Bir nəfər bir neçə İctimai Şurada təmsil olunursa...

Mütəxəssislər
deyirlər ki, vətəndaş cəmiyyəti
institutları İctimai Şuraya seçkilər zamanı şəxsi, qrup deyil, ictimai marağı
nəzərə almalı və məsuliyyətli davranmalıdırlar
İctimai nəzarət demokratik cəmiyyətin
əsas prinsiplərindən biri kimi qəbul edilir və ayrı-ayrı ölkələrdə bunun
müxtəlif formaları tətbiq edilir. Azərbaycanda isə bu funksiyanı vətəndaş
cəmiyyəti institutları, media formalaşdırır. Hökumətin dəstəklədiyi qanun
layihəsi isə bu sahədə yeni formanı ortaya qoymuş oldu. Məhz Prezident İlham
Əliyevin imzaladığı "İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının
Qanunu”nda ictimai nəzarətin funksiyası və formaları açıq şəkildə qeyd edilib.
Eyni zamanda, bu qanunda qeyd edilən məsələlərdən biri də mərkəzi və yerli icra
hakimiyyəti orqanlarında, habelə bələdiyyələr yanında İctimai Şuraların
yaradılmasıdır. Hazırda mərkəzi və yerli dövlət orqanlarında bu proses gedir və
mütəmadi olaraq İctimai Şuraya seçkilər barədə məlumat alırıq. Amma sosial
şəbəkələrdə bu seçimlərlə bağlı ciddi narazılığı da müşahidə edirik. Narazıların
böyük əksəriyyəti bir QHT sədrinin bir neçə İctimai Şurada təmsil olunması ilə
bağlıdır. Faktiki olaraq Azərbaycanda 5 minə yaxın QHT var və onların böyük
əksəriyyəti dövlətdən maliyyə yardımı alaraq layihələr həyata keçirirlər. Bəs
QHT sektoru bu qədər geniş olduğu halda, bir neçə İctimai Şurada eyni adamlar
niyə təmsil olunsun?
İctimai Şura üzvləri müvafiq peşəkarlığa, təcrübəyə malik olmasalar...
Mövzu
ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur
İbrahimov bildirdi ki, son zamanlar ictimai iştirakçılıq, ictimai nəzarət
və İctimai Şuraların yaradılması ilə əlaqədar məsələ və mövzulara marağın
artması, müzakirələr açılması çox müsbət haldır: "Onu qeyd edim ki, İctimai Şuraların
yaradılması ictimai iştirakçılığın formalarından biri kimi həyata keçirilir. "İctimai
iştirakçılıq haqqında Qanun” 2014-cü il iyunun 1-dən qüvvəyə minib. Lakin buna
baxmayaraq, ötən ilə qədər İctimai Şuraların yaradılması prosesi çox ləng gedirdi
və 6 il ərzində yalnız bir neçə mərkəzi və yerli icra hakimiyyəti orqanı yanında
yaradılmışdı. Ötən il 15 sentyabr
tarixində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk
iclası keçirildi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da
artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməsi,
ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməsi ilə bağlı
müzakirələr aparıldı. Bundan sonra proses sürətləndi və artıq əksər mərkəzi və yerli icra
hakimiyyəti orqanları yanında İctimai Şuralar yaradılıb. Növbəti mərhələdə
bələdiyyələrin də yanında İctimai Şuraların yaradılması reallaşa bilər.
Bələdiyyələri də saysaq, Azərbaycanda 2000-dən çox İctimai Şura yaradılmalıdır”.

Əsas vəzifə o olmalıdır ki...
Zaur İbrahimov bildirdi ki, ictimai iştirakçılıq, ictimai nəzarət və İctimai Şuraların yaradılması ilə əlaqədar məsələ və mövzulara marağın artması, müzakirələr açılması çox müsbət haldır: "Prezident İlham Əliyev dəfələrlə ictimai nəzarətin əhəmiyyətini vurğulayaraq cəmiyyətə çağırışlar edib. Dövlət başçısı səmərəli ictimai nəzarəti yaxşı idarəetmənin elementlərindən biri kimi dəyərləndirib. Prezidentin bununla əlaqədar tapşırıq və çağırışları icra orqanları səviyyəsində reallaşdırılır. Ümumilikdə, prosesin başlamasını müsbət xarakterizə etmək olar. Bu prosesdə doğru olan budur ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində, dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda effektiv ictimai iştirakçılığı və ictimai nəzarəti həyata keçirməyə qadir İctimai Şuraların yaradılmasına nail olaq. Digər məqsəd, hal və hərəkətlər yanlışdır. Dövlət başçısının ictimai nəzarətin gücləndiriləsi ilə bağlı təşəbbüsləri, çağırışları vətəndaş cəmiyyəti üçün cəmiyyət və dövlət müstəvisində qərarların qəbulu, iştirakçılığın genişləndirilməsi üçün çox böyük imkanlar açıb. Bu imkanlardan mümkün qədər faydalanmaq isə əsas vəzifəmiz olmalıdır. Cəmiyyət və dövlətə vətəndaş cəmiyyətinin böyük potensialını göstərməyə çalışmalıyıq”.

Hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, məsələnin belə olmasının təbii səbəbi
var: "Bir nəfərin 5-10 İctimai Şurada təmsil olunması təbii hal kimi qəbul
olunur. Çünki dövlət qurumları ilə işləyən, onları rahatsız etməyən fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının sayı çox deyil. Ona görə də, düşünürlər
ki, İctimai Şuralarda o tip insanlar və qeyri-hökumət təşkilatları təmsil olunarsa,
onların daha az problemləri ictimaiyyətə məlum olar və beləliklə də, daxili
problemləri ictimailəşdirmədən həll edə bilərlər. Deməli, ictimai nəzarət
görüntüsü yaradılır. Yəni bu formaldır və funksional deyil”.
BƏXTİYAR
