Bir epoxanın simvolu
Onun ölümünü "xalq itkisi”
adlandırırlar
"Valentin Qaft sovet kino və teatrının epoxası idi. 12 dekabrda
epoxanın simvollarından biri getdi. Təəssüf ki, belə insanlar əbədi yaşamır,
xəstəlik onları da haqlayır, adi ölümdən yaxa qurtara bilmirlər”- deyə Rusiya
mətbuatı RSFSR-nin xalq artistinin ölümü haqqında yazır. Aktyorun ölümünü "xalq
itkisi” adlandırılar. 86 yaşlı aktyor insultdan dünyasını dəyişib. Rusiya
prezidenti Vladimir Putin aktyorun ölümü ilə bağlı kədərini ifadə edib: "Rusiya
teatr və kino sənəti böyük bir sənətkarını itirdi. Həyatdan böyük artist,
parlaq, istedadlı aktyor getdi”.
Böyük sənətkar uzun müddət yalnız teatrda deyil, həm də şəxsi
həyatında sığınacaq axtarıb: dörd dəfə evlənib,
sevgi hekayələri haqqında, yəqin ki, bütöv bir film çəkmək olar.
Aktyorluq mühitində Qaft xasiyyəti ilə tanınıb. Sənət yoldaşlarına yazdığı
kinayəli epiqramlar dillər əzbəri idi. Aktyorluq həyatı da asan deyildi.
Uğurları ilə uğursuzluqları paralel irəliləyib.
Müharibə xatirələri
Valentin Moskvada, Çerniqov vilayətindən gələn yəhudi ailəsində
doğulub. Müharibə başlayanda heç 6 yaşı yox idi. Ona elə gəlirdi ki, müharibəni,
yaşadığı evin pəncərəsindən izləyə biləcək: bu tərəfdə bizimkilər, pəncərənin o
tayında almanlar olacaq.
O, atasından çox, böyük qardaşını müharibəyə aparanda ağladı.
Müharibə onun uşaq fantaziyalarından daha dəhşətli idi. Aclıqdan əziyyət
çəkirdilər. Almanlar Moskvanı hər gecə bombaladığından, anası onu axşamlar odeyala
büküb sığınacağa aparırdı. O vaxtdan sonra Valentində yeraltı keçidlərə qarşı
bir qorxu qalmışdı.
Atası müharibədən sağ qayıtdı. Düzdür, müharibənin sonunda hospitala
düşdü. Valya, bədəni bütünlüklə bintlə sarınmış atasının xəstəxana çarpayısında
uzanmasını həmişə xatırlayırdı. Atası müharibə veteranı kimi "Döyüş
xidmətlərinə görə” medalı ilə təltif olundu. Müharibədən sonra hüquq
məsləhətxanasında vəkil işləyirdi. Anası ev işləri ilə məşğul olurdu. Onu
məsuliyyətli, ciddi və nizam-intizamlı insan kimi xatırlayırdılar.
Valentin məktəb haqqında ilk xatirələrində danışırdı: "Müharibənin
ortalarında məktəbdə oxumağa başladım. Sinif otağı çox soyuq , müəllimimiz qoca
idi. Onun kəndli görkəmi vardı: qara kepka, qurşağa qədər uzun göy xalat…
1943-44-cü illərdə bizim bütün sinif uşaqları xizəkdə sinfə soba üçün odun
daşıyırdıq”.
Yeniyetmə Qaft tez-tez kinolara baxmağa qaçırdı. Onun sevimli
artistləri vardı. Özünü müxtəlif aktyorların adı ilə adlandırırdı. Valentin
teatra məhəbbətinə görə isə Sergey Mixalkovun "Xüsusi tapşırıq” pyesinə
minnətdardır. Məktəb özfəaliyyət dərnəyinə getməyi qərara alanda 4-cü sinifdə
oxuyurdu. Dərnək, onu müxtəlif səpkili rollarda oynamağa sövq etdi.
İştirakçılar yalnız oğlanlar idi, ona görə, qadın rollarını da oynamaq lazım
gəlirdi. O, Anton Çexovun "Təklif” əsərində gəlin rolu ilə debüt etdi. ”Mən
yalnız qadın rolları oynayırdım. Bizim məktəbdə qızlar oxumurdu. "Təklif” tamaşasındakı gəlin rolumu çox uğurlu hesab
edirəm. Düzdür, saçlarım, bəzən ağzıma girirdi, amma bu, mənə mane olmurdu. Özfəaliyyəti
ona görə sevirdim ki, mənə teatrı başa salırdı”.
