“Bu avtomobillərlə bağlı kreditlər sadələşdirilə bilər” - MÜSAHİBƏ
Ekspertin fikrincə, ƏDV-dən azad edilmədən sonra
hibrid və elektromobillərin qiyməti ucuzlaşıb. Növbəti 5 ildə Azərbaycanın
avtomobil parkında ciddi yenilənmə olacaq. Ekoloji təmiz avtomobillər bu parkda
ən azı 25 faiz yer tutacaq.
Ekoloji təmiz avtomobillərin ölkəmizə gətirilməsi,
vətəndaşlar tərəfindən istismarı, idxalının və istismarının stimullaşdırılması
ilə bağlı addımlar atılır. Bu
addımlardan biri də yanvarın 1-də qüvvəyə minib. Qanunvericiliyə görə, yeni
hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən, elektrik mühərrikli
avtomobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-dən azad
olunur.Hazırda Azərbaycanda elektromobil, hibrid bazarında
vəziyyətlə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovla söhbətləşdik.
"Yol xəritəsi”ndə öz əksini tapıb
- Eldəniz bəy, ölkəmizdə elektromobillərdən istifadə
istənilən səviyyədə deyil. Dünyada və Azərbaycanda hansı təşviqedici addımlar
atılır?
- İnkişaf etmiş ölkələrdə əvvəlcə elektromobil
idxal edən şəxslərə hər avtomobilə görə dövlət tərəfindən subsidiya verildi. Həmçinin,
avtomobili satan şirkətlər kredit sövdələşməsində də öz şərtlərini banklara təklif
edir, vətəndaşlar da asanlıqla alırdılar. Bu gün siz Avropa ölkələrində
elektromobil almaq istəsəniz, həddən artıq güzəştlər təklif olunacaq. İlk mərhələdə
vətəndaşlar hibrid və elektromobillərə həvəs göstərmirdilər. Ona görə də o ölkələr
genişmiqyaslı paketlər təklif edirdilər. Bu təbliğat artıq dünyada gedib, Azərbaycan
vətəndaşları da bundan məlumatlıdırlar və maraq göstərirlər. Hazırda ölkəmizdə
hibridlər kifayət qədər məşhurdur.
- Elektromobillərin üstünlüyünü təbliğ edirik.
Lakin qiymətlər cib yandırır. Bununla bağlı təkliflər varmı?
- Ekoloji təmiz avtomobillərin ƏDV-dən azad edilməsindən
sonra Azərbaycandakı rəsmi diler və distributorlar artıq ölkəmizə idxal olunan
hibrid və elektromobillərin qiymətini endiriblər. Növbəti mərhələlərdə daha
geniş paketlər təklif olunub. Onlardan ən başlıcası, bu avtomobillərlə bağlı kreditlərin
sadələşdirilməsidir. Bu gün Azərbaycanda kreditlə avtomobil almaq olduqca çətindir.
Hətta yüksək maaş alan vətəndaşlarımız da çətinlik çəkirlər. Çünki bank faizləri,
hesablamalar, ağır şərtlər müştərini qaçırdır. Amma ekoloji təmiz avtomobillərə
kreditlər sadələşdirilsə, vətəndaşlar üçün uyğun şərtlər təklif olunsa, o zaman,
əlbəttə ki, hər kəs bu avtomobillərə daha çox üstünlük verəcək. Bank güzəştləri,
müxtəlif rüsumlardan azad olunmaq, parklanma yerlərinin pulsuz olması bu
avtomobillərə marağı artırar. Bu növ stimullaşdırıcı addımların müddəaları
artıq ötən ilin sonunda hazırlanan "yol xəritəsi”ndə öz əksini tapıb, təkliflərimiz
qəbul edilib. Ümid edirik ki, dövlət qurumları bu məsələləri həyata keçirəcəklər.
Biz də yaxın illərdə avtomobil parkımızı, sadəcə benzin, dizel mühərrikli deyil,
ekoloji təmiz avtomobillərlə yeniləyə biləcəyik.
"Asan deyil, böyük xərc tələb edir”
- Bəs infrastruktur necə? Biz buna hazırıqmı?
- Bu gün Azərbaycana ekoloji baxımdan daha təhlükəsiz
olan nəqliyyat vasitələrindən yalnız hibrid və elektromobillər idxal olunur.
