Bir başqa Nəsimi - Fotolar
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi
fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün
də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.Məhz
bu səbəbdəndir ki, bu ili böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyi kimi qeyd edir, keçirilən tədbirlərlə il ərzində onu xatırlayır və
xatırlamağa da davam edirik. Mədəni hadisələrdən biri də incəsənət sahəsində
yeganə canlı sənət növü olan teatrlardır. Ötən mövsüm Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi” baleti nümayiş olunmuşdu. Bu
dəfə isə Bakı Bələdiyyə Teatrında "Nəsimi” tamaşası hazırlanır.
İsa Hüseynovun "Məşhər” romanı əsasında yeni səhnə redaksiyasının
müəllifi dramaturq Çingiz Ələsgərlidir. Biz də teatrın yaradıcı heyəti və
quruluşçu rejissorundan tamaşanın hansı mərhələdə olduğunu, tamaşaçılara nə
zaman təqdim olunacağını xəbər aldıq.
Tamaşanın quruluşçu rejissoru,
Xalq artisti Mərahim Fərzəlibəyov deyir ki, "Nəsimi” tamaşasının timsalında
tamaşaçılar fərqli bir Nəsimi ilə tanış olacaqlar. Çünki bu dəfə Nəsimini
hürufiliyin təbliğatçısı kimi deyil, bir şəxsiyyət və hansı insani
keyfiyyətlərini özündə xarakterizə edən biri kimi daha yaxından tanımış
olacağıq: "Bakı Bələdiyyə Teatrı olaraq yeni mövsümdə nümayiş etdiyimiz ilk
yeni tamaşa "Nəsimi” olacaq. Artıq tamaşanın son məşqləri gedir. İsa Hüseynovun
"Məşhər” romanı əsasında dəyərli teatrşünasımız Çingiz Ələsgərlinin yazdığı
"Nəsimi” pyesini əsas götürmüşük. Romandan bəzi hissələri çıxararaq
tamaşaçılara fərqli Nəsimini təqdim etməyə çalışmışıq. Elə məqamlara toxunmağa
çalışmışıq ki, həmin səhnələr "Nəsimi”
filmində olmasın. Bu tamaşanı tarixi mənbə kimi deyil, baxımlı, maraqlı bir
tamaşa kimi hazırlamağa cəhd etdik. "Nəsimi”nin özü bədii əsər olduğu üçün tarixi
əsaslara çox az üstünlük verdik. Əsərin konfliktini gücləndirmək üçün müxtəlif
üsullardan istifadə etdik”.
Rejissor
qeyd edir ki, tamaşada Nəsiminin əsas bədii fəlsəfəsinin nəinki xalqa, eyni
zamanda hökmdarlara belə təsirsiz ötüşmədiyi qabardılır: "Çalışdım ki, tamaşada
Teymurla Nəsiminin görüş səhnəsində aydın şəkildə görünsün ki, sonda Teymur özü
Nəsimiyə inanır. O, Nəsiminin fikirlərini sual şəklində təkrarlayır. Bu da o deməkdir
ki, Teymur hardasa Nəsiminin fikirlərini, insanın Tanrıya yaxınlığını qəbul
edir. Əmir Teymur kimi bir xaqanda müəyyən cücərtilər baş qaldırır. Bütün bunlar
fəlsəfi fikirlərdir. Bu fəlsəfə hər zaman yaşayır və yaşayacaq da. Ümumiyyətlə
hesab edirəm ki, Nəsimi ilə bağlı yazılan romanlarda onun bir insan kimi təbliğatı
çox az olub. Sadəcə olaraq Nəsimi filmi ilə məhdudlaşmışıq. Ancaq romanda çox böyük
fikirlər var. Biz Nəsiminin ideyalarını özümüzdən gələn nəsillərə, böyük kütləyə
çatdırmalıyıq və bunun üçün də Bakı Bələdiyyə Teatrı olaraq repertuarımızda böyük
şairimizi təbliğ etmək qərarına gəldik”.
