Bizi “qocaldan” gizli təhlükə

Bu
günlərdə sosial medianın yeni trendi FaceApp effektidir. Məşhurlardan tutmuş
yeniyetmələrə qədər hər kəs "qocalmaq” eşqinə düşüb. Bir çoxları buna əyləncə kimi
baxır, yaşlanmış və ya cavan halları ilə tanış olmaq istəyirlər. Hətta məsələni
dramatikləşdirib öz yaşlı valideynlərini, yaxud itirdikləri qohumlarını
paylaşıb kövrələnlər də az deyil.
Təkcə
ölkəmizi deyil, dünyanı da öz ağuşuna alan Faceapp-da hər kəsi
təəccübləndirəcək faktlar da ortaya çıxıb. İddiaya görə, mobil cihazlar üçün
hazırlanmış bu proqram şəxsi məlumatınızı üçüncü şəxslərə sata bilər. Ən
təəccüblüsü isə tətbiqin 2 ildir çıxmasına baxmayaraq, son 3 gündə
məşhurlaşmasıdır.
Bəs bizi həqiqətən təhlükə gözləyirmi?
Proqramı
App Store və Play Store-dan pulsuz yükləmək mümkündür. Lakin yükləyərkən
marağımıza məğlub olub bəzi müqavilələrlə razılaşırıq. "Göndərdiyiniz
informasiyalarla bağlı heç bir tələb qoya bilməzsiniz”, "yaşlanma fotonuz reklam
və tanıtım üçün istifadə oluna bilər”, və s kimi tələbləri qəbul edirik. Face
app süni zəkadan istifadə edir və yüklənən foto üz tanıma texnologiyası üçün
saxlanıla bilər. Proqramı telefona yüklədiyiniz anda bütün şərtləri qəbul
edirsiniz. Ip ünvanınız belə, proqram tərəfindən yazılır. Bunun vasitəsilə,
hətta telefonunuzdakı bütün məlumatları əldə edə bilərlər. Buna baxmayaraq,
bütün dünyada bu paylaşım edilir və instagramda hazırda bu etiketlə şəkil
paylaşanların sayı yarım milyonu keçib.
""FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə
təhdid törədir”
ABŞ Senatında demokratların lideri Çak Şumerdeyib ki, "FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir. O,
məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoruna və Federal
Ticarət Komissiyasına məktub göndərib. Ç.Şumer hesab edir ki, mənzil-qərargahı
Sankt-Peterburqda yerləşən şirkətin hazırladığı mobil tətbiq milli
təhlükəsizliyə və milyonlarla amerikalının məxfi məlumatları üçün təhlükə
törədə bilər: "İstifadəçilər tətbiqdən istifadə etmək üçün şirkətə şəxsi
fotoşəkillərinə və məlumatlarına tam və qeyd-şərtsiz giriş imkanı yaratmalıdır.
Bu, o deməkdir ki, şirkət gələcəkdə istifadəçinin razılığı olmadan tətbiq
vasitəsilə yüklənən fotoşəkillərdən istifadə edə bilər”.
Proqramın
Rusiya şirkəti tərəfindən hazırlanması amerikalı senatorda əlavə narahatlıqlar
doğurur: "FaceApp”da şəxsi məlumatlarını yükləmiş milyonlarla amerikalının
informasiyası Rusiya hökumətinin və ya onunla bağlı şirkətlərin əlinə keçə
bilər”.
Qeyd edək
ki, illik gəliri milyonlarla dollar olan tətbiq Rusiya istehsalıdır. Faceapp
rus proqramçı Yaroslav Goncharov tərəfindən yaradılıb. Yaroslav Goncharov Sankt
Peterburq Dövlət Universitetində kompyuter elmləri fakültəsində təhsil alıb.
Microsoft şirkətində proqramçı kimi, Yandex şirkətində mobil proqramlaşdırma
şöbəsində müdir kimi çalışıb. 2017-ci ildə bu gün trendə çevrilən proqramını
yaradıb.
