Bir vaxtlar Azərbaycanın məşhur brendi vardı... - Fotolar

Yaşlı və
orta nəslin nümayəndələri yaxşı xatırlayar. Keçmiş SSRİ vaxtında azərbaycanlıların
yolu başqa ittifaq respublikalarına düşəndə, onlardan "Çinar” şokoladları istəyirdilər.
Elə azərbaycanlılar da "Çinar”ın dadından doymayanların olduğunu yaxşı bilirdilər.
Ona görə də səfərə çıxarkən, mütləq çantalarında "Çinar” olurdu. Amma həmin
vaxt Azərbaycanda da bu şokoladı tapmaq asan deyildi. "Çinar” əl altdan
satılırdı. Bir vaxtlar şöhrəti bütün SSRİ-ni bürüyən bu məşhur Azərbaycan
brendi elə sovetlərin dağılması ilə də qəhətə
çıxdı. Ölkə prezidenti İlham Əliyev Azərbaycan brendlərinin dünyaya
çıxarılmasının vacib olduğunu bildirir. Belə olan təqdirdə, bir vaxtlar nəhəng
bir ərazini əhatə edən SSRİ boyda ölkənin sevimli şokoladına çevrilən "Çinar”ı
yenidən "göyərtmək” niyə mümkün olmasın ki? Bu yazıda oxuculara məşhur Azərbaycan
brendi - "Çinar” şokoladı haqqında məlumat verəcəyik.
Düzü, bu
şokolad haqqında məlumatsız olduğum üçün müasir dövrün imkanlarından istifadə
etmək qərarına gəldim. İnternet qaynaqlarından əldə etdiyim məlumat belə idi: "Gəncə-Qənnadı”
fabriki "Çinar” şokoladlarının istehsalına 70-ci illərdə başlayıb. Bu
şokoladların istehsal hüququda "Gəncə-Qənnadı” fabrikinə məxsusdur.
Həm də onu da öyrəndim ki, "Çinar”
şokoladı hələ də istehsal edilir. Daha jurnalistə bundan artıq nə lazım
idi ki? Başladım axtarışa.

Mağazalardan
"yoxdur” cavabı aldıq
Bir məhsul
istehsal olunursa, onu harada axtarmaq lazımdır? Təbii ki, mağazalarda. Baş çəkdiyim
kiçik marketlərdə "Çinar”ı gördüm” deyən olmadı. "Bazarstore”, "Favorit” kimi
böyük marketlərdə də bu şokoladın izini tapa bilmədik. Hətta bu qədər şokolad
çeşidi olduğu halda, niyə yerli mal axtardığıma təəccüblənən satıcılar da oldu.
Satıcıları niyə qınayım ki? Onlar da gəncdirlər, "Çinar”ın nə dadını bilirlər,
nə də şöhrəti haqqında eşidiblər... "Bu şokolad niyə yoxdur” sualıma isə ümumi
olaraq belə cavab aldıq: "Yəqin ki, istehsalçı şirkət marketlərlə işləmir”.
Onu da
deyim ki, internetdə qarşıma çıxan daha bir məlumatda bildirilirdi ki, bir müddət
"Veysəloğlu” şirkəti bu adda şokolad istehsal edib. 2006-cı ildən başlayaraq, bu
adla məhsul buraxmağa başlayan şirkətlə "Gəncə-Qənnadı” fabrikinin uzun sürən məhkəməsi
də olub. 2014-cü il iyulun 1-də Ali Məhkəmə "Veysəloğlu” və digər şirkətlərə "Çinar”
adı ilə məhsul istehsal etməyə qadağa qoyub. Əlac qalırdı yalnız Gəncədən
soraq almağa.
"Çinar”
ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsl "Çinar” olub”
"Gəncə-Qənnadı”
fabrikinin internet qaynaqlarında olan telefon nömrələrinin hamısına zəng etdim.
