Bizim toyuqlar niyə bahadır?
Azərbaycanın quşçuluq
fabrikləri quş əti istehsalında çətinliklərlə üzləşir. Bunu Trend-ə
"İsmayıllı Quşçuluq" ASC-nin direktoru Zahid Qardaşov deyib. Onun
sözlərinə görə, bu sahənin aktual problemi damazlıq yumurta tədarükündə dövlət
nizamlanmasının olmamağıdır: "Ölkədə fəaliyyət göstərən bir neçə
təsərrüfat tərəfindən tədarük olunan damazlıq yumurtalar ikinci nəsil
yumurtalardır. Birinci nəsil damazlıq yumurtalar demək olar ki, tədarük
olunmur. Hesab edirəm ki, dövlət bu prosesi nəzarət altına almalıdır, çünki
nizamlanmanın olmaması bu sahənin inkişafını ləngidir. Hələlik isə bu sahədə
hər hansı bir addım atılmır".
Broyler şirkətlərinə
tədarük olunan damazlıq yumurtalardan diri quş kütləsinin artımı 1,7
kiloqramdan çox deyil ki, bu da Z.Qardaşovun sözlərinə görə, biznes üçün
səmərəli deyil. O əlavə edib ki, bu səbəbdən quş əti istehsalı ilə məşğul olan
müəssisələr çətinliklərlə qarşılaşır və əksər hallarda müflisləşmə ilə üz-üzə
qalır. Bu problemin nədən qaynaqlandığını, həlli istiqamətində hansı addımların
atıla biləcəyini öyrənməyə çalışdıq.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edir ki, rəsmi statistikaya əsasən, ölkənin yumurtaya olan tələbatı
100.5 faiz həcmindədir. Bu, tam ödənilsə də, quş ətinə olan tələbatın təmin
olunmasında kəsir var: "Yerli istehsal təxminən 79 faiz quş ətinə olan tələbatı
ödəyir. Azərbaycanda təxminən 1 ildə 1 milyard 714 milyon ədəd yumurta istehsal
olunur. Ölkənin əsas problemi quş əti ilə bağlıdır. Hazırda 104 min ton quş əti
istehsal olunur, amma reallıqda bu, 131 min ton olmalı idi ki, ölkə əhalisini
tam təmin etsin. Əgər rəsmi rəqəmlərin doğruluğuna inansaq, ölkəyə ildə 21 min
ton quş əti idxal olunur. 4 min ton da hindquşu və digər bu qrupdan olan ət
idxal olunur. Ümumilikdə il ərzində ölkəyə 2 milyarddan çox bir-iki günlük
cücələr gətirilir. Bizim bu prosesə il ərzində xərclədiyimiz ümumi vəsait 27
milyon dollar civarındadır”.
Ekspert
deyir ki, quşçuluq heyvandarlığın ən çətin və investisiya tələb edən sahəsidir:
"Son illər dövlət səviyyəsində görülən işlər çərçivəsində bu sahəyə ciddi
investisiyalar qoyulub. Bu sahənin inkişaf etməsi üçün yeni fabriklər qurulub
və texnologiyalar gətirilib. 2017-ci il yanvarın 1-dən quş əti satışına əlavə
dəyər vergisi ləğv olundu. Bu, nəticə etibarilə məhsulun maya dəyərinin
ucuzlaşmasına təsir edən ən mühüm faktorlardan biri olub. Dövlət səviyyəsində
bu addımlar atılıb. Lakin Azərbaycanda quşçuluğun damazlıq problemləri var.
Ölkəmizdə damazlıq təsərrüfatları ya yox səviyyəsindədir, ya da çox zəifdir.
Mövcud təsərrüfat damazlıq quşa olan tələbatı ödəmir. Əslində, 27 milyon dollar
civarında xərclənən vəsaitin böyük əksəriyyəti damazlıq məqsədi ilə gətirilən
quşlara sərf olunur. Bu günə qədər yerli sahibkarlar damazlıq quşları
İngiltərə, Macarıstan, Türkiyə kimi ölkələrdən idxal edirdilər. Amma son
məlumatlara əsasən, ərazi baxımından yaxınlığa görə artıq bu siyahıya İran da
daxil olub. Burada əsasən damazlıq ehtiyacları nəzərə alınır. Yumurta və bir
günlük cücələrin İran İslam Respublikasından idxalı barədə artıq razılıq əldə
edilib. Bu, Azərbaycanın uzun illərdir quşçuluq sənayesinin asılı olduğu
problemdir. Yerli elmi müəssisələr olmalı, onlar daim elmi seleksiya və sınaq
işlərini aparmalıdır. Həmin tədqiqat müəssisələri yeni quş sortlarının
yaradılması, quş cinslərində məhsuldarlıq göstəricilərinin artırılması üzrə
araşdırmalar aparmalıdır. Bu işi həmin ölkələrdəki elmi tədqiqat müəssisələri
həyata keçirir, yeni nailiyyətlər əldə edir və onu bizə pulla satırlar.
