• bazar, 22 Dekabr, 10:03
  • Baku Bakı 8°C

Bu il balıq bol olacaq - REPORTAJ

16.09.23 03:41 12441
Bu il balıq bol olacaq - REPORTAJ

Başlayan balıq mövsümündə alıcıları ən çox maraqlandıran sual yenə də balıqların qiymətləri və keyfiyyətidir. Satıcılar deyir ki, dəniz məhsulları baha olsa da, alıcıları çoxdur. Lakin göl balıqlarının da keyfiyyəti yaxşılaşıb. 

Artıq balıq mövsümü başlayıb. Həm bazarlarda, həm də marketlərdə alıcılara təklif olunan balıq məhsullarının çeşidləri də artıb. Biz də başlayan mövsümdə balıq bazarının vəziyyətini öyrənmək üçün üz tutduq “Keşlə” bazarına. Budur, satıcıların müştəri çağırış səsləri yüksəlməyə başlayır. Balıqlar haqqında məlumat əldə etmək üçün piştaxtaların birinə yaxınlaşdıq. 

Oktyabrın əvvəli daha yaxşıdır

Satıcı Xalidə xanım deyir ki, hələ mövsüm indi başlayıb: “Ayın sonunda piştaxtalar daha dolu olur. Mövsüm başlayıb, amma hava hələ istidir. Bol balıq üçün oktyabrın əvvəli daha yaxşıdır. Həmin vaxt İrandan, Rusiyadan yaxşı məhsullar gəlir. İndi 3-5 balıq var, qalanı hələ ki, yoxdur. Mövsüm vaxtı alıcılar da çox olur. Düzdür, yayda da yaxşı işləmişik. Amma tələbat ən çox mövsüm vaxtıdır”. 

Qiymətlər dəyişməyib

Balığın qiymətlərinə gəlincə, satıcı xanım deyir ki, qiymətlər bahalaşmayıb: “Qızılxallı (forel) 11 manat, Naxçıvan çəkisi (sazanı) 10 manat, göl balıqları 7-8 manatadır. Biz topdan gətirən balıqçılardan alıb üzərinə 50 qəpik qoyub satırıq. Qiymətlər yaxşıdır, qalxmayıb. Mövsümdə də qiymətlər elə eyni qalır. Əksinə, məhsul çoxaldıqca qiymətlər daha da aşağı düşür. Mal az olanda bahalaşır. İndi ən çox qızılxallı (forel), bölgə (beluqa), Naxçıvan çəkisi satılır”.  

Xalidə xanım bildirir ki, böyük balıqlar əsasən xaricdən gətirilir: “İran balıqlarını - bölgə və “forel”i özümüz yetişdirə bilmirik. Çünki ölçüsü bu qədər böyük olmur. Onlarda göl böyükdür, 300-500 hektar ərazidə yetişdirirlər, amma bizdə o şərait yoxdur, cəmi 5-10 hektardır. Amma İranda elə yetişdirilir ki, elə bil dənizdən çıxarılıb. Məsələn, 10 il əvvəl bu qədər ağ balıq yox idi. Çünki yetişdirə bilmirdilər”. 

Dəniz məhsulları daha bahadır

Həmsöhbətimiz ilə danışdıqdan sonra digər satıcı xanıma yaxınlaşırıq. Xanım bildirir ki, dəniz balıqları qiymət cəhətdən daha baha olsa da, alıcısı da həmişə boldur: “Göl balığı da var, dəniz də. Vannanın içərisində olanlar göl balığıdır. Dəniz balığına təbii sıf (sudak), Naxçıvan sazanı, kefal, ziyad (kütüm) daxildir. Sazan (çəki), ağ amur (belamor) isə göldə yetişir. Sıf 15 manat, Naxçıvan çəkisi 10-12 manat, kefal 10 manatdır. Hazırda tək ziyad balığı yoxdur. Çünki havalar soyuduqda olacaq. Amma balığın az və ya çox olacağını əvvəldən bilmək olmur. Lakin hər il mövsüm vaxtı həm balıq bol olur, həm də müştəri”.  

Bazarda müştəri azlığı hiss edilir. Satıcı Təranə xanım bildirir ki, həftə sonları insanlar bazarda daha çox olur. Həm də hazırda məktəb mövsümü yeni başlayıb, insanlar məzuniyyətdən yeni qayıdır deyə alver azdır. Amma sentyabrın sonlarına doğru bazar insanla dolub-daşacaq.

Ən bahalı balıqlar

Satıcının fikrincə, qiymətlər sabit qalsa da, tək qiyməti oynayan ziyad balığıdır. Bəzən 15 manat olur, bəzən də 10 manat: “Bir də ziyad qədər bahalı xəşəm balığıdır. Onların da kiloqramı 15 manatdır. Ən bahalı balıqlar isə bölgə və qızıl balıqdır. Bu balıqlar İrandan gəlir. Məsələn, qızıl balıq 30 manatdır. İrandan gələn bölgə isə 35-38 manata satılır”. 

Əvvəl balığın əti palçıq dadı verirdi

Təranə xanım deyir ki, qabdakı göl balıqlarına da artıq tələbat artıb. Çünki saxlanma şəraitləri daha yaxşılaşıb: “Əvvəl göl balığının dadı pis olurdu. Çünki balaca yerdə göl yaradıb yetişdirirdilər. Ona görə balığın əti palçıq dadı verirdi, suyu dəyişdirilmirdi. İndi Kür çayının qarşısını kəsirlər, hasara alırlar, çay suyu axır, orada təbii şəkildə balıqlar yaşayır.

Hazırda göldə saxlanılan balıqların ərazisi genişdir. Həmçinin, axar su olduğu üçün daha təmizdir. Amma göl balıqları gec-gec gəlir. Hava isti olduqda yolda ölürlər. Ona görə çəlləkdə hava verilərək gətirilir. Amma dəniz balıqları qutuda, buzun içində ölü halda gəlir. Göl balığını ölü halda gətirsələr, yağlı olduğu üçün daha tez xarab olar”.  

Budur, bir müştəri Təranə xanıma yaxınlaşır. Biz də yaxınlaşıb alıcı Cavidlə söhbətləşirik. Danışığından hiss olunur ki, balıqdan çox yaxşı başı çıxır. Deyir ki, yayda alınmayan ağ balıqdır. Zəhərlənməyə səbəb olduğu üçün insanlar qorxur: “Çox vaxt çəki balığı alıram. Çünki həm qızarmağa yaxşıdır, həm ləvəngiyə”. 

Ağ dəniz balığının kiloqramı 100 manatdır

Alıcının fikrincə, dəniz balığı daha dadlıdır: “Ağ dəniz balığının kiloqramı 100 manatdan aşağı deyil. Amma bu bazarda göl balığıdır, ona görə qiyməti 35 manatdır. Mən isə daha çox dəniz balığı alıram. Çünki göl balığını bilmək olmur. Kür balığı yaxşıdır, amma kanalda olan yox. Bu yaxınlarda Mahaçqala çəkisi aldım, amma onlar bizim balıqların dadını vermir. Ölkəmizdə Xəzər dənizi dərin olduğu üçün balıqlar rahat yaşayır, amma üzü şimala doğru hövzə dayaz olur. O zaman balıqlar qamışlıqda palçıq yeyir. Ona görə dadları yaxşı deyil”. 
Cavid bəylə söhbət edə-edə bir də baxırıq ki, Təranə xanım artıq balıqları yuyub, təmizləyib, hazır edib. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər