradəsinin sübutudur. Bu günlərdə Prezident İlham
Əliyev tərəfindən məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında fərmanın imzalanması isə bu sahədə aparılan islahatların yeni
mərhələsinin əsasını qoymuş oldu. Fərmanda məhkəmə-hüquq sistemində aparılacaq
islahatların geniş siyahısı öz əksini tapıb. Aparılacaq islahatların məhkəmə-hüquq
sisteminə müsbət təsiri ilə bağlı "Kaspi” qəzetinin suallarını Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquqşünas Muxtar Mustafayev
cavablandırıb.
- Prezident İlham Əliyevin
məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman
imzalaması hansı zərurətdən irəli gəlirdi?
- İlk olaraq onu qeyd edim ki, dövlət başçısı bu məsələlərdə məlumatlıdır,
çünki kütləvi informasiya vasitələrində mütəmadi yazılar dərc edilirdi. O
cümlədən vətəndaşların, vəkillərin, kommersiya qurumlarının məhkəmə sistemində
mövcud ləngimələrlə bağlı narazılıqları, həmçinin qanunvericiliyin
təkmilləşdirilməsinə yönəlik təklifləri var idi. Misal üçün, həmin fərmanda
normativ aktların hazırlanması qeyd olunub. Sənəddə vurğulanır ki, vəkillərə
dövlət hesabına ödənilən pul vəsaitləri bilavasitə Vəkillər Kollegiyasının
özünə ödənilsin. Əvvəllər prosedur belə idi ki, pul vəsaitləri Maliyyə
Nazirliyi vasitəsilə yerli icra hakimiyyətləri orqanlarına ödənilirdi, onlardan
da Vəkillər Kollegiyasının yerli qurumlarına köçürülürdü. Bu da çox uzun vaxt
aparırdı və vəkillər xeyli müddət dövlət hesabına pul vəsaitlərini əldə edə bilmirdi.
Biz bununla bağlı təkliflərimizi hazırlayıb bəyan etmişdik və görürük ki,
dövlət başçısı prosesləri izləyir. Bundan başqa, fərmanda qeyd edilir ki,
məhkəmədə ekspertiza məsələsi ilə bağlı tərəflərin hüquqları
bərabərləşdirilsin. Biz vəkillər dəfələrlə bildirmişik ki, tərəflərin
bərabərliyi təmin edilməlidir. Tərəflərin bərabərliyi dedikdə, əgər prokurorluq
cinayət işi üzrə ekspertiza təyin edirsə, biz də təyin etməliyik. Ancaq
"Vəkillik haqqında” qanunda yazılmışdı ki, biz mütəxəssis rəyi ala bilərik.
Məsələn, ərizəni məhkəməyə vermədən öncə imzanın hər hansı bir şəxsə aid
olub-olmaması barədə ekspert rəyi ala bilmirdik, yaxud da hansısa bir texniki
məsələlərlə bağlı. Yəni prosessual məsələlərdə işlənən ekspertizanın uzun müddətə
aparılması ilə bağlı da biznes qurumlarının, bankların narazılıqları var idi. Misal
üçün, məhkəmələrdə onların iddialarına baxılan zaman, aylarla, hətta elə olurdu,
bir il ekspertiza qurumunu gözləməli olurduq. Konkret olaraq prosessual
müddətlərinin müəyyən edilərək, sürətli baxılıb həll edilməsi də fərmanda
əksini tapıb. Budan başqa, dövlət başçısı tələb qoyur və vəkillərə tövsiyə edir
ki, qeyri-prosessual hərəkətlərə yol verməsinlər. Deməli, dövlət başçısında
məlumat var ki, o, bunu tövsiyə edir. Yəni Vəkillər Kollegiyasının üzvlərinə
bəyan edir ki, bununla bağlı ciddi tədbirlər görüləcək.Həmçinin məhkəmələrdə diferensasiya edilmiş rüsumların verilməsinin
tətbiqi fərmanda qeyd edilir. Hesab edirəm ki, bu, çoxdan tətbiq edilməli idi.
Çünki şəxs məhkəmədə digər şəxsə qarşı ərizə verir və on milyon vəsait istəyir.