Valentin məktəbi bitirdikdən sonra teatr məktəbinə daxil olmağı
qərara alır. Deyilənlərə görə, bir gün təsadüfən küçədə aktyor Sergey
Stolyarova rast gəlir. Valentin cəsarətlə aktyora yaxınlaşır və ona ustad dərsi
keçməyi xahiş edir, məşqlərində iştirak etmək üçün icazə istəyir. Aktyor gəncin
xahişinə hörmətlə yanaşır, hətta gələcək aktyoru evinə qonaq dəvət edir.
Nəticədə Qaft uğurla imtahan verərək Moskva Bədaye Teatrının məktəb-studiyasına
daxil olur. "Səhnədə nə baş verirdisə, mən ona inanırdım” deyə aktyor
bildirirdi: "Teatrı mənə sevdirən də bu idi. Hər şeyi həqiqət kimi görürdüm.
Özüm də bu həqiqətin bir parçasına çevrilmək istəyirdim”- deyə Qaft yazırdı.
Teatr məktəbini bitirdikdən sonra Qaft bir müddət ürəyincə olan səhnə
tapa bilmədi. "Mossovet”, Qançarov Teatrı,
Satira Teatrı, nəhayət "Sovromennik”... məhz bu teatrın səhnəsində
rejissor Qalina Volçeklə işləməsi, onun aktyor kimi ciddi rollar oynamasına yol
açır. Bu teatr Qaft üçün ikinci evə çevrilir. O, ağır xəstələnənə qədər bu
teatrın səhnəsinə çıxırdı. Tamaşaçılar da ona alışmışdı. Məhz onun rollarına
baxmaq üçün tetra gələn kütlə vardı.
"Qaraj”ın uğuru
Kinoda uzun illər rol almaq ona qismət olmur. Bunu aktyorun standart
olmayan xarici görkəmi ilə əlaqələndirirdilər. Nəhayət, ilk epizodik rolunu
1956-cı ildə "Dante küçəsində qətl” filmində alır. Sonrakı illərdə də bir neçə
epizodik rola çəkilir. Şöhrət isə onu rejissor Eldar Ryazanovun filmlərində
haqlayır. Valentin məşhur rejissorun
filmlərində parlaq rollar oynayır. 1979-cu ildə "Qaraj” filmində rol
alır. Daha sonra, "Fleytanın unudulmuş melodiyası”, "Qoca yabılar” və s.
filmlərdəki rolları sovet kino tarixində yer alır. O cümlədən, aktyorun başqa
rejissorların çəkdiyi "Salam, mən sizin xalanızam”, "Qanun oğrusu” kimi ekran
əsərlərindəki rollarını da unutmaq olmaz.
"Qaraj” filmi isə təkcə onun yaradıcılığında deyil, həyatında da
böyük rol oynayır. O, təkcə məşhurlaşmır, həm də gələcək həyat yoldaşı ilə
tanış olur. Çəkiliş meydançasında aktrisa Olqa Ostroumova ilə qarşılaşır.
Tanışlıq vaxtı heç biri subay deyildi. Ona görə münasibətləri dərhal alınmır.
Valentin Qaft kulta çevrilən sovet serialı "Baharın on yeddinci
anı”nda Almaniyanın təslim olması üçün
danışıqlarda iştirak edən Gevernis adlı amerikalının epizodik rolunu oynayır.
Filmə Oleq Tabakovun dəvəti ilə çəkilir. Ancaq çəkiliş meydançasına gedərkən hansı
rolu oynamalı olduğunu da bilmirmiş. Daha sonra Qaft rejissor Tatyana Lioznova
ilə demək olar ki, bütün gün kiçik bir rolu necə müzakirə etdiyini
xatırlayırdı.
Aktyorluq istedadı ilə yanaşı, Valentin İosifoviçin ədəbi istedadı da
vardı. Onun dostlarına, həmkarlarına yazdığı kəskin, tənqidi epiqramları məşhur
idi. O, şeirlər də yazırdı. Onun "Şeirlər və epiqramlar”, "Qırmızı fanarlar”,
"Su üzərində kölgə”, "Unudulmuş xatirələr bağı” kitabları çapdan çıxaraq
maraqla qarşılanır.