Hibridlər üçün xüsusi infrastruktura ehtiyac yoxdur. Onların ənənəvi mühərriki
ilə yanaşı, elektrik motoru da var. O motor enerjini avtomobilin hərəkətindən
toplayır. Avtomobili şarj etməyə ehtiyac qalmır. Elektriklə çalışan avtomobillərin
isə sayı Azərbaycanda, hələ ki, çox deyil. Elektrikdoldurma məntəqələrinin sayı
da həmin avtomobillərin sayına mütənasibdir. Elektromobillərin sayı artdıqca, məntəqələrin
də sayı artacaq. Düzdür, infrastrukturun yaradılması asan deyil, böyük xərc tələb
edir, lakin bu gün iqtisadiyyatın dayanıqlılığı şərait yaradır ki, biz bu işin
öhdəsindən gələk.
- Adətən ölkəyə yeni avtomobil gələndə, ustaların,
ehtiyat hissələrin çatışmazlığı ilə qarşılaşırıq. Hazırda vəziyyət necədir? Ölkədə müasir üsulla işləyən ustalar
yetişirmi?
- Rəsmi olaraq, istehsalçı şirkətlərin bir qaydası
var ki, hər hansı bir ölkəyə yeni modeli gətirməzdən öncə onların servisi
qurulur. Ustalara təlim keçilir, ehtiyat hissələri hazırlanır. Servis tam hazır
olduqdan sonra həmin model ölkəyə gətirilir. Problem ona görə yaranır ki, ölkəyə
servisi olmayan markaların modellərini gətirirlər. Sonra həmin avtomobildə
nasazlıq yarandıqda təmir edə bilmirlər. Həmin markalar, əlbəttə ki, gözdən
düşür, avtomobil həvəskarları o modellərə müraciət etmir. Məşhur Avropa
brendi vaxtilə sedan modelini Azərbaycana
gətirdi, lakin bu modelin servisini qurmadı. Daha sonra avtomobildə yaranan
nasazlıqları aradan qaldıra bilmədilər. Ehtiyat hissələri və ustası yox idi.
Bundan sonra bu modelin imici aşağı düşdü. Ekoloji təmiz avtomobilləri gətirən,
istehsalçıya birbaşa bağlı olan diler və distributorlar, əlbəttə ki, ilk növbədə
həmin modellərin servisini qurmalı, daha sonra ölkəyə idxal etməlidir. Alıcılar
diqqətli olmalıdırlar. Ölkədə servisi olmayan avtomobili almamalıdırlar. Ucuz
lizinq və kredit şərtləri təklif oluna bilər. Amma həmin
modelin servisi qurulmayıbsa, ondan imtina etmək lazımdır.
"Əgər belə bir problem olsaydı...”
- Elektromobillərdə artıq miqdarda radiasiyaya məruz
qaldığımız iddia olunur...
- Bu faktla yaxından tanış deyiləm. Biz avtomobil seqmentində
Avropa spesifikasiyasına bağlıyıq. Avropa İttifaqı ölkələrində avtomobillərin
yoxlanılması, texniki baxışı, zərərli olub-olmaması, ekoloji təmiz olması,
atmosferə zərər vurub-vurmaması, insan sağlamlığına təhlükəsi ciddi şəkildə
yoxlanır. Əgər belə bir problem olsaydı, həmin brendlərin Avropa İttifaqında
satışı qadağan edilərdi. Bəlkə hansısa ölkədə hazırlanan elektromobilin
şüalanması çox ola bilər. Amma hər halda, Azərbaycan üçün bu, təhlükəli deyil.
Çünki bizim ölkəyə Avropaya idxal olunan elektromobillər gətirilir.
- Sizcə, ölkəmizin avtomobil parkında benzin və
dizellə işləyən avtomobilləri ekoloji təmiz avtomobillər nə vaxt üstələyəcək?
- Prosesə 3 il əvvəl başlasaydıq, daha tez uğura
nail ola bilərdik. Amma yenə də gec deyil. Planlarımızı addımbaaddım həyata
keçiririk. Yəqin ki, növbəti 5 ildə avtomobil parkımızın yenilənməsinə nail
olacağıq. 100 faiz olmasa da, ölkəmizdə ən azı 25 faiz ekoloji təmiz avtomobillər
olacaq.
Aygün ƏZİZ
Foto-
Rəşad Mehdiyev / Global Media Group