Bilirsiniz, məsuliyyət yox idi, birinci instansiya məhkəməsində 40 manat,
apelyasiyada onun yarısı qədər, Ali Məhkəmədə də onun yarısı qədər pul
ödəyirdi. Yəni şəxs təxminən 80 manat ödəməklə, milyonluq, milyardlıq iddia
qaldırırdı. Bu da absurddur və hüquqlardan sui-istifadədir. Artıq şəxs iddia
həcminə uyğun olaraq rüsum ödənilməsini qaldıracaq. Bu pul vəsaitlərinin
hesabına da məhkəmənin hakimlərinin, texniki işçilərinin maaşlarını artırmaq
olar. O cümlədən bununla bəzi ədalətsiz iddiaların qarşısı alınacaq. Düzdür, bu
o demək deyil ki, pulu olmayan şəxs iddia qaldırmaq imkanından məhrum ediləcək.
Bəzi ağzıgöyçəklər deyirlər ki, guya bu, şikayət vermək hüququnu
məhdudlaşdırmaqdır. Amma əsla elə deyil və böyük ehtimalla, əvvəllər olduğu
kimi, qanunvericilikdə möhlət verilməsi, azad edilməsi institutu olacaqdır. Məsələn,
aztəminatlı ailələr rüsumdan azad ediləcək.
- Bu fərmandan irəli gələn
məsələlərin həlli, məhkəmələrin fəaliyyətində hansı dəyişikliklərə gətirib
çıxaracaq?
- Öncə məhkəmələrdə elektron sənəd dövriyyəsinin artırılmasına
gətirib çıxaracaq. Artıq bununla bağlı bir xeyli işlər görülüb. Hətta Vəkillər Kollegiyasının
üzvlərinə Ədliyyə Nazirliyi vasitəsilə kurslar da keçirilib. Bu gün artıq elektron
kabinetlər var və qərarların elektron qaydada alınması həyata keçiriləcək. Bəzi
iqtisadi işlərdə icraatlar var ki, artıq elektron qaydada iddia ərizəsi
verilməsi mümkündür. Yəni hüquqi şəxsin elektron imzası var, daxil olur və
iddia ərizəsini göndərir. Eyni zamanda sübutlara əlçatanlıq var ki, vəkil sorğu
verərək məlumatları əldə edə bilir. Əvvəllər məhkəməyə iddia ərizəsi vermək
üçün gedib bankda rüsum ödəyirdik. İndi artıq o yoxdur və ərizəni məhkəməyə
verirsən, sonra elektron qaydada rüsumu ödəyirsən. Bütün bunlar hamısı məhkəmə
icraatının sadələşdirilməsidir.Onu da qeyd edim ki, hazırda digər qurumlarla birgə mediasiya ilə
bağlı treninqlər keçirilir. Bu qanunun qəbulu ilə bağlı Milli Məclisə təşəkkür
edirik və təşəbbüskarı olan parlamentin hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynliyə minnətdarıq. Çünki bu, çox vacib qanundur. Bundan
sonra məhkəmədən əvvəl tərəflər arasında mübahisənin həll edilməsi üçün
mexanizm olacaq.Bir məqama da toxunum, bizdə məhkəmə iclaslarının protokolları ilə
bağlı çox ciddi narazılıqlar var idi. Qanunvericiliyimizdə belə bir norma var
idi ki, vəkillər məhkəmə iclaslarının protokolu ilə tanış ola bilərlər, yəni
baxıb geri qaytarırdılar. Hətta bəzi hakimlər protokolun surətini bizə
vermirdilər. Artıq dövlət başçısı bu fərmanı ilə problemi kökündən həll etdi.
Belə ki, məhkəmələr audioyazı əsasında protokolları tərtib edəcək və bu,
vəkillərə təqdim olunacaq. Məhkəmə iclasları ilə bağlı elementar şəkildə
audioyazının tətbiqi çox böyük saxtakarlıqların qarşısını da alacaq.
- İxtisaslaşmış məhkəmələrin
yaradılması ədalət mühakiməsinin təmin olunmasında hansı keyfiyyət
dəyişikliyinə səbəb olacaq?
- İxtisaslaşmış məhkəmələrin yaradılması çox vacibdir. Belə
məhkəmələr vergi, gömrük mübahisələri ilə bağlı olur. Mən o sahə üzrə
ixtisaslaşmış vəkiləm. Bilirəm ki, o sahədə təcrübə azdır. Yəni vergi, gömrük,
maliyyə qanunvericiliyini bilən peşəkar hakimlər yetişdirmək lazımdır. Misal
üçün, iki müəssisə arasında iqtisadi mübahisəyə baxılır, bax, bunun özü aylarla
çəkməməlidir. Bu məsələyə operativ baxılması, ədalətli qərarların qəbul
edilməsi Azərbaycanda müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, maliyyə
intizamına gətirib çıxaracaq. Şəxs biləcək ki, kiməsə qarşı absurd iddia
qaldırsa, özü cəzalana bilər. Yəni qayda-qanun olmalıdır, özbaşınalığa yol
verilə bilməz.