Qaftın "macəraları”
Yaraşıqlı və istedadlı aktyor həmişə qadınların xoşuna gəlirdi. O,
Satira Teatrından uğursuz ifasına görə uzaqlaşır. Tərəf müqabili olan aktrisanın gözəlliyindən
həyəcanlanaraq səhvə yol verir. Alyona İzorqina - Moskvanın ən gözəl manekeni
bu hadisənin şahidi olur. Aktyorun bütün diqqəti manekendə qalır. Sonra onlar
görüşməyə başlayırlar. Amma o başqa qadınlara laqeyd qalmağı bacarmır – təbiəti
belə idi. Alyona da başqasını sevir və ailələri dağılır.
Yeni bir qadınla tanışlıq üçün çox vaxt lazım olmur. Yelena Nikitina
ilə münasibətlərini rəsmiləşdirmirlər.
Oğulları Vadimin dünyaya gəlişini Qaft 3 ay sonra bilir. Yelena
aktyordan heç nə tələb eləmir. Sonra ümumiyyətlə, ölkəni tərk edərək Braziliyaya
gedir. Ata ilə oğul arasında münasibət bir də 2014-cü ildə - Yelena ilə Vadimin
uzun müddətdən sonra Moskvaya gəlişi zamanı yaranır. Onda Vadimin 42 yaşı
vardı. Əvvəlcə atası, Vadimlə görüşməkdən imtina edir. Sonra isə münasibətləri
yaranır və davam edir. Qaft Braziliyada yaşayan oğluna maddi yardım da göstərir
(Rusiya mətbuatının yazdığına görə, Qaftın ölümündən dərhal sonra Vadim
vərəsəlik haqqında iddia qaldırıb).
Balerina İnna Yeliseyeva ilə münasibətindən isə qızı Olqa doğulur. O,
aktrisa olmaq istəsə də instituta daxil ola bilmir. Sevgilisi ilə
mübahisəsindən sonra 29 yaşlı Olqa özünə qəsd edir. Qızının intiharında ailə
mühitinin də rolu vardı. İnna daim özünə qarşı diqqət tələb edirdi, qalmaqal
yaradırdı. Hamiləlik onun xarakterini dəyişə bilmədi. Qızları doğulandan sonra
həyatları daha gərgin keçdi. Nəhayət, Qaft İnnanın təzyiqlərindən yaxasını
qurtara bildi. Qızı Olqanı da qoyub getdi. Olqa özünə qəsd edəndən sonra isə
aktyor "məndən başqa heç kim günahkar deyil” etirafını etdi. Qızının ölümü ona
böyük zərbə olur. O, bir neçə il səhnədən uzaqlaşır və xəstələnir.
Aktyor ikinci boşanmadan sonra evlənməyə tələsmədi. Qısa macəralarla
həyatını sürürdü. Olqa Ostroumova ilə tanışlıqdan sonra hər şey dəyişir. Olqa
ailəli idi. Aktyor Olqanın arxasınca, yalnız o ayrılandan sonra gəzməyə başladı.
Onlar tezliklə evləndilər. Nikahlarını isə xəstəxanada qeydiyyata aldılar. Qaft
onda əməliyyat olunaraq xəstəxanada yatırdı.
Aktyor, Olqa ilə evlənəndən sonra həyatının bütünlüklə dəyişdiyini dəfələrlə
etiraf edib. Həyata başqa cür baxdığını, özünü xoşbəxt hiss etdiyini söyləyib.
Olqa dərhal məişət qayğılarını öz üzərinə götürdü. O, ərinin yaradıcılıqla
məşğul olması üçün bütün imkanları yaradırdı. Nəhayət, Qaftın böyük ailəsi
yarandı: Olqanın oğlunu və qızını doğma övladı kimi qəbul etdi.
Valentin Qaft son vaxtlar çox xəstələnirdi. Bununla belə, teatrdan əl
çəkmirdi. 2019-cu ildə aktyor insult keçirmişdi: bədəninin bir hissəsi iflic
olmuş, nitqi pisləşmişdi. Səhhəti ağırlaşanda bütün ailə üzvləri yanında idi.
Onların məhəbbəti və qayğısı aktyoru həkimlərin peşəkarlığından və dərmanlardan
az müalicə etməmişdi. Amma zaman bütün hallarda öz sözünü dedi... Böyük aktyor
86 yaşında həyatla vidalaşdı...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova