• cümə, 26 Aprel, 20:06
  • Baku Bakı 22°C

Bu, Avropaya inteqrasiya yolu ilə irəliləyən ölkəyə qarşı haqsızlıqdır

30.10.13 08:29 1923
Bu, Avropaya inteqrasiya yolu ilə irəliləyən ölkəyə qarşı haqsızlıqdır
Elşən Musayev: «Avropa Azərbaycana nə qədər lazımdırsa, onun ən az on qatı qədər də Azərbaycan Avropaya lazımdır»
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Avropa Parlamentinin oktyabrın 23-də qəbul etdiyi məlum qətnaməyə, həmçinin bəzi Qərb dairələrinin Azərbaycan əleyhinə sərgilədiyi mövqelərə münasibətini açıqlayıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə ABŞ Dövlət Departamentinin nümayəndələrinin Azərbaycandakı seçkilərlə bağlı yanlış mövqedə olduğu bildirilib.
Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycan hakimiyyətinin zaman-zaman Avropa strukturlarının rəylərinə səbirli münasibət göstərdiyini, lakin qarşı tərəfin bu səbirliliyi zəiflik kimi qəbul etdiyini vurğulayıb. O, akademik Ramiz Mehdiyev səviyyəsində bu məsələlərə münasibət bildirilməsini həm Azərbaycan cəmiyyətinə çatdırılan düzgün mesaj, həm də xarici dövlətlərə və beynəlxalq təşkilatlara verilən tutarlı cavab kimi qiymətləndirib: “Avropa Parlamentinin Dağlıq Qarabağ problemi ilə bağlı bu cür mövqe bildirməsi üçün uzun illər tələb olundu. Təbii ki, biz bunu düzgün qərar kimi dəyərləndiririk. Amma məsələ bundadır ki, Avropa Parlamentinin verdiyi qərarın icrası şübhə doğurur. Digər tərəfdən, fikirləşirəm ki, əgər Azərbaycanda prezident seçkiləri keçirilməsəydi, Avroparlament bu gün belə qətnamə qəbul edərdimi? Görünür, Azərbaycanı pisləyən bir qərarın olacağı gözlənilən imiş. Sadəcə, onlar Dağlıq Qarabağ probleminə aid Azərbaycanın mənafeyinə uyğun qətnamə qəbul etməklə, balansı saxlamaq istəyiblər. Bu da təbii ki, ikili yanaşmadır. Prezident seçkilərini bütün dünya, o cümlədən xarici müşahidəçilər izləyiblər. Hər hansı ciddi qanun pozuntusunun olmadığı təqdirdə seçki prosesinə qara yaxmaq, onun nəticələrini şübhə altına almaq, hesab edirəm ki, yolverilməzdir. Demokratik dəyərləri üstün tutan, Avropaya inteqrasiya yolu ilə irəliləyən bir ölkəyə qarşı bu, haqsızlıqdır. ABŞ Dövlət Departamenti, Amerikanın ATƏT-dəki nümayəndələrinin Avropa təşkilatlarına təzyiqi də göz qabağındadır. Ona görə də Azərbaycan tərəfi hörmətli akademik Ramiz Mehdiyev vasitəsilə bu məsələlərə aydınlıq gətirib. Azərbaycanın müstəqil siyasət apardığı bir daha ortaya qoyulub. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, müəyyən zamanlarda onların tövsiyələrini də nəzərə alırıq. Lakin o halda ki, beynəlxalq təşkilatlar Azərbaycan dövlətçiliyinə ziyan vura biləcək mövqe nümayiş etdirirlər, həmin an ölkəmiz rəsmi şəkildə buna cavab verir”.
Administrasiya rəhbərinin fikirlərini şərh edən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söylənilənləri seçkidən sonrakı vəziyyətin təhlili istiqamətində ən dolğun, ən mükəmməl dəyərləndirmə kimi qələmə verib. Bildirib ki, həmin açıqlamada real və təfsilatına varılan faktlar öz əksini tapıb: “Beynəlxalq aləmin proseslərdəki rolu, eyni zamanda onların fəaliyyətindəki pozitiv və neqativ məqamlar həmin açıqlamanın əsas tərkib hissəsi kimi çıxış edib. Bəs əslində nə baş verir və ya Administrasiya rəhbərinin qeyd etdiyi nüanslar özündə hansı məramları ifadə edir? Əvvəla ondan başlayaq ki, gerçəkdən Avropanın son 10 ildə əsl simasını görmək mümkün deyil. İslam adı ilə ortalığa atılan terroçu qüvvələr dini dəyərlərlə necə spekulyasiya edirlərsə, Avropa da son dövrlər təxminən bənzər bir formada “demokratiya”, “şəffaf seçki”, “hüquq və azaqlıq” anlayışları ilə eyni blefi edir. Həm də tam açıq və gözlə görünən formada! Bütün konturları bəlli edərək! Niyə? Çünki, dəyişən ahəng budur. Mexanizm budur. Dünyanın təyin etmə, qiymətləndirmə, meyar üslubu budur. Oysa, belə olmasaydı Azərbaycandakı seçkilər öz nəticələrini bu qədər aydın bir formada, həm də yetərli faktlarla bəlli etdiyi halda, Avropa və Qərbin bir sıra “cəfakeş”lərinin tənəsi, təpkisi ilə üzləşməzdi. Ya da, ayrı vaxt dünyanı demokratik dəyərlərə səsləyən qurumlar, təşkilatlar azlığı çoxluğa sırımaq cəhdində bulunmazdı”.
Politoloq deyib ki, hazırda ortalığı qarışdıran, suyu bulandıran ATƏT DTİHB kimi qurumlar meydanda tamamən tək qalmasına rəğmən bəzi qüvvələr tərəfindən fərqli şəkildə təqdim olunur: “Sanki bunların mövqeyi dünyanın axarını dəyişəcək gücdə imiş. Üstəgəl hələ bura əlavə kimi Amerika Dövlət Departamentinin rentabelsiz, qeyri-müəyyən rəyini də əlavə edirlər. Halbuki, bir daha xatırladıram, Departamentin açıqlamasından hələ də aydın bir qənaət hasil etmək mümkün deyil ki, bunlar nə demək istəyir və ya həmin açıqlama özündə hansı məramı ifadə edir. Digər qütbdə isə hər zaman öz sanbalını saxlayan AŞPA kimi təşkilatlar dayanıb. Amma baxın, həmin o haqqında danışdığım azlıq sanki dirəşib ki, biz deyənlə hesablaşmanız lazımdır. Tələb edirlər ki, mövqeyinizi dəyişin və məhz bizim kimi düşünün. Yaxşı bəs bunun adı nədir? Demokratiyadırmı? Belə dəyərmi olur? Belə prinsipiallıqmı olur? Və ya hələ seçkidən öncə açıq siqnallar mövcud idi ki, ATƏT-in Müşahidəçi Missiyası bəlli bir yönləndirmə siyasəti həyata keçirəcək. Səbəb də ondan ibarətdir ki, bir az fərqli bir az da “demokratiya fədai”si kimi görünüb günbə-gün düşən nüfuzlarını bərpa eləsinlər. Amma bir millərin taleyi hesabınamı? Bir xalqın iradəsini zorlamaq cəhdiləmi? Hardadır həmin ATƏT-in hər gün bir heyət dəyişən “Minsk Qrupu”? Azərbaycandakı seçkilərlə bağlı sərgilənən canfəşanlıq niyə Dağlıq Qarabağ məsələsində özünü göstərmir? ATƏT öz müşahidə missiyasını niyə bir də işğal olunmuş torpaqlarda keçirilən qondarma seçkilərə yönəltmir? Tana de Zuluetta niyə beynəlxalq qurumun nümayəndəsi kimi deyil, “Azadlıq”qəzetnin müxbiri kimi danışır? Niyə alternativ variantlar, tərəflər, dinləmələr, ən əsası da faktlar görməzdən keçilir? İsrarla qeyd olunur ki, seçkidə nöqsanlar aşkar olunub”.
E.Musayev bildirib ki, Avropa Azərbaycana nə qədər lazımdırsa, onun ən az on qatı qədər də Azərbaycan Avropaya lazımdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər