Bizə yaxşı tamaşa göstərin! - İNCƏ BAXIŞ

Kinoteatrların
açılması xəbərini sevinclə qarşıladım. Tamaşaçı tutumunun 50 faizdən çox
olmamasından, zalda maska ilə, sosial məsafə gözləməklə oturmaqdan belə məmnun
qaldım. Gözəl sənətlə yaranan canlı təmasın pandemiyanın qorxunc xofunu üstələməsi
hissinin isə ayrıca sevinci var.
Böyük
salonda yaxşı bir tamaşa və ya film izləməyin həyəcanını, yaratdığı xoş emosiyanı
təsvir etmək çətindir. Bu hiss yalnız teatr və kino həvəskarlarına yaxşı
tanışdır.
Aktyorlar
"pandemiya bizi səhnədən, tamaşaçılardan uzaq saldı”- deyə gileylənməkdə davam
edirlər. Tamaşaçıların "az qala kinoteatrların yolları yadımızdan çıxdı”
narazılıqları hələ də eşidilir. Pandemiya kinoteatrlarla tamaşaçılar arasında təması
çox pis qırdı.
"Z” nəslin marağı
Sinemaların
afişalarında əsasən xarici ölkələrin istehsalı olan filmlər yer alır. Gənc nəsil
fantastik, detektiv, 3D və ya 5D filmlərinə baxmağı xoşlayır. Z (zet) nəsli teatrı
sevmir. Onların başqa mədəniyyət kodu var. Qloballaşma və postmodernizm dövründə dünyaya göz açan bu gənclər
daha çox texnologiyalarla, robotlaşdırma ilə maraqlanır. İki saat
boyunca teatr zalında oturmaq "sükut nəsli”nin xarakterinə yaddır. Ən yaxşı
halda əllərindəki iri qutu popkornlarla lojalarda özlərinə yer edib yaşıdları
ilə kino zallarında film izləyirlər.
Maraqlı tamaşa olacaqmı?
Teatrlara
gəlincə... Bax burda dərindən nəfəs almaq lazım gəlir. Pandemiyadan qabaqkı
vaxtları nəzərdə tutsaq, repertuarlar həmişə təkrar tamaşalar və ya eyni müəlliflərin
əsərlərindən ibarət olub. Ona görə, teatrların açılması ilə bərabər "hansı
maraqlı tamaşa təqdim edəcəklər?” sualı da yaranır. Gənc dramaturqlar "bizim əsərlərimizlə
maraqlanan yoxdur” deyə narazılıq bildirirlər. Yaşlı ədəbiyyat adamlarının və
ya bəstəkarların bir çoxunun "illərdir bir neçə pyesim və ya illər öncə
yazdığım libretto əlimdədir” şikayətləri həmişəki kimi eşidilir. Rejissorların
və teatr rəhbərlərinin "yaxşı tamaşa üçün yaxşı pyes lazımdır” fikirləri də ənənəvi
formasını itirməyib.
Onlayn tamaşalar
Düzdür, COVID-in
tüğyan etdiyi vaxtlarda dünya ölkələrində tamaşalarını onlayn oynayan və bundan
qazanc əldə edən bir çox teatr kollektivləri oldu. Bizdə də distant tamaşalara
cəhd edildi. İnternetdə demək olar ki, istənilən dünya teatrının tamaşalarını
heç bir vəsait ödəmədən izləyə bildiyimiz zamanda canlı teatrla onlayn tamaşaların
müqayisəsi yarandı. Tamaşaçı bir daha anladı ki, indi TV şoularını, eksklüziv
serialları, filmləri və s. izləyə biləcəkləri bir vaxtda "salondakı tamaşaçı, səhnədəki
aktyorlar” sistemini heç nə əvəz edə bilməz. Bu ən sübut edilmiş ünsiyyət
formatıdır və populyarlığını heç vaxt itirməyəcək. Məhz bu təmasdan hisslər və
düşüncələr doğulur.
Rejissor və aktyorların növbəsi
Teatral
tamaşaçı və kinomanlar həmişə var. Sadəcə, pandemiyanın xofundan tamamən
uzaqlaşa bilmədiyimiz bir vaxtda tamaşaçını zala yığmaq üçün ona yalnız yaxşı sənət
nümunəsi təqdim etmək lazımdır. İstər kinoda olsun, istərsə də teatrda. İndi
meydan rejissor və aktyorlarındır. Zaldakı tamaşaçı isə pərdələrin açılmasını həmişə
səbirsizliklə gözləyir...
Təranə Məhərrəmova
