Bizdə olmayan bazar - MALİYYƏ

Bitkoinə pul yatırmaq üçün nələrə diqqət etməliyik?
Bitkoin... Əgər internet istifadəçisinizsə, mütləq
adını eşitmisiniz. Dünyaya səs salan bu kriptovalyuta bir çox insanlara milyonlar qazandırıb. Bunlardan
ən populyar olanı norveçli gəncin hekayəsidir. Bu gənc vaxtilə 26 dollar
xərcləyərək 5 min bitkoin alıb. Sonradan bahalaşma nəticəsində onun
bitkoinlərinin ümumi məbləği 65 milyon dollara çatıb. Belə misallar çox çəkə
bilərik. Şanslıların içində azərbaycanlılar da var. Bəs bitkoinə pul yatırmaq
üçün nələrə diqqət etmək lazımdır?
Bitkoin
nədir?
Bitkoin mərkəzləşdirilmiş və yaxud ənənəvi valyuta
ilə əlaqəli iqtisadi problemləri həll etmək üçün ortaya çıxan maraqlı bir
valyuta formasıdır. Kağız pul formasında olmadığı üçün necə işlədiyini başa
düşmək çətin görünə bilər. Amma çox sadədir.Bitkoin 2009-cu ildəki maliyyə böhranı zamanı
yaranmış rəqəmsal valyuta formasıdır. 2008-ci ildə nəhəng beynəlxalq
investisiya banklarından olan Lehman Brothers tarixin ən böyük iflasını
yaşayıb. Bu nəhəng hadisə qlobal maliyyə böhranına start verib. Bir neçə ay
sonra isə bitkoin meydana gəlib. Sadə dildə izah eləsək, bitkoin banksız
internet puludur. Satoshi Nakato və developer Hel Finney tərəfindən yaradılıb.

Bitkoin necə
işləyir?
Manat, dollar, avro, yen və digər mərkəzləşdirilmiş
pul vahidlərindən fərqli olaraq bitkoin mərkəzləşdirilməmiş valyuta kimi təsnif
edilir. Müasir iqtisadiyyatımızı müəyyənləşdirən standart valyutalar banklarda
mərkəzləşdirilir və hökumət tərəfindən idarə olunur. Bitkoini idarə edən heç
bir bank və ya mərkəzi orqan yoxdur. Bitkoin pul əməliyyatlarını idarə edən və
təsdiqləyən istifadəçilər şəbəkəsi tərəfindən idarə olunur. Bitkoin ilə əlaqəli
bir üstünlük də onun yerli valyutalara əsaslanmamasıdır. Normalda insanın pulu
yaşadığı ölkə tərəfindən idarə olunur. Məsələn, ABŞ-da yaşayırsınızsa və
hansısa əşyanızı Yaponiyada yaşayan insana satmaq istəyirsinizsə, ABŞ dollarından
istifadə etdiyiniz üçün onu Yapon yeninə sata bilməzsiniz. Lakin bitkoin dünya
valyutasıdır. Birisi yapon satıcısından bir şey alıb bitkoin ilə ödəyirsə, nə
konvertasiya haqqı, nə bank gecikməsi, nə də bank haqqı var. Pul dərhal göndərilir və əlavə ödəniş yoxdur.
Bitkoin almaq
və saxlamağın təhlükələri nələrdir?
Beynəlxalq ekspertlər deyir ki, bitkoinə uğurlu
investisiya qoyuluşu haqqında çox sayda hekayəyə baxmayaraq, satın almadan
əvvəl bütün mümkün riskləri araşdırmaq lazımdır. Əsas risk amillərinə
aşağıdakılar daxildir:
Qiymət
dəyişkənliyi
Bitkoinin qiyməti gündəlik dəyişir. 10-15 faiz
yuxarı və ya aşağı dəyişə bilər. Belə dəyişkənlik qazanmaq üçün imkanlar
yaratmaqla bərabər, pul itkisinə də səbəb ola bilər.
Tənzimləyicilərin
qeyri-müəyyənliyi
Bir çox
ölkələr rəqəmsal pulun statusu, vergi
sistemi və varlıqlarını bəyan etmə yolları üçün qanuni konsepsiya hazırlaya
bilmir. Hazırda bitkoin bəzi ölkələrdə təşviq, bəzilərində isə qadağan edilən
maliyyə alətidir.
Gəlirlərin
qanuniliyi məsələsi
Ölkələr bitkoin haqqında qanun qəbul etmədiyi üçün
banklar kriptovalyutalardan gəliri müxtəlif cür şərh etmək hüququna
malikdirlər. Bəzi şirkətlər əməliyyatları problemsiz həyata keçirir, bəziləri
isə pulun qanuniliyinin təsdiqini tələb edir.
Tənzimləmə
Vasitəçilər və ya ənənəvi varlıqlara yatırımlar
halında hər şey son dərəcə şəffafdır. Bir şəxs investisiyalar üçün bir
istiqamət seçir və qanuna uyğun işləyən vasitəçiyə müraciət edir. Əksər birja
və dəyişdiricilərin işinin qanuniliyi sual altındadır.