Halbuki, bu iş Azərbaycanda təşkil olunmalıdır”.
N.Nəsirli
qeyd edir ki, Azərbaycanda quşçuluq sektorunun birinci problemi damazlıq
təminatının olmamağıdır: "Quşçuluğun həm maya dəyərini artıran, həm də bu
sahəni çətinləşdirən istiqamət yem istehsalıdır. Təkcə 2017-ci ildə
Azərbaycanda 300 min ton quş yemi istehsal olunub. Bu, hətta kənd təsərrüfatı
üzrə strateji yol xəritəsində etiraf olunan bir rəqəmdir. Lakin bunun da əsasını
xammalın idxalı təşkil edir. Yəni, quş yeminin istehsalı üçün yem komponentləri
üzrə Azərbaycan xaricdən asılıdır. Quş yeminin əsasını qarğıdalı, soya, balıq
unu və müxtəlif vitamin preparatları təşkil edir. Bu komponentlərin hamısı ən
uzaq Braziliyadan belə gətirilir. Hökmən Azərbaycanda yemçilik elmi istiqamətdə
təşkil olunmalıdır ki, maya dəyərinə təsir etsin. Bütün dünya ölkələrində
toyuqçuluq zoobaytar baxımından ən həssas kateqoriya sayılır, bu sahədəki
həssaslığı təkcə Azərbaycana aid etmək olmaz. Əgər bir xəstəlik düşərsə, burada
ən azı yüz minlərlə quş tələf ola bilər. Əslində quşçuluqda 13 növ xəstəlik var
ki, Azərbaycan üçün bunlardan iki qrip mənşəli virus aktualdır. Xəstəliklər
quşların özlərinə və təsərrüfatlardakı məhsuldarlığın gəlirlərinə ən azı 70
faiz ziyan vurur”.
Azərbaycanda
quşçuluq sahəsində həssas baytarlıq sistemi qurulmayıb deyən ekspert bildirir
ki, ölkəmizdə quş ətinin və yumurtanın böyük hissəsinin fərdi təsərrüfatlardan
formalaşdığını da nəzərə almalıyıq: "Təxminən 826 mindən çox fermer ailəsi var
və onların böyük əksəriyyəti quşçuluqla məşğuldur. Xəstəliklər fərdi
təsərrüfatların gəlir səviyyəsinə çox ciddi ziyan vurur. Bəzən fərdi təsərrüfat
sahiblərinin fermasında kütləvi qırğınla bağlı informasiyalar yayılır. Bu cür
faktlar göstərir ki, Azərbaycanda quşçuluq sənayesinin baytarlıq təminatında
ciddi sistem qurulmayıb. Halbuki dünya praktikasında bu sistemlər var. Tutaq
ki, Gəncə-Qazax bölgəsində quşçuluğa hansısa bir xəstəlik düşürsə, bu çox
sürətlə yayılıb digər bölgələrə keçə bilər. Elə bir sistem olmalıdır ki,
xəstəlik yerində lokallaşdırılsın. Hesablamalar göstərir ki, quşçuluq ciddi
investisiya tutumlu bir sahədir. Bura marağı olan istehsalçı quşçuluq
sənayesinə girə bilməz. Bunun texnologiya, yem və baytarlıq təminatı kimi
tərəfləri var. Quşlar xəstəliyə və ətraf iqlim amillərinə qarşı çox
dözümsüzdür. Hesablamalar göstərir ki, quş ətinin maya dəyərinin formalaşmasında
təxminən 70 faizi yem komponentlərinin yerli istehsal olmaması təşkil edir.
Əgər Azərbaycanda yemçilik qurulsa, quş ətinin maya dəyərində ciddi ucuzlaşma
əldə edə bilərik. Uzun illərdir quş ətinin maya dəyərinin digər ölkələrlə
müqayisədə baha başa gəlməsi barədə müzakirələr gedir. Normalda dünyada il
ərzində adambaşına düşən quş ətinin istehlakı ortalama 350-366 kiloqramdır.
Amma Azərbaycanda bu, 300 kiloqrama gəlib çatmır. Bu da quş ətinin əlçatan
olmamağı ilə bağlıdır”.
Günel Azadə