Bir-birinin yarısı olan cütlük - FOTOLAR
O səhnədə
Ülviyyə ağlamalı idi və nə qədər çalışsa da, ağlaya bilmirdi. Yaxınlaşdım,
yavaşca qulağına pıçıldadım ki, sənə xəyanət etmişəm
Hər bir
ailə ayrıca dünyadır.Bu dünyanı quranlar sevgilərini əbədiləşdirmək istəyən
qadın və kişidir. Hərdən deyirlər ki, sevgi evlilikdən bir neçə il sonra
azalır, bölünür, bəzən də yoxa çıxır. Bu gün artıq 16 il evli olduqlarına
baxmayaraq, hələ də bir-birini sevən, anlayan, bəzən elə lap gənclik illərindəki
kimi dalaşan, amma küsülülüyə dözməyib tez də barışan bir cütlük – Toğrul Rza və
Ülviyyə Rza cütlüyüdür müsahiblərim. Maraqlısı budur ki, ikisi də aktyordur,
ikisi də Bakı Bələdiyyə Teatrında çalışır.
Cənnətin qurduğu Cənnət
Toğrul Rza
2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsində təhsil
alan vaxt Cənnət Səlimova tədbirlərdən birində ona aparıcılıq etməyi və bu işdə
özündən başqa bir oğlan və iki qız tapmağı da həvalə edib.
– Qardaşımı,
aktyor Elxan Rzayevi seçdim. Qız tapmaq üçünsə universitetdə otaqları gəzib
baxırdım. Birini seçdim, qaldı biri. Heç kimi bəyənmirdim. Rejissorluq fakültəsinə getdim, qızlara dedim
ki, ayağa qalxın, baxım, tədbir üçün aparıcı qız seçirəm. Düzü, heç birini bəyənmədim.
Bir də baxdım qızlardan biri oturub, heç ayağa da qalxmayıb. Diqqətimi çəkdi. Həm
boyu, həm də gözlərindəki ifadəni çox bəyəndim. O qız – Ülviyyə həmin an təkcə
tədbir üçün yox, elə ümumiyyətlə də xoşuma gəldi. Hiss etdim ki, o başqaları
kimi deyil. Hər gün otaqlarının qabağından keçib ona baxırdım. İkinci dəfə keçməyə
isə ürək eləmirdim, utanırdım. Artıq ona qarşı biganə olmadığımı hiss
edirdim, amma deməyə də cəsarətim çatmırdı. Onu oynadığım tamaşaya dəvət etdim.
Düşündüm ki, gəlsə, deməli, o da mənə qarşı laqeyd deyil.
Gözünə
görünmədən çıxırdım ki...
Sən demə, Toğrul yanılıbmış. O Ülviyyəni yox,
Ülviyyə onu birinci bəyənib.
– Həmin
gün Toğrulu dərs cədvəlinin qarşısında görmüşdüm. Öz-özümə dedim ki, nə qəşəng
oğlandır. Amma nədənsə, sevdiyi qızın dərs cədvəlinə baxdığını düşünmüşdüm. Dərsdə
ağlımda qalmışdı. Birdən otağa girdiyini görəndə və aparıcılıq üçün məhz məni
seçəndə çox təəccüblənmişdim. Sonradan dəvət etdiyi tamaşaya getdim, amma gözünə
görünmədən çıxırdım ki, Cənnət Səlimova məni qaytardı. Dedi, gedək Toğrulla
görüş. Və beləcə, Toğrulun "Ülviyyə gəlsə, deməli mənə qarşı laqeyd deyil”
fikri öz təsdiqini tapmışdı.
Sənə xəyanət
etmişəm
2003-cü
ildə "Yanmış körpülər” serialına birlikdə çəkilirdik. Ülviyyənin əli-qolu bağlı
idi. Mən də onu xilas etməli idim. O səhnədə Ülviyyə ağlamalı idi və nə qədər
çalışsa da, ağlaya bilmirdi. Yaxınlaşdım, qulağına yavaşca pıçıldadım ki, sənə
xəyanət etmişəm. Bir də baxdıq ki, Ülviyyə səssizcə ağlayır. O səhnə bir dubla
çəkildi. Çox uğurlu da alındı.
Bir sahənin adamları və qısqanclıq
Ülviyyə
deyir ki, bir sahədə çalışdığımızdan, bir-birimizi yaxşı başa düşürük. Çətinliklərimizi,
üzərimizə düşən məsuliyyəti bilirik. Çalışırıq bir-birimizə problem
çıxartmayaq. Toğrulsa bunun çətin tərəfindən danışdı: "Bəzən olur ki, Ülviyyənin
tərəf müqabili xoşuma gəlmir. Qısqanclığım tutur. Ona görə də, bəzən aramızda
anlaşılmazlıq olur. Amma axırda bir ortaq nəticəyə gəlirik. Çünki başa düşürəm,
aktrisadır. Amma deyim ki, üstün tərəfləri daha çoxdur. Ülviyyə oynayacağım əsərin
ssenarisini məndən əvvəl oxuyur, fikrini bildirir. İmkan olanda mən də oxuyuram.
Yəni biz daim həm ailə, həm sənət baxımından ünsiyyətdəyik.
Toğrul
Ülviyyəni bəzən səhnədə qısqansa da, Ülviyyə onu gerçəkdə qısqanıb. Analıq məzuniyyətində
olanda Toğrul gözəl, baxımlı xanımlarla çəkiləndə o da çox qısqanırmış. Böyük
anlamda dava etməsə də, arada iynəli sözlər eşitdirirmiş.
Beş dəqiqə
qalmış qaçdım
Toğrul çəkilişlərin
birindən danışır: "Tərəf müqabilim gənc qız çəkilişdən sonra pis olmuşdu.
Dedi ki, heyf, bundan sonra görüşməyəcəyik, son gündür, ağladı. Gəldim evə.
Özümdən asılı olmadan başladım onu düşünməyə. Baxdım ki, bu hiss artıq dərinləşir.
Bütün günü ağlımda oldu. Səhəri gün teatra məşqdə gördüm ki, yenə də
fikrim qalıb onda. Məşq etdiyi yerə gedib xeyli də gözlədim. Ora-bura var-gəl
edib düşündüm. Səhv etdiyimi anladım. Qızın çıxmağına beş dəqiqə qalmış başımı
götürüb qaçdım. Evə çatan kimi Ülviyyəyə danışdım”.
Yarı-yarı və ya yar-yar...
Toğrul və Ülviyyə
həyatlarını bölüşdükləri kimi məişət qayğılarını, ev işlərini də bölüşürlər.
Toğrul deyir ki, əgər biz bir yerdə işləyirik, bir yerdə yaşayırıq – yəni
bir ailəyiksə, birimiz birimizdən üstün deyilik. Axı biz bir-birimizin
yarısıyıq, bir-birimizin yarıyıq.
Şübhə varsa
Ülviyyə deyir
ki, kənardan sakit bir ailə kimi görünsək də, tez-tez dava edirik: "Düşünürəm
ki, nələrisə ürəkdə saxlamaq lazım deyil. Nə şübhə, narahatlıq varsa, vaxtında
danışıb aydınlaşdırmaq lazımdır. Bəzən nəyisə düz başa düşməyib içimizə ata bilərik,
bunun fəsadı daha böyük olar." Toğrulsa inciklik olanda buna dözə bilmədiyini,
tez barışmaq istədiyini deyir. Ümumiyyətlə, ikisindən biri tezliklə ağ bayraq
qaldırır.
İki oğul
Bu gözəl
ailənin iki oğlu var. Böyük oğlan daha çox siyasətlə maraqlanır, baş verənlərə
münasibət bildirir. Kiçik oğulun isə yaxşı musiqi duyumu var, bəstəkar olmaq
istəyir. Və uşaqların tərbiyəsi ilə, əsasən, Ülviyyə məşğul olsa da, Toğrul da
bu işdə ona yardımçı olur.
İlk gündəki kimi sevirəm
Ülviyyə və
Toğrul Rza cütlüyü bütün günü – evdə, yolda, işdə bir yerdədir. Bu onları
bezdirmir, yormur. Ülviyyə deyir ki, bəlkə də bütün günü bir yerdə olmağımız
bizi daha çox bir-birimizə bağlayıb, ayrı qala bilmirik. Toğrul olmayanda elə
bilirəm nə isə çatmır.
Toğrul
etiraf edir ki, Ülviyyəsiz qala bilmirəm, darıxıram. Harasa gedəndə tez evə
qayıdıram: "Ülviyyə həmişə mənim yanımda olub. Nəinki fiziki anlamda, həm də
bütün çətin vəziyyətlərdə, problemlərdə mənə dayaq olub. Onu ilk gündəki kimi
sevirəm”.
Söhbətləşdi: Xanım Aydın
Fotolar: Firudin Səlimov/Qlobal Media Group