• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

Bank kreditləri sahəsində şəffaflıq təmin edilməlidir

02.09.19 18:30 1685
Bank kreditləri sahəsində şəffaflıq təmin edilməlidir
Son dövrlər ölkəmizdə geniş miqyasda sosial-iqtisadi layihələr həyata keçirilir. Təbii ki, bütün bunlar vətəndaşların sosial rifahının yaxşılaşmasına istiqamətlənib. Cəmiyyəti narahat edən sosial problemlər Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir.
Həmçinin əhalinin problemli kreditlərlə bağlı narahatlığı da həmin məsələlərdəndir. Manatın devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyuta ilə götürülmüş kreditləri ilə bağlı olub. Problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş aparıb və təkliflər hazırlayıb. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilib, müxtəlif təkliflər irəli sürülüb.Fevralın 25-dəPrezident İlham Əliyevinyanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı da bu məsələyə toxunaraq bildirib ki, sözügedən problemin həlli üçün son mərhələdə işçi qrup çox ciddi məşğuldur. Dövlət başçısı İlham Əliyev bu çıxışından cəmi 3 gün sonra "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. İlk dövrlər problemli kreditlərlə bağlı məsələnin həll olunduğu düşünülsə də, qısa müddət sonra yenidən həyəcan təbili çalınmağa başladı. Belə ki, Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı göstəriciləri açıqladı. Məlum oldu ki, iyul ayında ölkə banklarının kredit portfeli təqribən 200 milyon manat artaraq 13 milyard 681,4 milyon manata çatıb. Bu, o deməkdir ki, ilin əvvəlindən kredit portfeli 660 milyon manat artıb. Kredit portfelinin həcminin artması ilə paralel olaraq, problemli kreditlərin məbləği də artıb.Göstərilən rəqəmlərə əsasən, iyulda ödəmə vaxtı keçmiş kreditlər 0,9 milyon manat artıb. Belə ki, iyunun sonundaödəmə vaxtı keçmiş kreditlər 1 milyard 486,5 milyon manat təşkil edirdisə, hazırda 1 milyard 487,4 milyonmanatdır. Maraqlıdır, artımın səbəbi nədir və bunun qarşısını almaq üçün nə kimi addımlar atıla bilər?

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov artımın yeni deyil, elə köhnə kreditlərlə bağlı olduğunu qeyd edir: "Prezidentin fərmanı sırf vətəndaşların 10 min dollara, 17 min manata qədər olan istehlak kreditlərinə aid idi. Həmin kreditlər say etibarı ilə əksəriyyəti əhatə etsə də, məbləğ baxımından elə də böyük deyil, kreditin az bir hissəsini təşkil edir. Çünki aydın məsələdir ki, bankların əsas problemli kreditləri iri məbləğli, milyonlarla, yüz milyonlarla ölçülənlərdir. Qeyd edilən artıma gəlincə isə, bu, o demək deyil ki, ötən bir neçə ay ərzində yeni kreditlər verilib və onlar da problemli olub. Bu, məhz köhnə kreditlərdir. Sadəcə, banklarımız son illər ərzində bəzi problemli kreditləri az göstərirdi və ya bəzilərini, ümumiyyətlə problemli kredit kimi göstərmirdi. Amma zaman keçdikcə bunları gizlətmək mümkün olmadığından həqiqət yavaş-yavaş üzə çıxır. Aydın olur ki, əslində, bankların problemli kreditləri çoxdur. Hətta beynəlxalq reytinq agentlikləri də dəfələrlə deyiblər ki, Azərbaycanda problemli kreditlərin həcmi bəyan olduğundan çoxdur. Şəxsən mən də ekspert kimi dəfələrlə bunu vurğulamışam. Sadəcə, hazırda banklar o vəziyyətə çatıb ki, yavaş-yavaş bu problemli kreditləri etiraf etmək məcburiyyətindədirlər. Başqa bir variant isə budur ki, kimlərsə devalvasiyaya baxmayaraq, ödənişi davam etdirirmiş, amma indi yox. Yəni, bu nüansı da nəzərə almaq lazımdır”.

