• cümə axşamı, 28 mart, 12:35
  • Baku Bakı 16°C

“Biz öz həyatımızın müəllifləriyik” - MƏKTƏBDƏ

04.03.23 02:30 2743
“Biz öz həyatımızın müəllifləriyik” - MƏKTƏBDƏ

Millət vəkili, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan:  “Ağlıma gəlməzdi ki, mən gələcəkdə millət vəkili, ictimai xadim və musiqiçi ola bilərəm. Amma bunlar oldu. Hər bir insanın taleyi öz əlindədir”.

“53 il öncə bu məktəbə qədəm qoymuşam. 10 il ərzində 7 km məsafəni hər gün məktəbə və evə gedib-gəlmişəm. Hər dəfə də bu küçədən, məktəbin yanından keçəndə bərk həyəcanlanıram...” Millət vəkili, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan vaxtilə təhsil aldığı Keşlə qəsəbəsindəki 201 saylı tam orta məktəbdə qonaq olarkən hisslərini belə ifadə etdi.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə həyata keçirdiyi “Məktəbdə” layihəsində qonaq olan millət vəkili illər sonra təhsil aldığı doğma məktəbinin dəhlizlərini, sinif otaqlarını gəzdi, ilk dəfə qədəm qoyduğu dərs otağına baş çəkdi, məktəb illəri, sevimli müəllimləri, sinif yoldaşları ilə bağlı xatirələrini yada saldı.

Novruz Aslan şagirdlər qarşısında millət vəkili kimi fəaliyyətindən, Qızıl Aypara Cəmiyyətindəki işindən, bəstəkar kimi yaradıcılığından söhbət açdı, məktəbliləri maraqlandıran sualları cavablandırdı.  

“Hər bir insanın taleyi öz əlindədir”

“İlk dəfə bu məktəbə gəldiyim gün indiki kimi yadımdadır. Valideynlərimin hər ikisi işlədiyi üçün məni məktəbə dayım qızı gətirdi. Bakı Ət Kombinatının yanından hər gün bu məktəbə qədər 3 km yarım məsafəni qət etdim, bir o qədər məsafəni də geri qayıtdım. İndi o küçə atam Davud Aslanın adını daşıyır. Həm Keşlə kəndi, həm də bu məktəb mənim həyatımda önəmli yer tutur. Bu zalda bizim çoxlu görüşlərimiz, konsertlərimiz olub” - deyə qonaq xatırladı: “Mən rus dilində oxumuşam. 1-ci sinifdə Olqa Zaxarovna adlı müəllimim vardı. O dünyasını dəyişəndən sonra başqa müəllimlərdən dərs aldım”. 

“İlk məhəbbətim bu məktəbdə idi”

“Yəqin sizin üçün maraqlı olar: mən necə şagird olmuşam?”- deyə qonaq davam etdi: “Elə sizin kimi olmuşam. Əlaçı olmamışam. Amma təhsil prosesinə həmişə diqqətlə yanaşmışam, bacardığımı etmişəm. Xüsusən 8-ci sinifdən sonra qarşıma bir məqsəd qoydum: nəyəsə nail olmalıyam. Mənim üçün bir motivasiya da vardı: ilk məhəbbətim bu məktəbdə idi. Biz “necə edək ki, həyatda öz yerimizi tutaq” deyə fikirləşirdik. Sovet vaxtı institutu bitirməyən gənclərə qız vermirdilər. Bu da mənim üçün motivasiya oldu: ali təhsilim olmalıdır ki, gələcəkdə istədiyim qızla ailə qurum. Amma həyat öz diqtəsini edir. Bizdən asılı olmayan hadisələr də baş verir və bunlar bizim həyatımızı daha da rəngarəng və  uğurlu edir. Yəqin sizin üçün maraqlıdır: sevdiyim insanla həyat qura bildimmi? Yox, qura bilmədim. Ondan sonra da sevdiyim xanımlar oldu. Amma qismət gətirib məni bir ailə sahibi etdi. Siz də böyüyəcəksiniz, sizin də öz qismətiniz olacaq. Hər kəs öz qismətinin üzərində daim çalışmalıdır. Ağlıma gəlməzdi ki, mən gələcəkdə millət vəkili, ictimai xadim və musiqiçi ola bilərəm. Amma bunlar oldu. Hər bir insanın taleyi öz əlindədir. Biz öz qismətimizin və həyatımızın müəllifiyik”.

İnsanlara yardımçı olmaq

“Millətin vəkili, yoxsa Qızıl Aypara Cəmiyyətinin  prezidenti - hansı daha məsuliyyətlidir?” sualına cavab verən N.Aslan fəaliyyəti haqqında qısa və konkret danışdı: “Hər ikisi məsuliyyətlidir. 1995-ci ildən Aypara Cəmiyyətindəyəm. Bu, insanlara yardımçı olmaqdır. Biz humanitar sahədə layihələr həyata keçiririk. Türkiyədə olan zəlzələdən sonra təşkilat böyük bir kampaniya həyata keçirdi. Biz artıq 400 minə yaxın vəsait toplamışıq. Bu, sizlərin vəsaitidir. Biz artıq o vəsaitləri Türkiyəyə yönəltmişik. Çalışdığımız qədər hər il hesabatlar hazırlayırıq. Gördüyümüz işlər çoxdur. Pandemiya vaxtı Qızıl Aypara könüllüləri qapıları döyür, insanlara ərzaq və dərmanlar aparırdılar. Fövqəladə Hallar Nazirliyi ilə razılaşmamız var. Tutaq ki, kiminsə evi yandı, dövlət işçiləri özlərini ora çatdırana qədər Qızıl Aypara işçiləri artıq orada olurlar. Dövlət qiymətləndirənə qədər biz artıq ilk yardımı edirik. Çadırdan ev qururuq, əşyalarla təmin edirik”. N.Aslan millət vəkili kimi öhdəliyindən danışaraq qeyd etdi ki, bu, çox ağır və şərəfli vəzifədir: “Çünki cəmiyyət və dövlət qanunlarla idarə olunur. Necə ki, məktəbin, yaşadığınız ailələrin öz qayda-qanunları var, dövlətin də öz konstitusiyası və qanunları var. O qanunlar mükəmməl olanda ölkə də, cəmiyyət də inkişaf edir. Mən hər dəfə qanunlara səs verərkən böyük məsuliyyət hiss edirəm”.