Amma nə fayda... Fabriklə əlaqə yaratmaq mümkün olmadı. Çox güman ki, bu
telefon nömrələri əvvəllər fabrikə məxsus olub. Nəhayət, "Gəncə-Qənnadı” fabrikinin idarə heyətinin sədri
Mahir Abdullayevin mobil nömrəsini tapa bildim. Bundan sonrası isə asan idi.
Mahir müəllim bizi maraqlandıran bütün suallarımızı cavablandırdı. M.Abdullayev
"Kaspi”yə açıqlamasına "Çinar” şokoladının
tarixi barədə məlumat verməklə başladı. O, bildirdi ki, "Çinar” ulu öndər
Heydər Əliyevin tövsiyəsi ilə əsl "Çinar” olub "Çinar şokoladının istehsalı "Gəncə-Qənnadı”
Fabrikinə məxsusdur. Resepti də bizim fabrik tərəfindən hazırlanıb. 1973-cü ildə
fabrikin açılışı olanda müxtəlif adda 700-800 çeşid məhsul istehsal olunurdu.
Ulu öndər Gəncəyə gələndə tövsiyə edib ki, bu fabrikdə Şərq şirniyyatı
hazırlansın, adı da Gəncə ilə bağlı olsun. Gəncə çinarlar şəhəri olduğu üçün şokoladın
adının da "Çinar” olmasını tövsiyə edib. Beləliklə, həmin ildən artıq bu
şokolad istehsal olundu və qısa müddətdə brendə çevrildi. O vaxt Azərbaycan SSRİ Sənaye Nazirliyi və
eyni zamanda, SSRİ Yeyinti Sənaye Nazirliyi tərəfindən təsdiq olunmuş reseptura
əsasında istehsala başlanılıb. Vaxtilə sovet dönəmində 250, 300 və 500 qramlıq
qutularda istehsal olunub”.

"Həmişə
istehsal edilib”
Brendə
çevrilən bu şokoladların istehsalında müəyyən müddət fasilə də olur.
M.Abdullayev bildirdi ki, o, 1996-cı ildən - fabrikə rəhbər təyin olunandan
sonra bu şokoladla bağlı iş aparır: "Amma yenidən kütləvi istehsala 2001-ci ildən
başlamışıq. Arada fasilə demək olar ki, olmayıb. Çünki qismən və az miqdarda da
olsa, həmişə istehsal edilib”.
Fabrikin rəhbəri deyir ki, şokoladın əvvəlki keyfiyyətdə
olmasına ciddi riayət olunur, eyni tərkiblə hazırlanır: "Vaxtilə hansı
reseptura ilə başlamışdıqsa, eyni qaydada da davam edirik. Sadəcə, çeşidlər bir
az artıb. Vaxtilə bir növ qutuda istehsal olunurdu, indi 5-6 növ 250, 300 və 400
qramlıq qutularda, eyni zamanda bükülü formada, yəni çəki ilə satılması üçün də
istehsal olunur. Tərkibi də fındıq, bal, qlükoza, şokolad, şəkər, vanil və müxtəlif
inqridentlərdən ibarətdir”.
Ağzımızın dadı dəyişib?