- Fərmanda hakimlərin sayının
artırılması nəzərdə tutulur? Bu, hansı zərurətdən doğur və hansı faydaları
olacaq?
- Onu qeyd edim ki, hazırda hakimlərin və məhkəmələrdəki texniki
işçilərin maaşı aşağı səviyyədədir. Düşünürəm ki, hakimlərin təminatı
artırılmalıdır. Fərmanda da göstərilir ki, əmək haqları əhəmiyyətli dərəcədə
artırılacaq. Biz onun tərəfdarıyıq ki, hakimin maddi təminatı güclü olsun.
Hakimlər ən güclü təmin olunmuş şəxslərdən biri olmalıdır. Eyni zamanda
hakimlərin sayının 200 nəfər artırılması da fərmanda öz əksini tapıb. Biz
vəkillər bilirik ki, hakimlərin nə qədər iş yükü var. Elə hakim var ki,
icrasında yüzlərlə iş var və fiziki cəhətdən çatdıra bilmir. Ona görə də,
hakimlərin sayının artırılması çox yaxşı haldır. Qənaətim budur ki, bu say,
gələcəkdə yenidən artırılacaq.
- Fərmanda vəkillik institutu
ilə bağlı qeyd edilən məsələlər bu sahəyə də təsir göstərəcəkmi?
- Dövlət başçısının imzaladığı bu fərmanda Vəkillər Kollegiyasına da
müəyyən tövsiyələr edilir. Düzdür, biz konstitusion təsisatıq və digər ictimai
təşkilatlar kimi deyilik. Buna baxmayaraq, əslində bu tövsiyələr biz vəkillərin
fəaliyyətində geniş imkanlar yaradacaq. Bu baxımdan islahatların aparılmasında
maraqlıyıq. Vəkillər Kollegiyası da ölkə rəhbərliyinin bu təşəbbüslərini tam
dəstəkləyir. Onu da qeyd edim ki, bu islahatlar birbaşa vəkillik institutuna da
müsbət təsir göstərəcək. Belə ki, ədalətli qərarların qəbul edilməsi, neqativ
halların olmaması vəkillərin qazancını artıracaq. Bütün dünyada vəkillər ən
təmin olunmuş şəxslər kateqoriyasına aiddirlər. Birincisi, vəkil məhkəməyə
gedəndə ədalətli qərar qəbul ediləcək. İkincisi, özünün iddiasını daha səmərəli
şəkildə qaldıra, sübutları daha effektli təqdim edə biləcək. Eyni zamanda
qərarları əldə etmək üçün günlərlə gedib gözləməyəcək.
- Məhkəmə-hüquq sistemində aparılacaq
islahatların müsbət təsirini praktiki olaraq nə vaxt hiss edəcəyik?
- Biz bu fərmandan irəli gələn məsələlərin müsbət təsirinin qısa
zamanda şahidi olacağıq. Çünki məsələlərin həlli üçün müddətlər az qoyulub.
Misal üçün, "Mediasiya haqqında” qanunla müqayisə etsək, həmin qanun mart
ayının 29-da Milli Məclisdə qəbul edildi. Dövlət başçısı bu qanunun təsdiqi ilə
bağlı aprelin 3-də fərman imzaladı. Bu da onu göstərir ki, bu islahatların
həyata keçirilməsində dövlət maraqlıdır. Sevindirici haldır ki, islahatların
aparılmasında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın əzmkarlığı diqqət çəkir. Bu islahatlara qarşı çıxacaq hakimlər
indidən istefa versinlər. Vəkil keyfiyyətsiz işləyəcəksə, vətəndaşı müdafiə edə
bilməyəcəksə, onun özü vəkilliyinə xitam versin, gedib başqa işlə məşğul olsun.
Bunun başqa yolu yoxdur. Onu da qeyd edim ki, bundan sonra peşəkar vəkillərə
tələbat artacaq. Vəkillər Kollegiyası da bu islahatların aparılmasında ölkə
rəhbərliyinin təşəbbüslərini tam dəstəkləyəcək.
BƏXTİYAR