"Məlumatlar üçüncü tərəfə ötürülür”
Türkiyədə araşdırmaçı jurnalist Əhməd Candeyir ki, nə qədər əyləncəli görünsə də, bu "əyləncə”nin arxasında sosial
şəbəkə istifadəçisinin şəxsi məlumatlarının ələ keçirilməsi, üçüncü tərəfə
ötürülməsi və reklam məqsədilə istifadə edilməsi halları qaçılmazdır: "Buna ən sadə dillə "qocaltma proqramı” da deyə
bilərik. Fotolarla özünü "gəncləşdirmə” və "qocaltma” kimi bir özəlliyi olan bu
proqram vasitəsilə pulsuz əylənə bilərsiniz, elə buna görə də bir neçə gündür
sosial şəbəkədə trendə çevrilib. Proqram məlumatlarınızı alır və üçüncü tərəfə
- reklamverənlərə ötürür. Burada məlumat mübadiləsi çəkilən fotolarla
məhdudlaşmır. "Məxfilik anlaşması”nı diqqətlə oxumağınızı tövsiyə edirəm. Orada bir neçə maddə var ki, bunlar siz
əylənərkən əldə olunan məlumatların hansı məqsədlər üçün istifadə edildiyini
göstərir. FaceApp ələ keçirdiyi məlumatları FaceApp-a daxil olan və onunla
əməkdaşlıq edən şirkətlərlə bölüşür. Həmin şirkətlər bu məlumatları öz
xidmətləri üçün istifadə edir”.
"İstifadəçi məlumatlarını ilk olaraq facebook
ötürüb”
Technote.az layihəsinin rəhbəri Fərid Pərdəşünasdeyir
ki, əslində şəkillərdən məlumat almaq o qədər də çətin deyil. Onun sözlərinə
görə, bu proqram olmasa belə, onsuz da, bütün sosial şəbəkələrdə bizim
şəkillərimiz əlçatandır: "Xarici mənbələr iddia edir ki, Rusiya hökuməti o
tətbiq vasitəsilə məlumatları yığır. Tətbiq Rusiyada yaşayan, keçmiş Yandex
işçisinin startapıdır. İddia olunur ki, tətbiq şəkilləri serverə yükləyir,
yaddaşda saxlayır və insanların məlumatlarını əldə edir. Bu düz məlumatdır. Şəkillər
serverə yüklənir, çünki şəkillərin analiz olunması üçün o serverə yüklənməlidir
və daha sonra qocaldılmalıdır. Lakin tətbiq sahibləri açıqlama veriblər ki,
şəkillər iki həftədən çox onların serverində qalmır və silinir. Bundan əlavə,
qeyd etmək lazımdır ki, əslində şəkillə sizə heç nə edə bilməzlər. Bu, sadəcə
bir iddiadır. 2018-ci ildə "Facebook”un "Cambridge Analytica” şirkəti üzərindən
87 milyon istifadəçinin məlumatlarını sızdırdığı bəlli olduqdan sonra sosial
şəbəkədə qalmaqal yaranmışdı. Facebook bu səbəbdən 5 milyard dollar cərimə
olundu. Yəni istifadəçi məlumatlarının
istifadə olunmasını ilk olaraq facebook edib. İnsanların şəkilləri müasir
internet dövründə demək olar ki, açıqdadır. Facebook, google haradan istəsək
insanların şəklini əldə edə bilərik. Bu tətbiq sadəcə, şəkilli məlumatları əldə
edib. Bununla da uzaqbaşı insanların sifət quruluşuna, cizgilərinə görə reklam
çıxara bilər, onlara məhsul təklif edə bilərlər. Başqa cür heç kəs onlara
müdaxilə edə bilməz”.
Həmsöhbətimiz
vurğulayır ki, internet böyük məkandır və bizim məlumatlarımız artıq toplanıb:
"Yəni sizin bir smartfonunuz və smartfon daxilində bir tətbiqiniz varsa, deməli,
məlumatlarınız artıq başqa tərəflərə ötürülür. Bu, müasir dövrün trendidir və bizi
bunu etməyə məcbur edir. Çünki bütün şirkətlər demək olar ki, bizdən data
yığır”.
"Belə proqramlardan qorxmaq lazım deyil”
İT üzrə ekspert Qafar Əhmədovisə informasiya toplanmasının hər iki
tərəfə xeyir olduğunu bildirir: "Bir insanın bütün informasiyasının hansısa bir
mərkəzdə toplanıb yığılması təhlükəli deyil. Gələcəkdə o insan Allah eləməmiş əgər
bir cinayət törədər və bu halla qarşılaşarsa, onun tez tapılması bu
informasiyalar vasitəsilə mümkün olur. Üzdəyişdirmə proqramı vasitəsilə, üzünün
hər yaşda necə göründüyü ilə bağlı məlumatı biz ötürürük və baza yaranır. Bu
bazanın mənfi tərəflərindən çox müsbət tərəfləri var. Ümumiyyətlə, biz
informasiya əsrindəyik. Bunun da hansısa sistem vasitəsilə toplanması
normaldır. Mən buna qarşı deyiləm. Onsuz da sən barmaq izini telefona yazmaqla
informasiyanı ötürürsən. Bunu edirsənsə, belə proqramlardan qorxmaq lazım
deyil”.
Aygün ƏZİZ
