“Bəxt üzüyü”nü itirən sənətkar
![“Bəxt üzüyü”nü itirən sənətkar](https://kaspi.az/storage/posts/large/62373d4520b8b.jpg)
O,
özünü "sənətin fəhləsi” adlandırırdı
"Ramiz Əzizbəyli dünyasını dəyişdi...” Bu
həftə ölkə mətbuatında və sosial platformalarda yayılan informasiyalar arasında
Xalq artistinin ölümü daha çox kədər doğuran xəbərlərdən oldu.Ramiz Əzizbəyli
uzun illər idi xəstəlikdən əziyyət
çəkirdi. Çarpayı xəstəsi idi. Şəkər xəstəliyi vardı, yüksək qan təzyiqi ona
rahatlıq vermirdi, üç dəfə insult keçirmişdi. Bir ayağının barmaqları
amputasiya edilmişdi. Bir müddət əvvəl koronavirusa yoluxma diaqnozu ilə Zığ
qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilmişdi. Həkimlər infarkt
keçirdiyini də demişdilər. Onun sağalıb ayağa qalxması, yenidən sənət aləminə
dönməsi bir möcüzə olacaqdı. Amma...
9
yaşından kinoda
R.Əzizbəyli 9 yaşından kino aləminə gəlib.
Kinonun sehrli dünyasına bələd olmaq üçün ona uzun illər lazım olub. 1957-ci
ildə televiziyanın uşaq redaksiyasında fəaliyyətə başlasa da, tezliklə
istedadına, ürəyəyatımlı səsinə görə dublyajlara cəlb olunub. 10 yaşında
dublyaj redaksiyasında işə başlayıb, uşaqların səsi onun ifasında səslənib və
bu həvəsi ilə bir çox dostlarının sənət aləminə gəlməsinə vəsilə olub. Onların
arasında Həsənağa Turabov da vardı. Böyüdükcə sənət şövqü, peşəkarlığı da
artıb, böyük sənətkarlardan aktyorluğun sirlərini öyrənib: "Mənim bu sənətdəki
fəaliyyətim 1957-ci ilin fevralından başlayır. O vaxt doqquz yaşım olmasına
baxmayaraq, Azərbaycan Televiziyasının uşaq redaksiyasında adıma, hətta
müvəqqəti əmək kitabçası da açılmışdı. Əmək kitabçası müvəqqəti olsa da,
redaksiyanın daimi üzvü idim. Azyaşlı olduğum üçün maaşımı özümə vermirdilər,
poçta göndərirdilər, valideynlərim gedib götürürdülər. O illərdə verilişlər,
teletamaşalar lentə yazılmırdı. Bir tamaşanı aylarla hazırlayıb bir dəfə canlı
oynayırdıq. 1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olundum. O
vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq
obrazlarını səsləndirməyi mənə həvalə etdilər. Xatırlayanda, görürəm ki,
uşaqlığım çox gur keçib. Televiziyadakı, kinostudiyadakı işimdən əlavə,
"Bənövşə” uşaq xoru, 26-lar adına Mədəniyyət Evi, Qaqarin adına Pionerlər
Sarayı və Fioletov adına Tibb İşçilərinin Mədəniyyət Evində fəaliyyət göstərən
dram dərnəklərinin üzvü idim. O vaxt dram dərnəklərində olanlar mənim həvəsimə
aktyorluq sənətini seçib görkəmli sənətkarlara çevrildilər. Bircə Həsənağa Turabov
kimi böyük aktyor bir dəfə bunu etiraf edib dedi ki, mən başqa sənətin dalınca
gedəcəkdim, bax, bu Ramizə baxıb aktyorluğu seçdim”- deyə aktyor
müsahibələrinin birində ömür yolunu belə vərəqləyib.
![](https://kaspi.az/storage/posts/large/627ba6e9ddc6a.jpg)
R.Əzizbəyli atasını hələ on yaşı olanda
itirib. Atasızlığın nə demək olduğunu həyat ona uşaq yaşlarından öyrədib. Bu
acıya alışa-alışa böyüyüb. Ailənin kiçiyi olduğu üçün anası və bacısı onun inkişafı üçün lazım olan şəraiti
yaradıblar. İncəsənət sahəsini seçdiyi üçün heç vaxt heç bir qadağa da
qoymayıblar: "Anam və bacım mənimlə həmişə fəxr edirdilər. Çünki o vaxt
televiziya yenicə yaranmışdı, mən də bu yeniliyin içində idim, hamı məni
teleekrandan görüb tanıyırdı. Bu, doğmalarıma sonsuz qürur verirdi”.
Televiziyanın, kinonun, teatrın ab-havasında böyüdüyü üçün R.Əzizbəyli özünə kinonu sənət yolu seçir. Bu yol onu İncəsənət İnstitutuna, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasına gətirib çıxarır...
![](https://kaspi.az/storage/posts/large/627ba6e9e06c5.jpg)
Aktyor, rejissor
1987-ci ildə "Debüt” studiyasında Mirzə
Cəlilin eyniadlı hekayəsi əsasında "Pirverdinin xoruzu” qısametrajlı bədii
filmi R.Əzizbəylinin rejissor kimi kinoya vizit kartı olur. Ekran əsərinin
taleyi uğurlu olur. Bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyət qazanır.
Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda rejissor debütünə görə
mükafata layiq görülür.
1991-ci ildə "Bəxt üzüyü” tammetrajlı bədii
filmi isə onun rejissor kimi tanınmasında böyük rol oynayır. Film,
kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə
çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Vaqif Səmədoğlunun
eyniadlı əsəri əsasında çəkilməzdən öncə Sumqayıt teatrında uğurla tamaşaya
qoyulur. "Bəxt üzüyü” həmin illərin populyar tamaşalardan birinə çevrilir.
Ssenariyə film çəkmək də həmin tamaşanı tarixə salmaq istəyindən yaranır. Ramiz
Əzizbəyli "Bəxt üzüyü” filmini ekranlaşdırmaq istəyini Vaqif Səmədoğluna
bildirir. Həmin vaxt Xalq artisti Afaq Bəşirqızı özünün baş rola çəkilməsi
şərtilə bu filmi çəkəcək rejissor axtarırmış. Təsadüfən istəklər üst-üstə
düşdüyündən birləşib filmi çəkməyə başlayırlar.
Film əsil tamaşaçı məhəbbəti qazanır.
Ölkədə kiçikdən böyüyə filmi izləməyən yox idi. "Bəxt üzüyü” bir çox aktyorları
xalqa sevdirdi, səslənən fikirləri el məsəlinə çevrildi. Ramiz Əzizbəyli filmin
rejissoru olmaqdan əlavə, həm də bəzi mahnılarını ifa edir. Bəstəkar Eldar
Mansurovun bəstələdiyi mahnılar ekran əsərinin ab-havasını tamamlayır. "Bəxt
üzüyü” filmi komediya janrında olsa da, onu yenidən dərd üstündə köklədim. Finalda hər kəs dağılır. Dağılan yerdə də
məhəbbət, hörmət, sevgi olmur”- deyə rejissor bildirirdi.
Filmi yeni versiyada çəkmək üçün müraciət olunsa da, aktyor razılaşmır: "İkincisini çəkdilər, amma məncə, yaxşı olmadı. Mənə görə, film bir dəfə çəkilər. Fərqi yoxdur, pis ya da yaxşı şəkildə, amma bir dəfə. Bu tamaşa deyil ki, onu bir neçə dəfə səhnələşdirsinlər”.
R.Əzizbəylinin rejissoru olduğu "Yalan”
bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Ramiz Əzizbəyli özünü sənətin fəhləsi adlandırırdı. Yalnız işini ürəkdən sevən, ona qəlbən bağlı olan, gecəsini gündüzünə qatan, yaradıcılıq əzabından zövq alan insanlar belə deyə bilər: "Mən bu işə, bu sənətə fəhləlikdən başlamışam, elə fəhləliklə də bitirəcəyəm. Rejissorluq, aktyorluqdan daha çox bu işin fəhləliyi ilə məşğul olmaq istəyirəm. Çəkdiyim bütün filmlərdə, səhnələşdirdiyim bütün tamaşalarımda hər şeyi özüm eləmişəm. Dekorasiya mıxlamışam, quruluşçu rejissor olmuşam, rəssamlığını etmişəm, eskizlərini çəkmişəm, əsərdəki evin pərdələrinə qədər hamısını özüm tikmişəm. Düzdür, yoruldum, amma nəticədə ekranda hər şey qüsursuz alındı”- deyə aktyor sənətinə olan sevgisini bölüşürdü.
R.Əzizbəyli Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın Xalq artisti fəxri adına, "Şöhrət” ordeninə layiq görülüb. "Hacı Zeynalabdin Tağıyev” və "Qızıl Buta” mükafatları laureatı idi.
Şuşanı
görmək arzusu
Ramiz Əzizbəyli Şuşanı görməyi arzulayırdı.
30 il gözlədiyi qələbə sevincini yaşamaq qismət olmuşdu ona. Buna görə özünü
xoşbəxt sayırdı. Cavanlıqda Qarabağı gəzsə də, təkcə Şuşaya gedib çıxa
bilməmişdi: "Ayağa qalxan kimi Şuşaya gedəcəyəm. Şuşada olmamışam axı... Ona görə
də, mütləq gedib oranı görəcəyəm”- deyirdi. Ancaq aktyora nə Şuşanı, nə də
işğaldan azad olan digər torpaqları görmək qismət oldu: "Mən müharibə
günlərində baş verənləri, həyəcanla, sevinclə, qürurla izlədim. Hər kəs kimi
Qələbəmizlə fəxr elədim. Xalqımıza ancaq qələbə və sevinc yaraşır. Qələbə
münasibətilə hər kəsi bağrıma basıb öpürəm və bir daha təbrik edirəm. Mən
ermənilərə nifrət edirəm, onlara
hiddətim günü-gündən çoxalır. Onların bizə yaşatdıqlarını heç zaman
unutmamalıyıq”- aktyor sevincdən qəhərlənərək deyirdi.
Allah rəhmət eləsin!
Təranə Məhərrəmova
![banner](/images/kaspibanner.jpg)