"Bəs əvvəlki məhsul və dad varsa, niyə həmin brned
yoxdur” sualımızı isə M.Abdullayev belə cavablandırdı: "Bu sualları mənə çox
adam verir. "Çinar”ın istehsalının bərpa olunduğunu eşidənlər, müraciət edib
alırlar. Amma bu şokoladlarla bağlı fərqli fikirlər var. Əvvəki dad olmadığını
deyənlər də var, ondan yaxşı olduğunu dilə gətirənlər də. Bizim baş
texnoloqumuz vaxtilə Moskvada universitet bitirmiş bir adamdı, uzun illərin təcrübəsinə sahibdir. Vaxtilə bu şokoladın resepturasını
da hazırlayanlardan biridir. Bu gün də eyni xammaldan istehsal olunur, sadəcə,
indi seçim çoxdur, bolluqdur. Əvvəllər Moskvaya gedəndə bir kilo "Meçta”
konfeti almaq üçün saatlarla növbəyə dururduq. Amma indi ölkəmizdə, kəndlərimizdə
bütün xarici ölkələrin məhsulları var. "Snikers” konfetləri yerfındığından
hazırlanır, bizim konfetin tərkibi isə təmiz fındıqdan ibarətdir. Uşaqdan
tutmuş böyüyə qədər hər kəs fındıqla yer fındığının arasındakı fərqi bilir. 2
manat 50 qəpik yerfındığının qiymətidirsə, 11-14 manat fındığın qiymətidir. Biz
başqa məhsuldan bir qram da olsun istifadə etmirik. Fındıqlar bir-bir təmizlənir, yuyulur, qovurulur, sonra
konfetin tərkibinə qatılır. Biz öz tərəfimizdən bu texnoloji rejimi birmənalı şəkildə
saxlayırıq. Bu sualları verənlər çox olduğuna görə, özüm üçün bir araşdırma
apardım və qəti qərara gəldim ki, ağzımızın dadı dəyişib. Vaxtilə kəndin bir
başında çörək bişirəndə o biri başına onun ətri yayılırdı. Amma indi nə qədər
yaxında olsaq da, çörəyin iyini hiss edə bilmirik. Xammalın da daxili tərkibi dəyişib.
Bəli, bu faktorlar müəyyən mənada var. Ola bilsin ki yağ o yağ deyil”.

Daxili
bazar təmin edilmir, xaricdən isə təklif var
M.Abdullayev
istehsalla bağlı dəqiq rəqəm səsləndirməsə də, dedi ki, 1996-cı ildən bəri
istehsal həcmi 10-15 dəfə artıb. Amma hələ ki, yerli bazarı tam ödəmək qabiliyyətində
deyilik: "Prinsiplərimiz bir az fərqlidir. Biz tələbata uyğun işləyirik. Tutaq
ki, bizim müştərilərimiz var, sifarişlə gəlirlər. Onların sifarişlərini təmin
edirik. Bəli, sifariş nə qədərdirsə, ona işləyirik. Demək olar ki, bazara tam təminatımız
yoxdur. Amma onun günahı, səbəbi bizdə deyil. Bir müddət xammalın qiymətində
olan dəyişikliklə bağlı fasiləmiz də oldu. Bu da işin gedişinə təsirini göstərir”.
Ölkə
bazarını təmin etmək imkanı olmadığı üçün ixracdan da söhbət gedə bilməz. Amma
M.Abdullayev deyir ki, qonşu ölkələrdən "Çinar” şokoladı istəyənlərə buradan
tanışları aparırlar: "Müəyyən ixrac təklifləri var, onun üzərində də işləyirik.
Vaxtilə Azərbaycanda yaşamış ruslar bu şokoladın dadını unutmayıblar. Rusiyanın
müxtəlif bölgələrindən bu şokoladı sifariş edənlər olur. İsraildə bu şokoladın
satışını təşkil etmək istəyənlər var. Bu kimi məsələlər var, hər bir təklif üzərində
işləyirik”.

Bu
məhsula sərmayə qoymağa dəyər
Müasir
dövrdə ən yaxşı məhsulu da reklam etmədən bazara daxil olmaq qeyri-mümkündür.
Çünki çeşid çoxdur. Bəs məhsulun reklamı üçün hansısa işlər görülürmü?
M.Abdullayev deyir ki, "Çinar” adının tanıdılması üçün mövcud olan üsullardan
istifadə edirik: "Reklam roliklərimiz var, böyük mağazalarda "Köhnə dad, yeni
forma” kimi bir tanıtım və dadım kampaniyası keçiririk. Milli geyimdə bir xanım
orda "Çinar” yazılan lövhənin qarşısında durub, həm məhsulu tanıtdırır, həm də
satışını həyata keçirir. Orada adamlar həm şokoladın dadına baxırlar, həm də
bir növ reklam edirik”.
