Biz həmişə dünyaya atamızın gözləri ilə baxmışıq
Musa Yaqubun qızları: "Musa Yaqub
sözə çörək kimi baxan adam idi, amma çörək yeri kimi yox”
İsmayıllı
şəhərinə Xalq şairi Musa Yaqubun qəbrini ziyarət etməyə getmişdim. Buynuz
kəndinə çatıb ustadın məzarını ziyarət elədim və onun haqqında tamamlamaqda
olduğum kitab üçün şairdən halallıq istədim. Musa Yaqub kiçik bir
qəbiristanlığa böyük bir şöhrət bağışlayıb və onun şəxsiyyətinə, poeziyasına
olan sevgi nəticəsində insanlar axın-axın gəlib şairin məzarını ziyarət
edirlər.
Musa
müəllimin yanında həyat yoldaşının məzarına baxanda, fikrimdən keçdi ki,
adamlar şairin poeziyasının, istedadının, şəxsiyyətinin Zöhrə xanımınsa
dözümünün, iradəsinin ziyarətinə gəliblər…
Sonra şairin
evinə getdim. Düzü, ora gedəndə nə mənim qəlbimdə itki hüznü vardı, nə də
həyət-bacada hüzr ab-havası. Sanki orada elə bir atmosfer vardı ki, həmin
atmosfer hamının qəlbinə Musa Yaqubun əbədiyyətinin rayihəsini yaymışdı. Və o
havanı alan hər kəs cismani ayrılığın hüznündənsə, əbədi birgəliyin
məmnunluğuna qapılmışdı.
Musa Yaqubun qızları – Səhər və Yaqut xanımla söhbət edərkən, Heygelin bu fikri yadıma düşdü: "Eşqin həqiqi mahiyyəti ondadır ki, özün haqqında düşüncələrdən əl çəkəsən, özünü başqa bir "Mən”də unudasan və bu yoxaçıxma və unutma ilə də ilk dəfə olaraq özün özünü dərk edəsən və özün özünlə olasan.” Musa Yaqubun qızları atalarının şəxsiyyətinə, yaradıcılığına olan sevgilərindən özlərini, öz varlıqlarını unudub, sanki elə Musa Yaqublaşıblar. Ataları haqqında sevgi ilə danışmaq məsələsində bir-birinə, sözün yaxşı mənasında, aman verməyən bu xanımların şövqlə, məhəbbətlə etdikləri söhbətə yoldaşlıq edəndə "Leyli və Məcnun”dakı aşağıdakı sətirlər beynimdən keçdi:
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, ol ki var – sənsən!
Gər mən mən isəm, nəsən sən, ey yar?
Vər sən sən isən, nəyəm məni-zar?
Elə Füzuli də belə böyük eşqi, istəyi başqasına çevrilməkdə görmürdümü, ruh yoldaşı olmaqda aramırdımı?
– Musa müəllim şeirlərini bu evdə, bu otaqdamı yazırdı?
Səhər xanım: Hamısını yox. İsmayıllıdakı evdə də, burda da yazırdı, bəzənsə Bakıda. Ancaq biz onun şeir yazdığını çox zaman görmürdük. Dədə deyirdi ki, yazmaq, toxum atmaq kimidir. Yəni demək istəyirdi ki, şeir qəlbimdə böyüyür, ancaq dünyaya göz açmaq məqamı yetişəndə gəlib bu masada doğulur. O, şeirlərinə övladları kimi baxırdı.
Yaqut xanım: Onun oxuduğu hər qəzetin kənarında mütləq bir misra, yaxud fikir olurdu. Dədənin yazısı olan balaca bir kağızı belə atmırdıq. Sonra onlar bir-bir, ayrı-ayrı şeirə dönürdü. Bu günə qədər də o kağız parçalarını, ona gələn oxucu məktublarının əksəriyyətini saxlamışıq.
– Səhər xanım, qürbətdə – Avropada yaşamağınız
atanızı çoxmu incidirdi?
Səhər: Əslində, o,
mənə konkret olaraq "qayıt, gəl”, ya da "darıxıram” demirdi, çünki məni tam
mənada qürbətdə hesab etmirdi. – Xarakterinizə diqqət edəndə fərdi xüsusiyyətlərinizin hansı, sizcə, Musa Yaqubdan, hansı ananız Zöhrə xanımdan gəlmədir?