Bitkoin açarı
Kripto
valyuta üzrə ekspert Rövşən Kazımovun sözlərinə görə, bitkoin almaq üçün elektron pul
kisəsi yaradıb, işləmə prinsiplərini anlamalısınız. Əsas olan xüsusi açarı
etibarlı şəkildə saxlamaq və üçüncü şəxslərə ötürməməkdir. Çünki bu açar
pulların idarə olunmasına giriş açır: "Bitkoin əldə etmək üçün kriptovalyuta
birjalarından, internet üzərindən fəaliyyət göstərən 200-dən çox valyuta
mübadiləsilə məşğul olan saytlardan, telefonlara rahatlıqla yüklənməsi mümkün
olan CEX.io, Binance, Coinbase kimi platformalardan istifadə edilir. Sözügedən
vasitələr həmçinin bitkoinin pula çevrilməsi üçün də istifadə olunur. Bir çox
birjalarda hazırda kriptoları qiymətli kağıza çevirmək üçün birbaşa köçürmələr
var. Bitkoini sataraq qiymətli kağıza çevirmək və plastik kartlara, bank
hesablarına köçürmək mümkündür. Bitkoindən qazandığımız pulu almaq üçün bunu ilk
olaraq birjada təsdiqlətmək, sonra istənilən valyutaya çevirib pulu öz bank
hesabına köçürmək lazımdır. Həmin birjalarda şəxsiyyəti təsdiq edən vəsiqə və
ya pasport tələbi mövcuddur. Bitkoini konvertasiya etdikdə birjanın özü və bank
tərəfindən komissiya tutulur.Nağd pulla bitkoin satışının
həyata keçirilməsi qeyri-qanunidir, "qara bazar”dır.
Bitkoin almaq
üçün əsas yollar
Bu yollardan
biri mübadilə platformalarıdır. İnternetdə kiçik bir komissiya ilə bitkoin almağa və ya satmağa
imkan verən çox sayda sayt var. Əməliyyatlar üçün bank hesabları, populyar internet
bankçılıq saytları və elektron pul kisələri istifadə olunur.
Birjalar
İnvestorlar birjanın veb saytında qeydiyyatdan
keçə, yoxlanışdan keçə və bank kartı istifadə edərək hesablarını doldura
bilərlər. Bundan sonra bitkoin almaq mümkün olacaq. Aldıqdan sonra bitkoini həm
birjada, həm də şəxsi pul kisənizdə saxlaya bilərsiniz.Gəlir qazandıran hər sahədə fırıldaqçılar olduğu üçün
bitkoin alanda da diqqətli olmaq lazımdır.
Saxta
saytlardan fişinq
Kriptovalyuta birjalarının və bitkoin mübadilə
xidmətlərinin çox sayda saxta saytları kiber cinayətkarların varlanmasının
sübut olunmuş yollarından biridir. URL-də bir hərfi dəyişdirərək, bitkoin,
etereum və digər kriptovalyutaları saxlaya biləcəyiniz və ya mübadilə edə
biləcəyiniz saxta internet mənbələri klonları yaradırlar.Fişerlərin məqsədi qeydiyyat məlumatlarını
oğurlamaq və ya istifadəçini kriptovalyutası ilə əməliyyat aparmağa məcbur
etməkdir ki, bu da fırıldaqçıların pul kisəsində qalacaq.
Piramidalar
və bitkoin depozitləri
Müəyyən miqdarda kriptovalyutaya sahib olanlar və
onu artırmaq istəyənlər MLM strukturlarının yaradıcıları tərəfindən hədəf
alınır. Bitkoinləri depozitə qoyaraq investisiya qoymağı təklif edirlər və
yüksək gəlirlər vəd edirlər - məsələn, gündə iki-üç faiz.Bu cür layihələrdən biri də məşhur Triniti olub.
Təxminən üç ay ərzində referral proqramı vasitəsilə xidmət müştəriləri cəlb
edib və mütəmadi olaraq istifadəçilərinə pul göndərib: əmanət faizləri cəlb
olunan insanların ödənişləri hesabına artırılır və nəticədə fırıldaqçıların pul
kisəsində qalırdı.
"Bulud
mədəni” (Klaud mayninq)
Digər bir bitkoin fırıldaqçısı bulud mədənidir.
Əslində, müəyyən bir miqdarda hesablama gücü icarəyə götürərək kriptovalyutanı
güclü kompüter və proqram təminatı olmadan çıxarmaq imkanı verir. Kriptovalyuta
üzrə ekspertlər izah edir ki, "Bulud mədəni” 90 faiz saxtakarlıqdır. Bu cür
saytlar guya mayning prosesini (kompüterlərinin gücləri əsasında kriptovalyuta
əldə etmək prosesi) əks etdirən bir sayğaca giriş imkanı verir, ancaq bir pulu
hesabınıza çəkməyə çalışdığınız zaman "texniki problem” yaranır və ya müştəri
hesabına qəpik-quruş daxil olur.
Aygün ƏZİZ
Həsən Ağacanov
kollaj