Vəziyyətdən çıxış yolu barədə danışan ekspert bu işdə hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü deyir: "Prinsipcə, bankların problemli kreditlərinin əksər hissəsi elə bank rəhbərlərinin süni şəkildə yaratdıqları, yəni yaxın olduqları şəxslərə, şirkətlərə verdikləri kreditlərdir. Hesab edirəm ki, bunlar qanunsuz əməllərdir. Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları banklarda yoxlamalar keçirərək hansı kreditlərin qanunsuz verildiyini müəyyən edib, onun geri qaytarılmasını tələb etməlidirlər”.

İqtisadçı Rəşad Həsənov deyir ki, əslində, verilən fərmandan sonra problemli kreditlərin həcmində azalma qeydə alınmalı idi, amma əksinə, artım baş verirsə, bu, bankların nə zamansa hesabatlarda manevr etdiklərini göstərir: "Çünki bizdə olan məlumata görə, bank sektorunda toksik aktivlərin həcmi daha yüksək idi. Hətta 2016-cı ildə də beynəlxalq iqtisadi təşkilatlardan birinin məlumatında yayımlanmışdı ki, Azərbaycanda problemli kreditlərin həcmi rəsmi rəqəmlərlə müqayisədə iki, üç dəfə artıqdır. Bəli, bizim də müşahidələrimizdən aydın olurdu ki, bəzi kredit təşkilatlarında problemli kreditlərin həcmi 50%-in üzərindədir. Ola bilsin ki, son güzəştlərdən sonra banklar bu istiqamətdə müəyyən qədər rahatlıq əldə ediblər və əvvəlki dövrlərdə problemli kredit olaraq rəsmiləşdirmədiklərini indi mərhələli şəkildə rəsmiləşdirməyə başlayıblar. Yəqin ki, burada məqsədlərdən biri də növbəti dövrlərdə sahibkarlıq subyektləri üçün kredit güzəştləri ilə bağlı dövlət nümayəndələri tərəfindən müəyyən məlumatların ictimailəşdirilməsidir. Banklar da çalışır ki, yeni mexanizm təsdiqlənənə qədər balanslarında olan toksik aktivlərin daha çox hissəsini leqallaşdırmış olsunlar. Eyni zamanda bəzi hallarda banklar problemi həll etmək üçün restrukturizasiya metodundan istifadə edirlər. Amma təcrübə göstərir ki, bir müddətdən sonra bu mexanizm çərçivəsində güzəşt edilmiş şəxslər yenidən problemli krediti olan müştəri siyahısına daxil olurlar. Həmçinin bir məqamı da nəzərə almaq lazımdır ki, problemli kreditlərlə bağlı proses hələ tam başa çatmayıb. Böyük ehtimalla ilin sonuna qədər yekunlaşacaqdır. Hər bir müqavilə yenilənməlidir və bu, zaman tələb edir. Bizdə olan məlumata görə müştərilərin bir qismi yeni müqavilə üçün dəvət olunmayıblar. Yəni, bunun özü də müəyyən qədər də olsa göstəricilərə təsir edən, tam effektin alınmamağına gətirib çıxardan amildir”.

İqtisadçı problemin həlli üçün fundamental islahatların aparılmasına ehtiyac olduğunu deyir: "Bankların peşəkar kredit siyasəti həyata keçirməsi, kreditlər təklif edilərkən nisbətən daha düzgün qiymətləndirilmənin aparılması, eyni zamanda bank sektorunda rəqabətin, hesabatlılığın təmin edilməsi mühüm olan məsələlərdəndir. Çünki bankların böyük əksəriyyəti zəif hesabatlıdırlar. Bütün bunlar onu göstərir ki, bank sektorunda görülməli işlər çoxdur. Ən əsas isə, bu sahədə şəffaflaşma təmin edilməlidir”.

Günel Azadə
banner

Oxşar Xəbərlər