Bu bazarda da bahalaşma olacaq? - ARAŞDIRMA
Ekspertlər
deyirlər ki, tikinti sektorunda qaydaların qismən sərtləşdirilməsi, prosesə nəzarətin
gücləndirilməsi əmlak bazarında da qiymətlərə təsir göstərir
2021-ci
ilin bitməsinə bir neçə ay qalıb. İlin sonuna doğru bəzi sahələrdə qiymət
artımları müşahidə olunur. Qaz və neft bazarlarında qiymətlərin kəskin şəkildə
bahalaşması diqqət mərkəzindədir. Bu artımlar kommunal xərclərin də
qaldırılmasına şərait yaratdı. Bazar və supermarket, iri ticarət mərkəzləri,
geyim sektorunda da qiymətlərin bahalaşdığını müşahidə edirik. Həmçinin əhalinin
gəlirlərinin artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bəs bu qiymət
artımları fonunda daşınmaz əmlak bazarında vəziyyət necədir? Qarşıdakı dövr
üçün qiymətlərlə bağlı hansı proqnozlar var?
Təklif
portfelinin azalması
Əmlak bazarı
üzrə ekspert Nüsrət İbrahimli deyir ki, daşınmaz əmlak bazarında 2020-ci ildə və 2021-ci ilin ötən
doqquz ayında artım müşahidə edildi: "Bu, əsasən, tikinti sektorunda maya dəyərinin
artımı və yaşayışın bahalaşması, yəni inflyasiya prosesləri ilə bağlıdır. Çünki
bir tərəfdən tikinti materialları bazarında, digər tərəfdən də yanacaq
sektorunda bahalaşma davam edir. Bu da həyat tərzinin bahalaşmasına gətirib
çıxarır. İstehlak və istehsal sahələrində qiymətlərin artımı qaçılmaz olur. Bu
artım maya dəyərinin də qiymətinin yüksəlməsinə gətirib çıxarır və satış qiymətinə
də öz təsirini göstərir. Digər tərəfdən də, mənzil sektorunda görülən işlərdə azalma
var. Bu da nəticədə təklif portfelinin azalmasına gətirib çıxarır və tələb təsiri
yaradır və qiymətlərin artımına təsir göstərir”.
4-6 faiz
bahalaşma proqnozlaşdırılır
Nüsrət
İbrahimli bildirir ki, qiymətlərin artım dinamikasının gələn il də müşahidə
edilməsi gözlənilir: "Amma artımın nə qədər olacağını demək çətindir. Ehtimal etmək
olar ki, inflyasiya səviyyəsində qiymət artımı qaçılmaz olacaq. Gələn il
daşınmaz əmlak bazarında haradasa 4-6 faiz qiymət artımı olacaq. Daha çox qiymət
artımı mənzil sektorunda gözlənilir”.
Nisbi
artım
"Əmlak”
Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, hazırda qiymətlərdə dinamik artım müşahidə
olunmasa da, nisbi artımlar var: "Daşınmaz əmlak bazarındakı durum daha çox
qeyri-aktiv tendensiya ilə müşahidə olunur. Qiymətlərdə böyük dəyişiklik yoxdur.
Müəyyən istiqamətlər üzrə nisbi artımlar gözə dəyir”.
Təmir-bərpa
işlərinin təsiri
Ramil Osmanlı deyir
ki, qiymət artımını şərtləndirən səbəblərdən biri də işğaldan azad
edilmiş torpaqlarda gedən quruculuq işlərdir: "Son dövrlər baş verən proseslər
daşınmaz əmlak bazarında da qiymət artımını əsaslandırır. İşğaldan azad olunmuş
ərazilərdə təmir-bərpa işləri, infrastruktur layihələri həyata keçirilir. Bu da
ölkədə tikinti sahəsinə ayrılan vəsaitlərin həcminin artımına təsir göstərir. Həmin
vəsaitlərin müəyyən hissəsi bu və ya digər formada daşınmaz əmlak bazarına
yenidən geri qayıdır. Bunun nəticəsində də daha çox qiymət artımı müşahidə
olunur”.
Dəyişən tələblər
Ramil
Osmanlı bildirir ki, tikintiyə icazə şərtlərinin dəyişdirilməsi də qiymətlərə təsir
göstərir: "Tikinti sektorunda qaydaların qismən sərtləşdirilməsi, prosesə nəzarətin
gücləndirilməsi də əmlak bazarında qiymətə təsir göstərir. Əvvəllər çox kiçik ərazilərdə
çoxmənzilli bina inşa etmək mümkün olurdusa, indi bunun üçün torpaq sahəsinin
mülkiyyətdə olması və müəyyən tələblərə cavab verməsi şərtdir”.
Əvvəl və
indi
Ramil
Osmanlı qiymətlərə təsir edən dəyişiklikdən də danışdı: "Əvvəl 2 bloklu
16-17-18 mərtəbəli binanı inşa etmək üçün investora təqribən 20-25 sot torpaq
kifayət edirdi. Bu torpağın mülkiyyətdə olması da şərt deyildi. İndi, təqribən
eyni ölçüdə olan binaları inşa etmək üçün minimum 60-70 sot torpaq sahəsi tələb
olunur. Həmin torpaq sahəsinin mülkiyyətdə olması əsas tələblərdən biridir. Bu
payın artımı, nəticə etibarilə, maya dəyərinə ciddi təsir göstərir və qiymət
artımına gətirib çıxarır”. Ramil
Osmanlı sonda bildirdi ki, növbəti il üçün proqnozlar qiymət artımını şərtləndirir:
"Hesab edirəm ki, növbəti ilin əvvəlində daşınmaz əmlak, xüsusən də, mənzil
bazarında daha çox qiymət artımı müşahidə edəcəyik”.
Zərif
Salmanlı