Səhər: Qadın kimi bir çox xüsusiyyətləri anamdan götürmüşəm, ancaq poeziya duyumum atamdan keçib.
Yaqut: Fərid, biz Musa Yaqubun övladları olsaq da, bizi anamız formalaşdırıb. Biz doğulanda dədənin ruhu ilə doğulmuşuq.
Səhər: Musa Yaqub sözə çörək kimi baxan adam idi, amma çörək yeri kimi yox. "Sözün bərəkəti” deyilən bir dəyər var. Bax, söz kəsən adamlar bir ömür bir-birinə sadiq, sədaqətli olurlar. Dədə xəstə olanda belə bir kəlmə artıq söz demədi, insanların bir kitablıq sözünü Musa Yaqub iki-üç cümlə ilə o qədər gözəl söyləyirdi ki.
Yaqut: O nəyisə böyütməkdən, şişirtməkdən uzaq insan idi.
Səhər: Biz hər şeyi, hər hərəkətimizi ona uyğunlaşdırırdıq.
Yaqut: Elədir!
Səhər: Bu otağı biz
yığışdırırdıq. Hər dəfə bu otağı yığışdıranda dədənin əlyazmalarına baxırdıq
ki, görək təzə nə yazıb. Yarımçıq yazılarını gözdən uzaq yerə qoyurdu ki, biz
oxumayaq. Dədənin ilk oxucuları biz
olmuşuq. O, hamıdan çox bizim zövqümüzə, tənqidimizə inanırdı.
Yaqut: Bax, məsələn, deyək ki, sən dədənin ən yaxın dostusan və bizim də elə bir işimiz var ki, sırf səndən keçir. Dədəyə əziyyət verməmək üçün gedib problemimizi ona deməzdik. Çünki ağız açmağı sevməzdi. Bir şeirində bu barədə yazır:
İxtiyar sahibi dostlar görmüşəm,
İstəsə yox edər hər çətinimi.
Amma stolları önündə hər dəm
Bitmək istəmirəm bir ağac kimi.
Bəlkə, heç dediyim göyərməyəcək,
Kiminsə cavabı sərt olacaqsa,
Sözüm qalacaqsa əldə, ayaqda,
Mənimçün bu da bir dərd olacaqsa,
Qoy qalsın bir yana "baxım”, "görüm”də;
Stollu, möhürlü dostlarım haqda
Qalım o əvvəlki təsəvvürümdə,
Qalım o əvvəlki sədaqətimdə.
Səhər: Çünki, atam maddi dünyanın adamı deyildi. Biz həmişə dünyaya atamızın gözləri ilə baxmışıq.
Yaqut: Biz heç vaxt
iddialı olmadıq, iddialı olsaydıq, bəlkə, indi başqa məqamlarda idik. O, bizi
həmişə böyüklüyü ilə yox, təvazökarlığı ilə təəccübləndirib, heç vaxt onun
"mən, mən” dediyini eşitməmişik. İndi onun sanbalını tam mahiyyəti ilə bilirəm
və Musa Yaqubun qızı olmaqla fəxr edirəm. Bu gün də məzarını ziyarət edəndə
dedim ki, bu qürura, bu əminliyə görə sənə təşəkkür edirəm (kövrəlir).
Yaqut: Anam atamı müəllimi kimi sevib. Anam anasını tez itirib, yetim qız olub. Dədəm deyirdi ki, şalvar, köynək ütüləməyi belə ona mən öyrətmişəm.
Səhər: Adətən, dədə evə qəzet və jurnallarla əlidolu gələrdi. Anam o jurnalları, qəzetləri böyük sevgi ilə oxuyardı, Azərbaycan filmlərini sevərdi və onları bizə də sevdirərdi.
Yaqut: Bir dəfə
Əzizə Cəfərzadə ilə Əzizə Əhmədova bizə gəlmişdilər. Əzizə Cəfərzadə anamla
söhbətdən sonra dedi ki, sənə heç oxumaq lazım olmayıb, sən elə "Musa Yaqub
universiteti”ni bitiribsən.
Yaqut: Anamın fədakarlığı atama olan sevgisindən doğurdu.
Səhər: 22 il atamın evində yaşamışam, bir dəfə də
olsun valideynlərimin dava etdiyini görməmişəm. Hərdən hirslənəndə "a zalım
qızı” deyərdi...