40
ildir ki, teatrda çalışdığını və bu zamana qədər teatrlarımızda fəlsəfi dram
janrında tamaşa ilə rastlaşmadığını bildirən M.Fərzəlibəyov deyir ki, bu əsər bədii-fəlsəfi
dram janrında hazırlanıb: "Çalışmışıq ki, Nəsiminin bütün fikirlərini tamaşaçılara
olduğu kimi çatdıraq. Əsas ideya ondan ibarətdir ki, insanın Tanrıya yaxınlığını,
Nəsiminin bu fikirlərinin bütün insanların, hətta dünyada ən mürəkkəb xaqanların
belə fikirlərini dəyişməyə qadir olmasını açıq şəkildə hiss etdirək. Tamaşanın
premyerasının oktyabrın sonları, noyabrın ilk həftəsində olacağı gözlənilir. Bilirsiniz
ki, Bakı Bələdiyyə Teatrının özünün binası yoxdur. Ona görə biz tamaşalarımızı
müxtəlif teatrların binasını icazəyə götürərək nümayiş etdiririk. Demək olar
ki, bütün teatrların səhnəsinə yaxından bələdəm. Bələdiyyə teatrının
rəhbərindən xahiş etmişəm ki, bu tamaşanın premyerasını Akademik Milli Dram
Teatrında göstərək”.
Səhnə əsərinin müəllifi,
dramaturq, teatrşünas Çingiz Ələsgərli isə deyir ki, ona belə bir əsəri
səhnələşdirmək təklifi xalq artisti Mərahim Fərzəlibəyovdan gəlib: "Biz İsa
Hüseynovun "Məşhər” romanı əsasında və romandan başqa əldə etdiyimiz mənbələrə də
müraciət edərək "Nəsimi” pyesini ərsəyə gətirdik. Bu tamaşada Nəsimini həm insan,
həm şair, həm də bir sevgili kimi tamaşaçılara göstərməyə çalışdıq. Bir sözlə,
burada onun bütün insani keyfiyyətlərini daha çox üzə çıxarmağa çalışdım. Şərq aləmində
Nəsiminin tanınması, Azərbaycana məxsus olması bizim üçün əsasdır. Bütün şərq dünyasında
hər bir millət çalışır ki, Nəsiminin özünə aid etsin. Amma Nəsimi azərbaycanlıdır.
Mən də bir çox mənbələri araşdırdım, əsas kimi İsa Hüseynova müraciət etdim və onun
qəzəllərindən istifadə etdik. Sırf etik janrında olan bir tamaşadır. "Nəsimi”
tamaşasını izləyən tamaşaçılar adət etdiyimiz "Nəsimi” filmindən fərqli bir
ssenari və süjet xətti görəcəklər. Bu tamaşa ilə onun bizim əsrə qədər gəlib çatan
yaradıcılığını önə çəkməyə çalışdıq. Yetişməkdə olan nəslə onu da çatdıracağıq ki,
belə bir şairimiz olub və o, qeyri-adi şəxsiyyət olub”.
Dramaturq
qeyd edir ki, bu əsəri "Nəsimi” filmi ilə müqayisə etmək heç də doğru deyil: "Bu
tamaşa ilə bizim məşhur "Nəsimi” filmini kölgədə qoymaq kimi fikrimiz yoxdur. Film
çox möhtəşəm çəkilib. Ancaq biz də bu tamaşa ilə öz versiyamızı irəli sürdük. Mənə
elə gəlir ki, bu, tamaşaçıları maraqlandıra bilər. "Nəsimi” tamaşası Nəsimiyə fərqli
bir baxış bucağıdır. Hər kəsin öz Nəsimisi var. Belə ki, dahi Azərbaycan
şairinin zəngin yaradıcılığı ilə tanış olduqdan sonra insanların təxəyyülündə bir
Nəsimi formalaşıb. Biz isə Nəsiminin daha çox insani keyfiyyətlərini və yaradıcılığını
önə çəkdik. Mənə elə gəlir ki, bu heç də pis alınmayıb. Təbii ki, son sözü premyeradan
sonra tamaşaçılar deyəcək. Filmdəkindən fərqli olaraq, tamaşanın sonunda da Nəsiminin
dərisi soyulmayacaq”.