“Bizim cəmiyyət çox humanistdir” 

“Necə düşünürsünüz, bu gün dünyadakı proseslərin ümumi mənzərəsi fonunda humanizm dəyərlərinə sadiqlik arzuolunan səviyyədədirmi?” sualına qonağın cavabı fəlsəfi olduğu qədər də real səsləndi: “Düşünürəm ki, yox... Mərhəmət hisslərinin formalaşması ailədən, insanın ətrafından, fəaliyyət göstərdiyi mühitdən çox asılıdır. Bir çox ölkələrdə müharibələr baş verir.  Uşaqlar, yaşlılar həlak olur. Biz 30 il ərzində bunu gördük. Bizim 1 milyon qaçqın və məcburi köçkünümüz oldu. O mühitdə və şəraitdə yaşayan insan humanizm haqqında çox vaxt fikirləşmir.  Amma bizi insan edən amal şüurumuz, zəkamızdır. Cəmiyyət əzazil olsa, onda humanist olmaq çox çətindir. Şükürlər olsun ki, bizim cəmiyyət çox humanistdir”. 

Humanizmin ən gözəl melodiyası

“Qızıl Ayparanın prezidenti olaraq fəaliyyət, millət vəkili kürsüsü, yoxsa royal arxası? Novruz Aslan özünü daha çox harada tapıb? Hansı işdə daha rahatsız və özünüzü tam olaraq ifadə edə bilirsiniz?”- deyə məktəblilər maraqlandı: “Mənim iş otağımda Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətim üçün masam, arxa otaqda səsyazma studiyası, yan tərəfdə də idman otağıdır. Bütün fəaliyyətimi bir yerdə cəmləşdirmişəm. Çalışıram ki, biri digərinə mane olmasın”.

“Musiqi mənim həyat tərzim, daxili tələbatımdır” 

Şagirdlərdən biri Novruz Aslanın bəstəkarlıq fəaliyyəti ilə maraqlandı: “Gözəl musiqi əsərlərinin müəllifisiniz. Bəstəkarlıq sizin üçün sadəcə hobbidir, yoxsa daxili ehtiyac?” Novruz Aslan “Təbii ki, daxili ehtiyac...” deyə cavab verdi: “Hər bir insanın qəlbində bir musiqi var. Hər insanın səsində musiqi var. O musiqi varsa, demək insan o ali hisslərə artıq qovuşmuş olur. Musiqi mənim həm həyat tərzim, həm də daxili tələbatımdır. Musiqiyə ola bilsin, nə vaxtsa hobbi kimi baxırdım. Amma artıq musiqi mənim üçün yaradıcılıqdır, həyatımın böyük bir hissəsidir”.  

Mən həyatımı pis yaşamamışam

“Martın 10-da Qızıl Aypara Cəmiyyətinin yarandığı gün, martın 22-də isə sizin doğum gününüzdür. Yaşanan illərin hesabatı özünüzü qane edirmi?”- deyə maraqlanan şagirdin sualına qonağın cavabı da maraqlı səsləndi: “Əslinə qalsa, həyat elə bir şeydir ki, heç vaxt onunla qane ola bilməzsən. Nə qədər də xoşbəxt, uğurlu olsan, hesabatlılıq səni həmişə təzyiq altında saxlayır. Mən həyatımı pis yaşamamışam. “Siz necə insansınız?”- deyə sual verəndə birmənalı olaraq deyirəm: “Pis insan deyiləm”. Bir neçə gündən sonra Qızıl Aypara Cəmiyyətinin 104 illiyini qeyd edəcəyik. Ondan bir neçə gün sonra mənim 60 yaşım olacaq. Bu günlərdə 12-ci kitabımı bitirdim. “İnsanlar niyə qəddar olur?”, “Bir-birlərini niyə öldürürlər?” kimi suallar yəqin hamınızı maraqlandırır. Bütün bu sualların cavabını tapmağa çalışdım, gedib çıxdım cənnətə - həm Adəmə, həm Həvvaya. Hər şey oradan qaynaqlanır”.

Tədbirin sonunda məktəbin direktoru Afaq Əliyevanın “Vaxtilə oxuduğunuz məktəbin məzunu kimi bu günü necə qiymətləndirdiniz?” sualına Novruz Aslanın “5+” cavabını məktəblilər alqışlarla qarşıladılar. “Siz bu gün xoşbəxt insanlarsız” deyə qonağın fikirləri uşaqlar üçün əsl motivasiya oldu: “Siz müxtəlif siniflərdə oxuyursunuz. Əminəm ki, gələcəkdə uğurlu insanlar olacaqsınız. Öz üzərinizdə çalışın. Zaman gələcək, indi mənim durduğum yerdə - bu mərkəzdə dayanıb sizin kimi şagirdlərlə görüş keçirəcəksiniz”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər