“Bəzən tədbirlərdə tək qadın mən oluram” - MÜSAHİBƏ
2963 15 yanvar 2022 | 10:00
Aygün
Əliyeva: "Gənc və xanım vəkil olmaq heç də asan deyildi. Bu ikisini görəndə ilk
olaraq deyirdilər ki, bu, məni müdafiə edə bilməz. Ancaq ünsiyyətdən sonra qısa
müddətdə fikirlər dəyişirdi”
Hüquq təhsili
almaq qərarı verəndə də həm Azərbaycan, həm də Türkiyədə fəaliyyət göstərməyi məqsəd
olaraq qarşısına qoyur. İlk olaraq Azərbaycanda təhsil alır, burda fəaliyyətə
başlayır. Zamanla Türkiyədə iş həyatı yolunda da addımlar atmağa başlayır və bu
gün hər iki ölkədə fəaliyyət göstərir. Söhbət iki ölkənin - Türkiyə və Azərbaycanın
Vəkillər Kollegiyasına üzv olan yeganə vəkil Aygün Əliyevadan gedir.Bildirək
ki, A.Əliyeva Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının üzvü,
İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvü və Beynəlxalq Hüquq
Komissiyasının sədri, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, Azərbaycan-Türkiyə
Hüquq Platformasının həmsədri, Türkiyədə qurulan "Era 360 Business Consultancy”
firmasının rəhbəridir. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) baş
katibidir.Qeyd edək
ki, A.Əliyeva hüquq üzrə bakalavr və magistr təhsilini Bakı Dövlət
Universitetində alıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və
İnsan Haqları İnstitutunun dissertantıdır.
Fərqli
yolda getməyi sevirəm
- Hüququn
"kişi peşəsi” sayıldığı bir vaxtda bu sahəni seçənlərdənsiniz. Bu seçimi etməyiniz
necə oldu?
-
Uşaqlıqdan hər zaman birilərinin elçisi olmağı, fikrini çatdırmağı sevirdim. Müəllim
dərsi izah edirdi, sonra mənə deyirdi ki, indi sən sinfə izah et. Məktəb səviyyəsində
müəllimlərə, direktora nə isə söz çatdırmaq lazım olanda mən öndə olurdum, təşkil
edirdim. İlk olaraq meyillər oradan yaranmışdı. Liderlik, təşkilatçılıq
bacarıqlarım da var idi. Məktəbdə sinif nümayəndəsi olmuşam. Bunların cəmləşməsindən
yola çıxaraq seçim ediləcək sahə də, yəqin ki, hüquqşünas ola bilərdi.Kişi peşəsi
kimi yanaşılmasına gəlincə, ailəm belə düşünmədi, əksinə, məni dəstəklədi.
Düzdür, qohum-əqrəba tərəfdən "Hüquqşünaslıq qadın peşəsi deyil” deyənlər çox
oldu. Ancaq bunlar nə məni yolumdan döndərdi, nə də valideynlərimin
yanaşmalarına təsir etdi. Mən hər zaman fərqli yolda getməyi sevirəm. Ona görə əlimdən
gəldiyi qədər çalışıb yüksək balla qəbul oldum.
- Hüququ
seçərkən məqsəd vəkil olmaq idi?
-
Universitetə qəbul olanda və tələbə vaxtı istəyim hakim olmaq idi. Çünki işin
içində çox olmamışdıq və istiqaməti seçmək asan deyildi. Ancaq zamanla məlumatlandıqca
qərarım vəkillik oldu. Həm də sərbəst sahə olduğuna görə vəkilliyi daha çox
sevdim.
Gənc və
xanım vəkil olmaq heç də asan deyil
- Vəkil
olaraq proseslərdə iştiraka nə zaman başladınız?
- Magistr
təhsilini başa vurub Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul
oldum. Həmin vaxt artıq hüquqşünas olaraq işlər götürməyə başladım. 2014-cü ildən
Azərbaycanın Vəkillər Kollegiyasının üzvüyəm. Həmin vaxtdan aktiv vəkillik fəaliyyəti
ilə məşğulam.
