AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bizi məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək

Bizi məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək

Siyasət
07 İyul 2020, 19:11 3709
Vətəndaşlar qaydalara riayət edərsə, koronavirus bəlasından daha az itkiylə çıxacağıq

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Bu xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradacaq. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sayca altıncı belə xəstəxananın açılışını ediblər. Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib.
 

 
Pandemiyanı nəzarətdə saxlamaq
 
Koronavirus ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərdən söhbət açan Prezident İlham Əliyev bildirib ki, pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Qeyd edib ki, görülən işlərin müqabilində xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. O vurğulayıb ki, məhz bu səbəbdən mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Dövlət başçısının sözlərinə görə, bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Heç kimin qanundan üstün olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyətinin yarandığını dilə gətirib. Deyib ki, polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilməlidir. "Biz xalqımızın sağlamlığını qorumalıyıq” söyləyən dövlət başçısı bildirib ki, qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.
 

 
Ən çox əziyyət çəkənlər inkişaf etmiş ölkələrdir
 
4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, millət vəkili Sədaqət Vəliyeva mövzu ilə bağlı bildirib ki, indiki şəraitdə "bir nəfər hər kəs üçün, hər kəs də bir nəfər üçün” prinsipi ilə davranılmalı, dövlətin ətrafında sıx birləşməli və pandemiyanı məğlub etməliyik. Deputatın fikrincə, əks halda bu, sonu bilinməyən proseslərə yol açıla bilər: "Hazırda bütün dünya ölkələri pandemiya ilə mübarizədə yenidən sərtləşdirməyə gedirlər. Son vaxtlar Çində, Hindistanda, İsraildə, Almaniyada, İspaniyada, Portuqaliyada, Bolqarıstanda yenidən məhdudiyyətlər tətbiq edilir. Öncədən də deyilirdi ki, koronavirus pandemiyası ölkələr, xalqlar arasında seçim etmir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. Bu gün dünyada 12 milyona yaxın insan koronavirusa yoluxub, təxminən 540 min insan ölüb. Təsəvvür edin ki, yoluxanların 6 milyonu, ölənlərin isə 300 minə qədəri ABŞ, Braziliya, Hindistan, Rusiya və Böyük Britaniyanın payına düşür. Bu, həmin ölkələrdir ki, səhiyyə sistemi ilə dünyaya model olaraq təqdim edilirdilər. Amma pandemiya bir daha sübut etdi ki, müasir səhiyyə sistemləri belə, hazırlıqsız olduqda çökürlər. Bu gün pandemiyadan ən çox əziyyət çəkənlər inkişaf etmiş ölkələrdir”.
 

 
Dövlətin situasiyanı idarəetmə siyasətinə anlayışla yanaşmalıyıq
 
Millət vəkili qeyd edib ki, inkişaf etmiş ölkələrdəki vəziyyətin acınacaqlı olmasını nəzərə aldıqda Azərbaycandakı situasiyanı normal hesab etmək olar. Amma bu, o demək deyil ki, Azərbaycanda pandemiyanın təsiri zəifdir, yaxud hər şey bitib, sona çatıb. S.Vəliyeva hər kəsi qaydalara riayət etməyə səsləyib: "Təəssüflər olsun ki, dövlətin atdığı bütün addımlar müqabilində bəzi insanlar məsuliyyətsiz hərəkətlərə yol verir, karantin qaydalarını pozur, şəxsi gigiyenaya, sosial məsafəyə fikir vermirlər. Məhz belə hallar bu gün virusa yoluxanların sayının 500 ətrafında hərəkətinə səbəb olub. Təsəvvür edin ki, qaydaları pozanlar cəzalandırılır, cərimələr artırılır, lakin insanlar yenə də məsuliyyətsizlik etməkdə davam edirlər. Hər dəfə təkrar-təkrar deyirik ki, bir koronaviruslu xəstə 60 nəfəri yoluxdura bilər. Doğrudur, polis bu cür hallara qarşı mübarizə aparır. Polislərimiz də insandırlar. Əgər pandemiya şəraitində qarşılıqlı anlayış və hörmət olmasa, dünya düşməni olan koronavirusa necə qalib gələcəyik? Məgər hansısa vəsait, pul, yardım insanları xilas edəcəkmi? Xeyr. İnsanlarımızı pandemiyadan ancaq məsuliyyət, qarşılıqlı anlayış və hörmət xilas edəcək. Məsuliyyətli olub karatin qaydalarına riayət etməliyik, polislərimizə və həkimlərimizə hörmət etməliyik, dövlətin situasiyanı idarəetmə siyasətinə və tədbirlərinə anlayışla yanaşmalıyıq”.
 

 
Milli əməkdaşlıq və həmrəylik
 
Millət vəkili Müşfiq Cəfərov da qəzetimizə açıqlamasında dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığını diqqətə çatdırıb. Deyib ki, bu xəstəlik inkişaf etmiş ölkələrə belə, ciddi itkilər bahasına başa gəlir. O, Azərbaycanda koronavirusla effektiv mübarizə aparıldığını da dilə gətirib: "Həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada yoluxma və ölüm halları hələ də var. Xəstəliyin yayılmağa başladığı ilk günlərdən Azərbaycanda bütün dövlət və özəl xəstəxanaları hazır vəziyyətə gətirib, dövlət strukturları gücləndirilmiş iş rejiminə keçib. Azərbaycanda ən müasir standartlara cavab verən tibbi laboratoriyalar qurulub, digər təxirəsalınmaz tədbirlər görülüb və görülməkdə davam edir. Bundan başqa, Prezident İlham Əliyev qlobal həmrəyliyə hesablanmış və  müsbət nəticələr verən addımlar atıb. Bununla, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurub, körpü yaradıb. Bu isə beynəlxalq səviyyədə mübarizəyə öz töhfəsini verəcək. Bununla belə, bu da bir reallıqdır ki, vətəndaş-dövlət əməkdaşlığına güclü ehtiyacın duyulduğu şəraitdə vətəndaşlar, o cümlədən bir sıra ziyalılar, tanınmış simalar vəziyyətlə bağlı milli həmrəylik istiqamətində zəruri addımlar ata bilməyib. Halbuki, pandemiyaya yalnız milli əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyü dəfələrlə qeyd edilib. Dövlətimiz öz təşəbbüsləri və praktiki addımları ilə respublikada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlət və xalq arasında birliyin artırılmasına, pandemiya ilə mübarizədə səfərbərliyə şərait yaradıb”.
 

 
Qanunçuluğun, ictimai asayişin keşiyində
 
Millət vəkili deyib ki, pandemiya dövründə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir, qanunçuluğun, ictimai asayişin keşiyini çəkirlər: "Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyətlərini tənzimləyən qaydalara riayət olunmasına, ölkə boyu nəzarətin həyata keçirilməsinə daxili işlər orqanı əməkdaşları səfərbər olunub. Onların hər biri mart ayından etibarən gücləndirilmiş və gərgin iş rejimində çalışır. Bəzən özlərini infeksiyaya yoluxma riski altına qoyaraq paytaxtda və bölgələrdə, həmçinin müvəqqəti postlarda qaydaların təmini və xidməti tapşırıqların icrası üçün yorulmadan səy göstərirlər. Bunlar sayəsində paytaxtda və xüsusi karantin rejimi tətbiq olunan digər inzibati bölgələrdə vəziyyət tam nəzarətə götürülüb. Ancaq təəssüf ki, xüsusi karantin rejiminin pozulması halları hələ də qeydə alınır. Yoxlamalar zamanı icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə etməyən insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara əməl etməyən obyekt sahibləri və digər pozuntular polis əməkdaşları tərəfindən aşkarlanır. Həmin şəxslər məsuliyyətə cəlb olunur. Bütün bu cəhdlər yoluxmanın qarşısını almaq üçündür. Cənab Prezidentin də qeyd etdiyi kimi qaydalara əməl olunarsa və nizam-intizama riayət edilərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq”.
 

 
Pandemiya üzərində qələbə çalacağıq
 
M.Cəfərov bildirib ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu gün koronavirusla ən effektiv mübarizə aparan ölkələr sırasında Azərbaycanın da adı var: "Dövlətimizin bu siyasəti beynəlxalq səviyyədə təqdir olunur. Sosial-iqtisadi sahədə atılmış addımlar dünyanın aparıcı maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə martın 23-də ünvanladığı məktubda Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işləri yüksək qiymətləndirib, bu mənada Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, dövlət hərtərəfli, effektiv tədbirlər həyata keçirib. Bu proses indi də davam edir. Vətəndaşların hər biri fərdi məsuliyyətini dərk edib qaydalara daha çox riayət edərsə, şübhə yoxdur ki, biz bu bəladan ən az itkilərlə çıxacaq, pandemiya üzərində qələbə çalacağıq”.
 
Rufik İSMAYILOV