M.Abdullayev
deyir ki, yerli istehsala şübhə ilə yanaşılması faktoru da var: "Bizdə həm də
bir düşüncə var ki, yerli mala şübhə ilə
yanaşırıq. Yerli istehsaldır və üstəlik, qiyməti də bir az bahadırsa, şübhəli
yanaşmalar olur. Amma alan bir də almaq istəyir. İstehsal etdiyimiz məhsul heç
vaxt geri qayıtmır”.
Fabrik rəhbəri
onu da bildirdi ki, istehsalın az olmasının səbəblərindən biri də maliyyə vəsaitinin
az olmasıdır: "Əgər maliyyə olsa, "Çinar” brendinin tanıdılması və istehsalının
ixrac həddinə qədər artırılması üçün hər bir şərait var. Bu, özünü tam mənada
doğruldan və xeyir gətirə bilən bir sahədir. Bura sərmayə qoymağa dəyər”.

"Marketinq
strategiyası qurulmalı, araşdırma aparılmalıdır”
Məsələ ilə bağlı marketoloqun da mövqeyini öyrənmək istədik. İstədik
ki, bu brendin perspektivi ilə bağlı ürəyimizdə qara qalmasın. "Modern Marketig Group”un təsisçisi,
marketoloqYusif Vəliyevin sözlərinə görə, sovet
dövrü ilə müqayisədə bu gün bazarın şərtləri,
müştərinin istəkləri dəyişib. Ona görə də əvvəl heç ehtiyac duyulmayan
marketinq strategiyası bu gün vacib faktora çevrilib: "Sovet vaxtı marketinq strategiyasından istifadə
olunmurdu. Heç buna ehtiyac da yox idi. Məhsul keyfiyyətlidirsə, bu yetərli
idi. SSRİ tərkibində olanda isə məhsulun digər ölkələrin bazarına çıxarılması
daha asan başa gəlirdi, müştəri bu qədər seqmentləşməmişdi. Bu gün artıq
bazarın şərtləri, müştərinin istəkləri dəyişib. Bazarda marketinq strategiyası əsas
açardır. "Çinar” şokoladı o vaxt ondan istifadə edənlərin yadında qalıbsa,
onlar bu şokoladı axtara bilərlər. Amma bu gün həmin məhsulun tanıdılması üçün
hər hansı marketinq strategiyası qurulmayıb. "Çinar” brendinin tanıdılması üçün
marketinq strategiyasının aparılması şərtdir”.
Marketoloq
deyir ki, əslində köhnə brendlərin adını qaytarmaq daha asandır: "Yeni brend yaratmaqdansa,
köhnə brendin qaytarılması daha məqsədəuyğun sayıla bilər. Çünki həmin məhsullar
ən azı Azərbaycan bazarında o dövrün bir markası idi. Yaşlı nəslin yadında
marka olaraq qalıb. Həmin məhsul bu gün bazara çıxdıqda yenidən əvvəlki alıcı
kütləsinə qovuşa bilər. İstər marketinqdə nostalji hisslərdən, istər digər alətlərdən
istifadə olunması daha tez bir zamanda uğur qazanmağa kömək edər, nəinki yeni məhsul
çıxarmaq. Marketinq strategiyası mütləq şəkildə qurulmalı, araşdırma aparılmalıdır.
Strategiya yerinə yetirildikdən sonra uğur qazanmaq mümkündür”.
Y.Vəliyev
deyir ki, şirkətlər reklam işini aparırlar, amma marketinq strategiyası olmadan
edilən reklam əhəmiyyətsiz də ola bilər: "Məsələn, bir şirkət rəhbəri reklama
ehtiyac duyur və tanış bir televiziyada, yaxud imkanı olan hansısa yerə reklam
yerləşdirir. Rəhbər müştəri deyil. Marketinq fəaliyyəti aparılır, amma dağınıq
şəkildə. Bu zaman isə xərc daha çox çıxır, ortada nəticə də olmur. Heç bir
araşdırma aparılmadan, strategiya qurulmadan reklam etmək nəticəsiz qala bilir.
Bəlkə heç həmin reklama ehtiyac da yoxdur”.
Aygün Asimqızı