Səhər: Biz Musa Yaqubun poeziyasının böyüklüyünü bildiyimizdən, ya gərək ondan gözəl yazaydıq, ya da əlimizə qələm almayaydıq.
Yaqut: Biz öz tərəzimizi, qədərimizi bildik deyə, nəsə yazmadıq. Atamın yazdıqlarını biz öz yaşantılarımız kimi qəbul elədik. O şeirlərdə özümüzü tapdıq.
– Bəs
Musa müəllim millət vəkili olandan sonra həyatınızda nələrsə dəyişdimi?
Səhər: Dədənin bir
köhnə "Moskviç” maşını vardı.Yaqut: Ona "Mosu” deyirdik (gülürük).
Səhər: Dedik dədə, bu maşını dəyiş, daha
yaxşısını al. Dedi mənə belə söz deməyin, bu maşınla Milli Məclisə gedib, bu maşınla
da qayıdacağam.
Yaqut: Kimin işindən ötrü hara lazımdırsa, gedirdi. Məsələn, millət vəkili olanda bir qonşumuzun Kürdəmirdə problemi yaranmışdı, onun "Kamaz”ına minib həmin rayona getdi. Qonşumuzun işini yoluna qoyub geri qayıtdı. Camaata, seçicilərinə qarşı çox həssas idi, kimin nə problemi olardısa, kömək etməyə çalışardı.
– Musa müəllimin həm də şux
zarafatları vardı...
Yaqut: Dədə zarafat
edəndə Tofiq Bayramdan, Qabildən çox danışardı. Bir də onun Ovçu Nəbi adlı
dostu vardı, onun danışıq tərzini yamsılayardı, biz də gülərdik. Dədənin həm də
gözəl səsi, mahnı oxumağı var idi. Şeirləri mahnı üstündə oxuyardı. Ən çox da
Aşıq Abbas Tufarqanlının bu şeirini oxuyardı: Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş olan könlüm!
Axırda zünnar bağlarsan,
Qəmə yoldaş olan könlüm!
Bir yar gəlir obasından,
Alım dərdü-bəlasından,
Çərxi-fələk badasından
İçib sərxoş olan könlüm!
Abbas ağlar arsız-arsız,
Dünya olub etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz, bağrı daş olan könlüm?
Mən bu şeriləri onun oxuduğu mahnılardan əzbər öyrənmişəm. Yaxud Xaqani Şirvaninin misralarını:
Başdan-başa xəstə və yorğun, hünərim yox.
Yonqar kimi yonmuş məni dövran, xəbərim yox.
Yaxud Qazi Bürhanəddinin yazdığı bu misraları zümzümə edərdi:
Gedən birdi, gələn birdi, qalan bir,
Gedən gəlməz, gələn qalmaz, – əcəb sirr.
Bir əvvəl var, bir axır var deyirlər,
Yalan sözdür – nə əvvəl var, nə axır...
Yadımdadır ki, dədə bu şeiri çox ürəkdən oxuyardı:
Könlümün şişəsinə bir ləməcik dəysə sınar,
Bunun insafına bax ki, götürüb daşı vurur.
Səhər: Dədə Çingiz Ələkbərzadə ilə də yaxın dost idi. Onların səmimi söhbətləri, zarafatları olurdu. Onlara qulaq asmaq, onlarla o zarafatları, o söhbətləri paylaşmaq bizə böyük zövq verirdi.
Yaqut: Bir dəfə İsmayıllıda yaşayan vaxtlarımız idi.
Çingiz əmi ilə dədə gəldilər. Anam da evdə yox idi. Özləri özlərinə bir xudmani
süfrə hazırladılar. O vaxtı Əliağa Kürçaylı rəhmətə getmişdi. Qızı da bu
ölümdən təsirlənib özünü dənizə atıb intihar etmişdi. Bu hadisə onları çox
sarsıtmışdı. Və elə ürəkdən, elə yanğı ilə oxudular ki, o qəmli səsləri indi də
qulağımdadır. "Apardı
sellər Saranı” mahnısını oxudular. Anamın vəfatından sonra isə "Süsən sünbül
bitirmişəm, mən yarımı itirmişəm” mahnısını oxuyardı. Anamın itkisindən sonra
tez-tez onun məzarına ziyarətə gedirdim. Deyirdim, ay dədə, gəl birgə gedək.