Tamaşada Fatma obrazının müəllifi
Hüsniyə Mürvətova deyir ki, hazırda tamaşanın gərgin məşqləri gedir:
"Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi dahi Azərbaycan şairi Nəsiminin
həyatından və onun yaradıcılıq prosesindən bəhs edən maraqlı bir tamaşa
üzərində çalışır. Mən bu tamaşada Fatma obrazını canlandırıram. Fatma obrazı
sizin filmdə gördüyünüz Fatma ilə eynilik təşkil etmir. Bu tamaşa filmdən çox
fərqlidir. Siz fərqli bir Fatma görəcəksiniz. Saatyarımlıq tamaşadır, inanıram
ki, bu zaman çərçivəsində bizim tamaşadan böyük zövq alacaqsınız”.
Tamaşada Zəhra obrazını canlandıran
aktrisa Zülfiyə Qurbanova ötən mövsümün sonlarına yaxın tamaşanın məşqlərinə
başladığını, indi isə "Nəsimi”ni fərqli şəkildə təqdim etmək üçün həyəcan hissi
keçirdiklərini bildirdi: "Mövsüm başlayandan hər gün məşqlər edirik. Çox gözəl
bir tamaşa ərsəyə gəlib. Həm komanda, həm də rejissor olaraq sərasər çalışırıq.
Çox gözəl yaradıcılıq prosesinə şahidlik edirik. Artıq tamaşanın kostyumları
seçilib. Tamaşanın broşurlarının üz qabığı üçün şəkillər çəkilib, musiqilər
seçilib. Artıq tamaşanın premyerasına son günlər qaldığı üçün özümüz də
səbirsizliklə o günü gözləyirik”.
Zülfiyyə
xanım əlavə etdi ki, onun canlandırdığı Zəhra ssenariyə sonradan əlavə olunub:
"Mən burada Zəhra obrazını canlandırıram. Zəhra sonradan əlavə olunmuş maraqlı
bir obrazdır. Zəhra Nəsimini sevir, ona pərəstiş edir, mərd, cəfakeş, döyüşkən
xarakterli bir qızdır. Zəhra çox gözəl bir obrazdır, aktrisa olaraq bu obrazı
sevərək canlandıracam. Düzdür, mən əsərdə başdan sona qədər iştirak etmirəm,
ancaq inanıram ki, bu obrazım da mənə uğur gətirəcək. Səhnəyə çox az çıxsam da,
düşünürəm ki, yaddaqalan obraz olacaq. Çalışacağıq ki, bu tamaşa ilə mərhum
sənətkarımız Amaliya Pənahovanın ümidlərini doğruldaq. Onun adına layiq
keyfiyyətli bir tamaşa ilə tamaşaçıların görüşünə gələcəyik”.
Məlumat
üçün bildirək ki, tamaşada rolları teatrın istedadlı aktyorları canlandırır: Nəsimi
– Tural Əhməd, Fatma - Hüsniyyə Mürvətova, Zəhra - Zülfiyyə Qurbanova, Əzra -
Ülviyyə Rza, Əmir Teymur - İlqar Musayev, Şeyx Əzəm - İsmayıl Atakişiyev, Həmzə
- Əhməd Salahov, İbrahim şah - Rafiq İbrahimov, Gövhərşah – Toğrul Rza, Fəzlullah
Nəimi – Aydın Əliyev, Yusif – Mehman Abdullayev. Tamaşanın rəssamı İlham
Elxanoğludur. Bizə isə tamaşanın premyerasını gözləmək qalır.
Xəyalə
Rəis