- Gənc və
üstəlik xanım vəkil. Bu, ilk vaxtlar müdafiə işlərinin Sizə həvalə edilməsinə
mane olmurdu?
- Gənc və
xanım vəkil olmaq heç də asan deyildi. Bu ikisini görəndə ilk olaraq deyirdilər
ki, bu, məni müdafiə edə bilməz. Ancaq ünsiyyətdən sonra qısa müddətdə fikirlər
dəyişirdi. Azərbaycanda vəkil kimi proseslərə yeni çıxdığım vaxtlar idi.
Prosesdən sonra zalda əyləşən bir yaşlı kişi yaxınlaşıb dedi ki, mənim məhkəmə
işimdə vəkilim olarsınız? Dedi ki, illərdir məhkəmədəyəm, səmimi vəkil çox az
görmüşəm. Siz sanki öz işiniz kimi müdafiə edirdiniz. İlk işlərimdən birində
belə fikir almaq mənə çox xoş təsir etmişdi.Bu sahədə
qadın azdır. Bəzən tədbirlərdə, görüşlərdə tək qadın mən oluram. Bəzən ilk
baxışda zəif məxluq kimi yanaşanlar da olur. Belə bir fikir var: "Geyiminə görə
qarşılanırsan, ağlına görə yola salınırsan”. Tanındıqdan sonra xanım olmağımla
bağlı problem yaşamıram.
- Hazırda
daha çox özəl sektorda vəkil kimi fəaliyyət göstərirsiniz. Bu yönü seçməyiniz
necə oldu?
- Yeni
başladığımda hər sahə üzrə proseslərə çıxırdım. Seçim etmək üçün bu, önəmlidir.
Sonda kommersiya hüququnu seçdim. Bu sahə üzrə işlərim üstünlük təşkil edir,
amma bütün sahələr üzrə prosesləri götürürəm. Magistr təhsilim cinayət,
dissertasiya işim əmək hüququ üzrədir. Mediasiya Şurasının üzvüyəm. Mediasiya
ailə, kommersiya və əmək mübahisələrində istifadə olunur.
Türkiyədə
fəaliyyət göstərmək arzum əvvəldən var idi
- Türkiyəyə
getmək qərarını verməyinizə gələk.
- Türkiyədə
fəaliyyət göstərmək fikri məndə hələ lap əvvəldən var idi. Atam Ankara
Universitetinə professor olaraq dəvət aldıqdan sonra Türkiyəyə köçdük. Mən
ibtidai sinfi Türkiyədə oxumuşam. Orta məktəbi və universiteti isə Azərbaycanda
bitirmişəm.Hüquq təhsili almaq qərarı verəndə də hər iki ölkənin hüquq təhsilini
almağı məqsəd olaraq qarşıma qoymuşdum. Sadəcə, düşündüm ki, ilk olaraq ölkəmizdə təhsil
alım, sonra Türkiyədə də hüquq təhsili alaram, ya ixtisasartırmaya gedərəm.
- Bəs bu
istəyiniz necə reallaşdı?
- O vaxt
Azərbaycanda Türkiyə təcrübəsi olan hüquqşünaslar, vəkillər çox az idi. Mən isə
bunu bilirdim. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin
hüquqşünası olaraq başladım. Media şirkətindən tutmuş inşaat şirkətinə qədər
bir neçə firmanın hüquqşünası idim.Dissertant
olandan sonra isə beynəlxalq konfranslarda iştirak etməyə başladım. 2011-ci ildə
İstanbulda Beynəlxalq KonstitusiyaQurultayında iştirak etdim. Həmin vaxt
o qurultayda Azərbaycanı təmsil edən yalnız mən idim. Ardınca bir neçə dəfə
İstanbulda keçirilən beynəlxalq konfranslarda iştirak etdim. Daha sonra Türkiyənin
qeyri-hökumət təşkilatları ilə işləməyə başladım, layihələrində yer aldım. 36
ölkənin hüquqşünaslarının üzv olduğu Türkiyədəki Beynəlxalq Hüquqşünaslar
Birliyi məni üzv olaraq qəbul etdi. Sonra həmin təşkilatla, Azərbaycan Vəkillər
Kollegiyası və bir neçə böyük təşkilatla birlikdə Azərbaycanda ən böyük hüquq
qurultayı olan İkinci Avrasiya Hüquq Qurultayını keçirdik. 26 ölkədən 350
hüquqşünas iştirak edirdi. 2018-ci ildən sonra Türkiyədə hüquq diplomumu
tanıtmaq qərarına gəldim. Ankara Hacı Bayram Vəli Universitetində diplom
tanıtma imtahanlarına girdim. 2 il ərzində 22 fərq imtahanını uğurla verdikdən
sonra diplomumu aldım. 2020-ci ildən İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının
üzvüyəm. Orda aktiv fəaliyyətim davam edir.
Mənə
etimadları böyükdür
- Bu
yaxınlarda İstanbul Vəkillər Kollegiyasının beynəlxalq hüquq komissiyasının sədri
seçilmisiniz.
- Bəli, 3
ay öncə məni komissiyaya sədr seçdilər. Mənə etimadları
böyükdür. Orda rusdilli, beynəlxalq səviyyədə məlumatlı vəkil azdır. Ona
görə o komissiyanın sədrliyini mənə həvalə etdilər.
- Vəkillər
Kollegiyasının sədri Anar Bağırov sizinlə bağlı paylaşım edəndə sizi Türkiyənin
ilk qadın vəkili olan Şuşa doğumlu həmyerlimiz Sürəyya Ağaoğlunun işinin
layiqli davamçısı kimi təqdim etmişdi.
- Azərbaycanda
vəkillik institutunun təkmilləşdirilməsi və vəkillərin nüfuzunun artırılması
istiqamətində uğurlu fəaliyyəti olan cənab sədrimiz Anar Bağırovun haqqımda
paylaşdıqları məni həm çox duyğulandırdı, həm də qürurlandırdı. Bəli, Türkiyənin
ilk qadın vəkili azərbaycanlı olub. Sürəyya xanım bir çox yenilik gətirib.
İstanbul Vəkillər Kollegiyasını Beynəlxalq Vəkillər Kollegiyasına üzv edib və İdarə
Heyətinin ilk qadın sədri olub. Bir çox hüquq qeyri-hökumət təşkilatlarının sədri
kimi fəaliyyət göstərib. Bu da mənim üçün fəxrdir. Bəzən zarafatyana deyirlər
ki, burda nə işin var? Deyirəm ki, sizin ilk qadın vəkiliniz də azərbaycanlı
olub (Gülür).
Əsas
etibardır, qazanc yox
- Hüquq
sahəsi qadınlara həm də ona görə məsləhət görülmür ki, risk çoxdur, hədələyən,
təhdid edən və s. ola bilər. Belə hallarla rastlaşmısınızmı?
- Mən də
çox təhdidlə qarşılaşmışam, şantaj edən, rüşvət təklif edən də olub. Hər cür
situasiyalar var. Digər sahələrdə çalışanlar belə risklərlə qarşılaşmırlar ki?
İstədiyiniz peşəni götürək. Taksi sürücüsü olsun, müştəriyə xidmət göstərən həkim,
müəllim və s. hamısı ilə bağlı risklər var. İşini düzgün görən insan üçün isə
risk azdır. Qanundankənar nəsə edənlər daha çox qorxurlar. İş görərkən həmişə
güvəni qorumağa çalışıram. Mənim üçün etibar önəmlidir, qazanc yox. Bir yerdən
qazandığınızı etibarsızlıqdan dolayi itirə bilərsiniz. Hər zaman
etibarlısınızsa, uğur qazana bilərsiniz.
Vəkil
güclü xarakterə sahib olmalıdır
- Bu sahə
üzrə təhsil alıb, vəkil kimi fəaliyyətə başlayıb amma davam edə bilməyənlər də
var. Bir az da bundan danışaq.