Deyirdi yox, getmirəm, məndən salam
deyərsən. Amma inan ki, dədəmi xəstəliyə salan anamın yoxluğu oldu.
Səhər: Mən atamın ölümünə inanmıram. Onun məzarına baxıb fikirləşirəm ki, burda yatan Musa Yaqub deyil. Bəlkə də, ölən Musa Yaqub poeziyasındakı mənəm.
Yaqut: Atam ölməmişdən, ondan ötrü daha çox darıxırdım. Götürüb zəng vururdum ona, deyirdim ki, dədə, bir gün sənin səsini telefonun o başında tapmayanda nə edəcəyəm? Deyirdi, nə olub, yenə nə dolubsan? Sonra da bəzən bu şeirini oxuyurdu:
Bir də sızım-sızım göynəyəcəksən,
Sonra bu qışa da öyrənəcəksən…
– Sizə yazdığı şeirləri xatırlayırsınızmı?
Yaqut: "Gedəsən, gedəsən qayıtmayasan”, "Payız işığı” şeirlərini mənə yazıb.
Səhər: "Sən Allah, bu dərdi mənə
danışma” şeirini də mənə yazıb.
Səhər: "Quşların qış söhbəti” adlı uşaq poemasını Şəhriyara yazıb. O şeiri heyf ki, dərsliklərə salmırlar. Adam yanıb-yaxılır ki, dərsliklərə o şeirdən gözəl hansı nümunəni daxil eləmək olar ki?
Yaqut: Bir də bu şeiri qardaşıma həsr edib:
Böyük fikir qanadıyla
Uçulmaza uçmaq olar,
Xırda-xuruş fikirlərlə
Kol-koslara endinsə heç.
Bir dünyəvi məhəbbətlə
Bülbül dili açmaq olar,
Samanlıqda dən üstündə
Cikkildəyib dindinsə heç.
Eh, arxadan gələnlərlə
Tənləşməyə nə var, bala,
Hünərin var yetiş görüm
Birincilər gedən yola.
Bu dünyanın kəhər atı,
Səmənd atı ola-ola,
Hər yerişi yeriş bilib
Kor yabıya mindinsə heç.
Bəxtdə varsız, bağda barsız,
Dağda qarsız qalsan belə,
Heç demə ki, zaman belə,
Dövran belə, insan belə…
Yeri bağlı, göyü bağlı
Kibrit çöpü olsan belə,
Bir kimsənin çırağını
Yandırmamış söndünsə heç.
– Musa müəllimin ictimai-siyasi məzmunlu şeirlərinə görə ailənizə hər hansı formadasa təzyiqlər olubmu?
Yaqut: Xeyr, olmayıb. İqtidar düşərgəsindəkilər də, müxaliflər də atamı çox sevirdilər. Çünki onun təmizliyinə hər kəs inanırdı. Yüksək vəzifəli məmurlar da bilirdilər ki, ana öz övladını sevgisindən danladığı kimi, Musa Yaqub da Vətənini çox istədiyinə görə o cür tənqidi şeirlər yazır. O, bir şair kimi ölkəsini, cəmiyyətimizi gözəl görmək istəyir. Bir şeirində dediyi kimi:
Şuluq uşağını tənbeh eyləyən,
Ana qəzəbidir nifrətim sənə.
– Musa Yaqub poeziyasına olan sevginiz övladlarınıza da sirayət edibmi?
Səhər: Qızım Nərgiz poeziyanın vurğunudur. Amma istəməzdim ki, poeziyanı belə dərindən duysun, adətən, o cür insanlar həddən artıq həssas olurlar.
Yaqut: Mənim də oğlum Rüfət poeziyanı gözəl duyur. Ancaq deməzdim ki, bu xüsusiyyət ona məndən keçib. Çünki o duyğular onda doğulandan var. Fərid, məncə, insan doğulanda bir çox yüksək keyfiyyətlər də onunla birgə dünyaya gəlir. Bəlkə də, insanlar yaşa dolduqca o keyfiyyətləri itirirlər, ancaq saf insanlar həmin cəhətləri özlərində qoruyub-saxlayırlar, Nə bilim, hər halda, mən belə düşünürəm...
Söhbətləşdi: Fərid Hüseyn