- Vəkil
güclü xarakterə sahib olmalıdır. Özün güclü olmalısan ki, başqalarını da müdafiə
edə biləsən. Qısa müddət ərzində güclü vəkil olmaq mümkün deyil. Güclü olmaqla
yanaşı, üzərində daim işləməli, təcrübə qazanmalısan. Vəkil geniş əlaqələrə
sahib olmalıdır. Hüquq sahəsində tanınmış vəkil olmaq istəyirsinizsə, məsələyə
fərqli prizmalardan yanaşmalı, daim yenilikçi olmalısınız. Bir sözlə, qəbul
olunmuş standartlardan fərqli düşüncə qabiliyyətinə sahib olmaq vəkillik peşəsində
mühüm keyfiyyətlərdən biridir. Qeyd etdiyim xüsusiyyətlər həm kişilərdə ola bilər,
həm də qadınlarda. Qadınlarımıza bu peşəni məsləhət görərdim. "Kişi işidir” deyənlərə
aldanıb bu sahədən çəkinməsinlər. Qadınların da gözəl şəkildə bacara biləcəyi
işdir. Mən bu yerə planlı şəkildə gəlməmişəm. Həvəs olub, yenilik axtarışında
olmuşam. Bu da zamanla bu yerlərə gətirib çıxarıb.
Türkiyədə
qurulan hüquq şirkəti
- Türkiyədə
hüquq şirkəti qurmusunuz. Bu şirkətin Azərbaycanla bağlılığı, fəaliyyəti varmı?
- Bəli,
belə bir şirkət qurmuşuq. Ticarət hüququ sahəsində firmaların qurulmasından
tutmuş məhkəmə proseslərinə qədər istənilən işi görürük. Şirkətin Türkiyə ilə
yanaşı, Azərbaycan, Pakistan, İngiltərə, Amerika, Rusiya və bir neçə ölkədə
ofisləri var. Şirkət olaraq beynəlxalq layihələr də edirik. Hazırda bir çox
layihə üzərində işləyirik. Layihələrimizdən biri Azərbaycan və Türkiyə arasında
ticarət sahəsində hüquqla bağlı əl kitabçası hazırlanmasıdır. Çünki hər iki ölkədə
qanunvericilikdən məlumatsızlıqdan dolayı iş qurarkən problemlər yaşayanlar
olur, məhkəmə səviyyəsinə gəlir. Mən isə hər zaman onun tərəfindəyəm ki,
problemi kökündən həll etmək lazımdır. Kitabçada gömrükdən, vergi
qanunvericiliyindən tutmuş əmək hüquqlarına qədər hər iki ölkədə iş görərkən
qanunvericiliklə bağlı məlumat, fərqlər və s. olacaq. Bu hazır olandan sonra
bir konfrans etmək, bir platforma yaratmaq və onun üzərindən şirkətləri məlumatlandırmağı
hədəfləyirik. Əminəm ki, bu layihə ticarətdə güvəni artıracaq, ölkələrarası
ticarəti daha da böyüdəcək.
- Siz həm
də Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin baş katibisiniz.
- Fəaliyyət
istiqamətlərimizin hamısı bir-biriylə
bağlıdır. 3 ildir ki, bu birliyin baş katibiyəm. Ona görə ticari qurumlarla
daha çox işləyirik. Missiyamız iş adamlarımızın ortaq səsi olaraq güclü təşkilat
yaratmaq, iş dünyasını narahat edən problemlərin həll yolunu tapmaq, əsas da Azərbaycan
və Türkiyədə iş dünyasının etibar etdiyi bir təşkilat olmaqdır. Ona görə əməkdaşlığı
artırmağa çalışırıq.Mənim işlərim
hər iki ölkə arasında hüquq və ticarət əlaqələrinin güclənməsi ilə bağlı olub.
Bundan sonra da bütün gücümü türk dünyasının uğurlu inkişafına dəstək olmağa sərf
edəcəyəm.